Page 1 of 2

Möhlətov birtəhər elədi, Allahsızlar İttifaqında kargüzar oldu. Biriki ay ürəklə işlədi. Səhər hamıdan tez gəldi, axşam hamıdan gec getdi. Nə dedilər, "baş üstə" ilə dinməz-söyləməz yerinə yetirdi. Onu işə düzəldən dostu da döşünə döyüb sədrin yanında öyünürdü:

– Mən belə işçi taparam!

Möhlətov öz yerini isidəndən sonra şəxsi planlarını həyata keçirmək vaxtının çatdığını yəqin etdi. Günün birində şöbə müdirinin yanına gəlib dedi:

– Fındıqlı rayonunda Allahsızlar İttifaqının işləri yaxşı getmir. Müdir nə ilə məşğul idisə, eşitmədi, Möhlətov da bənd olmadı. Sabahısı gün qəzetləri müdirə verəndə dedi:

– Fındıqlı rayonunda işlərimiz pis gedir!

Müdir qəzetləri açmamış onun üzünə baxdı:

– Necə bəyəm?

Möhlətov bilmədi nə desin. O, müdirin konkret şeylər soruşacağını, Fındıqlıdakı nöqsanların nədən ibarət olduğunu bilmək istəyəcəyini əvvəlcədən təyin etsə idi, əlbət ki, hazırlaşardı, ya da heç ağzını açıb danışmazdı...

Bir az fikirləşib dedi:

– Oradan bizim bir tanış gəlmişdi, o söyləyirdi.

– Nə söyləyirdi axı?

– Yoldaş müdir, yaxşısı budur, sabah o adamla danışıb xəbərini sizə verərəm. Çünki, mən məna verməmişdim, əməlli-başlı soruşmamışdım.

Üçüncü gün Möhlətov müdirin yanına hazır gəldi:

– Fındıqlı rayonunda, - dedi, - yoldaş müdir, işlərimiz bərbad haldadır. Rayon allahsızlar bürosunun katibi Heydərov içib keflənib, istəyənləri üzv yazmayıb, üzvlük haqlarını, kim bilsin, neyləyib... Qərəz ki, çox işlər olub.

Müdir dedi:

– Bunu kim deyir?

– Bunu bizim adam deyir, ondan əlavə material da vardır. Rayondakı üzvlərimizdən bir neçəsi yazıb.

Müdir məruzəyə hazırlaşırdı. Möhlətovun dediklərinə də əslinə yetişməmiş inanmaq istəmirdi. Bloknotunu çıxarıb nə isə yazdı, Möhlətova dedi:

– Bu yaxınlarda Allahsızlar İttifaqı rayon şöbələrinin haqq-hesabı olacaq, təzədən seçki aparacağıq, nə ki material var, get hazırla, baxarıq.

Allahsızlar İttifaqı rayon şöbələrinin işini yoxlamaq üçün adam göndəriləndə Möhlətov özünü yırtıb tökürdü ki, "məni Fındıqlıya yazın, rayonun şəraitini bilirəm, müdirin tapşırığı üzrə oradakı şöbənin də işlərini öyrənmişəm. Orada məndən yaxşı kim iş aparacaq!.."

Möhlətov Fındıqlı rayonuna yola düşəndə elə bildi ki, anadan olandan indiyə qədər ürəyinə gələn kiçik, böyük, çətin, asan, köhnə, yeni, yaxın, uzaq, müvəqqəti, daimi, maddi, mənəvi... arzuların hamısı artıqlaması ilə həyata keçdi. Müdir onun aylardan bəri həsrətini çəkdiyi komandirovka kağızına qol çəkəndə Möhlətov elə bildi ki, ona həmişəlik səadət vərəqəsi verildi. Şadlığından qızardı, özünü itirdi, ixtiyarsız əl lərini uzadıb müdirin əlindən tutdu, bərk-bərk sıxdı. Müdir bunun mənasını anlaya bilmədiyindən dik-dik baxdı. Möhlətov öz hərəkətinin yersiz olduğunu duyub müdiri dilə basdı:

– Bağışla, yoldaş müdir, sabah tezdən çıxıram, bəlkə görüşə bilmədik. Hələlik xudahafiz!

Müdir:

– Yaxşı yol! - deyib işinə məşğul oldu.

Möhlətov şeylərini yığışdırıb idarədən çıxdı.

Poyezdə əyləşəndə Möhlətovun dodaqları qaçdı, dərin və mənalı bir gülüş onun uzun zaman dolaşıq tozlu-paslı qalan xəyallarını işıqlandırdı. O, vaqonun divarına söykənib şirin-şirin düşündü. İlk dəfə onun fikrinə gələn söz bu oldu:

"Ay yazıq Heydərov, nə durmusan, qənimin gəlir! Səmayə ilə çəkdiyin keyfləri burnundan tökməyə gələn igidi görəndə halın necə olacaq, ay yazıq!"

Möhlətov portfelini göydə silkələyəndə yanında oturan kişi heyrət elədi:

– Yoxsa bir şey itirmisiniz?

Möhlətov fikir-xəyaldan ayılan kimi oldu, "xeyr!" deyib yenə xəyal aləminə cumdu.

Möhlətovun bu fikir-xəyalatının balaca bir tarixçəsi vardır. Bu tarixçəni deməsək, onun tərcümeyi-halı yarımçıq olar.

Möhlətov indi intiqam almaq üçün getdiyi, necə deyərlər, qanını içməyə "hazır olduğu", gözünün düşməni Heydərovla cavanlıqda məktəb yoldaşı olmuşdu.

Təki heç olmaya idi!

O zaman orta məktəbdə qızlarla oğlanlar təzəcə bir yerdə oxumağa başlamışdı. Möhlətov Səmayə adlı bir ağbəniz qıza bənd olmuşdu. Qızın dalınca düşmüşdü. Onun dərsini "öyrətməyə hazır olduğunu" bildirmişdi. Teatrda, kinoda ona bilet alırdı, konsertdə ona yer saxlayırdı. Gecə vaxtı qarda, soyuqda titrəyə-titrəyə onu gözləyib, evlərinə yola salırdı. Onun adına bir bəzəkli albom yazmışdı, "S" hərfini qoluna döydürmüşdü, gecələr qızı yuxuda görürdü. "Səma" sözü olan bütün şeirləri əzbərləmişdi, hətta birini də özü qaralamışdı.

Qərəz ki, öz aləmində sevmək, sevişmək, vurulub haldan getmək üçün nə lazımdırsa, nə mümkündürsə, hamısını eləmişdi. Lakin Səmayədən müəyyən bir cavab çıxmırdı.

Tənəffüs zamanı, böyük balkonda uşaqlar gəzişəndə, dincələndə Möhlətov özünə cəsarət verib Səmayəyə yanaşardı. Dərsdən, gördüyü kinolardan, eşitdiyi romanlardan söz açardı. Səmayənin onunla tam bir mehriban yoldaş kimi danışmasından həzz alardı. Güman edirdi ki, "Səmayə məni sevməsə, belə danışmaz, hər söz başı qımışıb gülməz. Yəqin sevir! Amma sevgisini izhar edə bilmir..."

Ancaq Səmayənin cavabları onu şübhəyə salardı. Möhlətov gördüyü, ya eşitdiyi kinonun adını tutanda Səmayə onun sözünü kəsərdi, əsəri təhlil edib öz fikrini deyərdi.

Möhlətov dözə bilməzdi.

– Bəs kinoya gedəcəkdin, niyə demirdin, bir yerdə gedərdik...

Möhlətovun bu sözünə qarşı Səmayə belə deyərdi:

– Heydərovla gedirəm. O, rusca da yaxşı bilir, başa düşmədiyim yerləri deyir.

Heydərovun adını eşidəndə qısqanclıqdan Möhlətovun alın damarları şişdi. "Necə yəni, Heydərov... Bəyəm, mən burada ölmüşəm?"

Onu fikir götürdü. Bir istədi, bıçaq götürüb Heydərovun yolunu kəssin. Bir istədi nə dinsin, nə danışsın, Səmayənin gözünün qarşısında aralığa salıb Heydərovu möhkəm əzsin, elə hörmətdən salsın ki, Səmayə deyil, heç bir qız ona yaxın durmasın...

Hirsi soyudumu, məktəbdən qovulacağından, biabır olacağından qorxdumu, Heydərovun özündən çəkindimi, nəsə... fikrini dəyişdi. Dərsi yarımçıq buraxıb evlərinə getdi. Qırmızı mürəkkəblə bir, qara mürəkkəblə də bir məktub yazdı.

Qırmızı mürəkkəblə yazdığını belə bir xitabla başlayırdı:

"Həyatımın telləri qədər sevdiyim Səmayəciyimə..."

Möhlətovun belə məktublar yazmaqda xüsusi məharəti vardı. Ona görə nə plan tökdü, nə qaralama yazdı. Qələmi əlinə alan kimi, odlu cümlələr öz-özünə kağıza tökülməyə başladı.

Əvvəlcə Səmayəni əzizlədi, sevgisinin tarixini yazdı, "əbədi" olmasına and içdi. Sonra "Heydərov məsələsini" açdı. Bunun bir xəncər kimi öz ürəyinə sancıldığını dönə-dönə təkrar etdi və ondan "qəti olaraq uzaqlaşmağı” tapşırdı. Məktubun axırını bəzi kargüzarların təliqəsi kimi qurtardı:

"Əksi təqdirdə ikimizdən birimiz yaşamayacaqdır! Ya Heydərov, ya Möhlətov!"

Qara mürəkkəblə yazdığı kağızı Heydərova yazdı. Onu bərk hədələdi: "Başın bədəninə ağırlıq etmirsə, Səmayədən uzaq ol! Cavansan, özünə yazığın gəlsin!.." Buna imza da atmadı. Məktubların hər ikisini poçta saldı.

Bu əhvalatdan on-on beş gün sonra Möhlətovu Profkoma çağırdılar. Yazdığı məktubları ona göstərdilər və bunlarla nə demək istədiyini soruşdular...

Profkomun iclasında on bir nəfər adam vardı. Səmayə özü də orada idi, çünki Profkom üzvü idi.

Sədr üzünü Möhlətova tutub soruşdu:

– Yoldaş Bilal Möhlətov, bu məktublarla nə demək istəyirsiniz və buna nə ad qoymaq olar?

Möhlətov gözlənməz bir hadisə ilə qarşılaşdığı üçün özünü itirdi, dinəcəyi olmadı.

Sədr Səmayədən soruşdu:

– Bəlkə, yoldaş Səmayə, sizin Möhlətovla doğrudan da yaxınlığınız vardır? Bəlkə ona söz vermişsiniz, o da sizə arxayın...

Səmayə sədrin sözünü kəsdi:

– Mənim Möhlətovu görəcək gözüm yoxdur və olmayıb. O, bir məktəb yoldaşı kimi tənəffüslərdə mənə yanaşıb dərs soruşanda, söhbət eləyəndə mən də adam kimi cavab vermişəm. Onun ürəyində belə bir güman olduğunu bilsəm, heç üzünə də baxmazdım. O hara, mən hara! Getsin tayını tapsın!..

Səmayə bu çıxışı ilə Möhlətovun ağzını elə qaytardı ki, daha sədrin deməyə sözü qalmadı. Möhlətov qulağının dibindən qızardı, burun qanadları açıldı. Qalxıb papağını götürdü, dalına baxmadan getdi.

Möhlətovu divar qəzetində də möhkəm bəzədilər. Adı dillərə düşdü, adam içinə çıxa bilmədi. Dostları ilə dərdləşəndə demişdi: "Bu dərd məni dəng elər. Heydərovu sağ-salamat yaşamağa qoysam, atamın oğlu deyiləm! O, Səmayə əvəzinə burnunun ucunu görər..." Dost da Möhlətovun sirrini saxlamadı, onun dediklərini bir də qəzetə yazdılar. O oldu, Möhlətov bir də nə Səmayənin, nə də Heydərovun adını çəkdi.

Heydərovla Səmayə evləndilər, məktəb yoldaşlarını çağırdılar, dəsgahlı bir toy elədilər.

Möhlətov bunları eşitdikcə içindən yanır, qovrulurdu. Amma üzə vurmurdu. Zahirdə eşitməzliyə, saymazlığa salırdı, ürəyində isə fürsət axtarırdı. Onun bəxti gətirdi, on il sonra olsa da, belə bir fürsət əlinə keçdi.

O, yol uzunu fikirləşirdi. Ürəyində ölçüb-biçirdi, "Heydərovun xoruzunu qoltuğuna vermək" üçün plan tökürdü:

"Bir təhkimçi kimi Heydərovun işlərini yoxlayaram. Həlbət bir tutarlı yer taparam. Tutarlı yer olmasa da, xırda nöqsanları yığışdırıb cəmləşdirərəm. Yaxşı danışan uşaqlardan bir-ikisini də kənara çəkib öyrədərəm. İclasda o ki, var Heydərovun cəmdəyinə döşəyərəm. Ondan sonra, həlbət ki, Allahsızlar ittifaqı bürosuna yeni kandidatlar qoyaram. İclasdakılar mənim sözümdən çıxmaz. Özümü də büro üzvlüyünə salaram. Sonra iclas adından belə bir xahiş də düzəltmək olar: "Rayonda Allahsızlar ittifaqının işlərini möhkəmlətmək üçün yoldaş Mövlətovun həmişəlik bizim rayonda qalmasına icazə verilməsini ittifaqın mərkəzi bürosundan xahiş etməli... Belə bir əsas olsa, mənim özümü rayon şöbəsinə rəhbər təyin edərlər. Heydərov da gedər öz işinə. Səmayənin ağlı olsa, mənim belə irəli getdiyimi görən kimi köhnə ərindən iyrənər... Mən özüm də ona yazaram, bildirərəm ki: "Mənim sabiq sevgilim, qorxma, ağuşuma gəl. Günahlarından keçərəm, gəl!.."

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Naxış

Yəqin ki, siz də ikimərtəbəli daş binanın dəhlizindən ötür, izdihamlı hərəkəti görür, uca səqfin hər tərəfindən uğuldayan sərin küləyin yeknəsəq səsini eşidirsiniz.Kənarda asqıların qabağında bir əlini qartal caynağı kimi məhəccərə söykəmiş, bir əli göy xalatımn cibində hazır dayanıb adamları qarşılayan, yola salan, paltarları, papaqları ehmalca "yallah" deyib təqdim edən arıq, ortaboylu, qarayamz, nimdaş libaslı qadını tanıyırsınız.

9 min
Ürəkdə yazı

Bizim analar qızlarına ad verəndə gülləri, çiçəkləri unutmurlar: bənövşə, qərənfil, yasəmən, lalə, nərgiz, sünbül, süsən və habelə.Bu adları eşidəndə sevinirsən. Sahibini görməsən, tanımasan da sevinirsən, bağ-bağata, gülzara, laləzara düşmüş kimi, bahar havası duyursan.

9 min
Xəcalət

Ala-bəzək geyimli cavan bir oğlan əlində kağız bükümü, gilas yeyə-yeyə, ətrafına baxa-baxa şəhər bağından ötürdü. Axşamdan xeyli keçmişdi, xiyaban o qədər sakitlik idi ki, ağır, ahəngdar addımlardan, döşəməyə düşən tumların səsindən başqa heç nə eşidilmirdi, cavan oğlan hər gün buralardan keçsə də, nadir hallarda belə sükut görərdi.Səhər buradan işə gedəndə xiyabanı şüşə kimi tərtəmiz gördü. Sanki kimsə hamıdan tez durub xiyabanları silib-süpürmüşdü ki, adamlara xoş olsun.

1 min
Sancaq fabrikində

Direktor:– Xoş gəlmisiniz! Kitab xadimləri nə əcəb bizi yada salıblar!

1 min

Poems by other poets