Rusiya hökumətinin dəyişilməyi bu saat dünya və aləmə məlumdur.

Rəvayətin müxtəsəri budur ki, neçə müddətdən bəri bir dəstə zalım bir yerə cəm olub və özlərinə bir başçı qərar verib minmişdilər camaatın boynuna və nəfəs almağa da izn vermirdilər. Axırda elə oldu ki, məzlumların ahü-naləsi ərşə qalxdı.

Bəli, zəmanə dolandı və dəyirman tərsinə çevrildi: padşahı taxtdan saldılar, vəzirləri dustaq etdilər və camaat vəkilləri ixtiyarı öz əlinə alıb başladı məmləkəti öz səliqəsilə idarə etməyə.

Millətlər oldu azad, gün çıxdı və iki bayram qarışdı bir-birinə. Mən istəyirdim səmim qəlbdən oxucularıma “mübarək olsun” deyəm; elə istəyirdim ağzımı açım, – birdən qəlbim sıxıldı.

Ax, dünya, ax vəfasız dünya! Səndə xoşbəxtlik yoxdur, necə ki, şair deyibdir: “Dər in dünya kəsi biğəm nəbaşəd.. . ”.

Mən bu iki bayramın münasibətilə indi kimə mübarəkbadlıq göndərim? Millətlərin azad olmağına ürəkdən şad olan ilə olmayanı mən nə tövr tanıyım? Doğrudur, hürriyyət yaxşı şeydir, amma kimə və kimdən ötrü?

Bizim müsəlman camaatı ibarətdir bir neçə sinifdən. Bu siniflərin bir neçəsi üçün həqiqətdə də indiki inqilab bir böyük novruzdur; amma insafnan danışsaq görərik ki, qeyri-siniflərin rəyincə bu vüquatın özü bir qara bayramdır.

Qardaşım, bir nəzərinə gətir, gör başımızın sahiblərini! Məgər insafdır milyonçuları əmələlərin ümidinə qoymaq? Bu gün bazara təzə rəis təyin edirlər. Kimi? Bir təşəxxüs-zad bilməyən və adı indiyədək əyanlar məclisində danışılmayan bir Allah bəndəsini.

Pəhə, bu da oldu mənə hürriyyət!

Qardaş, bir insaf elə, indi küçədə uşaqlar müsavat deyib bağırırlar. Ədə, müsavat nədi və əyanımızın və xanımızın bir paraları necə bu dərdə tab eləsin?

Sən hələ götür yekə-yekə çinovniklərimizi ki, ildə bir dəfə padşaha ad qoyulan günü məscidə gələndə Allahın evində də istəmirdilər özlərini müsəlmana oxşadalar. İndi onlar necə bu dərdə tab eləsinlər ki, o yazıqların haman istəkli padşahı bu biçarələri yetim qoydu.

Sən götür medallı axundlarımızı. Bəs, bu yazıqlar nə eləsinlər?!

Və bunlardan da savayı hələ içimizdə nə qədər atası, anası, məsləki və məzhəbi məlum olmayan zatlar var ki, onlara nəinei mübarəkbadlıq.. . Xeyr, Allah onlara səbir versin, səbir!

Və girəm ki, bir vaxt olacaq ki, bizim balaca uşaqlarımız bunların yaxasından yapışıb rus vəzirlərindən hesab istyən kimi, hesab istəyəcəklər. Vəllakin hələ biz indinin sözünü danışırıq; və xudavəndialəmdən istida etdiyimiz budur ki, bugünkü gündən möhtərəm oxucularımızı şad edib başımızın sahiblərinə səbir versin.

O ki qaldı, bundan sonra nə olacaq və nə eləməliyik, – bu barədə Allah qoysa yavaş-yavaş danışarıq; heç tələsmək lazım deyil: Allah-taala səbir eləyənləri dost tutar.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 9 mart 1917, №5

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Möcüzə

Əgər birisi yuxuda görsə ki, Osmanlıda məşrutə elan olunub, - bunu ağıl kəsər.Amma həqiqətdə Sultan Həmidin qoxumuş idarəsinin bir günün içində çönüb məşrutə olması möcüzədir.

1 min
İttihad

Məsələn, Rusiyada Samara vilayətində qəhətlik ittifaq düşür. Sabah qəzetlərdə oxuyursan ki, ingilis camaatı ianə yığırlar ki, çörək alıb, göndərsinlər Samara aclarına. Frəngistanda mədənlərdə tələf olan əmələlərin əhli-əyalına Yaponiya əmələləri dünyanın o başından bu başına pul yığıb göndərirlər.Mədəni millətlərin içində bu bir adət olubdur. Amma bizə gələndə baxıb görürük ki, Arazın bu tayında olanlarımız Arazın o tayında olanlardan bixəbərdirlər.

2 min
Peterburq

Biz elə bilirdik ki, Məhəmmədəli şah millət vəkillərinə zülm eləyib. Biz eşitmişdik ki, Məhəmmədəli şah qurana and içəndən sonra məşrutəni pozub. Bizə xəbər gəlmişdi ki, neçə millət mücahidlərini Məhəmmədəli şah boğdurub və neçə-neçə günahsız müsəlmanların uşaqlarını gözüyaşlı qoyub. Biz eşitmişdik ki, Məhəmmədəli şah İrana edən zülmü heç Neron eləməyib.Amma Peterburqda işlər özgə surətdədir. Peterburqda bu saat hər kəsi dindirsən millət vəkillərinə iki min yaman deyər, hər kəsi danışdırsan cavab verər ki, Məhəmmədəli şah kimi adil padşah hələ yer üzünə gəlməyib.

2 min
Məzəli xəbərlər

Buxara vilayətində Qurğan şəhərində Peterburqdan təzə təyin olunmuş hakim şəhəri dolanan vaxt gəlir müsəlmanların məscidinə. Müsəlmanlar namaz qılırmışlar. Hakim müsəlmanlara deyir: “Durun ayağa, biədəblər. Görmürsünüz mən gəlmişəm?” Hakim görür ki, müsəlmanların kimi əyilir, kimi oturur, kimi qalxır ayağa.Hakim qalır məəttəl, çünki elə xəyal eliyir ki, müsəlmanlar dəli olublar. Sora ağanı başa salırlar ki, müsəlmanlar namaz qılırlar. Bu günlərdə məşhur gürcü yazıçısı Nikoladze “Novoye vremya” qəzetində yazır ki, Peterburqdan savayı heç bir özgə yeri görməyən, eşitməyən və tanımayan sahibmənsəblər Qafqaza təyin olunub gəlirlər ki, vilayətimizi idarə etsinlər. Amma baxırsan ki, hələ analarının südü ağızlarından qurumuyub. Bunlar uzaqdan eşidiblər ki, müsəlmanların haması, məsələn, quldurdular. Və əhalinin adətlərindən və xasiyyətlərindən bixəbər olmaqları cəhətə hər qədəmdə min səhvlər eləyirlər.

1 min

Poems by other poets · Satire