Gözəl yerlər
Bakının mahalında gözəl bir kənd var; adı Xızıdır. Bu kəndin də ətrafında on beş gözəl kənd var, adları bunlardır:
Zibər – 60 ev, Upa – 40 ev, Gərmiyən – 60 ev, Çarqışlaq – 50 ev, Qululu – 60 ev, Şəlgəh – 40 ev, Biləsən – 35 ev, Dəllər – 35 ev, Şıxlar – 35 ev, Zarat – 80 ev, Kəş – 60 ev, Qarabulaq – 35 ev, Pənbə
– 35 ev, Xil – 70 ev.
Bu on beş kəndin birində də məktəb yoxdur.
İndi ki, bu on beş kəndin ki, bircə dənə məktəbi yoxdur, bəs, nəyi var? Qulaq ver ərz edim :
Bu on beş kəndin dörd nəfər mollası var: biri Molla Qivam, biri Molla Qiyam, biri Molla Hüseyn, biri də Molla Əbdüləli.
Bu dörd nəfər molla bu on beş kəndi icarəyə götürüblər: Molla Qiyam Zibərdə moizə edəndə, Molla Əbdüləli Pənbədə mərsiyə oxuyur, Molla Hüseyn Çarqışlaqda mərsiyə oxuyanda Molla Qivam Gərmiyənda moizə eləyir və bu dörd nəfər molla iyirmi dörd il bu on dörd kəndi gəzib dolanalar, bircə dəfə də kəndlilərə, məktəb və dərs sözünü ağızlarına alıb danışmazlar.
Və bu on beş kəndin camaatı bilmir başına nə çarə qılsın: bir tərəfdən mollalar yapışıb yaxasından deyirlər: “ver”, bir tərəfdən Lahıc seyidləri gündə bir dəfə atlarını çapırlar ki, “ver”.
Molla deyir: – Verməsən səni behiştə qoymayacağam gedəsən.
Seyid deyir: – Verməsən bir dua edəcəyəm cəddim sənə qənim olsun.
Kəndli də verir; çünki çarəsizdir. Bu da ki, məktəbsizlikdəndir.
Mətləbi qurtarıram, amma bir neçə söz də qaldı; o da budur ki, dünyada həqiqət birdir və o həqiqət budur ki, bu saydığımız on beş kənddə gərək biz dörd nəfər mollanın əvəzində heç olmasa dörd nəfər müəllim görə idik və bir surətdə ki, bu on beş kəndi biz buraxmışıq dörd nəfər ağ əmmaməli əcdaha, 34 nəfər göy əmmaməli Lahıc zəlilərinin ixtiyarına, biz gərək boynumuza alaq ki, öhdəmizdə olan vəzifənin yüzdə birini ancaq görmüşük, amma doxsan doqquzu hələ qalır.
Və bunu da unutmayaq ki, nə qədər Molla Qiyam, Molla Qivam, Molla Hüseyn və Molla Əbdüləli bir tərəfdən və Lahıc seyidləri, o biri tərəfdən avam kəndlilərə behiştin qəbzini paylamaqdadırlar, haman qədər də biz təəccübdə qalacağıq ki, aya bu mahalın maarif idarəsi nə fikirdədir və nəyə məşğuldur?
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 24 dekabr 1922, №7
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-gozel-yerler
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Satire
Bakıda tazə çıxıb bir Ətağa, Məsmə bacı!Təri, çirki, nəfəsi dərdə dəva, Məsmə bacı!
“Üxüvvət” məktəbiNə oldu, Şirvan əhli bəs –Mədrəseyi – “Üxüvvət”in?
El deyir:Canın çıxsın anlayaydın həddini,Keçmiyəydin özgənin sərhəddini,
Zəmanənin tənqidiEy xudavəndi-cəhan, aləmi əsrari-xəfi,Bu nə kavuşü, nə qovğavü, nə cəngü, nə cədəl?