Söz pəhləvanı
Çəyirtkə qırmaq aləmindən
Atalar sözüdür: ”davaya gedəndə özünü tərifləmə”. Çox heyif olsun ki, yoldaş Stepanov atalarımızın bu nəsihətinə baxmayıb camaatı nahaq yerə müştəbeh elədi ki, guya ”düşmənimizin biri yox oldu, yəni çəyirtkəni qırıb qurtardıq”. Hələ gör yoldaş Stepanovun arxayınçılığı nə dərəcədədir ki, yazıq çəyirtkə barəsində bu arxayınçılığı verəndən sonra deyir ki: ”Yay çəyirtkəsi barəsində də böyük müvəffəqiyyət qazanmışıq”.
Əgər yoldaş Stepanovun müvəffəqiyyəti bundan ibarətdir ki, yay çəyirtkəsi Muğanda ancaq hələ altı min desyatin pambıq yeyib –bəs elədə yoldaş Stepanov hələ bu şadlığı çox da tələsik qabağa salmasın, çünki hələ çəyirtkə bu saat havada uçmaqdadır və Muğanın qalan bostan – bağçalarını və üzümlərini neçə dəfə hələ yeyib qurtara bilər. Doğrudur, çəyirtkə alimi yoldaş Şidlovski iyul ayının 3-də ”Bakinski raboçi ” qəzetində bizi inandırdı ki, daha yay çəyirtkəsinin qorxusu yoxdur, o səbəbə ki, yay çəyirtkəsi öz əcəli ilə puça çıxacaq; amma bədbəxtliyin böyüyü buradadır ki, İran çəyirtkəsi yoldaş Şidlovskinin “ensiklopediyadan” bixəbərdir və indinin bu saatında yoldaş Sidlovskinin əqidəsinin əksinə olaraq əkinləri şirin-şirin yeməkdədir.
Məqaləsinin axırında – bu sözləri yazıb qurtarandan sonra yoldaş Stepanov belə bir məzəli söz də buraxıb: ”bu il bizim çəyirtkə qırmaq işlərimiz kənd camaatını ayıldacaqdır”.
Stepanovun həmin sözlərini biz də təsdiq edirik: əlbəttə, üç ay əkinlərə qoyduqları zəhmətdən sonra kəndlilər yeyilmiş əkinlərinə tamaşa edəndən sonra, əlbəttə, gərək ayılalar və çox da gərək ayılalar.
İndi ki, söhbət İran çəyirtkəsindən düşüb, qoy barı biz də bunu deyək ki, ”Yazıq İran çəyirtkəsi! Allah özü hamıdan yaxşı bilir ki, aya Muğanı yeyən tək bircə İran çəyirtkəsi olub, ya bizim öz çəyirtkəmiz də ona qarışıb”.
Sözün düzünü bircə ”Zarya Vostoka” deyib: ”Lazımdı bu ilki çəyirtkə işlərini təftiş və təhqiq etmək, onda işin əsil həqiqəti, əlbəttə, üzə çıxar”.
M. n.
“Yeni yol”, 6 avqust 1923, №24
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-soz-pehlevani
Use ← → keys to move, R for a random poem
More by this author
Bakı*Özün bilirsən ki, axır vaxtlar başım ağrıyır və bir şey də yaza bilmirəm. Çoxdan fikrim vardı ki, indi yaxşı bəhanə də düşdü o fikri əmələ gətirməyə: mənim qəti qərarım budur ki, dəxi “Molla Nəsrəddin” jurnalını çıxartmaqdan bilmərrə əl çəkmək, evdə oturmaq və hökumətimizdən beş-on manat pensiya istəmək – ki, elə bilirəm, ona bəlkə haqqım da ola, – və pensiya da olmasa, bir özgə mənbədən bir müxtəsər xərclik axtarmaq.
Məmmədəli! (2 fevral 1925)Bu saat yenə başım ağrıyır və heç yana çıxa bilmirəm. Jurnal barəsində də Səidə yazmışam və ondan savayı da bir özgə sözüm yoxdur.Cəlil
Müzəffər! (1925)Biz uşaqlarla birgə ayın 15-də axşam buradan çıxıb, 16-sında, cümə axşamı səhər Yevlaxda olacağıq. Əgər fayton orada ola bilsə, onda biz xərcimizdə qənaət edə biləcəyik (avtomobil).Şayəd fayton Yevlaxa gələ bilməsə, onda qabaqcadan qısaca bir teleqram vur: “Yox”. Əgər gələcəksə, o zaman teleqram vurmaq lazım deyil.
Əzizim Eynəli Sultan! (13 iyul 1925)Kağızın gəldi, çatdı. Uşaqların oraya salamat getməklərinə şad oldum, çünki zəmanəmiz çox bietibar olub: tez-tez dəmir yolu uçur. Bir neçə gün sizinkilər gedəndən sonra mən Həmidə xanımı və Midhəti apardım Yevlaxdan yola saldım, getdilər Qalaya və özüm genə qayıtdım Bakıya. Hələ bir neçə gün buradayam. Bilmirəm sonra hara gedəcəyəm. Bu mənim əhvalatım, qaldı səninki. Hə, Tubu deyir: hörmət də var, hörmət də var. Mən də deyirəm: doğrudan, sənin bu Tubun qəribə xörəkli adam imiş. Axı, yemək də var, yemək də var. Ancaq söz burasındadır ki, papirosdan savayı qeyri bir yeməyini görmədik. Onunçün də, maşallah, göz dəyməsin, eləcə kökəlibdir. Maşallah, maşallah. Ancaq Şuranı bu dəfə mən yaxşı gördüm. Və xüsusən elə saatlar olurdu ki, onunla rubəru oturanda keçmiş günləri yada salırdım. Elə bilirdim ki, haman Eynəli qardaşım qırx il bundan qabaq yanımda oturub, cavanlıq həvəsilə oxuduğu kitablardan, rus maarifindən, Avropa əhli-qələmlərindən şirin-şirin və bəzi vaxt da odlu-odlu, yanıqlı-yanıqlı söhbətlər edir. O qədər məni özünə qulaq asdırdın ki, axırda məni doğrudan da, maarif aləminə daxil elədin. Yəqin bilirəm ki, sən olmasaydım, mən də qeyri sadəcə kənd müəllimlərinin içində yaddan çıxmışdım. Bəhər hal, Tubuya mənim qardaşlıq salamımı yetir. Şuranı da mənim əvəzimdən öp. Özün də hələ özünü bir tövr saxla görüm nə vaxt görüşərik.Cəlil
Poems by other poets · Satire
Gəldi yenə orucluqMeydanə, ay can, ay can!
ŞücaətimVardır fəsahətim, bən özüm “nöqtəpərvərəm!..”Hər işdə mahirəm, hamudan “çox hünərvərəm?”
Teatr tənqidiYeni tamaşa gedir səhnəmizdə, çox gözəl,Məqaləsi yazılıb əsərdən xeyli əvvəl:
Bakı fəhlələrinəBu çərxi-fələk tərsinə dövran edir imdi,Fəhlə də özün daxili-insan edir imdi,