Contents
  1. 1
  2. 2
  3. 3
  4. 4
  5. 5

Page 2 of 4 · 25%

2

Əkbər bir səhər yerindən qalxanda qıza əməlli-başlı bənd olduğunu hiss etdi. Əl-qolu boşalmış, dizi taqətdən düşmüş, könlü yaz suları kimi bulanmışdı. Özündə bir əskiklik duyurdu. Sanki onu bu evə, illərcə yaşadığı bu tənha və məhrəm guşəyə müvəqqəti buraxmışdılar. Vaxt bitdiyi üçün naməlum bir adam qapını kəsib, onu bayıra çıxarmaq istəyirdi. Buna sevinməlimi idi, ya ağlamalımı idi? Göyköynək qızın baxışları Əkbərin gələcək həyatından pərdələri qaldırmışdı.

O, açıq havanın qızdırıcı günəşini, baharın ətirli səhnələrini, ya yurdsuzluğun ağır günlərinimi gözləyirdi? Nə qədər fikirləşdisə, bunu aydın edə bilmədi.

Tələsik əl-üzünü yuyub, tikintiyə qaçdı. Hələ heç kəs gəlməmişdi. Çırmanıb palçıq hazırladı. İşi bəhanə edib, məhbubəsini gözaltı axtarmağa başladı.

Usta gəldi. Hamı öz işinə davam etdi. Qız yenə həyətdə göründü. Əkbərin gözündə aləm bir-birinə dəydi. Ürəyi döyündü, başı gicəlləndi. Qızın yaxına gələcəyini, bəlkə də onlara çay hazırlayacağını güman etdi. Nə cür oldusa, gözü yenə qızın şəvə kimi qara, yaz göyləri kimi aydın gözlərinə sataşdı. O, köhnə kişilərə inanırdı, onlar - "qəlbdən qəlbə yol var" deyirlər. Qız, Əkbərin qəlbindən xəbərdar olmasaydı, ustanı, başqa fəhlələri qoyub, düz Əkbərin gözünün içinə baxmazdı... Əkbər ayağa qalxıb, könül dolusu iştaha ilə baxmaq istəyəndə qız üzünü çevirdi, islanmış bir xalçanı başına qoyub həyətdən çıxdı, gözdən itdi. Əkbəri bir uşaq küskünlüyü bürüdü. Bir ah çəkdi. Gözünü qapı-bacadan vığıb, kərpic atmağa başladı.

– Bərk!

– Əkbər, bərk at!

– Bir az bərk at, Əkbər!

Usta Murtuz heyrətindən qayıdıb aşağı baxdı:

– Bərk at, çatsın axı!

– Buyy! Oğlum, sənə nə oldu birdən-birə? Yoxsa keyfin xarabdır? Hə? Naxoşsan?

Əkbərin kərpicləri ikinci qata, ustanın əlinə çatmırdı. O, nə qədər gücənir, ayağını uca yerə qoyub atırdısa, kərpic getmirdi, əlindən çıxan təki, qəlp fişəng kimi qayıdıb, tıppıltı ilə yerə düşürdü. Usta Murtuz dayandı:

– Xəstəsən, bala, get yat, - dedi. - Yorğanı başına çək, bir möhkəm tərlə!


Əkbər doğrudan xəstələndi. Usta Murtuz gəlib onu yataqda görəndə təsəlli olmaq üçün hay-küy saldı:

– Sənin nəyindi yatasan, a qırışmal? Dur, əl-üzünü yu, eynin açılsın, yatdıqca ağırlaşarsan...

Usta Murtuz xəstənin ürəyini açmaq üçün şirin söhbətlər elədi, məzhəkə dedi. Dəsmalda gətirdiyi qırmızı almadan soyub, ona verdi.

Xəstənin üzünə bir şey deməsə də, fikirləşdi ki, "evsiz, adamsız oğlandır" baxan olmaz, xəstəliyi bərkiyər. Əlipaşaya deyim, buna şorbadan-zaddan hazırlatsın.

Əkbər mütəkkəyə arxalanıb pəncərədən baxırdı, fikir-xəyalatını dağıtmaq üçün, ya bir yerə yığmaq üçün papirosu-papirosa calayırdı.

Ayaz - Əlipaşanın ev qulluqçusu, həmin göyköynək qız - əlində bir qab xörək qəfildən içəri girdi.

Əkbərin huşu başından çıxdı. "İlahi, yuxu görürəm, ya bu aşkardır?"

– deyə özünü toxtatdı. Yerində dik oturdu və qızın pul kimi qızarmış yanaqlarına baxıb güc-bəla ilə dilini tərpədə bildi:

– Nə zəhmət çəkirsiniz!

– Xoşdur!

Ayaz bu cavabı deyəndə, Əkbər sevincindən az qaldı sıçrayıb, ayağa qalxsın. Gülümsədi, Ayazın cavabını xəyalında dönə-dönə təkrar edib fərəhləndi. "Demək, mənim zəhmətimi çəkmək onun xoşuna gəlir", - deyə düşündü.

Əkbər ha fikirləşdi, Ayaza layiq və münasib bir cavab tapmadı. Aralıqda davam edən sükutdan utandı. Ömründə ilk dəfə nail olduğu belə əziz bir görüşdə sükutla ötən dəqiqələrə heyifsiləndi. Qızdan soruşdu:

– Gözəl qız, sənin adın nədir?

Bu sualın yersizliyini özü də anladı. Lakin əlacsızlıqdan soruşurdu.

Ayaz ona duz, qaşıq verdi. Dəsmalı qatlayıb getməyə hazırlaşdı. Pəncərəyə baxa-baxa dedi.

– Qəşəng oğlan, hava ayazdır.

– Aybəniz qız, adını bəyan elə!

– Naçaq oğlan, məramını aç söylə!

– Qonağım qız, məni sağalt, amandır!

– Ellim oğlan, yatma dur!

Onların söhbəti aşıq deyişməsi kimi oldu. Əkbər qızın mehribanlığını və meylini görüb ayağa qalxdı, onu küçə qapısına qədər yola saldı. Dalınca uzun müddət baxa-baxa qaldı. Qız çoxdan gözdən itmişdi, lakin Əkbər onun izinə baxırdı.

Sabahı gün Əkbərin kərpicləri yenə göyərçin kimi, göyün yuxarı qatlarına qalxırdı. Ustalar, fəhlələr də ruhlanıb, axşam qaranlığına qədər işlədilər.

Usta Murtuz elçi düşdü. Əlipaşa şərt qoydu:

– İşləsin, tikintini bitirsin, işinə, mərifətinə baxarıq. Birdən-birə mən nə deyim? Çox da qulluqçu qızdır, axı mənim çörəyim ilə pərvəriş tapıb...

Əkbər iki ay bərk işlədi. Əlipaşanın bütün buyruqlarını yerinə yetirdi. Onun gözünə "iş görən, mərifətli" görünmək üçün tikintinin fəhlə işini də boynuna aldı. Əlipaşa, onun üçün muzdla işləyən iki fəhləni işdən çıxartdı. Usta Murtuza dedi:

– Əlinin altında Əkbər kimi əjdaha var. Sənə fəhlə nə lazımdır? İşlə, qoçum, qurtar!

– Usta Murtuz bir gün Əkbəri muştuluqladı:

Əlipaşa razı oldu. Qız sənindir. Tədarük gör!

Bu xəbərdən Əkbərin ürəyi dağa döndü. Qoluna yeni qüvvət gəldi.

Günlər get-gedə qızır, ağır işdə çalışmaq çətinləşirdi. Bir gün Əkbər fikirləşə-fikirləşə palçıq ayaqlayıb yetirməkdə idi. Usta hara isə getmişdi. Xanım eyvandan baxırdı, dördyaşlı oğlu da əlində çubuq həyətdə at çapırdı.

Uşaq palçığa yaxınlaşdı, söyüd çubuğu ilə Əkbərin çılpaq baldırına çəkdi. Əkbər ufuldadı. Uşaq gülüb anasına baxdı. Anası oğlunun şücaətindən qanadlanıb uçmaq istədi, işarə elədi:

– Oğlum, bir də vur! Balası bir də vursun, görüm!

Əkbər uşağa acıqlandı:

– Eləmə!

– Eləmə, a bala, qılçamı ağrıdır axı!

Uşağın qolundan tutub, həyətin o başına apardı. Qayıdıb palçığa girdi. Uşaq qaçıb gəldi. Gülə-gülə palçığın ətrafında hərləndi fürsət axtardı və qəfildən vurdu.

Əkbər yuxarı, eyvanın məhəccərinə söykənib, saçlarını sallayan və onlara tamaşa eləyən xanıma baxdı:

– Xanım, - dedi, - uşağı çağırın, ayağı palçığa batar!

Bu sözü o qədər nəzakət və ehtiyatla dedi ki, səsi boğuq çıxdı. Bu sözdə "mərifətinə" xələl gətirəcək heç bir şey olmadığına inandı. Lakin nədənsə xanım cavab vermədi, uşağı da çağırmadı, dişlərini ağardaraq durdu. Əkbər fikirləşdi. "Mərifət deyilən şey bunlara dözməkdən ibarətdirsə, bu, ölümdən də çətindir. Mən deyəsən, dözə bilməyəcəyəm. Ağadır, xozeyindir, qəbul. Daha mənim canıma dağ basmağa nə haqqı var?"

Uşaq onun baldırına tutarlı bir çubuq çəkib, gülə-gülə qaçdı. Əkbərin baldırı bərk göynədi. Əkbər istədi, işi, aclığı və hətta canından əziz tutduğu sevgilisini belə ayaqlayıb keçsin, canını bu körpə uşağın əlindən qurtarsın. Lakin cürət etmədi. Əlipaşanın zəhmi canına çökdü, səbir eləməyi məsləhət gördü.

Uşaq bir də yaxınlaşanda dilə tutdu, çubuğunu əlindən alıb, atmağa çalışdı. Xanım eyvandan qışqırdı:

– İşin olmasın!

Əkbər mülayim cavab verdi:

– Xanım, uşağa soyuq dəyər, çağırın evə!

Xanım dinmədi.

Əkbər palçığını ayaqlamağa davam etdi. Bir dövrə vurub, başa çıxmamış uşağın çubuğu sol qılçasını yandırdı. Bu dəfə Əkbərin yalnız qılçası yox, bütün əsəbləri yandı. O, palçıqlı ayağı ilə uşağın sinəsindən elə çırpdı ki, uşaq qartal caynağından düşən dovşan kimi, yerə dəydi, hərəkətsiz qaldı. Xanım qışqırıb, özünü uşağın üstünə atdı. Küy qopdu, adamlar töküldü. Əkbər palçıqdan çıxıb, ayaqlarını təmizlədi, bir kənarda dayandı, qovulmaq əmrini gözlədi. Uşağı ovutmağa apardılar. Xanım ustanı da Əkbərə qatıb söydü.

– Tez ol, - dedi, - bu saat gözümdən rədd ol!

Əkbər ayaqqabısını geyinib getmək istəyəndə Əlipaşa gəldi, mane oldu:

– İşini işlə, - dedi.

Üzünü xanıma tutub, yumşaqca dedi:

– Nə olar, uşaq döyülər də, ağlar da, kiriyər də!

– Necə nə olar? Balamı öldürürdü...

Əlipaşa onu sakit eləməyə çalışdı:

– Sənin işin olmasın. Get otur yerində!

Əkbər ömründə birinci dəfə belə heyrətli bir işə rast gəlmişdi. O düşünürdü:

"Ola bilməz! Əlipaşa məni niyə döydürüb dama basdırmadı?" O dedi: "Uşaq döyülər də, ağlar da, kiriyər də..."

Əlipaşanın bu hərəkətinə Əkbər uzun müddət inanmadı, inandıqdan sonra isə ona hörməti artdı. Onun xasiyyətinə "əhsən" deyib, candil ilə işi qurtarmağa çalışdı.

İş qurtardı. Əlipaşanın hüzuruna adam göndərib, adaxlısım aparmaq fikrini bildirəndə, o etiraz etmədi:

– Mən, həmişə xeyir iş tərəfdarı olmuşam. Əyalıdır, gətirsin, borclarını versin, aparsın. Mənim bir sözüm yoxdur.

– Nə borc?

Bu sözdən mat qalan Əkbər təkrar elədi:

– Nə borc?

Əlipaşa qızı böyütməyinə min manat məxaric istəyirdi. Qızın ərə getməyini eşidib, mübarəkbadlığına gəlmiş qonaqları yola salmaq üçün da düz beş yüz altmış yeddi manat xərc çəkdiyini deyirdi. Sonra əlavə edirdi:

– Nəcib oğlan olar, bizim zəhmətimizə, atalıq ehtiramımıza müqabil bir xələtdən-zaddan da tədarük edər. Zarafat deyil, evlənir, ay parçası kimi qız alır. Ev olur, daha yurdsuzluqdan çıxır. Bu yaxşılığı ona heç kəs eləməz...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Mənim utancaq tələbəm

– Əmikişiyevin məsələsinə baxmaq istəyirik, – dedi, – zəhmət olmasa, siz də iştirak eləyəsiniz.Partkom katibi xahiş ədası ilə mənim üzümə baxdı, cavab gözlədi. Hər bir institutda cari ictimai işlərdən başqa, tələbənin təqaüd, mükafat, məzuniyyət, dərsə davam məsələsi təşkilatı çox məşğul edir. Həftə olmur ki, belə müzakirələrə vaxt sərf edilməsin.

19655 min
Qanadlı qızlar

Dünən bir ziyalı yoldaşım ilə heç nə üstündə qızğın deyinm əli, hətta əsəbiləşməli olmuşam.– Qardaş, – deyir, qıza-qız deyiblər, oğlana-oğlan! Mən heç vaxt razı olmaram ki, qız uşağı qollarını çirməyib maşın, əkin, tikin işinə gedə, sabah da qolu-qıçı şikəst qayıda.

19658 min
Ad günü

Deyirlər, nəvə şirin olur. Mən inanmazdım. İndi görürəm ki, bu sözdə bir həqiqət var. Nəvə ilə oturub-durmaq cavanlıq günlərini xatırladır. Güman edirsən ki, o, balanın balası yox, öz balandır. Günlər də pardaxlanan gəlinlik günlərindir. Canına həvəs, gözünə işıq, dizinə taqət gəlir.Mənim iki nəvəm var, bir-birindən dəcəl.

19663 min
Fərəh məclisi

Dostlarımın əhatəsində olduğum zaman özümü xoşbəxt sayıram. Müsahiblər şikayətlənir ki, yaxşı dost azdır. Mən belə bir şikayətdən uzağam. Çünki mehriban dostum çoxdur. Müsahiblər dostlar ilə az və çətin görüşmələrindən gileylənirdi. Burada da mən seçilirəm. Mən dostlarım ilə istədiyim zaman görüşürəm.Deyəcəksiniz, nə üzüyola dostlarınız var.

19666 min

Poems by other poets