Tarix
İnsan üçün böyük dərslərin biri də tarixdir. Aç qabağına tarixin səhifələrini və əgər gördün ki, bir vaxt insanlar bir para işlərdə səhv eləyiblər, – dəxi sən həmin səhvi eləmə.
Tehranda balaca uşaqların düşmən qabağına quran götürüb çıxmaqları, – gələcək üçün bir tarixdir. Gələcəkdə tarixin Tehran səhifəsini açanda oxuyacaqlar ki, tüfəngin və topun qabağına Tehranda balaca uşaqlar quran çıxartdılar və padşahın qoşunu tüfəng və top güllələri ilə uşaqları da tikə-tikə elədi, quranın vərəqlərini də parça-parça eləyib havaya uçurtdu.
Bu bir tarixdir ki, bəni-növi bəşər üçün bir ibrət olacaq.
Burada bir nöqtə var ki, ona çox diqqət lazımdır.
Mən Danabaş kəndində həmişə eşidirdim ki, qurana heç bir güllə kar eləməz. İndi mən güman eləyirəm ki, Tehranda da bu əqidədə imişlər ki, əgər, quranı şahın qoşununun qabağına çıxartsalar, şahın qoşunu basılar; çünki qurana güllə atsalar, kar eləməz və uşaqlar da tökülüb kazakları qovalayıb soxarlar şahın hərəmxanasına.
Belə işlər keçən vaxtlarda da olub. Müaviyənin əsrindən Buxara davasına kimi, müsəlmanlar bərkə düşəndə düşmən qoşununun qabağına quran çıxardıblar və hər dəfə quranın səhifələrini düşmənlər oxun və nizənin ucu ilə cırıb dağıdıblar.
Erməni-müsəlman davasında şeytanbazar müsəlmanları quranın ayələrini kağız üstə yazıb yapışdırmışdılar divarlara ki, evlərinə xətər toxunmasın; amma bu evlərin çoxusuna od düşəndə hər bir şeydən qabaq bu dualar alışıb yandılar; çünki kağız taxtadan və daşdan tez yanar.
Qeyri millətlərin içində hürriyyət davası düşəndə uşaqlar dava meydanına çıxanda hərəsi cibinə bir elə şey qoyub çıxıb ki, dava vaxtı o lazım olsun. Heç olmasa, Allahın pıçağına nə gəlib! Yenə bıçaqla düşməni qorxutmaq olar. Amma təcrübə bunu göstərir ki, qurandan heç kəs qorxmur. Ondan ötrü ki, quran ancaq tələbələrin yumruq davasında lazım ola bilər; amma top və güllə davasında lazım olmur.
Quranı ələ alıb davaya çıxmaq Quranı hörmətdən salmaqdır; çünki, qabaqca gərək yəqin eləyək ki, quran cırılacaq; kağızın xasiyyəti cırılmaqdır.
Keçən keçib; amma gələcəkdə Tehran vüquatı gərək bizim üçün ibrət olsun.
Bu bir tarixdir ki, insanlar üçün həmişə dərs olacaqdır.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 14 iyul 1908, №28
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-tarix
Use ← → keys to move, R for a random poem
More by this author
Bir əhvalat var ki, heç mənim yadımdan çıxmır. Əhvalat budur ki, keçən il Ağdaşdan Tiflisə gürcü qəzetlərinin birinə rusca bir teleqraf çəkilmişdi. Teleqrafı göndərən bir müsəlman qardaş idi ki, adı yadımdan çıxıbdır (yəni adında bir iş yoxdur). Teleqrafın məzmunu belə idi: mən flankəs pasxa bayramı münasibətilə cəmi gürcü qardaşlarımı təbrik edirəm. Bu teleqrafın mənası budur ki, mən, yəni Ağdaşda flan müsəlman qardaş ancaq gürcü qardaşlara mübarəkbadlıq göndərirəm, yoxsa rus və erməni qardaş [.. . ]; amma doğrusu məhəbbətin şiddətindən dəxi gürcü qardaşdan savayı bir özgə qardaş yadıma düşmür.Çox gözəl! Amma bildirdən bu teleqraf heç mənim yadımdan çıxmır və çıxmamağın da səbəbi budur ki, mən bildir bu teleqrafı oxuyanda bir şey nəzərimə gəldi. Mənim nəzərimə gəldi ki, müsəlman qardaşın, deyəsən, məhəbbəti o dərəcədə cuşa gəlib ki, teleqrafın duzunu artıq salıb; o qədər artıq salıb ki, qır duz olub.
Müftilik məsələsiİndi ortalıqda bir əhəmiyyətli məsələ var ki, Qafqaz müsəlmanlarını məşğul edir və gərək də etsin. O – müftilik məsələsidir. Bu məsələ təzə deyil, köhnədir; ancaq mərhum müftinin vəfatı bu məsələni ortalığa gətirir.On il bundan qabaq Qafqaz müsəlmanlarına bir yüngül vədə verilmişdi ki, bundan sonra müfti və şeyxül-islamın təyini müsəlmanların öz intixabı ilə əmələ gəlsin. Amma o vaxtın danışıqlarının axırı bir yana çıxmayan kimi, seçki məsələsi də yavaş-yavaş yaddan çıxdı. İndi haman məsələ yenə ortalığa gəlir.
MübarəkbadlıqRusiya hökumətinin dəyişilməyi bu saat dünya və aləmə məlumdur.Rəvayətin müxtəsəri budur ki, neçə müddətdən bəri bir dəstə zalım bir yerə cəm olub və özlərinə bir başçı qərar verib minmişdilər camaatın boynuna və nəfəs almağa da izn vermirdilər. Axırda elə oldu ki, məzlumların ahü-naləsi ərşə qalxdı.
XoşbəxtlikAllah-taala biz müsəlmanları xoşbəxt yaradıb.Bir fikir elə və gör ki, heç zəhmət çəkməyə-çəkməyə hər nə ki, dünyada var, – hər bir şey bizim ixtiyarımızdadır. Götür dəmir yolu, teleqrafı, telefonu və qeyri bunun kimi şeytan işlərini, – bunların ixtiyarında nə ki, zəhmət çəkmişik, bəlkə bunları avropalılar sümük sındırıb icad edəndə biz ayaqlarımızı soyuq suya uzadıb, on səkkiz saat iftarın intizarında olurduq, amma axırda Allah-taala bizi bu dünya nemətlərinin heç birindən məhrum qılmadı; çünki həqiqətdə də biz xoşbəxtik.
Poems by other poets · Satire
Eyləmə çox dadü-fəryadü-nəva “Mehtər Nəim”!Ümməti-islamı tutmaz heç Süratəlmüstəqim.
İndiAvropada zənn etmə, səyahətdəyəm indi,Dünya düşünür, mən nə siyasətdəyəm indi.
Çıxmadı, qurtulaq dərdü bəladanÇıxmadı, qurtulaq dərdü-bəladan,Gündə bir zakuni görən canımız!
Qəribə nitqGecə-gündüz sənətim yazmaqdır ancaq mənim,Qəlbim söz dəryasıdır, taleyimə bax mənim,