İcazeyi-ictihad
Cümə günü eydi-əhza münasibətilə, yəni qurban bayramının günü, Bakıda Məscidi-camedə və Bayır şəhərdə müsəlman qardaşlar ictima etdilər və bir yerdə bayram namazı qıldılar.
Amma bu il keçən illər kimi olmadı; məsələn, keçən vaxtlarda oxumuşlarımızın heç biri nə rəməzanda və nə qurban bayramında camaata qarışıb bayram namazı qılmırdılar, ancaq bir para cüvəllağı oxumuşlarımız məhz avamı aldatmaq üçün məhərrəmlikdə dəstənin qabağına düşüb, sinə vura-vura yalandan dəstmalı gözlərinə basıb, ürəkdən gülə-gülə və zahirdə guya ağlaya-ağlaya dəstənin qabağında dolanırlar.
Xülasə, bu il, maşallah, yaxşı keçdi: oxumuşlar qurban namazına gəlmək istəmirdilər, amma Allah rast saldı ki, millətin dərdindən saralıb sapa dönən Mirzə Ağa həzrətləri qəzet vasitəsilə oxumuşlara xəbər verdi ki: “bax, camaat namazına gəlməsəniz, dəxi bundan sonra deməyiniz ki, camaat dalda qalıbdır! Yəni dəxi camaat dərdi çəkməyiniz; çünki dəxi Bakıda mən olan yerdə özgə millətpərəstin lüzumu yoxdur”.
Bəli mömünlər və dindarlar mərkəzindən hökm çıxmışdı ki, gərək qurban bayramının günü bir nəfər də gəlməmiş olmasın. Mən bunu eşitcək yazıb Yusifxanov cənabından iltimas elədim ki, barı bir-iki adama icazə versin ki, üzrləri olmuş olsa, azad olsunlar. Xeyr, başa gəlmədi; buyurdu ki, “Bir nəfər də izn verə bilmərəm”. Yəni dedim: ay qardaş, heç olmasa qoy bir nəfər oxumuş qalsın eşikdə.
– Yəni heç olmaz?
– Xeyr, heç olmaz.
Xülasə, başa gəlmədi. Nə qədər ki, Bakıda oxumuş var, – bayram günü hamısını qatovluyub doldurdular məscidlərə ki, qazı Mirkərim ağaya iqtida eləyib, namaz qılsınlar.
Nə dər hər söxən bəhs kərdən rəvast
Xəta bər büzürgan giriftən xətast.
Ağalardan təvəqqə edirəm ki, bəndəni bağışlasınlar: böyüklərə irad tutmaq özü bir xətadır; amma yaxşı olar ki, cəmi Bakı şəhəri məscidlərə dolanda küçə və kənarda heç olmasa bir nəfər oxumuş qala; çünki dünyanın işini bilmək olmaz; bəlkə müsəlman qardaşlar başlarını qumun içinə soxan vaxt bir nəfər misyoner fürsəti qənimət bilib, gəlib müsəlmanların cümləsini bir günün içində özgə bir dinə çöndərmək istədi.
O vədə kənarda qalan oxumuş müsəlman qardaş, əlini qoyar misyonerin sinəsinin üstə və ona cavab verər: “Çəkil, çəkil! Onsuz da öz içimizdə yüz yetmiş min din və məzhəb var, Allahın bərəkətindən dəxi özgə dinə möhtac deyilik! Get, get!”.
Hər kəs istəsə, mən mərc gələrəm ki, tamam Qafqazda məscidlərə doluşub, başlarına vuran müsəlman qardaşların cəmisini bir günün içində özgə bir dinə çöndərmək mümkündür. Bundan ötrü lazımdır yüz nəfər bəyi siyahi eləyib, hərəsinə bir medal paylamaq, yüz nəfər mollaya qazılıq yeri vermək və yüz nəfər dövlətli hacını yaranal eləmək və bu üç yüz nəfər adamı borclu eləmək ki, bir günün içində cəmi Qafqaz müsəlmanlarını özgə bir dinə çöndərsinlər.
Bundan asan bir şey yoxdur.
Cümlə müsəlman qardaşlara qismət olsun, Bakının Məscidicəmesində bakılı qardaşlar ilə bərabər bayram namazlarını yerinə yetirsinlər. Çünki belə camaatın içində və belə ruhanilərin dalında namaz qılmaq yüz min namaza müadildir: məsələn, necə ki, məscidülhəramda namaz qılmaq məscidi-Kufədə namaz qılmaqdan əfzəldir və məscidi-Kufədə məscidi-Əqsadən, məscidi-Əqsadə məscidi-camedən, məscidi-camedə qılmaq – qəbilə məscidində qılmaqdan, qəbilə məscidində qılmaq Naxçıvanda bazar məscidində qılmaqdan.
Amma Bakı məscidində qılmaq bunların hamısından əfzəldir. Çünki bura Badikubədir; yəni şəhidlər şəhəridir, yəni burada dəryalar bərabəri qan tökülüb və töküləcək.
Bu zəhrimar xalera da hələ naz eləyir.
Həmişə Badikubə möminlərindən söz düşəndə, Təbrizdə rəisiəncümən yadıma düşür. O vaxt ki, eşitdim ki, ağa icazeyi-ictihad alıb, götürüb “Din və məişət” mühərrirlərinin birinə kağız yazıb bu məsələyə cavab istədim.
Cavab gəldi ki, “bir adam [ki, ] on dörd yaşında Həsənəlixan əmiri-nizama əməleyi-xəlvət ola, iyirmi dörd yaşında axmaqlarla qumar oynaya, otuz dörd yaşında Kərbəlada və Nəcəfdə ərəb arvadlarına məsələ öyrədə, qırx dörd yaşında qızını yekə mollanın oğluna verə və əlli dörd yaşında Əncüməndə rəis ola, – o adam axırda müctəhid olar”.
Dəxi bilmirəm nə deyim?!..
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 20 dekabr 1909, №51
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-icazeyi-ictihad
Use ← → keys to move, R for a random poem
More by this author
Vaqeən bu piyanskalıq böyük bir azardır. Kim bilsin dünyada minlərcə məxluq bədməstlik mərəzindən qurtara bilməyib spirtin zəhəri ilə bədənlərini zəhərləyib ölüb gedirlər.Yaman iş budur ki, bu zəhirmar xəstəlik indiyədək müalicəpəzir olmayıb və nə qədər haziq təbiblər bu yolda nə qədər sümük sındırıblarsa da, yenə bu kefliliyə giriftar olanları bu yoldan yadırğada bilməyiblər.
Şəhərə doğruMəlumdur ki, kənd əhalisinin əhvalını yaxşılaşdırmaq məqsədi ilə “Kəndə doğru!” şüarın dalısı “Şəhərə doğru!” olacaqdır. O səbəbə ki, kənd əhalisinin əhvalı kənd dairəsində nə qədər gözəlləşsə, yenə kənd əhalisi şəhərsiz ötüşə bilməyəcək və bu hal o qədər açıq və vazehdir ki, bunu bəyan etməyə daha bir lüzum qalmır.Onun üçün də kəndlilərin qədim dostu “Molla Nəsrəddin” əmi “piş əzvəqt” öz çarıqlı köhnə dostlarının qeydinə qalmaq babətindən bu söhbəti vaxt ikən ortalığa atır ki, sonra iş işdən keçməmiş olsun və fürsət itməmiş olsun.
Hələ dəm alırİyirmi il bundan qabaq millətimizin halını təsvir eləmək lazım gələndə məcmuəmizin birinci nömrəsində, birinci səhifədə bir şəkil çəkdik və o şəkildə göstərdik ki, millətimiz yan-yana yatışıb yuxuluyur.O vaxt çoxları bizdən sual edərdi ki, xub, bəs, millət ki, bu şirinlik ilə yuxuya cumub, bəs, nə vaxt yuxudan oyanacaq?
Yağış suyuİnsanlar gəldikcə ağıllanırlar.Qabaqlarda xalq yağış suyunu bəyənmirdi. Gedib dağlardan bulaq suyu çəkib, şəhərə gətirirdilər. Belə axmaq işi də əlli-altmış il bundan qabaq Şuşa şəhərində görmüşlərmiş.
Poems by other poets · Satire
Ay Baba, salma qalmağal, cövrü cəfadan əl götür!Dəng eləmə cəmaəti, cəbrü əzadan əl götür!
İstiqbalımız lağlağdırİnanmam, söyləmə artıq ki, feyzabad olur aləm,Yağar imkani-rəhmət, baği-ədlü dad olur aləm,
Qurban bayramıBir də görsəydim səni röyadə, qurban bayramı,Həsrətim qalmazdı bu dünyadə, qurban bayramı!
Ədəbiyyat (“Ey “Kəlniyət!” Ey xatirinin zövqü savası”)Ey “Kəlniyət!” Ey xatirimin zövqü səfası,Yalnız demə kim, mollaların boşdu qafası,