Page 1 of 2

Mən külli ədyanı puç və əfsanə hesab edirəm.

M. F. Axundov

Mirzə Fətəli Axundov barəsində ya çox yazmaq lazımdır, ya heç yazmamaq lazımdır.

Mirzə Fətəli Axundov barəsində ya yaxşı yazmaq lazımdır, ya heç yazmamaq lazımdır.

Bununla bərabər bu nəsihət bəndəyə burada daxil deyil, o səbəbə ki, mən Mirzə Fətəlinin barəsində nəinki çox yazmaq, bəlkə heç az da yazmaq xəyalında deyiləm. Mənim məqsədim ancaq üç-dörd sətirdən ibarət bir yüngülcə yadavərlikdir. Mənim məqsədim həmin üç-dörd sətirdə elə bir mühüm məsələ barəsində söhbət açmaqdır ki, mənim bu balaca məqaləm dəxi bu məsələyə ancaq bir sərlövhə təbir oluna bilər.

Söhbətimiz – Mirzə Fətəlinin dinlər barəsində əqidəsi məsələsinə dairdir.

Hərçənd Mirzənin vəfatının əlli illiyi münasibətilə bu yavuqda, keçmiş mart ayında tərtib olunan məclislərdə və habelə məcmuə və qəzetlərdə Mirzənin dinsizliyi barədə az-çox məlumat verildi və lakin əzbəs ki, məsələ özü xeyli əhəmiyyətlidir, mart ayı günlərində danışılan və yazılan məruzə və məqalələri kafi hesab edib dayanmaq olmaz; bu xüsusda çox danışmaq lazım gəlir.

Keçək söhbətimizin mövzuuna.

Mirzə Fətəlinin vəfatının şahidləri və raviləri yazıblar və rəvayət ediblər ki, onun namazına, təlqininə və təşyii-cənazəsinə dostlarından və əqrəbasından da duran olmadı. Ta o yerə kimi ki, onu Tiflis qəbristanında quyulamaq üçün, dörd nəfər hammal apardı. Və bir rəvayətə görə, mərhumu canişinin dörd nəfər kazak əfradı aparıb torpağa tapşırdı.

Bəhər-hal Mirzə Fətəlinin cənazəsi sahibsiz qaldı. Bu keyfiyyət onu tanımaq arzusunda olanlar üçün maraqlı və təvəccöh etməlidir.

Mirzənin tək bircə dramnəvisliyi avam camaatın nəzərində elə bir günah sayıla bilməzdi ki, onun mərasimi-dəfninə iman əhlləri yavıq düşməyə idilər. Yaxud əlifbanın təbdili yolunda təlaş etməklə Mirzə Fətəli yenə müsəlmanların belə şiddətli nifrətini qazana bilməzdi.

Səhihdir, mərhum qadın məsələsinə də yanaşmışdı: onun səhnə əsərlərində, tək bircəsi müstəsna olmaqla (“Kimyagər”), müsəlman qadınları teatr səhnəsində kişilərlə danışırlar və şübhə yoxdur ki, buna o əsrin müsəlmanları xoşhal ola bilməzdilər, – və lakin Mirzə Fətəlini laməzhəb adlandırırdılar. Yenə nə səbəbdən?

Diqqət etməli burasıdır ki, Oktyabr inqilabınadək Mirzənin tərcümeyi-halından rəvayət edənlər bu barədə heç bir isnad və işarə eləməyiblər və onun dinsizliyindən söhbət düşəndə, bir müəyyən dəlil və sübut göstərməyiblər. Mərhumun dinsizliyini onun əsərlərinin heç biri ilə təsdiq, mərbut tutmayıblar.

Doğrudur, komediyalarının bəzi yerlərində mövhumata etiqad etmək, xariqüladə hadisəyə inanmaq kimi səfahəti mərhum ədibimiz səhnədə mövqei-məzhəkəyə qoyubdur. Belə ki, “Mösyö Jordan” əsərində Dərviş Məstəlişahın cadu fırıldağına Şərəbanıxanım və Şərəfnisə xanım inanıb, fırıldaqçı dərvişi yüz bacaqlı ilə yola salırlar. Habelə “Kimyagər” pyesində kovdan nuxalılar şarlatan Molla İbrahim Xəlilin iksirinə və şeytanın fəsadına etiqad edirlər və yenə “Aldanmış kəvakib”də Şah Abbas ulduzların sədəmeyi-üzmasından xof edir və hətta sərdar Zaman xanın kəvakib ilə müxalifət etməkdə ağlı hər bir əlacdan qasir görünür...

Aşkardır ki, Mirzə mərhumun cəmi söylədiyimiz “günah”ları kafi ola bilməzdi ki, onun dost və əqrabası onu mürtəd və laməzhəb hesab edib onun dirisindən də, ölüsündən də üz çöndərsinlər, çünki Mirzənin əsrində onun təb olunub intişar tapan əsərlərinin heç birində dindən və etiqaddan bəhs olunmur.

Bu barədə Firudin bəy Köçərli müəllimimiz öz kitabında Mirzənin əqidəsi barəsində bir müxtəsərcə məlumat verir. Firudin bəy yazır: “Axundov azadəfikirli, saf əqidəli, əqli-səlimə itaət edici bir vücud olduğu üçün çoxları onu bidin və laməzhəb adlandırıb, təkfir edirmişlər. Əqidəsi ucundan onun ən yaxın dostları və əqrəbası axırda ondan üz döndərib, iba etmişlər. Vəfatından təşyii-cənazəsinə və namazına bir kəs gəlməyib, dörd nəfər hammal artıq əhanətlə ol mərhumun tabutunu məzarıstana aparıb, namazsız, duasız və təlqinsiz dəfn etmişlər...”.

Bunu gərək mülahizə etmək ki, burayadək yenə məsələnin bu bir cəhəti qaranlıqda qalır və bilmək olmur ki, aya Mirzə Fətəlini laməzhəb adlandıranların və onun dəfnindən iba edənlərin əllərində nə sübut var imiş və onun laməzhəbliyini müəyyən bir əsərindənmi, ya camaat içində apardığı vəz və təbliğatdamı görürmüşlər?

Ancaq indi bizə məlum olur ki, Mirzə Fətəli Axundovun haman əsəri ki, müəllif orada din və etiqaddan bəhs edir və öz əqidəsini hər bir dindən və ayindən azad qələmə verir, həmin əsər hərçənd ki, o zaman təb və nəşr olunmamışdı və oluna da bilməzdi, bununla bahəm o əsərin varlığı və məzmunu Mirzənin müasirlərinə, dost və aşnasına məlum idi.

O əsərin adı – iki şahzadənin bir-biri ilə mükatibəsidir. Haman əsərdir ki, 1924-cü ildə Bakıda “Yeni türk əlifbası komitəsi” tərəfindən təb və nəşr olunubdur.

Ancaq indi Mirzə Fətəlinin təvəllüdündən yüz ildən bir qədər də artıq, vəfatından əlli il keçəndən sonra bizə məlum olur ki, mərhumun bir böyük dərdi imiş ki, öz sağlığında onu ucadan bir kəsə deyə bilmirmiş və axırda ürəyinin dərdini öz dilindən yox, Hindistan şahzadəsi Kəmalüddövlənin dilindən söyləyibdir; yəni: “bax bu sözü mən demirəm, bunu Kəmalüddövlə deyir”.

Və təbiidir, burada din və ayinə əl uzadılır, allahın varlığı və yoxluğu söhbəti ortalığa gəlir və bu sözü o vaxt danışmaqmı olardı ki, onu yazmaq da və nəşr etmək də mümkün olsun?!

Mirzə Fətəlinin vəfatının əlli illiyi münasibətilə “Qızıl qələm cəmiyyəti”nin Şəki şöbəsi tərəfindən nəşr olunmuş yubiley nömrəsində, Tiflisdən “M. Q.” imzalı bir məktubda bu barədə belə rəvayət olunur: “Fanatizm və din ilə mübarizəyə gəlincə o (Mirzə Fətəli) ümid edirdi ki, Hindistan prinsi Kəmalüddövlənin məktubu ilə birinci zərbəni dinə vuracaq və bu məqsəd ilə yazmış olduğu əsəri ruscaya tərcümə etmiş və dəfatla Peterburq nəşriyyat idarələrinə müraciət etmiş... O, senzoru inandırırdı ki, bu əsər müsəlman aləminə zərbə vurmaqla xristian dininə qətiyyən toxunmayacaqdır. Fəqət çar senzurası buna inanmadı. O, Paris və London naşirlərinə müraciət etdi... Müsəlman aləmindəki qara pərdəni qaldırmağa cəsarət edən bu qoca dahinin fikrini intişara kimsə cəsarət etmədi...”

Güman eləmək lazım gəlir ki, hal o qədər ağır imiş və ehtiyat o dərəcədə vacib imiş ki, şahzadə Kəmalüddövlənin dilindən yazılan məktubları yazıq Mirzə Fətəli birdən-birə öz dostlarının da yanında özünə isnad vermir və rəfiqi naibül-vüzəra Əbdülvəhab xana yazdığı məktubun birində deyir ki, Kəmalüddövlə tərəfindən yazılan məktubun sahibi mən deyiləm və mən olduğumu zənn edərək mənə iftira deyən Hacı Şeyx Möhsünün qiyamət günündə ətəyindən yapışıb şikayət edəcəyəm; çünki mənim qəbahətim məhz odur ki, mən haman məktubu tənqid yazmaq məqsədilə farscadan türkcəyə tərcümə etmişəm.


Hindistan şahzadəsi Kəmalüddövlə İngilis, Firəng və Yeni Dünya səfərindən qayıdan vaxt İran torpağına da varid olubdur və öz dostu İran şahzadəsi Cəlaluddövləyə buradan uç vərəqə məktub yazıb və bu üç ədəd məktuba Cəlalüddövlə də bir dəfə cavab yazıb.

Kəmalüddövlə birinci məktubunda İranın indiki inhitatını öz gözü ilə görüb yazır ki, “kaş bu vilayətə gəlməyəydim, ciyərim kabab oldu” və şaki bir dil ilə İranın qədim həşəmət və səadətini yada salır və deyir: Hanı irəliki dövlət və şövkət? Ac, çıplaq ərəblər səni min iki yüz həştad ildir bədbəxt etdilər, torpağını xarab və əhalini nadan, azadiyyətdən məhrum qoydular. Padşahın despotdur, üləman–fanatik! Bu tənəzzülə ümdə səbəb nə olub və bais kim olub? Və sizin bugünkü halınızı Firdövsi səkkiz yüz il bundan irəli ilham ilə bilib, Hürmüzd şahın oğlu Rüstəmin dilindən bu suallara cavab verib:

Çü bəxti ərəb bər əcəm çirə şüd.
Həmə bəxti sasaniyan tirə şüd.

Mətləbdən bir qədər uzaq düşsək də, gərək Mirzə Fətəli yaşadığı əsri xəyalımıza gətirək.

Amma Mirzə Fətəli qələmi Kəmalüddövlənin əlinə verib dedi: yaz ki, mənim atamın vətəninin iqbalı o zaman idbarə mübəddəl oldu ki, axmaq iranlılar vətəni Səd-Vəqqasın vəd etdiyi xəyalata və puç etiqada, ərəb rahzənlərinə təslim etdilər.

Səri namə benvişt nami xuda,
Məhəmməd rəsuləş, bəhəq rəhnüma...
Həmə təxtü-tacü həmə cəşnü sur,
Nəyərzəd bədidar yek muyi hur.

Yəni Səd-Vəqqas farslara təklif edirdi ki, Məhəmməd dinini qəbul etsinlər; çünki burada, axirətdə behişt var və huri var ki, onun başının bir tükünü təxtü-taca, çeşnü surə dəyişmək olmaz.

Ustadi-əzizimiz Mirzə Fətəli bu sətirlərdən digər mətləbə keçir və Kəmalüddövlənin dilindən yazır ki, “Səd-Vəqqasın təklifi ilə dini-islamı qəbul etdik və onun qövlünə görə gərək iki aləmdə də xoşbəxt olaydıq. Axirətdən hələ xəbərimiz yoxdur, gələk dünya aləminə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Oraq

Bəli, dedilər ki, kəndə bir yaxşı müəllim gəlib, adı da Molla Bağırdı. Çox gözəl, biz də uşaqları aparıb qoyduq ki, oxutsun. Yəni bunu da deyirdilər ki, müəllim darülfünun qurtarıb və hər bir elm oxuyub, məsələn, elmi-zərafəti, elmül-əkl, elmi-səməni, elmül-cəzb, əlhasil, hər bir elmdən xəbərdardır və hamısını təhsil edib. Məktəbi də araba yolunun üstündə camaat mərəkəxanasında 36 nömrəli evdə açıb çox ucuz qiymətə uşaqları qəbul eləyirdi. Məsələn, ayda bir uşaq 30 yumurta və 5 dənə cücə və 7 boşqab aş.Əvvəlinci sinfə oxudurdu əlifbanı. Üsuli-təlimi də belə idi: əlif sərv ağacı kimi, bey təknə kimi, tey ona bənzər, sey də ona bənzər, cim oraq kimi, hey də ona bənzər, xey də ona bənzər.

1 min
Heyz

“Çe qəm divari-ümmətra” ki, məsələn, görürsən müsəlmanlar yığışıblar bir dükanın qabağına və qulaq asırlar, ortada bir gözü eynəkli şəxs əlində bir kağız tutub oxuyur. Deyirsən, bəlkə Tehrandan təzə gələn qəzetdir, ya bir özgə təzə xəbərdir, ya görəsən, əlbət, bir qəribə əhvalatdır.Oxucularımızdan üzr istəyirəm: mən boynuma alıram ki, indi yazmalı mətləblər çoxdur, danışmalı sözlər həddən artıqdır, politika aləmi dəyib bir-birinə; Rusiya Dumasında Şah Səlim oyunu oynayırlar. Kitayda yapon malını baykot eləyib, yapon karxanalarını işsiz qoyublar, ingilis və rus padşahları görüşüb çox sözlər danışdılar. Tehranda məclisi topa tutublar, Firəngistan rəisi Rusiyaya səfərə çıxır, Makedoniyanı Osmanlıdan almaq istəyirlər… Nə bilim dəxi nələr, dəxi də nə var, dəxi də nələr var…

2 min
Dayan

Bir neçə vaxt bundan irəli İran məmurlarının biri Tiflisə təşrif gətirən vaxt iranlılar cəm olmuşdular məmurun görüşünə. Bu məclisdə İran qulluqçularından başqa ticarət əhlindən də çoxluca əşxas hazır idi.Nə olar ki, möhtərəm qonağın ziyarətinə gəlmək yaxşı şeydir.

1 min
Səkkiz yüz molla

“Səadət”, “Nəşri-maarif”, “İttihad”…Axırıncı iki ilin müddətində çıxan qəzetlərimizin sütunları bu sözlərlə doludur. Həmişə müsəlman qəzetlərinin köhnə nömrələrinə gözüm sataşanda elə ha görürəm ki, yazılıb: maşallah “Məktəbi Səadət”, mərhəba “Məktəbi-Nəşri-maarif”, zindəbad “Məktəbi-İttihad”…

2 min

Poems by other poets