Page 2 of 5 · 20%

– Bu oçerki sən yazmısan?

Redaktorun zənnini çaşdırmaq istəmədim:

– Bəli, - dedim, - mənimkidir!

– Yaxşı yazmısan, - dedi, - sağ ol!

Həmin oçerki qəzetdə nəşr etdirdi və mükafata da təqdim etdi. "Kommunist"də iki, "Gənc işçi"də dörd illik həvəsli işim müasir, canlı, operativ, ayıq mühakiməyə hazırlaşmaqda mənə mühüm təsir göstərirdi. Mətbuatın bu gözəl tərbiyə məktəbini mən heç vaxt unutmaram.

İbrahim Əminbəyliyə, görünür, işim xoş gəlmişdi. Məni tamam təhsildən ayırmaq, redaksiyada saxlamaq fikrində idi. Mən isə oxumaqdan ayrılmaq istəmirdim. Aspiranturada qalmaq istəyirdim. Bu ixtilaf üzündən o kişi ilə danışmalı oldum. Sonra "Gənc işçi" qəzetinə keçdim. İxtilafın təfsilatı belə oldu...

Əminbəyli məni bir aylığa Bərdə rayonuna pambıq yığımı kampaniyasına səfərbərliyə göndərmişdi. Həmin ayı səy ilə işlədim, rayon həyatından çox yazılar yazıb çap etdirdim.

Səfərbərlik vaxtını qurtarandan sonra Bakıya qayıtdım. Maaşımı almaq üçün redaksiyaya gələndə Əminbəyli acıqlandı:

– Niyə gəlmisən?

– Vaxtım qurtarıb.

– Çox da qurtarıb, nahaq gəlmisən.

– Nə üçün?

– Hələ Bərdə rayonu planı ödəməyib.

– O məndən asılı deyil.

– Sən get rayona, maaşını da oraya göndərərik!

– O halda məni aspiranturadan kənar eləyərlər, mən akademiyanın icazəsi olmadan gedə bilmərəm.

Əminbəylinin deməyə sözü qalmadı. Ancaq mənim maaşımı verməyə də qol çəkmədi.

– Yazın, maaşımı versinlər.

– Maaşı rayonda gedib alarsan!

– Mən rayonda işə girməmişəm.

– Get oraya, göndərərik!

Yoldaşlarımdan birinə, Mehrab adlı bir hüquqşünasa bu əhvalatı danışanda mənə dedi:

– Maaşı saxlamağa sovet idarələrində heç kəsin haqqı yoxdur. Ver məhkəməyə, dərhal alsınlar.

Tənbəllik eləmədim, balaca bir ərizə ilə məhkəməyə müraciət etdim.

O vaxta qədər güman eləməzdim ki, məhkəmə sıravi bir əməkçinin ixtilafında yüksək vəzifəlilərə töhmət eləyə.

Məhkəmə iclasına gedəndə gördüm redaksiya öz nümayəndəsini

– məsul redaktorun müavinini, bir nəfər də kimi isə bu iş üçün göndərmişdir. Məni vahimə bürüdü.

Məhkəmə sədri Rəsizadə familiyalı sadə bir qadın idi. Mənim ərizəmi oxudu və redaksiyanın nümayəndəsindən soruşdu:

– Bu oğlanın maaşını niyə vermirsiniz?

Redaktor müavini tribunada nitq deyən kimi, başladı nağıl danışmağa.

– Mir Cəlal yoldaş özü komsomol təşkilatının məsul katibi olaola (mən, doğrudan da, redaksiya komsomol özəyinin katibi idim), özü pambıq kampaniyasının əhəmiyyətini bilə-bilə, işin bu qızğın vaxtında...

Məhkəmə sədri onun sözünü kəsdi:

– A kişi, nağıl açma! De görüm, oktyabr, noyabr aylarında bu oğlan sizdə işləyib, ya yox?

– İşləyib!

– Maaşını alıb, ya yox?

– Zaddı...

– Alıb, ya yox, cavab ver!

– Maaşını rayona göndərmişik.

– "Kommunist" qəzeti rayondadır, ya Bakıda?

– Bakıda.

– Maaşı niyə rayonda alsın?

Sədr bir az da hirslə nümayəndəyə acıqlandı...

– İşçi sənin redaksiyanda işləyir, maaşını da redaksiyadan alacaq, vəssalam!

Üzünü katibə tutub əmr elədi:

– Yazm, günü sabah bu oğlanın maaşını ödəsinlər!

Məhkəmənin icra vərəqəsini təqdim edib, maaşımı alandan sonra məni Mərkəzi Komsomol Komitəsinə çağırdılar. "Gənc işçi"yə məsul katib təyin etdilər.

Mən də çox həvəslə komsomol mətbuatının canlı, maraqlı və çoxcəhətli işinə girişdim. Bütün yazıçı, ədəbiyyatçıları, əli qələm tutan cavan yoldaşları qəzet işinə cəlb etməyə çalışdım və az bir zamanda burada yaxşı, maraqlı müzakirələr, məclislər keçirildi.

"Gənc işçi" o zaman da canlı, hörmətli, fəal qəzet idi.

Xoşbəxtlikdən mətbuatda çox çalışmalı olmadım. Aspiranturanı qurtaranda, ali məktəbdə, tələbələr ilə işləməli olduğumu görəndə qəzetdən çıxdım. Canlı auditoriyanı üstün tutdum.

Gəncədə ilk müəllimlərimdən olan Vəli Xuluflu məni akademiyaya çağırdı. Hələ filial halında olan ictimai elmlər bölməsində işləməyi təklif etdi.

Vəli Xuluflu hələ o zaman Azərbaycan qamusu (ensiklopediyası) nəşr etmək üçün lazımi tədbirlər görmüşdü. Hətta, sözlüklər də nəşr olunmuşdu.

Respublikanın görkəmli ziyalı qüvvələri bu yeni və maraqlı işə cəlb olunmuşdu. Mən ictimai elmlər üzrə bütün sözlükləri və məqalələri hazırlayırdım. İşimin ağırlığı və həcmcə böyüklüyünü görən rəhbər yoldaşlar bu şöbəni bir neçə şöbəyə ayırmağı lazım bildilər və yeni ştatlar aldılar.

İctimai elmlər: ədəbiyyat, fəlsəfə, musiqi, dil, folklor və s. şöbələrə bölündü, bunlar üçün münasib adamlar axtarıldı.

Ədəbiyyat şöbəsini, şübhəsiz, özümdə saxlamalı idim. Musiqi şöbəsinə böyük bəstəkarımız Üzeyir bəyi, fəlsəfə şöbəsinə o zaman Aİİ-də fəlsəfə dərsi deyən Heydər Hüseynovu çağırdıq.

Heydəri mən aspiranturadan, həm də "Gənc işçi"də məqalələrini çap etdiyim illərdən tanıyırdım. Namizədliyini verən kimi, təsdiq etdilər, o da həvəslə ensiklopediyada işləməyə başladı.

O zaman mədəniyyət, məfkurə aləmində işləmək üçün savad, bilikdən başqa, bəlkə bunlardan vacib partiya üzvü, ya komsomolçu olmaq tələb olunurdu. Ziyalılar arasında komsomolçu kifayət etsə də, kommunist olduqca az idi. Çünki, partiyaya qəbul şəraiti çox çətin və ciddi idi. Beş nəfər köhnə kommunist zəmanəti vacib idi. Heydər Hüseynov isə partiya üzvlüyünə namizəd idi. Ona görə də Heydərin akademiyada işləməyi yerinə düşdü.

Əhəd Yaqubov (akademiyanın prezident müavini idi) Mərkəzi Komitədə katib sifəti ilə işləməyə gedəndə yerinə Heydəri cəlb elədilər. O da həvəslə müavinliyi öhdəsinə götürüb işə girişdi.

Respublika Elmlər Akademiyası SSRİ Elmlər Akademiyasının filialı olanda imkanı da, nüfuzu da çox idi. Milli mədəniyyətə, milli respublikalara, elmi idarələrə diqqət, qayğı çox idi.

Akademiya mərkəzdən ayrılandan, yerli büdcəyə tabe olandan sonra yerlərdə vəziyyət xeyli dəyişdi. Heydər Hüseynov cavan, həvəsli, enerjili, qeyrətli oğlan idi. Kitab nəşr etməyə, cavan alimlər hazırlamağa, institutlar açmağa, qonşu respublika alimləri ilə yarış aparmağa çox səy edirdi. Gecə-gündüz akademiyada, öz otağında əyləşir, kitab-dəftərilə əlləşirdi.

Kəskin və haqsız tənqid onu sarsıtdı. O özünü faciəli surətdə həlak etdi.

Mənim hələ Gəncə seminariyasında ikən əlaqədar olduğum, inandığım və hörmət bəslədiyim kommunistlərdən biri, sonralar Respublika Maarif Komissarı işləyən Məhəmməd Cuvarlı idi. O, vücudca balaca, arıq, bir az da xırdagöz, zahirən qaş-qabaqlı olardı. Ancaq mənəvi cəhətdən əksinə, fəal, çevik, ayıq, dərrakəli, təşəbbüskar kommunist idi. Onunla tanışlığım tələbəlik skamyasından, seminariyada oxuduğum illərdən başlamışdı. O zaman Cuvarlı Gəncə vilayət komitəsində təbliğat üzrə katib vəzifəsində çalışırdı. Seminariya tələbələrinin tərbiyəsi, inkişafı ilə ciddi məşğul olurdu.

Görünür, bilik, məslək eşqi, işə həvəsindən başqa, Cuvarlıda təşkilatçılıq bacarığı və təmkini də güclü idi. Seminariyada olduğum, təşkilatda çalışdığım müddətdə (mən tələbə təşkilatının sədri vəzifəsində idim) Cuvarlının mənə qarşı rəğbətini hiss etməmişdim.

Son kursda və təhsil ilinin son aylarında bir axşam yoldaşlarımla əl-ələ verib gəzməyə getdiyim zaman çiynimə bir əl endiyini duydum. Dönəndə gördüm Cuvarlıdır!

Güldü və mənə təsəlli verdi:

– Deyəsən, səni diksindirdim?

Mən dinmədim. O, mənim kürəyimə əl vura-vura dedi:

– Sabah Vilayət Komitəsinə gəl, səninlə işim var.

– Saat neçədə gəlim?

– Saat 9-dan sonra mən oradayam. Ha vaxt istəsən, gəl. Dərsdən çıxanda gələ bilərsən!

– Baş üstə, - deyib getdim.

Getdim, ancaq bu çağırış məni çox narahat elədi.

Cuvarlı məni nə üçün çağırır? Görəsən, nə deyəcək? "Səninlə işim var?" Görəsən bu nə işdir. Bəlkə mənə təzə bir iş tapşıracaq, qulluq təklif edəcək! Bəlkə də, tələbə həyatı ilə əlaqədar tapşırıq verəcək.

Cuvarlının evi seminariya olan küçədə (28 Aprel küçəsi), məktəbin qabağında idi. Mən dərsə gedəndə, o da işə gedirdi. İşə getməzdən əvvəl mənimlə görüşəndə içəri çağırdı və sözünü açıq dedi:

– Seminariya məzunlarının təyinatı gedir. Anketində gördüm ki, sən kəndə getmək istəyirsən. Gədəbəy məktəbinə müdir lazımdır. Səni oraya məsləhət görmüşük. Necə baxırsan?

– Müdirlik çətin olmazmı?

– Çətin olmaz, komsomolda yaxşı işləmisən, yerli təşkilatlar da sənə kömək edəcək!

– Siz məsləhət bilsəniz, mən hazıram.

– Gədəbəyin raykom katibi Ramazanov yanıma gələcək. Ona da xüsusi tapşıracağam, sənə kömək eləsin. Ora dağ yeridir, səfalıdır, həm də fəhlə rayonudur. Məktəbi də böyüdüb yeddiillik eləyirik. Cavan oğlansan, seminariyada aldığın bilik və tərbiyə fəhlə balalarına vacibdir. Sən orada çox xeyir verərsən. Fəhlələr də qədirbilən camaatdır. Sənin inkişafına kömək edərlər.

Mənim sükut və razılığımı görəndə Cuvarlı sevinclə əlimi sıxıb xeyir-dua verdi:

– Mübarək olsun! Sənə yaxşı yol. Sabah siyahınızı maarif şöbəsinə göndərəcəklər. Əmrinizi alıb, yola düşərsiniz! İki-aylıq maaş da qabaqcadan verilir.

İndi mən daha aşkar və yəqin görürdüm ki, bizi xalis hazır, məsul maarif işçisi kimi müəyyənləşdirib əməli işə göndərirlər.

Gədəbəyi görməmişdim. Təsəvvürüm də ibtidai və yanlış idi. Kakor deyilən bir gödək, zirək kişinin məftil təkər faytonu, zınqırovlu, gümrah atları ilə bizi Yasamal yolundan yoxuşa doğru aparanda güman edirdim ki, məktəbə dərs deməyə yox, dumanlı, əsrarlı dağlarda cəhalət, qaranlıq, zülmət ilə vuruşmağa gedirik.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İmtahan

Ali məktəbə girəndə bizi yazıdan imtahan elədilər. Dedilər, hər kos boyatında gördüyü on dəhşətli hadisəni yazsın. Yazılarımızı ucadan hamıya oxudular və qiymət qoydular. Şamaxıdan gələn bir tələbə yazmışdı ki. gördüklərimin ən dəhşətlisi zəlzələ idi. Üçmərtəbə evlərin necə bir anda uçulub töküldüyünü, damların bir-birindən aralandığını gördüyüm, avağım altından yerin qaçdığını duyduğum dəqiqələr yadıma düşəndə indi də huşum başımdan çıxır.Ağdaşlı tələbələrin çoxu Kiir daşqınını xatırlayırdılar. Suyun qorxusundan ceyranların belə adama yanaşıb yalvardığını, ilanların ağaclara dırmaşdığını, arvad-uşağın qışqırışdığını təsvir edirdilər. Bir tələbə də hansı şəhərdəsə tamaşa etdiyi bir qadını, eybəcər uşaqlar doğan va sonra bu haçabaşlı, səkkizbarmaqlı, yaxud sümüksüz balalarını bir heyvan soyuqqanlılığı ilə ətrafına düzüb tamaşaçılara göstərən, pul yığan bir ananın faciəsini yazırdı. Müəllim bu yazıların hamısını oxuyur, müəllifin adım çağırır, qiymətini yazırdı. Mənim yazım gələndə oxumadı. Əlinə alıb o van-bu yanma baxdı, adımı oxudu. Ayağa qalxdım.

19463 min
İki rəssam

(Nizami mövzularından)*İskəndərin hüzurunda vəzirlər, alimlər, şairlər, sənətkarlar əyləşmişdilər. Hünərdən və sənətdən söhbət gedirdi. Rum rəssamı ilə Çin rəssamı arasında mübahisə düşdü. Bunların heç biri üstünlüyü əldən vermək istəmədi.

19477 min
İftixar

Kitab sarayından yenicə çıxmışdım ki, ucaboy, cavan və yaraşıqlı bir oğlan mənə yanaşdı. Salam verdi, adımı çəkib mənimlə görüşdü. Nə qədər diqqət etdimsə, tanıya bilmədim. O, bunu hiss etdi:– Əşrəf müəllim, – dedi, – görünür, tanıya bilmədiniz.

19486 min
İlk vəsiqə

Sabir dal skamyaların birində tək oturmuşdu, əlini çənəsinə söykəyib müəlliməsinə diqqətlə qulaq asırdı.Müəllimə dünəndən uşaqlara tapşırıb anaları çağırtdırmışdı. Anaları çağıranda həmişə uşaqlar da maraqlanırlar:

19485 min

Poems by other poets