Page 2 of 2 · 50%

Hicrətdən bu zamana qədər İran xalqının başına müsibətlər gəlibdir ki, dünyanın heç bir səfihəsində xalq elə müsibətlərə düçar olmayıbdır. Bəs niyə dini-islam onların səadətinə bais olmadı? Çox ehtimal var ki, islam əqaidinin əfsanələri o biçarələri dəxi sivilizasyon tapan tayfalardan əqəb saldı”.

Hələ Mirzə Fətəli burada dayanmır: əgər burada durub sözünü yarımçıq qoysa idi, o zaman bilmək olmayacaq idi ki, Mirzə Fətəli islam dinindən ilhad etməklə hansı qeyri bir dini, ayini islama tərcih verir. Aya, bütpərəstliyimi islamdan əvvəl tutur, babiliyimi təbliğ etmək niyyətindədir? Amerika və İngiltərənin misyonerlərininmi əfsanələrinə batində xidmət etmək istəyir?

Bu suallara Mirzə Fətəlinin cavabı budur: “Ey Cəlalüddövlə! Bu sözlərdən sən güman eləmə ki, mən bəlkə başqa din və məzhəbi islama tərcih tuturam.

Mən külli ədyanı puç və əfsanə hesab edirəm”

Mirzə Fətəli dinsizliyinə Kəmalüddövlənin ikinci məktubunda şərh verir və öz fəlsəfi nöqteyi-nəzərini Əbdürrəhman Caminin və Şeyx Şəbüstərinin və Petrarka ilə Volterin rəylərinə mütabiq tutur və üzünu müsəlmanlara tutub deyir:

“Madam ki, siz elmi-nücumdan və elmi-təbiətdən xəbərdar deyilsiniz, – həmişə xariqüladata və möcüzata, məlaikəyə... və bu qəbil mövhumata inanacaqsınız. Çünki siz bilə bilməyəcəksiniz ki, külli kainat bir qüvveyi-vahidə və kamilədir və qanunu budur ki, bir fərd əmələ gəlsin və ağacın hübbəsi torpaq altında, gün, hava və su ona pərvəriş verəndən sonra ağac olsun və sən həvasi-pəncganənlə gördüyün-görmədiyin kürati-səmaviyyə və kürreyi-ərziyyə və hər qism müvəccid, vücudi-vahidə nisbətən, fərdən-fərdən cüzdür və fərdən-fərdən zərrədir və tamam zərrat bir külldür və haman küll vücudi-vahiddir. Bəs bu vücudi-vahid xaliq də özüdür, məxluq da özüdür”.

Mirzə Fətəli haman məktubun bir yerində islam filosoflarından adı çox məşhur olmayan Əla Zikrihüs-səlamı şiddətli alqışlayır, çünki Zikrihüs-səlamın azadfikirliliyi Mirzənin əqidəsinə müvafiq tutulur. Belə ki, məzkur filosof da öz əsrində camaatını məhz təbiətin qanunlarına sitayiş etməyə dəvət edirmiş və deyirmiş ki, “bilin və agah olun ki, aləm-qədimdir və zaman–namütənahidir və behişt və duzəx bir əmri-xəyali və mövhumidir və adamın qiyaməti onun mərgidir (ölümüdür)”.

Həmin moizəyə mütabiq bir nəsihət ilə Mirzə Fətəli də haman məktubda müsəlmanlara xitab edir: “Vəqta ki, tərkibi-cəsəd mütəlaşi oldu, bədən dəxi təxrib tapandan sonra balatər vətənə və nazü nemətə (behiştə) üruc və cəhimə nüzul yoxdur... Bəs aqil gərək cəmi dünya ləzzətlərindən bəhrə aparsın; zira ki, çün torpağa getdin, geri gəlmək yoxdur.

Baz amədənət nist, çü rəfti, rəfti!

Biz bir mühüm nöqtəni burada qeyd edib, sözümüzü tamamə yetiririk. Mirzə Fətəli Axundovun dinsizliyi ilə maraqlananların nəzərinə bu məsələni də yetirməyi lazım görürəm.

İki şahzadənin məktublarının müqəddəməsində Mirzə Fətəli bu mükatəbənin müəllifi özü olduğunu bərk-bərk danır və deyir ki, haman məktubları yazanlar indi Bağdadda yaşayan Hindistan şahzadəsi İqbalüddövlə və biri də İran şahzadəsi Şüçaüddövlədir. Və guya Mirzə Fətəli ancaq məktubların türk dilinə mütərcimidir. Ola da bilər ki, məhz bu səbəbə görə, yəni Mirzə Fətəli Axundov özünü o məktubların əslindən uzaq tutmağı cəhətindən bu məktublar uzun illərin müddətində Mirzənin təsnifatı cümləsində şöhrətə minmədi; ta o yerə kimi ki, onum vəfatından sonra yenə bir xeyli müddət keçmişdi ki, şahzadələrin məktubları guya ittifaqı olaraq üzə çıxdı.

Əhvalat bu qərar ilədir. Bir neçə il bundan müqəddəm bizə məlum oldu ki, mövhum şahzadə Kəmalüddövlə ilə Cəlalüddövlənin adları İran mətbuatında keçmiş bir zaman çəkilibdir və İran inqilabçılarından olan möhtəram bir ədib yoldaşımız bizə nişan verdiyi “Həblül-mətin” ruznaməsinin dörd ədəd şümarəsində biz, həqiqətdə, məzkur şahzadələrin adlarını gördük. Ruznamənin nömrələri bunlardır: tarixi-hicri 1322. Şümarə 31, 32, 35 və 37 təb və nəşr olunubdur Hindistanın Kəlküttə şəhərində. Ruznamənin həmin dörd nüsxəsində “şahzadeyiazadə Kəmalüddövlə Dəhləvi” şahzadə Cəlalüddövləyə xitabən fars dilində İranın qədim tarixindən rəvayət edir. Mirzə Fətəlinin şirin kəlamına bənzər bir şirin dil ilə İranın keçmiş cəlal və şövkətini yada salır, indiki inhitatına təəssüf edir və bu inhitatın səbəbini elmsizliklə təbir edir. Amma dəxi Mirzə Fətəli kimi islam dinindən bəhs etmir.

Bu dörd ədəd məktub imzasızdırlar. Kimin tərəfindən hicrətin 1322-də “Həblül-mətin”də o məktublar yazılıbdır, – məlum deyil. Amma güman aparmaq olar və bəlkə sərahətən demək də olar ki, Şərq elmlərində və Qərbdən hasil etdiyi ittilaatı ilə təbəxxür edən Mirzə Fətəli Türkiyədə, Qafqazda və İranda qələmi ilə o qədər şöhrət tapmışdı ki, “Həblül-mətin”də dərc olunan məqalələr onun qələminin əsəri olmasa da, ona təqlidən, o yaratdığı təxəllüs sərlövhəsi altında, bizə məlum olmayan kəslər tərəfindən qələmə götürülübdür.


Söhbəti axıra yetirib, mərhum Mirzə Fətəli Axundovun “ruhundan” üzr istəyirik. O qədər ki, Mirzə hali-həyatında təlaş edirdi ki, Kəmalüddövlənin məktubları ona isnad verilməsin, o qədər də biz təlaş edirik ki, bu allahsız məktubların təəllüqü Mirzəyə verilsin, çünki bizim məqsədimiz budur ki, biz allahın dərgahından qovulanlar, bari Mirzə Fətəlinin allahsızlığı ilə təsəlli tapaq və bəlkə də, hələ buna iftixar da edək.

Hərçənd bunu bilirik ki, qiyamət günü Mirzə əzizimiz bizim ətəyimizdən yapışıb şikayət edəcək, – necə ki Hacı Şeyx Möhsünxanın ətəyindən tutmağı əhd etmişdi, – amma dəxi qiyamət günü o bizi haradan tapacaqdır?! Ustadımız özü bizə kitabında vəsiyyət edir: çün torpağa getdin, – dəxi qayıtmaq yoxdur.

Baz amədənət nist, çü rəfti, rəfti!

“Şərq qadını”, may–iyun 1928, № 5-6

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Oraq

Bəli, dedilər ki, kəndə bir yaxşı müəllim gəlib, adı da Molla Bağırdı. Çox gözəl, biz də uşaqları aparıb qoyduq ki, oxutsun. Yəni bunu da deyirdilər ki, müəllim darülfünun qurtarıb və hər bir elm oxuyub, məsələn, elmi-zərafəti, elmül-əkl, elmi-səməni, elmül-cəzb, əlhasil, hər bir elmdən xəbərdardır və hamısını təhsil edib. Məktəbi də araba yolunun üstündə camaat mərəkəxanasında 36 nömrəli evdə açıb çox ucuz qiymətə uşaqları qəbul eləyirdi. Məsələn, ayda bir uşaq 30 yumurta və 5 dənə cücə və 7 boşqab aş.Əvvəlinci sinfə oxudurdu əlifbanı. Üsuli-təlimi də belə idi: əlif sərv ağacı kimi, bey təknə kimi, tey ona bənzər, sey də ona bənzər, cim oraq kimi, hey də ona bənzər, xey də ona bənzər.

1 min
Heyz

“Çe qəm divari-ümmətra” ki, məsələn, görürsən müsəlmanlar yığışıblar bir dükanın qabağına və qulaq asırlar, ortada bir gözü eynəkli şəxs əlində bir kağız tutub oxuyur. Deyirsən, bəlkə Tehrandan təzə gələn qəzetdir, ya bir özgə təzə xəbərdir, ya görəsən, əlbət, bir qəribə əhvalatdır.Oxucularımızdan üzr istəyirəm: mən boynuma alıram ki, indi yazmalı mətləblər çoxdur, danışmalı sözlər həddən artıqdır, politika aləmi dəyib bir-birinə; Rusiya Dumasında Şah Səlim oyunu oynayırlar. Kitayda yapon malını baykot eləyib, yapon karxanalarını işsiz qoyublar, ingilis və rus padşahları görüşüb çox sözlər danışdılar. Tehranda məclisi topa tutublar, Firəngistan rəisi Rusiyaya səfərə çıxır, Makedoniyanı Osmanlıdan almaq istəyirlər… Nə bilim dəxi nələr, dəxi də nə var, dəxi də nələr var…

2 min
Dayan

Bir neçə vaxt bundan irəli İran məmurlarının biri Tiflisə təşrif gətirən vaxt iranlılar cəm olmuşdular məmurun görüşünə. Bu məclisdə İran qulluqçularından başqa ticarət əhlindən də çoxluca əşxas hazır idi.Nə olar ki, möhtərəm qonağın ziyarətinə gəlmək yaxşı şeydir.

1 min
Səkkiz yüz molla

“Səadət”, “Nəşri-maarif”, “İttihad”…Axırıncı iki ilin müddətində çıxan qəzetlərimizin sütunları bu sözlərlə doludur. Həmişə müsəlman qəzetlərinin köhnə nömrələrinə gözüm sataşanda elə ha görürəm ki, yazılıb: maşallah “Məktəbi Səadət”, mərhəba “Məktəbi-Nəşri-maarif”, zindəbad “Məktəbi-İttihad”…

2 min

Poems by other poets