Çətin məsələ
Qəzalarda kredit şirkətlərinin vəzifəsi budur ki, yoxsul əkinçilərə borc pul verməklə onlara köməklik göstərsinlər. Amma, –necə ki, məlum olur–həmin kredit şirkətləri yoxsullarla bərabər, bəzən qanunu pozaraq varlılara da borc pul verirlər. Hətta Tiflisdə beşinci Zaqafqaziya qurultayında da həmin məsələ ortalığa atıldı; bir para yerlərdə qoçaq kredit şirkətləri nəinki varlı əkinçilərə, hətta öz şirkətlərinin sədr və idarə üzvlərinə çoxluca paralar pay-püşk edirlər (Ağstafa).
Mən başdan bu məqaləmin adını “çətin məsələ” qoydum. Məsələnin çətinliyi oradadır ki, insan bilmir nə cür həll eləsin; bilmir hansı yaxşıdır, hansı pisdir.
Belə ki, bir para şirkətlər deyirlər ki, elə ittifaq düşür ki, insan matməəttəl qalır. Məsələn, bir nəfər ayaqyalın, lüt baba gəlir ki, mənə iki yüz manat borc ver. A balam, iki yüz manatı sən əvvəl-axır haradan qaytaracaqsan ki, bu saat sənin əlində bir süpürgə də yoxdur ki, daxmanı süpürəsən? İndi gəl bu məsələni aç görüm, necə açacaqsan? Hər yetən yoxsula versən sabaha kimi şirkətdən bir tük də qalmayacaq, verməyəndə də adını varlıpərəst qoyurlar.
İndi əgər birisi yanıla, bu məsələni bizdən sual edə–biz doğrusu, varlıların tərəfdarıyıq; onunçün ki, biz bir para yerlərdə gərək atalar sözünə də qail olaq. Necə ki, atalar deyiblər; yağı yağ üstə tök, qoy yarma yavan qalsın.
Bir də farslar öz lüğət kitablarında yazırlar ki, “ğəni malidarəst”; yəni varlı adam Şeyx Qəni kimi gərək mal sahibi ola, necə ki, Şeyx Qəni axund gecə-gündüz minbərdən avam camaatı bu beş günlük dünyadan həmişəlik axirət evinə dəvət edə-edə özü hədsiz dövlət qazanıbdır. Bir nəfər nainsaf haman məsciddə cürət edə bilmir ki, durub şeyxə desin ki, o qədər mal-dövləti, bəs, sən özün niyə yığırsan?
Həmçinin şirkət müdirləri: hərçənd kəndlilər özləri onları əmin bilib seçiblər; ancaq onlar bəs neyləsinlər? Əgər onlar da özlərinə indidən bir gün ağlamasalar, bir də nə vaxt belə fürsət ələ düşəcək ki, kasıblıqdan çıxıb varlı olsunlar?
“Qəni–malidarəst, Miskin–gəda”; yəni, Şeyx Qəni və idarə müdiri mal sahibi olar, amma “gəda”lar da kasıb olar.
“Gəda”nın mənası bəy və xanların istilahınca lap əskik insanlara deyilir.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 16 may 1929, №20
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-cetin-mesele
Use ← → keys to move, R for a random poem
More by this author
Bu oyunu biz uşaqlıqda oynardıq: yaxşı yadımda deyil, iki dəstə olardıq, qaçardıq o tərəfə, qaçardıq bu tərəfə, hər tərəfdə də dəstəbaşımız olardı. Bu insafsız dəstəbaşılarımız bizi sağa qaytarardı, sola qaytarardı və hər dəfə sağa qaytaranda deyərdi: “isti suya”, sola qaytaranda deyərdi: “soyuq suya”. Biz bişüurlar da gah sağ tərəfə qayıdardıq, gah da sol tərəfə qayıdardıq.Bu məhz dibaçeyi-kəlamdır. Kəlamın özü aşağıda rəvayət olunacaq.
Arvad öldürənlər, yaxud “qeyrət”İstilah komisyonunun nəzəri-diqqətinə!“Qeyrət” dedikdə bir istilahdır ki, ancaq bizlərə məxsusdur: belə ki, bu söz nə rus dilində var, nə erməni, gürcü və nə də Avropa dillərində var.
Özümdən böyük sözlərSöhbət sığorta işləri barəsindədir.Bunu da ərz edim ki, bu sözləri mən danışmayacaq idim və danışmazdım da. Səbəb budur ki, sığorta sözləri mənim özümdən böyük sözlərdir; necə ki, adam adama deyər: “Özündən böyük söz danışırsan”. Amma bunu mən indi ondan ötrü danışıram ki, bu axır vaxtlarda sığorta söhbətlərini məndən də savayı danışanlar vardır.
Hünərli qadınlar“Hünər hünər üçündür,hünər Allah üçündür!.. ”.
Poems by other poets · Satire
Ey Mehdiyi-zaman, şairi-dövran,Adam olan gərək danışa məqul;
Naxçıvandan bir nəfər dostumaÖzgələr dərs oxuyur, alimi-ferzane olur,Özünə, millətinə qövli-həkimanə olur,
Heykəl xəstəsiBir hekayə, bir novella yaza bilmirəm,Hıqqanıram dost-aşnaya məktub yazanda.
Bulvar hara, məktəb hara(Yay tətilindən sonra məktəbə getməyə məcbur olanuxajor mütəəllimlərin naləsi)