Göz
Page 3 of 4 · 50%
3
Yəhya Kamal Diləndən bir şey öyrənmişdi. Bu fikirə gəlmişdi ki, nə qədər kefi saz olsa da, paltarını dəyişməsin, gözə girməsin. Köhnə, büzük, yaraşıqsız paltarına baxdıqca, Dilənin taxt üstündə verdiyi məsləhət qulağında səslənirdi:
– Gözə girmə. Qoy sənə "yazıq" desinlər. Zəmanə yazıq zəmanəsidir!
Bununla bərabər bir şeyə dözə bilməyəcəkdi:
– Paltarları desən, yaxşı, cırım-cındır gəzərəm.Yeməyi deyirsən, xəlvətdə! Ancaq ki arvadsız işim keçmir. Sabah qışın günündə mən tək dolanamı bilərəm?
Xüsusən Ballı arvadla tanış olandan sonra Yəhya Kamalın səbri kəsilmişdi. Dilənin qolundan sallanıb yalvarırdı:
– A qibləsiz, bu işi birtəhər eləyək. Axı səssiz-küysüz... Nə var ki!..
Əri ölmüş, lakin hələ sulu, cavanca bir gəlin olan Ballının kəbini kəsildi. Cümə axşamı o, "bismillah" deyib, dikdaban çəkmə ilə Yəhya Kamalın mənzilini şənləndirdi.
Beləcə günlər gəlir, keçir, mübarizə davam edirdi. Qolçomaqların bir sinif kimi aradan qaldırılmasından hər yerdə danışır, yazırdılar. Yəhya Kamal da işlərin içində idi. Bəlkə də hündürdən danışan idi. Dilənin sayəsində yeyib dolanır, gün-gündən stajını artırır, hökumətə "yaxınlaşırdı". Kolxozda arxası möhkəm, ispalkomla arası yaxın idi. Onun ehtiyatı yalnız komsomolçulardan idi. Bir gün iclasda katib idi. Protokol yazırdı. Nə təhər oldusa, özək katibi Həmid kağızı onun əlindən aldı:
"Aşna, səndən gözüm su içmir".
Bunu nə sarıdan deyir? Yəhya Kamalı fikir götürdü. İstədi, Həmiddən soruşsun, dili gəlmədi. Təşvişlə evə qayıtdı. Təzə aldığı arvadı xoruldaya-xoruldaya qoyub durdu. Köynəkcək stolun altına girdi. Toz basmış, çarıq bağı ilə sarıqlı bir kağız boxçası çıxartdı. Açıb bir-bir baxdı:
"Bu mənim Qobu kəndində katib olmağıma dair kağızım. Bu rayondan gələn qəzet ki, üstündə peçatlı adım. Bu mənim osoaviaximim. Yardıma və hökumətə üç manat vermişəm. Bu da onun arayışı. Mənim nəyimdən gözün su içmir? Deyən ola, ay anasının oğlu, işçinin qəlbinə niyə dəyirsən? Niyə qoymursan çaq-çuqqumuzu eləyək? Mən kimə nə eləmişdim?.."
Yəhya Kamal siçan kimi kağızlar arasında o qədər xışıldadı ki, Ballı yuxudan durdu. Kişini görüb, heyrət etdi:
– A ciyərin yanmasın, sətəlcəm olarsan, bu nə gündür?
– Yox, gərək mən o vələdüzzinaya bildirəm ki, kiməm...
Nə oldu, məndən şəhərdəkilərin gözü su içir, nə oldu, qəzetdə oturan partinilərin hamısı məni tanıyır. Dərənin burnu fırtılıqlısı məni ləkələyir?
Yəhya Kamal titrək səslə danışır, vəsiqələri qatlayıb, üst-üstə qoyurdu. Ballı qalxdı. Daldan onu qucaqlayıb, yorğan-döşəyə saldı.
– Sənə deyirəm, kürəyini soyuğa verərsən? Yat! Sabah mən də danışaram. Bərkə qalsa, lap rayona da gedərəm.
– Yox, canım, rayon-zad lazım deyil. Elə bir ispalkom çağırıb ağzına vursa, bəsdir.
Çox çəkmədi ki, Ballı şirin yuxuya getdi. Üfürə-üfürə xoruldadı. Yəhya Kamal isə pəncərədən sivişib, ötən ay işığına baxır, papirosu qaranlığın qəlbində işarır, sönürdü. Gözünə bir çımxır da yuxu getmədi... Qəzetxanadan da cavab gəlməməsi ümidlərini puça çıxarırdı. Fikirləşirdi ki, "deyəsən, bu müxbirlik kitabçasını ala bilməyəcəyəm..."
Havalar gün-gündən soyuyur, qış gəlir, uzun gecələrdə dedi-qodu çoxalırdı. Köcəmirli kəndi noyabrda qar ilə örtülür, yer donur, soyuq qulaqları göynədir, suların üzərində daş aynadan körpü dururdu. Qızlar, gəlinlər kartof yığmaqdan, odun eləməkdən evlərə çəkilir, qoyun yunundan corab, palaz toxuyurdular.
Bu il mal-qaranın məhsulu kolxoza gəlmişdi. Beş yüz qoyunun süd-qatığı, yağ-pendiri kolxozun əlindən gəlib-gedirdi. Yəhya Kamalın qələmi qılınc kimi kəsir, sözü daşdan keçirdi. Söz düşəndə, o, kolxoz üzvlərinin qulağına çatdırırdı:
– Kolxozumuz yaxşı qüvvəli olacaq. Bu var ki, hələ tezdir. İlkindir. İlk ili qaydadır, hər yerdə zərər eləyir...
Kolxoza on bir qoyun gətirən Zindalı kişi bunu eşidəndə, lap ikitəhər, birtəhər oldu:
– Yəhya, hələ bu nə deyən sözdür? Sənin deməyindən bu il bemuzd olacağıqmı?
Yəhya Kamal təcrübəli adam kimi, Zindalım "başa salırdı":
– Yox, mən elə söz məsəli dedim. Bemuzd niyə olur? Axı təzədir.
– Təzə-məzə bilmirəm. Mən işləmişəm, ya yox?
– İşləməmisən, bəs neyləmisən?
– İşləmişəm, bəs bunun haqqı hara gedib? Üç baş adam...
– Yox, mən deyənə mülfətit olmadın, dayı. İş belədir ki, kolxoz təzədir. Tutaq, belə kolxoz olmasın, ol sən, Zindalı dayı...
– Mən olum!
– Xub, sən deyək ki, arandan köçüb, burada bina salırsan. Yer-yurda, ev-eşiyə zəhmətin gedəcək, ya getməyəcək?
Zindalı kişi susmağını yersiz gördü:
– Gedəcək, gedəcək, buna nə söz!
– Belə olan surətdə necə bilirsən? O kolxoz qurmağı ki, gələcəkdə bir kəndin çörək ağacı ola, oradan sənin çörəyin, paltarın, yeməyin, qəndin, məktəbin, hamamın, balnisan gələ.
– Gələ!
– Bu gəlməklə, yəni belə bir iş başlamaqda birdən-birə qazanc eləmək olarmı, canım? Axı bu işi biz bilirik, neçə yerdə kolxoz qurmuşuq. İş başlamışıq, hər şeyin haqq-hesabı var.
Yəhya Kamal sözünü bitirməmiş, Zindalı dilləndi:
– Mən qanmadım, Yəhya lələ!
Yəhya Kamal söhbətin ciddi şəkil almağından çəkindi. Ayağa durub, ətəklərini çırpdı:
– Bu dəftər-kitab məsələsidir. Əzbərdən çətindir. Mən də bilmirəm.
Kitabxana.az · https://kitabxana.az/en/works/mir-celal-goz
Use ← → keys to move, R for a random poem
More by this author
Adam, xüsusən indi cəmiyyət adamı bunlarsız keçinə bilmir.Mən özüm müəlliməm, xalqın uşaqlarını oxuduram. Çalışıram ki, cavanlar müasir elmin, mədəniyyətin əsaslarını yaxşı öyrənsinlər. Gənclərə diplom verib həyata, xalq təsərrüfatında işə göndərəndə getdiyi idarənin işi sahmanda olsun, həm gəncin alnıaçıq, üzüağ, sənəti sayalı olsun, həm də müəllimin zəhməti hədər getməsin, sevincinə əsas olsun.
Anamın sevinciBurada hansı sevincdən söhbət gedir? Bizim anaya gətirdiyimiz sevincdən, yoxsa ananın bizə gətirdiyindən?Doğrudur, biz anamızı çox istəyirik, mən də, bacım da. Onun, az qala, başına dolanırıq. Həmişə istəyirik ki, onu sevindirək, güldürək, ürəyini açaq, xoş xəbərlə salamlayaq.
Məhəbbətə zor yoxdur– Nisa, ay Nisa!Nisa qayıdıb səs gələn tərəfə baxdı, dinmədi.
Ticarət lirikasıMəhəbbət lirikası, məişət, təbabət lirikası eşitmişdim, amma ticarət lirikası yox!Dünyada böyük bir aləm olan ticarətin özünəməxsus istilahları var: balans, avans, debit, kredit, deponent, qazanc, ziyan...
Poems by other poets
Ey qaşı kaman, kirpiyi peykan, qaraçarqat!Olsun belə canım sənə qurban, qaraçarqat!
BaramaUstalar, qulaq verin, tərif edim baramanı,İbtida sərtu çıxmırhi dökürəm baramanı,
YoxsulBir yoxsul, bir zaman gedib hamama,Soyunub, əl atıb çanağa, caına,
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,