Page 1 of 3

Səhərin gözü yenicə açılanda, qış günəşi qızıl saçlarını silkərək başını Xəzərin soyuq sularından qalxızanda Təzəşəhərin uca zavod boruları səslənirdi. Siqnal gözləyirmiş kimi, küçələrə tökülən adamların, maşınların səsi və hərəkəti get-gedə çoxalırdı. Papirosunu tüstülədərək işə gedən dəstə-dəstə fəhlələrin addım səsləri bir mərkəzə, istehsalat, tikinti yerlərinə doğru uzaqlaşır və sönürdü. Bir az sonra küçələr boşalır, sahələrdə isə ahəngdar zəhmət həyatı qaynayırdı.

Bir-birinin dalınca gedən üç minik maşını sahələr arasından, küçələrdən baş yola çıxdı. Kənardan baxan bunların bir istiqamətə yollandığını güman edərdi. Belə olmadı, maşınlar sanki fikirləşmək üçün yol ağzında bir qədər yavaşıdılar. Qabaqdakı örtülü "Villis" yoldaşlarından aralandı, baş yolu vurub düz keçdi. Nasosnu vağzalına tərəf yol aldı, kərpic zavodu binaları arasında gözdən itdi. "Pobeda" Bakıya yollandı. Sürməyi rəngi solmuş köhnə "EM " isə Quba yolunu tutub sürətini artırdı. Bu maşında inşaat trestinin rəis müavini Munisov gedirdi.

Axşam Fazilov öz yanındakı müxtəsər müşavirədə Moskvadan aldığı teleqramı oxudu. Əlavə zavodlar tikintisinə ciddi hazırlıq tədbirlərini danışdı. Lazım olan fəhlə ehtiyacını ödəmək üçün hələlik kənara ümid bəsləməkdənsə trest daxilində bir qədər sıxlaşmağı vacib bildi. Fəhlə qüvvəsindən əzəmi dərəcədə istifadə etmək, mexanikləşdirməni gücləndirmək, bütün artıq əlləri aşkara çıxarıb trestin sərəncamına göndərməyi müəssisə başçılarına tapşıran bir əmr imzalamaqla kifayətlənmədi.

– Özüm, - dedi, - sovxoza gedirəm. Məhsul mövsümü qurtarıb, oradan adam gətirmək mümkün olacağına şübhə etmirəm. Yəhya Qaradağa, daş mədəninə, Munis də çınqıl zavoduna - Gil-gil çaya getsin. Nə mümkünsə eləmək lazımdır. O biri gün səhər buradaca yığışaq!

Munisov Gil-gil çay zavodundan xəbərdar idi.

– Orada, - dedi, - bir elə qüvvə yoxdur. Bir ay deyil, onlardan səkkiz adam alıb polad inşaatına vermişik.

– Baxma, sayca az olsa da, orada bacarıqlı qüvvə var. Stepnoy olan yerə mən tamamilə arxaymam. O öz işinin doğrudan da ağasıdır. Sən Stepnoya de, bir tədbir görəcək.

Stepnoyun adı gələndə Munisov dinmədi. Çünki onu tanıyırdı, işgüzarlığına bələd idi.

Munisov Gil-gil çaya bircə dəfə getmişdi. Ancaq zavod direktoru mexanik Stepnoy haqqında çox eşitmişdi. Stepnoy müharibəyə buradan getmişdi. 1944-cü ilin axırında, qayıdanda da köhnə işinə təyin olunmuşdu. Əvvəl zavodda mexanik idi. Fazilov trestə gələn kimi onu tanımış, irəli çəkmiş, zavod direktoru qoymuşdu. Stepnoy yalnız direktor kimi yox, bir şəxsiyyət olaraq da tanınan adam idi. O, Vətən müharibəsində hünərli tankçılardan olmuşdu. Sonralar yaralandığına görə tankdan ayrılmağa məcbur olmuşdu. "Məcbur olmuşdu", çünki, o, tankını qardaş kimi sevirmiş. Onun maşınına məhəbbəti haqqında əfsanəvi söhbətlər danışırdılar. 45-ci ilin payızında zavoda verilən bir traktoru götürmək üçün maşın təmiri zavoduna getmişdi. Burada Stepnoy icazənaməni göstərərək zavod həyətinə girən kimi, dayanıb heyran-heyran baxmışdı. Bu geniş və hasarlı həyətdə müxtəlif möhürlü yüzlərlə maşın dayanmışdı. Stepnoy dəli kimi birdən maşınların arasına cummuşdu. O, burada öz maşınını, 4 yerdən yaralanmış tankı tapmışdı. Kişi əzizini bağrına basan kimi, tankı qucaqlamış, öpmüş, ixtiyarsız ağlamışdı. Kənardan baxanlara Stepnoyun bu hərəkəti təəccüblü və təsirli idi. Ancaq Stepnoyun qəlbi bu dəqiqədə tamam başqa hiss ilə, ağır günlərin alovlu hissləri ilə yaşayırdı. O zaman, tank döyüşünün hərarətli dəqiqələrində Stepnoyu bu maşını, Sovet fəhləsinin əlindən çıxan bu etibarlı silahı qoruyurdu. Stepnoy da sovet fəhləsini və sovet vətənini bu maşını ilə qoruyurdu. Üstünə bomba, od, güllə, mərmi, daş yağsa da, maşın nərildəyərək irəli cumur, ağır və zəhmli təkərləri ilə düşmənləri əzib tökürdü. O zaman bu zəhmli qala Stepnoy üçün hər şey - həyat, qələbə, səadət demək idi. Necə öpməsin, necə əzizləməsin ki, maşın onun etibarını itirmədi, sahibi kimi yaralansa da, düşməni sıradan çıxarmamış meydandan çıxmadı...

Stepnoyun əlacı olsa, bu qartal rəngli nəhəng cəsamətli maşını alıb gətirər, otaqlarının birində şaxlar, həmişə onun tozunu silər, onun zirehlərində müqəddəs günlərin xatirələrini yazar, övladına, dostlarına, həmvətənlərinə - gələcəyin adamlarma oxudardı...

Doğrudur, Stepnoy trestə az gəlirdi. Ancaq onun haqqında çox söhbət gedirdi. Munisov onu bir dəfə oktyabr bayramı nümayişində rayon zəhmətkeşlərinin mitinqində danışan görmüşdü. O, hərbi geyimli, ortaboy, yumrutəhər, itibaxışlı, cəld, xırda addımlı, itiyerişli, sağlam adam idi. Fazilov neçə dəfə onu trestə, öz yanına gətirmək istəmişdi. Munisov razı olmamışdı ki, zavoda münasib adam tapmamış tərpətməyək...

Maşın Nasosnı parkına yaxınlaşanda Munisov yol üstündə dayanan, əli çamadanlı bir qız gördü və maşını saxlatdırıb, soruşdu:

– Ay qız, sən Stepnoyun qızı deyilsənmi?

Qız atası ilə iftixar edən uşaqlara məxsus bir sevinc qarışıqlı utancaqlıqla gülümsəyərək:

– Bəli! - dedi.

– Otur!

Qız cəld çamadanını götürüb maşına oturdu.

– Adın nədir?

– Qalya!

Trestin cəbhəçi uşaqlarına verdiyi paltar, çəkmə və dərs ləvazimatını bir dəfə Munisov Gil-gil çaya özü aparıb paylamışdı. Qalyanı da anasının yanında bir parça uşaq görmüşdü. İndi isə döşündə komsomol nişanı gəzdirən Qalya boy atıb cavan bir qız olmuşdu.

– Sən hara, bura hara, Qalya?

– Evimizə getməyə maşın gözləyirdim.

– Bəs oxumursanmı?

– Oxuyuram, bayram münasibətilə gedirəm.

– Bayram ki srağagün keçdi.

– Biz idmançılar nümayişində iştirak edildik. Bayramı şəhərdə olmuşam, əvəzinə bizi üç gün istirahətə buraxıblar.

– Bir gün şəhərdə...

Munisov "itirmisən" demək istəyirdi, sözünü dəyişdi.

– Bir gün də şəhərdə dincəlmisən, eləmi?

Qalya duruxan kimi oldu.

– Bəli, - dedi. - Paltar tikdirirdim, bir gün ləngiməli oldum.

– Harada oxuyursan?

– Dəmiryol texnikumunda.

– Təzəşəhərdə dəmiryolçular bizə çox lazımdır, tez ol qurtar!

– Mən ali məktəb qurtarmamış işləməyəcəyəm!

– Əlbət ki, iş həmişə var, oxu, yaxşı məsləhətdir.

Munisov bir yerə gedəndə idarədən, otaqdan uzaq olmağına sevinər, yollarda diqqətli müşahidə aparardı. İndi Qalya ilə bahəm olmaq buna mane olurdusa da, nəzərini təbiətdən ayırmırdı. Hava duru, yolun hər tərəfi açıqlıq idi. Göz işlədikcə görünən göy Xəzərin intəhasız üfüqləri insanda sərbəstlik və əbədiyyət hissini çağırırdı. Sol tərəfdə sıralanan dağlar lap çılpaq idi. Bollu axar su ilə bu yerlərin təbiətini necə dəyişmək və bu dağlara əlvan don geydirmək olardı.

Maşın yamaclara yayılmış böyük kəndin yanından keçəndə mal otaran bir uşaq əlindəki kitabı qaldırdı. İşarə verib qabaqda yolun təmir olunduğunu dedi.

Dönüb kənardan, təkərlərin təzəcə iz saldığı yerdən getmək lazım oldu. Su kəməri idarəsinin gözətçi nöqtələrindən birinin qabağında iki adam dayanmışdı. Biri qoca, biri də ortayaşlı adam idi. Munisov onlara yanaşıb salam verdi. Yamacdakı kəndin adını soruşdu:

– Zorat, - dedilər.

– Bəlkə burada iş axtaran adam ola? Bizə işçi lazımdır.

Ortayaşlı adam bir söz demədi. Qoca maraqlandı.

– Nə işdir elə?

– Bizdə hər iş var, təki işləyən olsun!

Qoca bir maşına, bir Munisova baxdı, dodaqlarında təəssüflü bir təbəssüm oynadı.

– Bilirsiniz, - dedi, - oğul. Əslinə baxsan biz özümüz də işçi axtarırıq. Kolxozun təkcə 15 min qoyunu var. Bunun yazı yox, qışı yox, həmişə otaranı, baxanı, sağanı, qırxanı lazımdır. Bir yandan taxılımız, dirliyimiz, haradan olacaq artıq adam. Sizə düz xəbər verməyiblər. Buralarda bekar adam tapılmaz, nahaq yerə heç zəhmət çəkib axtarmayın. Munisov ağzını doldurub demək istədi ki:

– Bəs siz niyə burada dayanıbsınız?

Qoca ona macal vermədi:

– Bizim şəhərə gedəsi naxoşumuz var, telefon ilə fermadan maşın istəmişik, onu gözləyirik.

Munisov xudahafizləşib yoluna davam etdi. Həmişə fikrində səslənən bir sözü ucadan təkrar etdi: adam, adam, adam!

Qıza tərəf dönüb izah etdi:

– Qalya, adam çatmır. Böyük tikintiləri başlamışıq, adamımız çatmır.

– Atamın da işçisi azdır.

Munisov əli ilə rədd işarəsi verib dedi:

– Xahiş eləyirəm indidən təbliğat aparmayasan. Ay qız, sən nə bildin ki, mən atandan fəhlə istəyəcəyəm?

Qalya "baş üstə", deyib susdu.

Maşın süzüb getməkdə idi. Bir tərəfdən dəniz, bir tərəfdən dağ silsiləsi ilə örtülən qum çölünün axırlarında yaşıllıqlar çoxalırdı. Son həftənin şıdırğı yağışları və onun dalınca gələn günəşli günlər torpağa həyat verib baharı yada salırdı. Beşbarmaq dağın qotik stillə tikilmiş binalara oxşayan çılpaq qayaları zümrüd qış göylərinə doğru ucalırdı. Qayanın altında kəndlilər məskən salmışlar. Teleqraf dirəkləri, su kəməri, şose yolu, bir az aşağıdan gəlib-gedən qatarlar bu dağların əsrlik sükutunu çoxdan pozmuşdu. Addımbaşı dəmir qurğu quran, motor qoyan, yer ölçən mühəndislər, aqronomlar kəşfiyyat aparırlar. Biri neft, biri mədən, biri tikinti ləvazimatı, biri tarixi abidələr axtarır.Vaxtilə çılpaqdır deyə diqqətlərdən uzaq olan dağların torpağı indi atım-atım olur. Qoca torpaq indi silahlı, həris və yorulmaz insanlardan heç nəyi gizlədə bilmir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Ölümdən betər

Yırtılmış meşokdan taxılmı tökülür, qar üstündə ip sürünür, ya fırfıra səsidirmi?Xışıltını yaxşı seçə bilmədim. Dayanıb dinlədim, deyəsən, heç bir şey yoxdur. Sanki, bayaqdan bəri məni məşğul edən səs, quru bir vahimə imiş.

19426 min
Axşam səfəri

IÜç yoldaş idik, düşmən arxasına kəşfiyyata getmişdik. Hava çox bürkü, göy tutqun idi. Ağaclar altında özümüzü otlar, yarpaqlarla örtərək, ehtiyatla yeriyir, düşmən qüvvələri haqqında bir şey bilmək istəyirdik. Qaranlıqda xeyli getdik. Deyəsən, yol kənarı idi. Motor səsi eşitdik. Ardınca təkər səsləndi, təkər dayandı, yenə motor səsləndi. Sonra sanki, külək dağıdan və ancaq qırıq-qırıq eşidilən danışıq səsi... yenə motor, yenə təkər səsləri, yenə danışıq...

194312 min
Xəbər ətərsiz

Yarım saatdan artıq idi ki, Səkinə hərbi komissarın qapısında növbə gözləyirdi. Darıxır, tələsir, intizar çəkirdi. Ancaq qapı açılanda, üzlü adamlar növbəsiz irəli yeriyəndə Səkinə daha da geri çəkilir, sanki komissarın gözünə görünməməyə çalışırdı. Ehtimal ki, gözləyənlər hamısı güzəştə gedib, onu qabağa salsaydılar, Səkinə yenə içəri getməzdi. Çünki komissara deyəcəklərini hələ də ölçüb-biçməmiş, hələ də şikayətinə müəyyən ifadə verməmişdi. Şikayətçilərdə belə ehtiyat, çox vaxt sözün azlığından, yaxud mətləbin yüngüllüyündən olur. Səkinənin isə deməyə bir kitab sözü var idi. Ancaq haradan başlamağı, harada dayanmağı aydın etməmişdi. Düşünür, düşündükcə düşünürdü. Ona elə gəlirdi ki, sevgilisinin - 8 aydan bəri ayrıldığı, üç aydan bəri kağız almadığı Fətullanın taleyi, qucağında mışıl-mışıl yatan, dünyanın əzab və iztirablarından xəbərsiz olan körpəsinin taleyi, yenicə birləşib qurduqları, məhəbbətlə qızdırdıqları, səadətlə işıq verdikləri, ümidlə parlatdıqları ailənin, cavan xanimanın taleyi bu gündən, komissarın bu cavabından asılıdır.Birdən qapı taybatay açıldı. Sanki adamları qucaqlamaq üçün qollarını yana açmış komissar çıxdı, əllərini qapıya çataqlayıb, şikayətçiləri süzdü. Duruşundan aydın idi ki, komissar yorulmuşdur, ancaq şikayətçilərin hamısını qəbul etməmiş getmək istəmir. Onun gözü uşaqlı qadına, kənarda dayanan Səkinəyə düşən kimi çağırdı:

194310 min
Muştuluq

Bir ay olar ki, Əşrəf burada, şəhərdən bir az kənarda düşərgədədir. Birinci dəfədir ki, anası ona icazə verib, yola salmışdır. Birinci dəfədir ki, Əşrəf öz evlərində yatmır.Bura "El bağı" deyilən gözəl bir yerdir. Ağaclar baş-başa verib, hər tərəfə ətir səpilib, arxlarda sular pıçıldaşır, ağaclarda quşlar səslənir. Günəş - göylər sultanı güclü günəş sanki, aşağı enib, lap yaxına gəlmişdir. Uşaqlar çox vaxt qolsuz bir köynəklə yaşıl ot üstündə ayaqyalın gəzirlər.

19434 min

Poems by other poets