Müsəlman içində gördüklərim
Lemsə tayfasından Reynqart adlı bir şəxs miladi tarixinin 1892-ci ilində yer üzünü başladı piyada dolanmağa və dörd ilin müddətində belə məşəqqətli səyahətini tamam edib, səfərdə gördüklərini yazıb, bir kitab cəm etdi. Həmin kitabın bir cildini cənab Reynqart idarəmizə göndərib, təvəqqə edir ki, kitabın intişarı naminə onu oxucularımıza tərif edək. Müsənnifin kağızından belə məlum olur ki, kitabdan bir cild “İrşad” və “Həyat” idarələrinə dəxi göndəribdir.
Kitabın 895-ci səhifəsindən “Müsəlman içində gördüklərim” sərlövhəsi ilə Qafqaz və İran səyahətnaməsi başlanır. 912-ci səhifə Salahlı qəryəsindən danışır. Səyyah yazır: “Günorta vaxtı iki min əziyyətlə çatdım Salahlı kəndinə və küçədə bir uşaq görüb soruşdum:
– Ay uşaq, burada məktəb var?
Uşaq hər iki əllərinin şəhadət barmaqları ilə gözlərini bərəldib, “xox” elədi və qaçdı getdi. Sonra bir kişiyə rast gəldim və yenə istədim məktəbin olmağını, ya olmamağını biləm. Kişi mənə cavab verdi:
– Mən məktəb-zad bilməz. – Dedim:
– A kişi, heç olmazsa buranın ağsaqqallarından və hörmətli əhalisindən bir adam mənə nişan ver ki, onlarla görüşüm.
Kişi əlini bir tərəfə uzadıb dedi:
– Bax oturublar orada.
Üzümü haman tərəfə tutub gördüm ki, kəndin kənarında, söyüd ağacının dibində beş nəfər adam oturub. Yavıqlaşıb gördüm ki, bunlar yanlarına bir tuluğ çaxır qoyub, stəkanları doldurub içirlər. Əvvəl bunu soruşdum ki, “siz nə millətsiniz?” Hamısı birdən cavab verdilər ki, “əlhəmdülillah, müsəlmanıq”.
Sonra mən xəbərdar oluram ki, bu ağalar Salahlının bəyləridirlər”.
Kitabın 917-ci səhifəsində cənab Reynqart Şamaxı səfərini yazır: “Girdman çayını keçib, yetişdim Şamaxıya. Küçə ilə bir şəxs gedirdi. Divarın dibində oturan adamlar bunu görcək tez ayağa durub, salam verdilər. Mən bildim ki, bu şəxs mötəbər bir adam olacaq və çünki əlində təsbih də vardı, mən yəqin elədim ki, itaət əhli olmalıdır. Mən bu cənaba diqqət etməkdə idim, bir nəfər adam mənə yavıqlaşıb dedi:
– Ay aşna, nə çox hacı ayağa diqqət edirsən?
Dedim: – Hansı hacı ağaya?
Dedi: – O əlində təsbih gedənə.
Dedim: – Kimdir o vücud?
Cavab verdi ki: – O cənab, şəhərimizin mötəbər və mömün şəxslərinin biridir.
Dedim: – Maşallah!
Dedi: – Bir qulaq ver, sonra maşallah de.
Dedim: – Sözünü söylə.
Rəfiq başladı:
– Mən şamaxılı Əladdin Molla Qəni oğluyam. Biz beş qardaş və iki bacıyıq. Keçən zəlzələdə bizim evlər uçub dağıldı və biz hamılıqnan köçüb, Gəncədə başladıq sakin olmağa. Bu hacı ki, əlində təsbeh gedir, bizim evimizi qəsb edib, imarət tikdirib, ildə üç-dörd dəfə həmin evdə qonaqlıq məclisi qurur və şəhərimizin bir para “alim” və “fazil”ləri gəlib haman evdə plov yeyəndən sonra namaz qılırlar və özləri də bunu bilirlər ki, o yer qəsbdir.
Mən bu sözləri eşitcək qaçdım haman hacının qabağına və soruşdum:
– Sən nə millətisən?
Hacı ağa üzünü mənə çöndərib cavab verdi:
– Əlhəmdülillah, müsəlmanam.
Dedim: – Çox sağ ol”.
Kitabın 955-ci səhifəsi Rəşt şəhərindən söhbət açıb deyir: “Rəşt qazısı şəriətmədar Axund hacı Molla Mehdi Rəşt və ələlxüsus Gilan əhlinin başına elə bir it oyunu gətirir ki, xalqın fəryadı göylərə bülənd olur. Hər bir hakim Rəştə varid olan kimi Axund Molla Mehdi onunla əlbir olub, başlayır biçarə əhalinin dərisini soymağa və hər nə ki, fəqir-füqəradan qarət eləsə, hakimlə yarı bölür”. Cənab Reynqart yazır ki, “mən istədim axundu ziyarət edəm. Cənab qazı bildi ki, mən Avropa əhliyəm və mənə hörmət qoyub yavıqlaşdı və ədəblə mənimlə əl-ələ verdi. Mən əl verib soruşdum:
– Cənab axund, siz nə millətsiniz?
Axund mənə cavab verdi:
– Əlhəmdülillah, müsəlmanam”.
Kitabın 967-ci səhifəsi Bakıdan danışır. Səyyah bakılıları mədh edir və hətta [kitabın] bir yerində Bakı əhlini qamətdə və şücaətdə Rüstəm pəhlivana oxşadır. Amma heyif ki, burada kitabın bir neçə vərəqi cırılıb. Bakı fəqərəsinin axırında yazır ki, “hər bir bakılıdan soruşdum ki, “mən ölüm, doğrusunu de görüm, nə millətsən?” – və hamı and içib söylədi ki, “ədhəmdülillah, müsəlmanam” (mabədi var).
İdarədən:
Bir kəs ki, istəyə cənab Reynqartın kitabını ələ gətirə, Tiflisdə hər gün nəşr olunan müsəlman ruznamələrinin birinə rücu etsin.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 11 avqust 1906, №19
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-muselman-icinde-gorduklerim
Use ← → keys to move, R for a random poem
More by this author
Çadra məsələsi bir kiçik məsələdir: çadranı başa salmaqla salmamaqda bir o qədər fərq yoxdur. Biz deyə bilmənik ki, çadrasız gəzən arvadlar çadra örtən arvadlardan həyasızdırlar, ya həyalıdırlar və habelə demək olmaz çadra örtmək arvadı həyasızlıqdan təmin edir, ya təmin etmir. Həyalı arvad çadrasız da gəzə bilər, çadralı da gəzə bilər; həyasız arvad çadrasız da gəzə bilər, çadralı da gəzə bilər. Burada ancaq tək bircə təfavüt vardır: o təfavüt də budur ki, çadra qədim vəhşi zəmanələrin yadigarıdır, onunçün də bir arvadın başında çadra görəndə keçmişlərdə vəhşi və yırtıcı insanların əsri yada düşür.Amma, papaq məsələsi bam-başqa bir məsələdir. Burada dəxi bir vəhşilik və yırtıcılıq söhbəti yoxdur; fikir verməli məsələlərin biridir.
Kovdanlar“Kovdan” qanmaz adama deyərlər. Bu istilahı mən birinci dəfə Mirzə Fətəli Axundovun kitabında görmüşəm. Orada birisi üzünü bir nəfər bizim azərbaycanlıya tutub deyir: siz qəribə “kovdan adamsınız”.O vaxt mən qəlbən kitab sahibindən bir növ rəncidə xatir oldum; çünki atadan və babadan mən özüm azərbaycanlıyam, onunçün də mənim qeyrətim bir az mıqqıldadı.
RişəÇadra da gedəcək işinə, papaq da gedəçək işinə, ərəb hərfləri də gedəcək işinə, hələ ərəbin özü də gedəcək işinə. “Ərəb” deyəndə – burada Ərəbistanda yaşayan ərəb milləti demək deyil; mən o ərəbi deyirəm ki, qədimül-əyyamdan bizim qanımızın içinə giribdir, ətimizlə dərimizin arasında gizlənibdir və ruhumuza sahib olubdur və qısası: – həyatımızın bir rişəsi mənzələsində olubdur.Onunçün də əsil mətləb rişədədir; çünki qalan kiçik məsələlər həmin rişəyə bağlıdır: əlifba, çadra, papaq, əmmamə, əba, nəleyin, yaşıl qurşaq, qüsl, təharət, nəcasət, imamət, ziyarət, ticarət və... müxtəsər, yenə minlərcə bu qəbil müzəxrəfat, mövhumat və axmaqlıqhat!..
Rus keşişləri ilə siğəHəmişə rus kilsəsinin qabağından keçəndə görürsən ki, kilsədə ibadət sovuşandan sonra oradan uzunətək bir keşiş çıxır və rus camaatının da qocaları kişi və övrət, – çoxusu qədimdə Nikolay dayının çinovnikləri, – həmin keşişi əhatə edib, dalınca gedirlər. Bəzi dindarlar küçədə getdikləri yerdə keşişin ətəklərini də və əllərini də öpürlər; hələ çox vaxt torpağa səcdəyə də düşən olur.Həmin möhtərəm keşiş ən böyük xəlifədir. Bundan kiçikləri adi keşişlərdir ki, onların hörməti mömin xaçpərəstlər içində yenə öz qaydasıncadır.
Poems by other poets · Satire
Rəhim bəy Uğurlubəyova*Rəhima, cövr edir hər dəm mənə bir naqolay knyaz,
Deyim, deməyim?!Yenə dərdim təzələndi, “Kəlniyət!”Gözlərimə kül ələndi, “Kəlniyət!”
Əcaib əsərƏsər var ki, bilmirsən nə ad verəsən ona,Oxumaq mümkün deyil, min yol varaqlasan da.
QızımaFikrini vermə nə elmə, nə də ürfanə, qızım!Çoxdur elmin zərəri din ilə imanə, qızım!