Yer üzündə ikicə şəhərdə hamamların tulanbarında peyin yandırırlar: bir Naxçıvanda, bir də Təbrizdə.

Yer üzündə cəmi hamamlar ya neft ilə qızır, ya odun ilə. Hətta dılğır Marağada, Xoyda və qeyri şəhərlərdə də hamam odun ilə qızır. Və yer üzündə bir şəhər yoxdur ki, onun tüstüsü qonşuya əziyyət eləsin.

Yer üzündə bir millət qalmayıb ki, peyini çəki ilə satın alıb əkin yerlərinə tökməsin. Bircə Təbrizdə peyin müftədir; çünki Təbriz vilayətində əkin olmasa, Allah-taala yox yerdən bizə çörək verər. Və çün peyin müftədir, o səbəbdən də hamamçılar oduna pul vermirlər; çünki pul versələr, hamam sahibləri o qədər dövlət qazana bilməzlər ki, indi qazanırlar.

Millətə təfavüt eləmir, əgər mənim əcəlim tamam deyil, hamam tüstüsü ki, məni indidən öldürməz. Onunçün tək bircə nəfərin də fikrinə gəlmir ki, dünyada yaşamaq ibarət deyil ondan ki, səhər dükana gedib axşam abi-güştü yeyib yatasan. Sən ki, hamamın qoxumuş peyninin, üfunətli tüstüsünün içində yaşayacaqsan, dəxi niyə özgə millətləri bəyənmirsən ki, onlar hamamlarının tüstüsü ilə qonşuları boğmurlar?!

Hər yan tüstüdür; məclislərdə və evlərdə duxaniyyat və məşrubat tüstüsü, küçələrdə hamam tüstüsü, mənəviyyatda mövhumat tüstüsü, ruhda və qəlbdə kəsafət tüstüsü!..

Xülasə, millət tüstü içində boğulmaqdadır! Və boğula-boğula nicata müntəzirdir.

– Kimdən?

– Hər bir vicdan sahibindən, hər bir həqiqi vətən dostundan, hər bir bəni-növi-bəşərə rəhmi gələnlərdən.

Millət boğulur, tüstülər milləti hər tərəfdən əhatə eləyib. Əgər dadü fəryada tez yetişməsəz, mümkündür ki, millətdən bir əsər dəxi qalmaya.

Tələsmək lazımdır.

Hərdəmxəyal

“Molla Nəsrəddin”, 28 şaban 1339 (7 may 1921), №7

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Qatma-qarışıq

Yəni bu mətləbin o mətləbə heç dəxli yoxdur. O səbəbə ki, əgər sən deyirsən ki, müəllimlər kursunun müdiri bir gün müəllimlərə məvacib almaq məqsədi ilə Bakı şurasının maliyyə müdiri Andreyevin yanına girmək icazəsi istəyən vaxt həmin Andreyev tərəfindən təhqir olunubdur.Bu mətləbin dəxi idarələri milliləşdirmək məsələsinə dəxli yoxdur. Çünki əgər sən istəyirsən deyəsən ki, maliyyə idarəsinin müdiri əgər türk dili bilən olsa idi, o vədə ümidvaram ki, müəllimlər kursunun müdirinə lazımi ehtiram qoya bilə idi. Amma çünki sən mətləblərin hamısını biri-birinə qarışdırıb, bulaşdırırsan, onun üçün sənin sözlərindən də bir mətləb hasil olmur ki, görək aya nə deyirsən? Məsləhət budur ki, sən artıq-əskik danışmayasan. Çünki bu danışıqdan heç bir fayda ələ gəlməyəcək. Bunlar hamısı qəza və qədərdir ki, Xudavəndi-zülcəlalın öz yanındadır.

1 min
Cümə

Cümə günü müsəlmanların əziz günüdür: həmin bu gün Allah-taala dünyanı yaradıb tamam edibdir.Mən cümə gününü çox dost tuturam, xüsusən ki, bu günün qabağı cümə axşamıdır ki, mömin qardaşlar buna “pəncşənbə” də deyirlər. Pəncşənbə günü daha da əziz və müqəddəsdir, çünki bu günün axşamları rəhmətlik ölülər bacaları kəsib halva axtarırlar.

1 min
Söz pəhləvanı

Çəyirtkə qırmaq aləmindənAtalar sözüdür: ”davaya gedəndə özünü tərifləmə”. Çox heyif olsun ki, yoldaş Stepanov atalarımızın bu nəsihətinə baxmayıb camaatı nahaq yerə müştəbeh elədi ki, guya ”düşmənimizin biri yox oldu, yəni çəyirtkəni qırıb qurtardıq”. Hələ gör yoldaş Stepanovun arxayınçılığı nə dərəcədədir ki, yazıq çəyirtkə barəsində bu arxayınçılığı verəndən sonra deyir ki: ”Yay çəyirtkəsi barəsində də böyük müvəffəqiyyət qazanmışıq”.

2 min
Məhərrəmlik

“Məhərrəmlik yaxınlaşır” sözlərini indidən eşidən həqiqi müsəlman qardaş, bu vilayətdən baş alıb qaçmağı hər bir şeydən əfzəl (yaxşı) hesab edir.Demək ki, bu nə ibadətdir və nə də təziyədir. Bu bir biyabırçılıq, bircə iftizahdır. Çünki küçələri bambılı kimi atılıb düşə-düşə dolanmaq, öz əli ilə öz başını-gözünü qana boyamaq, nəinki avamlıq, vəhşilik, bəlkə dəlilikdən də dəlilikdir.

1 min

Poems by other poets · Satire