Çadra məsələsi bir kiçik məsələdir: çadranı başa salmaqla salmamaqda bir o qədər fərq yoxdur. Biz deyə bilmənik ki, çadrasız gəzən arvadlar çadra örtən arvadlardan həyasızdırlar, ya həyalıdırlar və habelə demək olmaz çadra örtmək arvadı həyasızlıqdan təmin edir, ya təmin etmir. Həyalı arvad çadrasız da gəzə bilər, çadralı da gəzə bilər; həyasız arvad çadrasız da gəzə bilər, çadralı da gəzə bilər. Burada ancaq tək bircə təfavüt vardır: o təfavüt də budur ki, çadra qədim vəhşi zəmanələrin yadigarıdır, onunçün də bir arvadın başında çadra görəndə keçmişlərdə vəhşi və yırtıcı insanların əsri yada düşür.

Amma, papaq məsələsi bam-başqa bir məsələdir. Burada dəxi bir vəhşilik və yırtıcılıq söhbəti yoxdur; fikir verməli məsələlərin biridir.

Aya biz papağı tulluya bilərikmi?

Mən elə qanıram ki, bir belə sualı bir kəsə vermək olmaz və buna oxşar ki, küçədə birinə rast gələndə ona deyəsən ki, “gəl biqeyrət ol”.

Sözümün əsil mənası budur ki, dünyada bizdən də başqa çox millətlər var. Onlar, doğrudur, dəmir yol və aeroplan icad edənlərdir və hələ kürreyi-ərzdən aya kimi qalxmaq üçün yol tapanlardır, amma Allah da şahiddir ki, o millətlərin cümləsi ayaq üstə bövl edənlərdir.

İkinci nöqtə budur ki, burada qeyrət mülahizəsi də gərək nəzərə alına. Papaq biz müsəlmanların qeyrətinin əlamətidir. Və sizi inandırıram ki, dünyada papaqsız yaşayan tayfaların içində bir nəfər də qeyrətli insan tapa bilməzsən. Bizlərdə bu bir zərb-məsəl kimidir ki, həmişə qorxaq kişilərimizə bizlərdə belə deyirlər:

– Ədə, bəs, sən niyə o papağı başına qoymusan?

Və həmişə bir kişini cürətsizliklə töhmətləndirəndə biz ona belə deyirik:

– Adə, biqeyrət, bir yolluq başına çarşab ört, daha niyə o papağı gəzdirib adını kişi qoymusan!.

Və bunlar hələ səhldir. Bəlkə bunlar yenə ötüşüb keçər; bəs, sən buna nə deyirsən ki, bir ağılsız müsəlman gedə papağı tulluyub, başına bir “kepqa” və bir “şlyapka” qoya. Bir insafnan de görüm o qabağı qanadlı rus şlyapası ilə namaz qılanda səcdəyə gedib alını möhürə sürtmək olarmı? Məgər şlyapanın qabağındakı qanad qoyur ki, alın mübarək möhürə dəysin? Eləcə saatda bir “şlyapka” yerə düşəcək.

İndi gəl yomiyyə namazını və neçə yüz rükət vacibi, sünnəti namazlarını qıl görüm. Hələ gecə-gündüz altı yüz on dörd rükət nafilə namazı sənə peşkəş olsun.

Bəs, qardaşım, bunların hamısını mülahizə eləmək lazımdır, ya yox?

Əlbəttə, lazımdır.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 25 oktyabr 1928, №43

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire