Page 3 of 3 · 67%

K ə r b ə l a y ı V ə l i. (başını salıb aşağı). Cənab şeyx, qoy gedim fikirləşim.

Ş e y x N ə s r u l l a h. Xub, sən də get, fikirləş.

Kərbəlayı Vəli və Hacı Bəxşəli bir-birinə acıqlı baxa-baxa çıxırlar. Camaat başlayır azalmağa. Uzaqdan kefli İskəndərin səsi gəlir: "Xub, sən də get, fikirləş! Xub, sən də get, fikirləş!… Bu sözləri deyə-deyə və cibindən çörək parçalarını çıxarıb yeyə-yeyə İskəndər qalan tək-tük adamların qolundan yapışıb, gülə-gülə baxır üzlərinə. Onlar da bir söz deməyib, başları aşağı, çıxıb gedirlər. Şeyx Nəsrullah daşın üstündən yenir aşağı və Şeyx Əhməd qələmdan-kağızı yığışdırır. Sonra İskəndər yenə öz-özünə bir-iki dəfə: "Xub, sən də get, fikirləş!--deyib, şeyxi görən kimi durur və qah-qah çəkib, uğunub elə gülür ki, az qalır yıxılsın. Sonra sakit olub, bir qədər şeyxin üzünə baxandan sonra deyir:

İ s k ə n d ə r. Hamı getdi fikirləşsin. Bu meydanda qaldı bircə nəfər kefli İskəndər. Bu meydan pəhlivan meydanıdır. Hünər istər ki, İskəndər kimi bir igid gəlib şəstinən dursun bu meydanda və desin: (ucadan). Cənab şeyx, hər nə qədər ki, bu qəbiristanlıqda (əli ilə göstərir) ölü basdırılıb, hamısını dirilt. Xa … xa … xa!… (Çönüb baxır camaat dağılan tərəfə). Xa … xa … xa!… Hamı getdi fikirləşsin: (Şeyx Nəsrullaha tərəf çönüb, gəlir onun qabağına və istəyir əl versin). Cənab şeyx, mən ölüm əl ver! Lotusan həyə, əl ver!

Ş e y x N ə s r u l l a h (ucadan). Kənar ol! Mən sənə əl vermərəm. Sən şərab istemal eləyirsən.

İ s k ə n d ə r. Cənab şeyx, siz gərək şükr eləyəsiniz ki, mən şərab içirəm. Əgər mən şərab içməsəm, ağlım başımda olar; ağlım başımda olanda birdən gözümü açıb, görərəm ki, aha bizim şəhərimizə bir müctəhid gəlib, adını qoyub ölü

dirildən və mömin hacılarımızın başını ricət məsələsilə piyləyə-piyləyə hər gecə bir balaca qız alır. Xa … xa … xa!… Mən ölüm əl ver! Lotusan, əl ver! Xa … xa … xa!…

Ş e y x N ə s r u l l a h (çox hirsli). Cəhənnəm ol! Vallahı elə bəd dua elərəm ki, yer ilə yeksan olarsan! Mən allahın əmri ilə hər gecə intəhasız səvaba nail oluram; dəxi sənin tək meyxanalarda övqatımı zaye eləmirəm (Şeyx Əhmədə). Şeyx Əhməd, gəl gedək, hələ bu babi çox söz danışacaq.

Şeyxlər uzaqlaşır. İskəndər dinməyib, baxır onların dalınca və şeyxlər gözdən itəndən sonra iki yumruğunu yuxarı qalxızıb, ucadan deyir.

İ s k ə n d ə r. Bu qollarda Rüstəm pəhlivan kimi qüvvətim olaydı, yapışaydım sizin ayaqlarınızdan və ataydım göyün üzünə, başaşağı gəlib, kal qarpız kimi paqq eləyib dağılaydınız … (və özü də paqq eləyib atılır göyə). Tfu, şarlatanlar! … (kefli kimi ufuldayır. Sonra diqqətlə öz-özünə baxıb, gülə-gülə). Buy! Ədə, vallah, dinmə, deyəsən elə lap pəhlivanam! Xa … xa … xa!… (papirosu yandırıb, yavaş-yavaş gəlib durur Şeyx Nəsrullah oturduğu daşın üstündə, ayaq üstə durub, baxır qəbiristanlığa. Bir qədər fikirli baxandan sonra heyifsilənib, əllərini dizlərinə vurub deyir:)

Ax, allahın altında, Şeyx Nəsrullah kimi mənim də bir elə elmim olaydı ki, burada yatan ölülərnən danışa biləydim! Ax! Əgər olsa idi, üzümü tutardım bu qəbiristanlığa və çağırardım: (çox ucadan). Ölülər! (bir az alçaqdan). O vədə hamı yatmışlar başlarını qəbirdən çıxardıb, soruşacaq idilər ki, "nə deyirsən, a İskəndər bəy?" Onda mən bu rəhmətliklərə bir belə vəsiyyət elərdim; mən bunlara deyərdim: (üzünü qəbiristanlığa tutub çığırır). Ölülər! (yenə bir az alçaqdan). Bir gün Şeyx Nəsrullah gəlib duracaq sizin başınızın üstündə və bir dua oxuyub, uca səslə çağıracaq: (ucadan). "Durun ayağa, ey allahın mömin bəndələri!" (Bir az dayanıb, bir az alçaqdan.) Ölülər! Mən sizə vəsiyyət eləyirəm ki, şeyxin sözünə əməl eləməyəsiz. Gəlin bu kefli İskəndərin sözünü bir yaxşıca düşünün və nəsihətini qəbul edin. Və əgər məndən soruşsanız ki, niyə?--Mən sizə cavab verməyə hazıram. (Bir az dayanıb, cibindən bir tikə çörək çıxardıb yeyir). Ay rəhmətliklər! İndi siz burada rahatca yatıbsınız; heç dünyadan xəbəriniz yoxdur. Amma, vallah, billah, and olsun sizin əziz canınıza elə ki, başınızı qəbirdən çıxardıb durdunuz ayağa, lap peşiman olacaqsınız. Əgər məndən soruşsanız ki, niyə?--Mən sizə bu saat ərz elərəm. Belə tutaq ki, siz, məsələn, dirildiniz. Çox əcəb. Axı diriləndən sonra bu qəbiristanda ki, qalmayacaqsınız; istəyəcəksiniz ki, söz yox, dağılasınız evlərinizə. Çox əcəb, dağıldınız. İndi bir deyin görüm, sizi hələ evə qoyacaqlarmı? Vallah, billah, Şeyx Nəsrullahın başına and olsun, gedib görəcəksiniz ki, evlərinizin qapıları bağlıdır. Bəli, nə eybi var, yerdən bir daş götürüb, qapını döyəcəksiniz ki, gəlib açsınlar. Onda qapının dalına bir adam gəlib soruşacaq: (nazik səslə) Ey, qapını döyən, sən kimsən? Bəli, siz cavab verəcəksiniz ki, tez ol, aç qapını, mənəm. (Nazik səslə). Axı sən kimsən? Adın nədi? Aç qapını! Mən bu evin sahibiyəm. (Nazik səslə). Cəhənnəm ol, qoy get! Biz səni tanımırıq--A kişi, necə tanımırsınız? Mən Kərbəlayı Hüseynquluyam, bu ev mənimdi. Mənim burada arvadım var, uşağım var. (Nazik səslə). Çox danışma! İtil cəhənnəmə! Sənin burada heç zadın yoxdur! Qardaşın Hacı Fərəc arvadını da alıb, evinə də sahiblənib, uşaqlarını da göndərib naxıra.--A kişi, allah xatirəsi üçün, aç qapını, mənim burada ərim var (yoğun səslə). Çox danışma! Çıx qoy get! Bizə arvad-zad lazım deyil! Dünya doludu 9 yaşında qıznan. Sənin kimi kaftarın yeri qəbirdi. İtil cəhənnəmə! Haradan gəlmisən, çıx qoy get ora! Bizə lazım deyilsən. Xa … xa … xa!… Xa … xa … xa … (birdən sakit olub baxır qəbiristanlığa və ucadan çağırır). Ölülər! (bir az yavaş). Gəlin bu kefli İskəndərin sözünü eşidin və necə ki, yatıbsınız yatın! Allah sizə rəhmət eləsin….

-P ə r d ə*

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Məktub

Həştərxan müftisinin idarəmizə göndərdiyi məktubu:Müdiri-möhtərəm!

3 min
Dövlət dumasına vəkil seçgisi

A kişi, dünyada nə çox bikar adamlar var imiş. Bir neçə gün bundan irəli mənə, şəhər idarəsi tərəfindən üzv seçmək üçün dəvətnamə göndərilmişdi. Dünən axşam evdə oturub çay içirdim, zəng çalındı, nökər ərz etdi ki, bir cavan oğlan məni görmək istəyir; bəli, gəldi. Hə, nə qulluq? Əlin uzadıb qoltuq cibindən bir tikə qırmızı mürəkkəb ilə yazılmış vərəqə qoydu qabağıma ki, seçki günü haman vərəqəni aparıb salım qutuya. Dedim baş üstə, bu bir asan işdi. Kağızı heç açmadım. Eləcə bükülü qoydum cibimə. Cavan xudahafiz deyib getdi.Bir az keçdi, genə zəng vuruldu. Bu dəfə genə bir cavan oğlan, genə haman əhvalat.

2 min
Bakılılara

Ay bakılılar, Allah xətirinə məndən əl çəkiniz. Mən xəta eləmədim ki, gəldim bir para məzhəkəli nağıllarla sizi güldürəm ki, könlünüz açılsın və xörəyiniz yaxşı həllə getsin! Yoxsa mən gəlmədim ki, onu-bunu özümdən incidəm.İşin ibtidasında falı bəd vuran – o evi xarab Dəmdəməki oldu: götürüb o qədər yalan-palan yazdı ki, cəmi Bakı əhli məndən rugərdan oldular.

2 min
Niyə mən dərsdən qaçdım

Dünyada çox adam dərsdən qaçıb. Özgə millətləri bilmirəm, amma bunu bilirəm ki, yer üzündə bir müsəlman yoxdur ki, dərsdən qaçmamış ola. Əvvəlinci nüsxəmizdə demişdik ki, dərsdən qaçan alim olar və haman sözü indi təkrar edirik: müsəlmanların cümləsinin alim olmağına əvvəlinci və axırıncı səbəb dərsdən qaçmaqlarıdır.Müxtəsər, dərsdən qaçmayan – müsəlman deyil.

7 min

Poems by other poets