Göz
Page 4 of 4 · 75%
4
Aylar dolandı. Yəhya Kamalın Köçəmirli kəndində dörd aylıq iş stajı tamam oldu.
Yanvar ayının başlanğıcında xəbər çıxdı ki, on beş günəcən kolxozun haqq-hesabı çəkilsin, gəliri müəyyən edilsin.
Yəhya Kamal bu xəbərin təşviş və həyəcanından sakitləşməmişdi ki, qarları basa-basa, dağları aşa-aşa iki nəfər təhkimçi işçi gəldi.
Onlar ispalkomun evinə düşüb kolxozun dəftər-kitabını istədilər. O gecə nə Dilən, nə də Yəhya Kamal yatdı. Belə nagaham bir qorxunu birtəhər başdan eləmək üçün səhərə qədər oturdular, işləri hazırladılar.
Şəhərdən gələnlərin biri cavan, qarayağız, arıq oğlandı. O birisi sarısaç bir qızdı. Üzünə baxanda, rus deyərdin. Danışanda xalis azərbaycanca danışırdı. Yəhya Kamal əvvəl elə bildi ki, əsl gələn arıq oğlandır. Qız isə yolda ona "squçnı" keçməsin deyə gəlmişdir. O, bir kənarda oturub güləcək, əziləcək, arıq oğlan ləzzət alıb işin ağırlığını hiss etməyəcəkdir. Yetirən kimi, iki əlini arıq oğlana uzadıb tanış oldu:
– Nökəriniz Yəhya Kamal!
Bu sözü müstəsna tabelik ifadəsilə deyib ikiqat oldu. Birinci gün haqq-hesaba oturanda, ispalkomun evində tünd çaylar süzülür, stəkanlar dolub-boşalırdı. İspalkomun arvadı Sayalı xala da o biri evdə xörək hazırlayırdı. Qovurmanın iyi Yəhya Kamalı damaq etmişdi. Arıq oğlan
– Zahidov deyirdilər - çayını nəlbəkiyə tökə-tökə üzünü Dilənə tutdu:
– Gətir, - dedi, - başlayaq görək.
Dilən ayağa qalxdı. İstədi, bayıra çıxsın. Bir də yadına düşdü ki, işlər budur, buradadır, Yəhya Kamalın qulağının dibindədir. Yəhya Kamala işarə etdi:
– Gətirək də!
Yəhya Kamal dizi üstə oturmuşdu. Dik qalxdı. Kamodun üstünə qoyduğu dəftər-kağızı iki əli ilə qucaqlayıb yenə diz çökdü. Arıq oğlanın üzünə baxdı.
– Deyirəm, yoldaş Zahidov, meşayit olar. Qoy çay-çörəyi yığışdıraq, birkərəmə başlayaq.
Zahidovdan qabaq ispalkom əlini endirib etiraz etdi:
– A kişi, nə meşatı var, bəri ver! Ağzın yesin, əlin işləsin, dana!
Zahidov da şərik oldu.
Çay dəsgahına hesabat dəsgahı da əlavə olundu. Yəhya Kamal dəftərini açıb başlamaq istəyirdi ki, ispalkomu çağırdılar.
– Alı kişi, evdəsənmi?
İspalkom qapını açdı.
– Gəl, a Zindalı dayı.
İçəri girdi, oturdu. Çubuğunu doldurdu. Yəhya Kamalın dəftər-kitabına baxmağa gəlmişdi.
Zahidov əvvəlcə nədən başlamaq lazım olduğunu dedikdən sonra bir əmr kimi işarə etdi:
– De gəlsin!
Yəhya Kamal oxuyur, sarı qız çotkəni salır, Zahidov balaca, qara dəftərinə qeyd edirdi:
– İdarəyə gəlib, daxil olub, ərz olsun qulluğunuza, siyahı üzrə yağdan altı yüz manat, pəndirdən yüz yetmiş iki manat əlli iki qəpik yarım.
– Yəhya Kamal dişini ağardıb Zahidova baxdı: - Hərçənd ki, yarım qəpiyin mahiyyəti bir şey deyil, amma ki, hesab dinar-dinar. Qoyun dərisi 63 manat 3 qəp., yun 89 manat yarım. Yenə pəndir. Müəllimlərə satılıb, 27 manat iki abbası. Canım sənə desin, ərz eləyim ağanın qulluğuna, yenə yağ 51 manat on dörd şahı, 4 ay ərzində kolxozda 1200 manatlıq məhsul satılıb. Bunun müqabilində, ərz olsun, məxaric ordelləri belədir. Sal ora, - deyə Yəhya Kamal dəftərə baxdı. Saymazyana oxudu. - Sal ora: azarlı qoyunlara dərman 75 manat, sal, 300 manat Oktyabr bayramında çalğıçılara. Yox, yox səhvən oldu, bağışla. 289 manat 87 qəpik olub, çünki onlardan prosent çıxılır. Sal ora, ot biçəndə çörək bişirdik. Üzünə çəkmək üçün yumurta 86 manat 49 qəpik yarım.
Zahidov dəftəri Yəhya Kamalın əlindən aldı. Vərəqləyib baxdı. Zahidov bərk tutulmuşdu. Sarı qız gülümsəyirdi. Yəhya Kamal başıaşağı dəftərə baxır, sanki itirdiyi bir hesabı axtanrdı...
– Yoldaş Dilən, bu pullar kimin qərarı ilə xərclənib?
Dilən diz çöküb cavab verdi:
– Necə ki qaydadır. Qoymuşuq heyətdə. Heyət qərara gəlib ki, bəli, bu şeyə filan qədər vermək olarmı, verməsək, kolxozun işi aşarmı... Qərar var, protokolları da... - Üzünü Yəhya Kamala çevirib dedi: - Yazılıb, necə ki var.
Zahidov soruşdu:
– Haradadır o protokollar?
– Bizdədir, lazım olsa...
– Gətir, lazım olub...
Yəhya Kamal protokolların dalınca gedəndə, yolda çəkməsi çıxdı, Əlinə alıb qaçdı. Onun Köçəmirlidə belə qaçmağı birinci dəfə idi. Qan xırtıldada-xırtıldada dağın döşündə idarəyə tərəf yüyürürdü.
O, tərli, ləhləyə-ləhləyə qayıdıb içəri girəndə özək katibini də ispalkomun evində gördü.
Zahidov protokollara baxıb, Həmiddən soruşdu:
– Sən zurnaçılara 300 manat verən iclasda...
Yəhya Kamal onun sözünü kəsdi:
– Xeyr, yoldaş, 300 manat deyən yoxdur. Olubdur 289 manat, haqq-hesab düz gərək.
Zahidov sualını bitirəndə, Həmid başını tovladı:
– Ay canım, niyə elə söz danışırsınız. Onların hərəsinə bir göy üçlük verildi, mənim yadımdadır. Şotu bəri elə görüm!
Şot əldən-ələ gəzdi. Yəhya Kamal and-aman elədi:
– Vicdan-məsləkimiz haqqı. Necə ki var, əmək günü yazılıbdır. Qəpik o yan-bu yan olsa, vicdanım itin olsun.
Zahidov kağızları qatlayıb, cibinə qoydu.
– Belə olmayacaq, aşna! Yoldaş Dilən, bu şotlarda adı olan kişilərdən öləni varmı?
Dilən tərəddüdlə Yəhya Kamalın üzünə baxdı:
– Yox, - dedi, - gərək ölüb-itən olmasın. O var ki, tapmaq çətin olacaq.
Zahidov üzünü ispalkoma tutdu:
– Alı dayı, yaz bu siyahını, götür. Haradan olsa, bu adamları tap, yoxlayaq sabahacan! Bu nə haqq-hesabdır?
Alı kişi əl-ayağa düşdü. Yəhya Kamalın yaxasından yapışdı.
5
İclas çox basabas idi. İynə salmağa yer yoxdu. Adamlar üst-üstə oturmuş kimi idi. Hamı iclasın açılmasını səbirsizliklə gözləyirdi. Lakin nə Dilən, nə Yəhya Kamal tapıldı. Onlar qaçmışdılar. Bu xəbər iclasa gələnləri şübhəyə saldı. Hamı arıq oğlanın açdığı işləri görmək istəyirdi. pıçıltı, söhbət, öskürək bir-birinə qarışıb, böyük ispalkom idarəsinin tüstü lü havasında əriyirdi. Alı kişi açar ilə stola döyəndə səslər xırp kəsildi. Alı kişi Köçəmirli kolxozçularının ümumi iclasını açıb, sözü arıq oğlana verdi.
Arıq oğlan asta-asta, kəlmə-kəlmə danışırdı. Həmid və milis Heydər içəri girdilər. Həmid adamları basa-basa keçdi. Arıq oğlanın qulağına nə isə pıçıldadı. Arıq oğlan başını tərpədib razılıq verdi.
İçəriyə iki qara çadralı arvad gətirdilər. Onlara pəncərənin qabağında yer edildi. Heç biri bu kənd adamına oxşamırdı. Üzlərini bərk-bərk tutmuş, başlarını aşağı salmışlar.
Bunların kim olduğu, nə üçün kolxoz iclasına gəldikləri hamını maraqlandırırdı. Him ilə adamlar bir-birindən soruşurdu:
– Bunlar kim ola?
Zindalı dayı pəncərənin qabağında durub özünü arvadlara tərəf verdi. Üzlərini görmək istəyirdi.
Arıq oğlan məruzəsini qurtarırdı. Müqəssirlərin qaçmasından danışanda şəhadət barmağı ilə qara çadralı qadınları göstərdi. Heydər bu anda çadranı onların başından çəkdi.
Hamını heyrət götürdü. İclas bir müddət susdu. Bunlar, səhərdən bəri kənddə tapılmayan, qaçıb itmiş Dilən və Yəhya Kamal idi. Zindalı kişi diksinib qırağa çəkildi. Yetim Əkbər nə dedi, nə qandırdı, Dilənə bir qapaz ilişdirməyə dartındı. Onu geri itələdilər. Kim isə dilləndi:
– İlanın başını niyə əzmirsiniz?
– Öldürün bu canavarları!
Quzu Allahyar cavab verdi:
– Arvad xeylağı ilə nə işiniz var!
Bu söz Telli xalaya xoş gəlmədi.
Kitabxana.az · https://kitabxana.az/en/works/mir-celal-goz
Use ← → keys to move, R for a random poem
More by this author
Adam, xüsusən indi cəmiyyət adamı bunlarsız keçinə bilmir.Mən özüm müəlliməm, xalqın uşaqlarını oxuduram. Çalışıram ki, cavanlar müasir elmin, mədəniyyətin əsaslarını yaxşı öyrənsinlər. Gənclərə diplom verib həyata, xalq təsərrüfatında işə göndərəndə getdiyi idarənin işi sahmanda olsun, həm gəncin alnıaçıq, üzüağ, sənəti sayalı olsun, həm də müəllimin zəhməti hədər getməsin, sevincinə əsas olsun.
Anamın sevinciBurada hansı sevincdən söhbət gedir? Bizim anaya gətirdiyimiz sevincdən, yoxsa ananın bizə gətirdiyindən?Doğrudur, biz anamızı çox istəyirik, mən də, bacım da. Onun, az qala, başına dolanırıq. Həmişə istəyirik ki, onu sevindirək, güldürək, ürəyini açaq, xoş xəbərlə salamlayaq.
Məhəbbətə zor yoxdur– Nisa, ay Nisa!Nisa qayıdıb səs gələn tərəfə baxdı, dinmədi.
Ticarət lirikasıMəhəbbət lirikası, məişət, təbabət lirikası eşitmişdim, amma ticarət lirikası yox!Dünyada böyük bir aləm olan ticarətin özünəməxsus istilahları var: balans, avans, debit, kredit, deponent, qazanc, ziyan...
Poems by other poets
Ey qaşı kaman, kirpiyi peykan, qaraçarqat!Olsun belə canım sənə qurban, qaraçarqat!
BaramaUstalar, qulaq verin, tərif edim baramanı,İbtida sərtu çıxmırhi dökürəm baramanı,
YoxsulBir yoxsul, bir zaman gedib hamama,Soyunub, əl atıb çanağa, caına,
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,