Dəmir yol dünyasında bu bir qaydadır ki, vaqonlar minik ilə dolu olanda, qabaqdakı kiçik stansiyalara xəbər verilir ki, bilet satılmasın; çünki vaqonlarda yer yoxdur.

Dəxi burada bir giley-güzarlıq ola bilməz; məsələn, vaqonlar Tiflisdən yola düşüb miniklə ləbaləb dolu olanda, dəxi Gəncə və Yevlaxda, ya başqa bir stansiyada nə tövr bilet satmaq olar? Adam adamın üstünə ki, minə bilməz!

Buna görə sənin bu barədəki şikayətin yersizdir.

Axır bir fikir elə gör, sən nə danışırsan?

Sən deyirsən ki, Gəncə şəhəri Azərbaycanın ikinçi paytaxtı mənziləsində bir böyük şəhərdir və hər bir gəncəlinin ixtiyarı var ki, bir tərəfə dəmir yol ilə getmək istəyəndə, gəlib Gəncə vaqzalında bilet satın ala bilsin.

Sən deyirsən ki, Yevlax stansiyası Azərbaycanın göbəyidir və Yevlaxdan Ağdam, Şuşa, Nuxa, Tərtər, Bərdə və qeyri bu qisim əhəmiyyətli nöqtələrə damarlar ayrılır. Bununla belə Yevlaxdan Bakıya və Tiflisə gedən bir müsafir yaz və payız qabağı bu Yevlaxa bilet ala biləcəyini heç ümid etməz; çünki Tiflisdən hər gün vaqon çıxanda yaylaqdan qayıdan camaat və yaylağa gedən camaatın çoxluğundan vaqonlar elə dolu olur ki, Gəncədən, Yevlaxdan minik götürmək olmur.

Yevlağa cəm olan binəva müsafirlər də neçə günlərlə çirkli çayxanada yatıb qalmağa möhtac olurlar. Tutalım ki, sənin bu sözün hesabıdır və sözünü eləcə burada qurtarsaydın, mən də sənə bir söz deməzdim. Ancaq iş burasındadır ki, sən mətləbi uzadırsan və mənim də bundan xoşum gəlmir.

Sən deyirsən ki, Yevlax və Gəncə stansiyaları Azərbaycan cümhuriyyətinin mərkəzidir. Mənə borc deyil ki, Tiflisdən bu tərəfə dəmir yol hərəkət edəndə miniklə dolu olur. Mənə lazımdır ki, mənim Yevlax və Gəncə nöqtələrimdən keçən dəmir yolunda mənim üçün yer olsun və mənim üçün bu yer ya lazımi yerində mülahizə olunub saxlansın, ya Yevlaxda və Gəncədə yaradılsın; necə ki, bütün böyük nöqtələrdə yerli əhali üçün nəinki əlahiddə vaqonlar qoşulur, hələ bəlkə əlahiddə qatarlar təyin olunur.

Bax, burası müşərrəf olur və mənim də xoşuma gəlmir.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 14 avqust 1926, №33

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire