Bizim yazımızda və danışığımızda bir çox hallar örtülü qalırdı. Bu hallar o qədər əhəmiyyətli görsənmirdilər, amma həqiqətdə bizim evimizi yıxan, dilimizi pozan və öldürən, yazıçılarımızı çaşdıran haman hallar idi.

Yeni əlifbamız o halların hamısını açıb aydınca göstərir və onların atılmasını, dəyişilməsini və düzəlməsini çox bərk istəyir.

O hallar bunlardır:

Birinci hal: neçə yazıçımız varsa, o qədər də yazı qaydalarımız var. Hər kəs kəlmələri kefi istədiyi və ağlı kəsdiyi kimi yazmaqdan çəkinmir. Məsələn, bir kəlməsini dəyişəndə, aşağıda yazılan şəkillərin hamısını yazıçılarımız öz yazılarında göstərmişlər:

“Oluram”, “alıram”, “ölürəm”, “aluram”, “almıram”, “olmuram”, “olmayıram”, “almıram”, “almadım”, “olmadım”, “ölmədim”, “almacağam”, “ölməyəcəyəm”, “almayacağam”, “ölməgəm”, “alınmışdır”, “alunmışdır”, “alınarsa”, “almar sə”, “alunursə”, “alunurse”.

“Odun” kəlməsini dəyişdirdikdə yenə o kimi hallar görünür:

“Odunək”, “odunuk”, “ödünük”, “ödun ük”, “oduna”, “ödünə”, “udunə”, “ödünə”, “ödunu”, “odunu”, “odun ilə”, “ödün ilə”, “ödündən”, “odun dən”.

Bunlardan başqa, “gəlib”, “qulub”, “təmənna”, “təmanne”, “hətta”, “hətte” kimi bir çox misallar gətirmək olar ki, yazıçılarımız yazılarında göstərmişlər və indi də göstərirlər.

Yeni əlifba hökm edir ki, yazıda bu qarışıqlıqlara axır verilsin, çünki bu əlifbada dilimizdə olan səslərin hamısı vardır.

İkinci hal: yazıçılarımız özgə millətlərdən aldıqları kəlmələri türkləşdirə bilmirdilər, çünki ərəb əlifbası bu işə mane olurdu. Məsələn: “nəmaz”, “kol”, “koloft”, “kələft”, “bolbol” və yüzlərcə kəlmələri türkün tələffüz etdiyi “namaz”, “qul”, “külfət”, “bol-bol” kimi yaza bilmirdi. Çünki belə yazanlara “savadsız” deyirdilər.

Yeni əlifba isə bu kimi kəlmələri türkləşdirməyə həm imkan verir, həm də məcbur edir.

Üçüncü hal: özgə millətlərdən aldığımız kəlmələri hər kəs bir cür tələffüz edirdi, hər kəs bir cür türkləşdirirdi. Bu isə dilimizə böyük pozğunluq salırdı. Məsələn: “məhəbbət” kəlməsi “məhəbbət”, “mühəbbət”, “mühibbət”, “möhübbət” kimi tələffüz olunurdu.

Yeni əlifba bu kimi kəlmələrin doğru tələffüzünü tapıb bir cür yazılmasını və bir cür söylənməsini bərkə-bərk istəyir.

Dördüncü hal: biz ərəb, fars kəlmələrinə, şivələrinə və tərkiblərinə elə alışmışıq ki, öz dilimizin gözəl qanunlarını və qaydalarını o tərkiblərə tabe edib dilimizi öldürürük. Məsələn: yazıçılar

“Ruhanə və cesmani tərbiyə”, “əzabi şədiq”, “vəzifeyi mədəniyye”, “odabaye əsar”

əvəzinə

“Ruh və cism tərbiyəsi”, “şiddətli əzab”, “mədəniyyət vəzifəsi”, “əsr-ərbək ədibləri” yazmaqdan çəkinmirlər, çünki qorxurdular onlara “Siz dili bilmirsiniz”, desinlər. Yeni əlifba isə tələb edir ki, bu kimi tərkiblər və əcnəbi qaydalar dilimizdən büsbütün atılsın, dilimiz azad olub təmizlənsin və dirilsin.

Hələlik bunlardır yeni əlifbanın istədikləri!

C.

“Yeni yol”, 28 sentyabr 1922, № 2

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets