Ticarət lirikası
Məhəbbət lirikası, məişət, təbabət lirikası eşitmişdim, amma ticarət lirikası yox!
Dünyada böyük bir aləm olan ticarətin özünəməxsus istilahları var: balans, avans, debit, kredit, deponent, qazanc, ziyan...
İndi hər şey inkişaf, tərəqqi yoluna düşdüyü kimi, ticarət də bu yoldadır. Sürəti artır, dairəsi genişlənir, dərinləşir, məzmunu zənginləşir, istilahları çoxalır, əlvan olur.
Bu aləmdə mən lirikanı birinci dəfə eşidirdim. Özü də satıcıdan və ya alıcıdan yox, mağazada xidmət işi görən bir cavan oğlandan. Ağzıbağlı, döşü markalı, zər yazılı karton yeşikləri içəriyə daşıya-daşıya döşü önlüklü həmin oğlan məhbubəsinə xitab edirmiş kimi, el havası ilə pəsdən oxuyurdu:
Dal qapıdan gələn dilbər,
Sıımkan düymələ-düymələ!
Bizi dilə salan dilbər,
Sıımkan düymələ-düymələ!
Əvvəl güman etdim ki, cavan oğlan bu sözləri kimə isə deyir. O yan-bu yana baxanda gördüm ki, heç kəs qulaq asmır. Hamı öz işindədir. Mağazanın dal qapısından hey daşıyırlar: karton qutularda, yüngül kisələrdə, gön çantalarda, kağız bükmələrində, — hərə bir növ. Axırda da müdir ilə xudahafizləşib gedirlər.
Mən də çoxdan arzusunda olduğum düyü üçün müdirə müraciət etdim:
– Sizdə düyü olur, ya yox?
– Olanda olur.
– Mənə bir az lazımdır.
– Olanda gələrsən.
– Deyirlər, var axı?
– Var idi.
– İndi necə?
– Qurtarıb.
– Bir də haçan olar?
– Allah bilir.
– Bəlkə, siz də biləsiniz?
Müdir bir addım mənə yaxınlaşdı, ağzını qulağıma yaxın tutub xəlvətcə xəbər verən kimi dedi:
– Ay rəhmətliyin oğlu, düyünü, fındığı, badamı məgər elə-belə verirlər, bizə? Bir ətək pula başa gəlir.
– Haçan başa gələcək?
– Onu bilmək çətindir.
– Bəs nə sayaq eləyək?
– Sifariş elərik, mən də dalınca düşərəm. Olanda – baş üstə!.. Düyü, doğrudan da, bizə lazım idi. Nəvəmin ad günündə dost-aşna bizə yığışır, çoxu da kabab, bozartma, düşbərə-filan yox, məhz aş istəyir. Aşın adı böyük olsa da, işi yüngüldür. Neçə kilo düyü tökürsən qazana, bir az göyərti, qara-qura hazırlayırsan, məclisi yola verirsən. Düyünün ləzzətindən, dadından başqa, həzmi də asan olur. Çox adam düyünü xoşlayır.
Müdirdən ayrılıb, mahnı oxuyan həmin cavan oğlana yanaşdım. Dərdimi ona deyəndə yavaşdan xəbər verdi:
– Dayı, vıxodnoyun səhəri düyü olacaq.
– Yəqin olacaq?
– Bəli, olacaq! Almışıq, hələ satışa buraxmamışıq.
– Səni xeyirxəbər olasan, qardaş!..
İstirahət gününün səhəri mağaza açılan kimi qapını kəsdirdim, müdirdən xahiş elədim:
– Mənə on kilo düyü lazımdır!
– Verərik, neçə kilo istəsən var!
– On kilo!
– On kilo? Baş üstə!.. Bir onluq!
– Axı, deyirlər, düyünün kilosu həştad neçə qəpikdir.
Kişini deyəsən, od götürdü, dik-dik üzümə baxıb dedi:
– Ay canım, həştad səkkiz qəpik bazadakı qiymətdir. Onu bazadan almaq, maşına yükləmək, gətirmək, mağazada boşaltmaq lazımdır. Zəhrimarın tökülməyi, dağılmağı-zadı var. Bir də, hər adama vermirlər. Yaxşı malı mağazaya gətirmək üçün əlin cibində ola gərək! Qəpik-quruş güdmək ilə camaatı yola vermək olmaz! Ticarətdə gərək adamları yola verəsən. Buna "al-ver" deyiblər. Allah saxlasın sizin nəvənizi, onun xeyir işini yola vermək bizim borcumuzdur. On iki qəpik nədir ki, onun üçün sizin məclisi pozum? Elədir, ya yox?
– Əlbəttə ki... Mən elə-belə, bir söz idi dedim. Onluğa nə söz?
– Di, buyurun!
– Çox sağ olun!
– Bəlkə çox lazımdır?
– Hələ bəsdir.
Mən dediyimə peşman olub, onluğu verdim, artığını da almadan, razılıq edib mağazadan çıxdım.
Doğrudan da, xeyir iş müqabilində on iki qəpik bir şey deyil ki, onun da adını çəkəsən. Sağ olsun mağaza müdirini ki, belə işlərdə adamın köməyinə çatır. Yoxsa düyü tapmaq uzun iş idi, uşağın ad günü məclisi, az qala, pozulmuşdu.
Adamın gərək mağazada həmişə adamı olsun! Buna nə söz!
Kitabxana.az · https://kitabxana.az/en/works/mir-celal-ticaret-lirikasi
Use ← → keys to move, R for a random poem
More by this author
Mənim lıəkimliyim yüksək bir hisslə başlanmışdı. Bütün təhsilim boyunca insanın yalnız bədən quruluşunu, fizioloji aləmini deyil, psixologiyasını, mənəvi aləmini də öyrənməyə çalışmışam.Bəlkə buna görə idi ki, mən başqa sənətə yox, hakimliyə getdim. Bu sənətə başladığım ilk illərdə mən öz gücümə güvənirdim. Güman edirdim ki, sağlam başı, möhkəm ürəyi olan bir vücudun min cür azarı da olsa, sağaltmaq, ayağa qaldırmaq mümkündür. Müalicəsiz xəstəlik yoxdur. Bütün vaxtsız ölənlərin ölümü həkimlərin acizliyindən, yaxud müalicə tədbirlərinin gecikməsindən, ölənlərin səhlənkarlığındandır, çünki insan bədəni həddə-hesaba gəlməz maddi imkanlarla, həyat qüvvələri ilə zəngindir. Hansı vəzifədə, harada çalışsan, fərqi yoxdur. Əsl məqsəd xalqa xeyir vermək, sovet məktəbinin verdiyi bilik və bacarığı həyatda səmərəli işlətməkdir.
Möhlətovun tərcümeyi-halıMöhlətov birtəhər elədi, Allahsızlar İttifaqında kargüzar oldu. Biriki ay ürəklə işlədi. Səhər hamıdan tez gəldi, axşam hamıdan gec getdi. Nə dedilər, "baş üstə" ilə dinməz-söyləməz yerinə yetirdi. Onu işə düzəldən dostu da döşünə döyüb sədrin yanında öyünürdü:– Mən belə işçi taparam!
Kimya tələsirYay səhərinin xəfif, sərin küləyi tük süpürgə kimi, həyətə çəkilirdi. Balkonun qabağında yatışanlar şirin yuxuda idi.Sol tərəfdəki ağ, bəzəkli uşaq çarpayısının toru cırıldadı, üstündəki liftik adyal tərpəndi, səkkizyaşlı Kimya dik qalxıb oturdu. Əvvəlcə üzünə tökülən saçlarını kənar elədi, gözlərini silib həyətə, işıqlanan üfüqə baxdı, sonra yerindən sıçrayıb anasını oyatdı.
Mənim parlamentimÖzümü ideya aləmində, mənəvi həyatda duyuram. Yazdır, saf, sakit, sərin və xoş bir səhər açılır. Üfüqlərdən gənclik, sevinc, mahnı və səadət yağır. Adama elə gəlir ki, varlıq bundan ibarətdir. Gecələr, köhnə dünyanın zülmət deyilən qaranlıqları, fəlakət, işgəncələr sanki heç yoxmuş. Bu səadət səhəri o qədər əngin və işıqlıdır ki, başlanan günəşli gündüzün əbədiliyinə şübhə etmirsən... Kirov parkının təmiz, geniş xiyabanları, əlvan çiçəklikləri, daş pilləkənlərin başında əyləşən tamaşa salonları, oyun, sport meydançaları, uşaq stadionları səhərin qızıl şəfəqləri altında daş-qaşa tutulmuş saraya bənzəyir. Sanki hər şey, kainatın bütün gözəllikləri, zənginlikləri, öz tükənməz qucağını açmış, dünyanı yaradan insanları, əmək qəhrəmanlarını, hər gün burada əylənən və dincələn minlərlə şən oğlan və qızları gözləyir. Budur, fəvvarəli hovuzun kənarında bir dəstə adam əyləşmişdir. Danüzü, səhərin bu oğlan vaxtında parkın bu sakitlik, səssizliyində sulara, sonalara, səhər şüalarına vurulan kim ola?Onların içində qoca da var, gənc də, kişi də, qadın da. Kimi saqqal lıdır, kiminin əlində əsası, kiminin qoltuğunda kitab, kimi gül iyləyir, kimi tamaşa eləyir. Bu müxtəlif boylu, müxtəlif geyimli, müxtəlif yaşlı adamların üzündə də, şəfəqlərdən əks olunmuş kimi, bir işıq, bir mənalı şadlıq, bir sevinc, bir məğrurluq vardır.
Poems by other poets
Badi-səba, apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver.
آتشین رویی کز او چون شمع با چشم ترمزنده خواهم شد پس از مردن گر آید بر سرم
TəcnisQəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,
Gəlir keçərEy dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,