Bir yana sifariş eləyəndə bir nişanə göndərmək qədim adətlərin biridir. Nişanə göndərmək o vədələr lazım olub və olur ki, sifariş eləyən, ya sifariş alan savadsız ola. Birisi öz evinə adam göndərib bir şey istəyəndə bıçağını göndərir və qeyri birisi bir yerə sifariş edə, açar göndərir.

Nəzərəli xan İkramüddövlə belə bir qayda qoymuşdu: qabaqca fərraş gəlib rəiyyətdən bir şey istərdi. Əgər rəiyyət verdi, verib, əgər vermədi, fərraş bir-iki şallaq çəkib qayıdardı xanın üstünə və ikinci dəfə xanın təsbehini gətirərdi. Bu dəfə əgər o hökmə əməl olundu, olunub, olunmadı – dəxi fərraş ixtiyar sahibidir; yəni o qədər ixtiyar sahibidir ki, əgər xəncərin çıxardıb “yox” deyənin boynunu vursa, dəxi bilmirəm nə olar və yəqin də heç bir şey olmaz.

Mən bir dəfə haman təsbehi gördüm. Fərraş bir kəndlidən genə xanın evinə bir qoyun istəyirdi. Qoyun da yox idi. Fərraş qayıdıb ikinci dəfə xanın təsbehini gətirdi. Kəndli fori ulağını verdi qonşusuna, bir keçi ilə bir qoyun aldı, qoyunu göndərdi Nəzərəli xana, keçini ötürdü otlamağa.

Haman təsbeh qara, narın dənəli və qırmızı ipək sapa düzülmüş təsbeh idi və qeyri bir fəzələti də yox idi, savayı ondan ki, Nəzərəli xanın təsbehi idi.

Biz olduğumuz ev Kərbəlayı Qurbanın yetimlərinin evi idi. Evin sahibi yetimlərin anası Pəri arvad idi. Biz eyvanda və damın üstündə vaxtımızı keçirirdik. Pəri arvad da üç-dörd yetimlərilə içəri evində bir-iki baş heyvanları ilə olurdu; bir ulağ idi, bir inək idi, bir-iki də qoyun-keçi idi. Səhərlər Pəri arvad süd sağıb uşaqlara bişirəndə mən də hərdənbir gedərdim. Pəri arvad ağzında yaşmaq oraların keçəcəyindən nağıl edərdi. Arvadın yaşı əllini və bəlkə əlli beşi keçmişdi, amma özü mərtub, sifəti qaraşın, hündür və salamat bir arvad idi. Əlahiddə bir gözəlliyi də yox idi; amma beləcə babat idi.

Mən bircə dəfə gördüm ki, Mirzə Sadıq Münşi sübh tezdən Pərinin ocağının başında oturub çubuq çəkir və Pəri ilə danışırdı. İkinci dəfə də gördüm ki, Mirzə Sadıq Münşi genə haman ocaq başında oturub çubuq çəkir; amma bu dəfə məni görcək işarə ilə məni çağırdı. Mən də getdim və Pəri arvad mənim də altıma bir köhnə uşaq döşəkcəsi saldı. Mirzə Sadıq mənə əyləşməyi təklif etdi. Oturdum.

Mirzə Sadıq üzünü mənə tutub dedi:

– Cənab Molla Nəsrəddin, mən səni bir Allah bəndəsi hesab edib bu məclisə dəvət etdim ki, mənim haqq sözlərimə şahid olasan. Mən bu saat səndən qabaq bu Pəri arvada təklif etdim ki, müvafiq qayda Allah-taala göstərdiyi yol ilə mənə siğə olsun.

Eləcə Mirzə Sadığın ağzından bu söz bəlkə hələ çıxıb qurtarmamışdı, Pəri arvad elə atıldı geriyə, guya ayaqlarına od basdılar.

– Molla Sadıq Münşi, Molla Sadıq Münşi, o sözü danışma. O sözü danışma, o sözü danışma!..

Vaqeən Pəri arvad bu sözləri elə bir əl-qol ata-ata dedi ki, mən dik atıldım ki, istədim qaçam. Hərçənd qaçmadım, amma yavaşca çıxdım getdim. Mənim dalımca da Mirzə Sadıq Münşi çıxdı və düz, dinməz-söyləməz çıxdı getdi.

Amma bir azdan sonra haman Mirzə Sadıq, yanıyca fərraş Əli Cəfər gəlib durdular Pərinin həyət qapısının ağzında. Fərraş Pəri arvadı harayladı. Arvad çıxdı qapının ağzına və fərraş xanın təsbehini yuxarı qaldırıb, başladı ən uca səslə deməyə:

– Pəri, Pəri, Pəri! Axund Sadıq Münşinin şikayətinə görə xan bu təsbehi göndərdi ki, sənə nişan verim. Yaxşı bax bu təsbehə. Bu haman təsbehdir ki, iki il bundan qabaq xanın fərmayişinə ağ olan dəyirmançı Mehdini, bax, haman qayadan dərəyə elə tulladı ki, uşaqları heç ölüsünü də tapmadılar. Bu haman təsbehdir ki, Orucəlinin evini yandırdı, uşaqlarını çölə dağıtdı. Aç gözlərini, gör haman təsbehdir, ya yox…

Pəri arvad astanada ağzını yaşmaqla büküb, dəxi dinməz-söyləməz qulaq asırdı… Qonşular da qulaq asırdı.

O da bir söz demədi, Mirzə Sadıq da bir söz demədi, fərraş da dəxi bundan artıq danışmadı və hamı dağıldı.

Bundan sonra bir neçə gün mən görərdim ki, Münşi Axund Mirzə Sadıq gəlir girir Pəri arvadın evinə və orada ocaq başında oturub söhbət edir.

Mən dəxi ora getməzdim və məni ora heç çağıran da olmazdı.

Bundan sonra ay yarım da Gərmə-çataqda qaldım, sonra çıxdım getdim Əhər şəhərinə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İkinci sənayeləşdirmə istiqrazı

Bir para az bilən adamlar qəzet idarələrinə məktublar yazıb hey soruşmaqdadırlar ki, aya bu ikinci dəfə sənayeləşmə istiqrazı ki, elan olunur, aya, bu istiqraz vərəqələrindən hasil olan məbləğ nəyə sərf olunacaq?Və qəzet idarələri də doğrudan da cavab verdilər ki, bu pullar sərf olunacaq əvvəla – Şuralar ölkələrində fabrik və zavod təsis eləməyə.

2 min
Qoçu xəbərləri

Axır vaxtlarda bir neçə yerdə qoçular böyük hünər göstərməyə başlayıblar: insan bu işləri görəndə təəccüb edir ki, aya bu qudurğanlar məgər Şura hökumətinin qoçular üçün həməvəqt hazırda olan çomağını görmürlər?Bir para həyasız qoçulardan axır vaxtlarda elə igidlik xəbərləri gəlir ki, guya indi heç şura əsri deyil, çinovnik əsridir ki, gedib vurub birini gün günorta çağı döyəsən, sonra qaçasan pristava rüşvət verib çıxasan aralığa və papağını yanqılıcı qoyub bığını bura-bura gəzəsən.

2 min
İsgəndəri-kəbirlər

Qədim əsrlər çox da fəxr eləməsinlər ki, onların İsgəndəri-kəbiri var imiş.İndiki əsrin İsgəndəri-kəbirləri qədimki isgəndərlərə bir təpik də hələ vurublar.

2 min
Teatr söhbətləri

İstəyirdim bu barədə danışmayım; çünki bizdən savayı qeyri millətlər də var. İstəmirdim ki, eybimiz dünya və aləmə faş olsun. Onunçün oxucularımızdan iltimasım budur ki, qonşularımızdan rus, erməni, gürcü və yəhudi – hansı birisi rast gəlsə və soruşsa da, Molla Əmi baş məqaləsində nə yazır, ancaq bunu desinlər ki, burada, qəzalarımızın dairə Şura sədrləri büdcə pullarını artıq bir səliqə ilə xərcləməyi barəsində yazılır və israf-məsrəf, Əlinin və Vəlinin papaqlarının komediyabazlığından dairə Şura sədrləri çox uzaqdırlar–inşallah...Komediya dedim, oktyabrın beşində işçi teatrımızda qurulan teatr müsahibəsi yadıma düşdü. Burada dəxi bilmirəm mən nə danışım; o qədər ki, orada uzun-uzun nitqlər, bəhslər, deyişmələr (az qala hələ vuruşma) oldu, – dəxi artıq müzakirəyə lüzum qalmadı.

2 min

Poems by other poets