Əzizim Məmmədəli! (7 mart 1912)
Çoxdandır ki, istəyirəm sənə kağız yazam, bu gün-sabaha salıram.
Mirzağa Əliyev məni ikinci dəfə aldatdı və ona göndərilən jurnaldan bir qəpik də göndərmə [di] və on dəfə də Əsədullah Axundova yalan söylədi ki, Sidqinin yanında [... ] manat poçtnan göndərmişəm. Mən buralarda poçtdan xəbər alıram, amma deməginən orada Mirzağa fəxr eləyir ki, xalqa hiylə eləməyi hamıdan yaxşı bilir. Düşəndə yoldaşlarına giley elə. Göyərçini də görəndə de ki, mən Mirzağaya bir manatlıq jurnal etibar eləyib göndərməzdim, məhz onun xatirəsi üçün göndərdim. Əgər o da ərinin bicliklərinə şərik olur, dəxi sözüm yoxdur.
Qəribə budur ki, səni çox vaxt Mirzağa ilə bir yerdə görürlər, amma elə [... ] dost olmağını istəməzdim. Mən bu gün gedirəm kəndə. Oricinal da yoxdur. İsmayıl səndən oricinal gözləyəcək. Nə qədər mümkün eləsən, çox yaz. Xırda xəbərlərdən, məzəli şeylərdən, məqalələrdən – hər nə yazsan, qeyri yazanların hamısından xoşdur. Bir də ehtiyatlı yaz ki, bir şəxsiyyətə toxunmasın. Çünki dəxi mən görməyəcəyəm, İsmayıl mənə göndərməmiş çap edəcək.
Nə vaxt məktəbdən azad olsan, gəl Tiflisə, jurnalı dolandır.
Hamılıqnan səni soruşurlar. Dostu bacını görəndə de ki, onu soruşurduq.
Evinizə tez-tez xərclik göndər.
Cəlil
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-ezizim-memmedeli-7-mart-1912
Use ← → keys to move, R for a random poem
More by this author
Aşina danəd sədayi-aşina*Mənim aşnam “Təzə həyat”ın 119-cu nömrəsində həcc məsələsindən söhbət açanda, söz yox, bilmirdi ki, onun “Aşina sədası”nı hamıdan qabaq Molla Nəsrəddin eşidəcək.
Oğlanlarınızı oxutmayınİndi hər kəs bizim bu sərlövhəmizi görsə, xəyal edəcək ki, biz səhv edib oğlanlarınızı oxudun əvəzində, oxutmayın yazmışıq. Xeyr, biz səhvlə yazmamışıq, elə doğrusu odur ki, yazmışıq. Mən genə deyirəm: əgər oğlanlarınızı axırda evləndirmək fikrinə düşəcəksinizsə, əgər onu ev, əyal, övlad sahibi eləmək istəyəcəksinizsə, məndən sizə əmanət, məbada, oxudasınız. Siz görməmisiniz, siz bilmirsiniz, amma mənim başıma gəlib, mən görmüşəm və bilirəm, qulaq verin səbəbini deyim, oxutmayın deməyə haqqım var ya yox və görün bu oxuyanlarda heç ağıl, kamal, şüur və səliqə olur ya yox. Bəndəzadə Əhməd gimnaziyadan qurtaran kimi dedim, oğul, dəxi indi evlənmək vaxtındır, gərək səni evləndirim. Dedi, ata, hələ mən uşağam. Dedim, ay oğul, biz ata-baba görmüşük ki, adam on dörd, on beş yaşında evlənər, indi sənin on doqquz yaşın var! Dedi, ata, hələ mən uşağam, özüm də hələ gedib universitetdə oxuyacağam. Dəxi bir söz demədim, dedim get oxu, bala. Getdi Peterburqda oxudu, oradan da getdi nə bilim Parijə, hara. İndi hamısın qurtarıb gəlib, özünün də tamam iyirmi yeddi yaşı var. Çox sual-cavabdan sonra evlənməyi boynuna qoymuşam, amma deyir ki, mən gərək oxumuş qız alam. Dedim, yaxşı onu da elərəm, Kərbəlayı Qənbərin qızın alım sənin üçün. Gör mənə nə deyir, deyir ki, hansı uçkolanı tamam edib? Dedim, balam, uçkol nədi, Molla Bacıda neçə illər oxuyub, Quranı çıxıb, hər cümə axşamı mərhumə anası üçün bir yasin də oxuyur. Dedi işimə gəlməz. Dedim niyə? Dedi oxuyub kurs tamam etmiş olmasa, yəni təkmili obrazovaniyyə olmasa mən almaram. Çünki bunun xilafı olsa, nə o məni xoşbəxt edə bilər və nə mən onu.Eləcə bu sözlərə dondum qaldım. Getdim bir neçə gün fikirləşdim, soraqlaşdım, axırda tapdım. Sevinə-sevinə gəldim dedim, oğul, tapdım. Dedi kimdi? Dedim Məşədi Fərzəlinin qızı. Dedi hansı uçkoladan qurtarıb? Dedim Bakıdakı qız məktəbindən: həm rusca bilir, həm də müsəlmanca. Dedi işimə gəlməz. Dedim niyə? Dedi: Mən bu qədər zəhmət çəkmişəm, məşəqqət çəkmişəm, nə bilim gedib harda, harda nə zillətlə ülumi-aliyə təhsil eləmişəm, indi insafdır gəlib, beş kəlmə əlif zəbərə Ə və üç kəlmə də A, B deyənlən təzvic eləyim? Heç yaraşarmı? Heç müsahibəmiz tutarmı? Elə mən bunları eşidən kimi lap naümid oldum, biixtiyar durdu gözlərimdən yaş tökülməyə. Əhməd belə görcək mənə rəhmi gəldi. Dedi, ata, ağlama, ağlama, diriliyimi, rahatlığımı, istiqbalımı mülahizə etməyib sənin xahişini əmələ gətirərəm. De görüm neçə yaşı var? Dedim on beş! Elə bunu eşitcək dik qalxdı ayağa, dedi işimə gəlməz. Dedim niyə? Dedi uşaqdı, əqəllən gərək iyirmi yaşı ola.
DarülfünunDövləti darülfünunlar hər məhəldə, hər kənddə və hər beş qədəmdə vardır, əz on cümlə “Məcməül-qənacıq” darülfünunudur. Bu darülfünun ibarətdir on iki klasdan, yəni bu darülfünunda on iki millətin dilini dərs verirlər, bir türkidən savay. Bu darülfünunda ikmali-təhsil edən tələbə uşaqbazlıq ülumunda çox mahir olar.Məsələn, biri kərdənlərimizin sahibi ki, darülfünunun on iki klasın tamam edib və mükəmməl təhsildir.
Şükr və sənaÜmidimiz bunadır ki, indi cəmi müsəlman qardaşlarımız və bacılarımız qəzetləri oxuyub biliblər ki, üçüncü padşahlıq dumaya seçilənlər kimlərdirlər. Biz bunu yəqin bilirik ki, indi heç bir müsəlman yoxdu ki, seçki məsələsindən xəbərdar olmasın; çünki indi heç bir müsəlman kəndi və şəhəri yoxdur ki, orada duma söhbəti danışılmasın; hətta çox yerlərdə balaca uşaqlar da qəzet oxuyurlar.Biz indi görürük ki, üçüncü dumaya üzv seçilənlərin hamısı sağlardırlar. Söz yox, bunu indi cəmi müsəlmanlar qəzetlərdə oxuyub biliblər və yəqinimdir ki, indi yer üzündə bir nəfər müsəlman yoxdur ki, bu məsələdən hali olmasın; xah övrət, xah cavan, xah qoca, xah böyük, xah uşaq.
Poems by other poets
Cövr ilə tökdü qanımı, fəryad, gözlərin,Öldürdü aqibət məni cəllad gözlərin.
Nəfəs: İlahi, neyləsin, nətsinİlahi, neyləsin, nətsinKönül sənsiz qərar etməz
MənəmMüşkül işə düşəndə çağırram səni,Yetiş fəryadıma ya İsa mənəm
Qurban olasanBir belə ay gözəlin özünə qurban olasan,Dindirib, danışdırıb, sözünə qurban olasan,