Qorxmayanlar
Əgər desək ki, müsəlman intelligenti qorxaqdır, – insafdan uzaq olar. Müsəlman intelligentinə qorxaq demək olmaz; çünki elə bir məqam və elə bir iş yadıma gəlmir ki, müsəlman intelligentləri orada qorxaqlıq büruzə verələr.
Keçən vaxtlarda hökumət məmurlarının qabağına çıxıb cürət ilə söz danışan – müsəlman intelligenti olub.
Müsəlmanların mənafeyi yolunda odlu məqalələr yazıb, hökumət tərəfindən töhmət altına düşən – yenə müsəlman intelligentləri olub və bundan əlavə millət tərəfindən hər qism mübarizə meydanında cəsarət ilə çalışan və müsəlmana tərəf atılan oxları rədd edən – yenə müsəlman intelligenti olub.
Amma müsəlman intelligentini qorxudan – bircə şeydir: ruhani əmmaməsi! Elə bir yanda ki, bir molla gördü, ikiqat olacaq; guya ki, bu haman intelligent deyil idi ki, nər-nər nərildəyib, dağlara, daşlara bab gəlirdi.
Elə bir yanda ki, bir molla gördü, – qurtardı getdi! Dəxi müsəlman intelligenti-quldur. Məslək də getdi işinə, millət də getdi işinə, dəxi hər bir şey qurtardı getdi; məhz qaldı təzvir, yalançıqdan ibadət və avam camaatı aldatma.
Burada bir mətləb var.
Mən intelligentlərin hamısını demirəm; bunların içindən cavanları çıxmaq lazımdır. Mən bir az qocalmış intelligentləri deyirəm, – belə məsələn, qırx beş-əlli yaşına çatmışları götürürəm.
Müsəlman intelligenti ki, əlli yaşına çatdı, – dəxi onu heç vəch ilə molladan ayırmaq olmaz. Özü əslən dinsiz olsa da, molla görəndə oruc tutacaq və şaxsey dəstəsinə yapışıb, sinə vuracaq və mərsiyəxan məclisində yalandan göz yaşı tökəcək; çünki molladan qorxur.
Molladan qorxmağın mənası çox vazehdir. Molla adamın dəstə başçısıdır, başının sahibidir; yəni noxtasını tutandır. Mollanı incitmək avam camaatı incitməkdir. Bu da mənim üçün ölümdən bədtərdir; çünki xudanəkərdə avam camaat məndən inciyə, məni binamaz hesab eləyə və mənə lazımi hörmət göstərməyə, – onda dəxi nəyə lazımdır oxuduğum elm, nəyə lazımdır dünyada yaşamaq?
Molla ki, məndən inciyəcək, qara camaat ki, mənim əqidəmdən şəklənəcək, – dəxi nəyə lazımdır o təhsil ki, mən darülfünunda eləmişəm.
Yaşasın avam camaatın mollaları!
Yaşasın mollanın dəstəsi qara rəiyyət! Nə qədər canım sağdır, onlar ilə bahəm varam!
Rusca imza: Qoca intelligent
Ruscadan mütərcimi: Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 5 iyul 1917, №15
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-qorxmayanlar
Use ← → keys to move, R for a random poem
More by this author
“Ölülər” faciəsinin tamaşasında əyləşən müsəlman xanımları tərəfindən bəndəyə bir töhfə göndərilmiş ki, ibarət olsun bir səccadədən. Səccadənin üstündə əlvan ipək ilə çiçəklər toxunmuş və gözəl xətt ilə: “Sübhanə rəbbiəl-əla” ibarəsi yazılmışdır. Səccadə ilə bərabər göndərilən məktubda xanım bacılar bəndəni təsirli ibarələrlə alqışlayırlar.Məni yad edənlərə möhtərəm qəzetiniz vasitəsilə izhari-təşəkkürdən əlavə, öz ixlasımı təqdim edirəm və səmimi–qəlbdən deyirəm ki, həmin töhfə gələcək ömrümdə bəndə üçün bir qiymətli yadigar hesab olunacaq.
Həmidə! (12 iyul 1916)Bu gün iyulun 12-də Həştərxandan gəmi ilə Petrovska yola düşürəm. Oradan Vladiqafqaza da dəyəcəyəm. Avqustun əvvəli üçün Şuşaya gəlmək fikrindəyəm. Ev üçün bərk darıxıram.Sənin, uşaqların və Ələkbərin kefi necədir? Mənə Vladiqafqaza, İran səfirliyinin adresinə kağız yaz.
Əzizim Məmmədəli! (10 fevral 1917)Kağızın mənə bu gün çatdı və haman saat poçt banderolu ilə “Sovqat” idarəsinə sənin adına yüz dənə jurnal göndərdim...Bə hər hal bu dəfə belə oldu. Gələn həftə sənə üç yüz göndərərəm.
Məmmədəli! (23 ya 24 fevral 1917)Bakıdan Məhəmmədəli Rəsulzadə, Abdulla Heydərzadə, Abdullayev – ki, Vrangelski küçədə olur – və bir də “Sabir kitabxanası” sahibi Abbasov məndən teleqrafla jurnal istəyirlər satmağa. Bəlkə sən onlarla yollaşasan ki, onlar da sənə kömək edələr. Və bir də mənim balaxanılı dostlarımın adresini mənə yaz, onlara jurnal göndərim; Xeyrulla və yoldaşını deyirəm və Əmirhacıyan dostumuzu.“Sabir kitabxanası” əlli manat göndərmişdi qabaqca. Bu gün geri göndərirəm pulunu.
Poems by other poets · Satire
Çıxdı ramazan, çıxdı sənin canın, a molla,Başlandı sənin şami-qəribanın, a molla.
Özünü bəyənənəHey özündən deyirsən hər yerdə,Təpəyə dağ deməklə dağ olmaz.
DərvişAy Molla, bizə mərhəmətinlə nəzər eylə,Yaz jurnala elanımı, xalqa xəbər eylə.
“Səni mən sevməyirəm, sevməyirəm...”Bir zaman millətimiz alim idi,Bilmirəm noldu ki, yatdı əbədi.