Ləyaqət
Yazbaşı bizim yerlərin səfası birə-min artır. Düz yolun sağında-solunda ucalan palıd, çinar, qoz ağacları səmada baş-başa verir, yaşıl don geymiş bahar bayramı üçün salamlaşırlar. Arxlardan axan dağ suları pıçıldaşır, çiçəklər aləmə ətir saçır, maşın şumal asfalt üzərində süzüb getdikcə adam həsrətini çəkdiyi gözəl təbiətdən doymur.
Bu dəfə biz dağ kəndlərindən birinə yubileyə gedirdik. Kənd məktəbinin yetmiş beş illiyi bayram edilirdi.
Üç yoldaş idik. Biri Zahid müəllim, bu məktəbin ilk şagirdlərindən idi. Mən bu məktəbin sovet dövründə ilk müdiri olmuşdum. Üçüncü yoldaşımız da maarif naziri Qəmərli yoldaş idi. Bu xoş səfər hər üçümüzün ürəyindən idi. Çünki adətən yubileylər, təntənələr çox zaman mərkəzdə, şəhərlərdə keçirilir, kənd məktəbləri, məktəbliləri bizim çox görüb yorulduğumuz, adi bildiyimiz mənzərələri görmür, həsrətini çəkirlər. Bir də ki insan öz uşaqlığını keçirdiyi məskənlərə qayıdanda keçmiş günləri daha canlı xatırlayır və xüsusən, bir zövq alır. Keçdiyimiz yerləri, sıra dağları, tək ağacları, qoşa bulaqları gördükcə, bir-birimizə macal vermir, hər kəs öz gəncliyindən şirin-şirin danışmaq istəyirdi.
Əhvallı yoldaşlarla olan belə səfərlərdə söhbətlər, xatirələr - hətta mübahisələr çox, həm də maraqlı olur. Nədənsə adam çox zaman işdə, iclasda bir-birinə demədiyi, xətir-könül üçün udduğu sözü belə səfərlərdə udmur, çəkinmədən deyir.
Nazir yoldaşımıza müraciətlə dediklərim lap elə belə sözlər idi:
– Məmməd müəllim, sizin nazirliyin işlərinə, əlbəttə ki, mən yaxşı bələd deyiləm, qiymət vermək istəməyim də, üzlülük olar. Onu da bilirəm ki, bu çox böyük, çox da mürəkkəb və gələcəklə, keçmişlə bağlı bir nazirlikdir. İşi də əhatəli və çətindir. Burada işləyənlərin hünərli, davamlı-dözümlü adamlar olduğu da mənə gizli deyil.
Nazir bu müqəddimənin dalınca tənqid gələcəyini, deyəsən, duymuşdu. Sakitcə, diqqətlə qulaq asırdı.
– Amma bəzən sizin sahənizdə təəccüblü şeylərə rast gəlirəm ki, onu, doğrusu, başa düşə bilmirəm.
Məmməd müəllim, doğrudur, indi nazirdir, özü də hörmətli nazirlərdən biridir. Çox güman ki, bəziləri maarif işlərinin qüsurları haqqında onun yanında danışmağa ehtiyat edirlər. Ancaq mənim onunla aram açıqdır, uşaq vaxtı bir məktəbdə oxumuşuq, xoş və ağır günlər keçirmişik. Bir-birimizi yaxşı tanıyırıq.
– Təəccüblü şeylər, yəqin ki, siz işimizdəki qüsurlara deyirsiniz.
– Qüsur öz yerində, ancaq anlaşılmazlıqlar da var.
Nazir bu sözdən tutulan kimi oldu, qalxıb təzədən oturdu, alnının qırışlarını sığalladı və dedi:
– Maarif işlərində qüsurlar, həm də böyük qüsurlar olduğu mənə məlumdur. Bunların səbəbi də məlumdur. Siz anlaşılmazlıqlar dediniz var, bu nə olan şeydir, danışın eşidək.
– Başağrısı olar!
– De gəlsin!
– Bir az uzun söhbətdir.
– Əşi, işimizin adı nədir, de görüm, maraqlıdır?
Mən sözümü təkrar, yeni bir müqəddimə ilə başladım. Çünki əhvalatın özünü başdan danışmaq lazım idi.
– ...Məmməd müəllim, özünüz müəllim olmuşsunuz, tələbəyə düzgün qiymət vermək bilirsiniz nə deməkdir.
– Tələbəyə düzgün qiymət, dərsin də, müəllimin də meyarıdır.
– Düzgün qiymət vermək müəllim üçün çox çətin işdir.
– Əlbəttə ki, asan deyil.
Mən bir qədər sükut etdim, dirsəklənib yerimi rahatladım, sözümün maraq doğurduğunu hiss etdim, səsimin ahəngini dəyişdim.
– Müharibə təzəcə qurtarmışdı, qırx altı, ya qırx yeddinci il idi, keçən gündür, yaxşı xatırımda deyil, universitet məzunlarına rayonlarda çox ehtiyac var idi. Buraxılış zamanı mən bir tələbədən imtahan götürürdüm.
Tələbəni əvvəldən tanıyırdım. Bilirdim ki, babat oxuyandır, necə olsa, məndən qiymət alacaq. Biletdəki suallara tələbə cavab verəndə mən yuxudan ayılan kimi oldum. Gördüm ki, tələbə ədəbi-fəlsəfi mətləblərə yüksək nəzəri səviyyədən, özü də orijinal misal və sübutlarla yanaşır, elmi hökmləri dürüst sayır, məntiqlə qəşəng danışır. Bu cavablar babat oxuyan tələbənin cavabına heç oxşamır.
Misal var, deyir, atm gücünə baxıb yük çatarlar.
Mən əlavə suallar verdim, onlara da qəşəng cavab aldım. Lap inandım ki, tələbə çox hazırlıqlı, mühakiməli, həm də müstəqil mühakiməli müasir - əlaçı tələbədir. Bu məni çox sevindirdi. Məyus edən cəhət o idi ki, niyə bunu yaxşı tanımamışam. İlk semestrlərdə necə olub ki, bu, mənə orta səviyyəli, birtəhər sürünüb çulunu sudan çıxaran tələbə kimi təsir bağışlayıb?
Tələbə şirin danışdığı, misal təhlil etdiyi yerdə mən yavaşca onun zaçot kitabçasının ilk vərəqlərinə diqqət yetirirdim. Baxırdım, görüm birinci kursda bu məndən nə kimi qiymət almışdır.
Özündən əvvəlki nömrələrə baxıb tələbəyə qiymət yazmaq müəllim üçün böyük qəbahətdir. Öz dərsini, sənətini sevməyənlər, yoxlamada özünü zəhmətə salmaq istəməyənlər, tələbəsini tanımayanlar belə hərəkət edə bilərlər.
Belə müəllimə tələbənin də ehtiramı olmaz. Mən bu dəfə qəsdən zaçot kitabçasını bir dekan kimi nəzərdən keçirməyə məcbur oldum, çünki aşkar görürdüm ki, yanılmışam, tələbəyə haqsızlıq eləmişəm. Tə ləbə də nəcib, mərifətli olub səsini çıxarmayıb. Nömrə davası döyən gənclər var axı!
Mən burada təəccüblü bir mənzərə gördüm. Tələbə bütün dərslərindən, bir mənim dərsimdən başqa əla almışdı. Mən o zaman buna üç vermişdim.
İndiki cavabları isə üçə yox, beşdən də yuxarıya layiq idi.
Yalnız tələbəyə yox, cəmiyyətə haqsızlıq eləmişəm. Böyük olsun, kiçik olsun, hər hansı bir cəmiyyətin ləyaqəti orada adamların ləyaqətinə görə qiymət alması ilə ölçülür. Bu məni düşündürürdü. Necə olub ki, bu cür haqsızlıq etmişəm?
Əvvəlcə fikirləşdim ki, beş yazım getsin. Sonra dedim yox, əgər belə bir haqsızlıq olubsa, səbəbini öyrənməliyəm. Bu çox maraqlıdır.
– Birinci kursda sizə neçə vermişdim?
– Üç!
– Başqa dərslərdən?
– Hamısından beş idi.
Mən əlimdə qələm quruyub qalmışdım, pis vəziyyətdə qalmışdım. Bir tələbəyə, bir kitabçaya baxdım, başımı aşağı saldım. Tələbə görürdü ki, mənim deməli sözüm var. Hiss edirdi ki, onun qarşısında bir növ utanan kimiyəm.
Yenə tələbə nəcabətini büruzə verdi, günahı öz boynuna götürdü.
– Müəllim, olur da, adam yaxşı hazırlaşmır, proqramı əhatə edə bilmir...
O da mənə aydın idi ki, bugünkü cavablar əzbərçinin cavabı deyil, elmin əsaslarını möhkəm bilən, ixtisasını, dərsini sevən bir gəncin cavablarıdır. Mən kitabçadakı üçü göstərib açıq ürəklə tələbəyə müraciət etdim:
– Bəs nə təhər olub?
– Cavablarım zəif...
– Niyə zəif olub?
– Görünür, yaxşı hazırlaşa bilməmişəm.
Nə başınızı ağrıdım, tələbə Ləyaqət adlı ucaboy bir oğlan idi, adı da özünə layiq. Onun qabağında yaxşıca qızardığımı və kiçildiyimi hiss etdim. Qırx il müəllimlik etdiyim müddətdə belə utanmamışdım ki, utandım.
Məmməd müəllim mənim dərdimə şərik oldu.
– Ondan ağır vəziyyət yoxdur, şagird ki müəllimin bir qəbahətini gördü, daha onu nə sevər, nə də ona inanar.
– Hələ dayan, sözümün canı var, mətləb başqadır.
– Buyur, qulaq asırıq.
– Mənimki axırıncı səhv olsaydı, dərd yarı idi. Sonradan təyinat zamanı lap pis oldu. Yazıq tələbə haqqında daha böyük bir haqsızlıq oldu. Universiteti güc-bəla ilə birtəhər qurtaranlar şəhərdə texnikumda, orta məktəbdə müəllim qaldılar. Ləyaqəti isə ən uzaq kəndlərdən birinə ibtidai məktəbə müəllim təyin elədilər. Orada da ixtisas dərsi olmadı, yazıq, aşağı sinifdə məşğələ aparmağa məcbur oldu.
Məmməd müəllim inanmaq istəmədi:
– Bəlkə, həmin rayonda boş yer yox imiş!
– Ləyaqətin ən pis oxuyan yoldaşlarından birini məktəb müdiri təyin elədilər.
Nazir dik-dik mənim üzümə baxdı:
– Doğrudan belə olubsa, çox təəccüblüdür.
– Elə mən bunu deyirəm də! Buna təəccüb eləyirəm ki, sənin kimi ayıq, təcrübəli bir nazirin gözü qabağında da belə işlər olur, necə olur, bunun səbəbini bilmirəm.
Nazir yerindən qalxıb dik oturdu, qəti cavab verirmiş kimi, mənə tərəf əyildi və ucadan soruşdu:
– Tələbənin adı nə idi?
– Ləyaqət!
– Famili nədir onun. Rəsulov deyil?
– Rəsulov!
– Ucaboy, qarasaç oğlandır.
– Ucaboylu, qarasaç.
– Qardaş, deyəsən, mən onu tanıyıram axı!
– Şəxsən tanıyırsınızsa daha pis!
– Tanıyıram. Qabaqtəpə məktəbindən.
– Özüdür, sakit təbiətli bir oğlandır, yoldaşlarından xəbər tutmuşam ki, indi Qabaqtəpə kənd məktəbində müəllimdir.
– Müəllim idi!
– İdi?
– Bəli, idi! İndi orada işləmir.
Mən fikirləşdim ki, görəsən, Ləyaqəti hara dəyişiblər?
– Necə, bəyəm?
Bayaqdan Məmməd müəllimin bulud kimi tutulan üzü yaz səması kimi açıldı, dodaqları qaçdı. Sevinc xəbəri verən və ya düz yol göstərən bir işıq kimi parıldayan balaca gözlərini üzümə zilləyərək başladı:
– Dayan, - dedi. - Müəllim, sən başlayan əhvalatın dalısını mən deyim. Məlum olur ki, siz hadisənin əvvəlini bilirsiniz, axırından xəbərdar deyilsiniz. Qabağında utanmağa məcbur olduğunuz gənc müəllim bu saat nazirlikdə çalışır, yaxşı da çalışır. Ləyaqət indi, məktəb şöbəsinə rəhbərlik edir.
– Nə danışırsan, əşi?!
– Bəli, Ləyaqət Rəsulov məktəb şöbəsinin müdiridir. Zirək, od parçasıdır. Nazirlikdə onu tanımayan yoxdur. Özünü də şəhər sovetinə, deputatlığa namizəd vermişik.
Nazir bu xəbəri elə sevinc və ürək rahatlığı ilə dedi ki, mənim sükutla, təəccüblə qulaq asdığımı görüb təkrar-təkrar təsdiq etdi ki, mən bilmədim, nə cavab verim.
– Bəli, bəli! Ləyaqət ləyaqətli cavandır və sizə də təşəkkür edirəm ki, elə gənclər tərbiyə edibsiniz.
– Eh, qardaş, bu əhvalat haçan olub?
– Lap bu il, məktəblər açılandan bir ay sonra...
Mən həmin əhvalatın təfsilatını danışmağı Məmməd müəllimdən xahiş etdim. O da məmnuniyyətlə danışdı:
– Məktəblər açılanda Mərkəzi Komitənin işçilərindən biri müəllimlər konfransında iştirak eləyir. Ləyaqətin nitqini eşidir, məktəbinə gedir, işi və planı ilə tanış olur. Sonra məktəb şöbəsinə adam axtaranda Ləyaqətin namizədliyini irəli sürdülər. Onu tanımayanlar dodaq büzürdülər. Şəhərə çağırmalı olduq. Ləyaqət hamımıza xoş təsir bağışladı, cavanlığına baxmadıq, onun hazırlığı, mərifəti, pedaqoji məlumatı, iş qabiliyyəti bizi təmin etdi, cəsarətlə irəli çəkdik. İndi onun məktəblərə rəhbərliyini görənlər deyirlər: "Ləyaqət kəşfdir."
– Doğrudan kəşfdir. Mən onun gələcəyinə, inkişafına çox ümid bəsləyirəm, məktəblərimizin belə adamlara ehtiyacı çoxdur. Ləyaqət sizin kimi qocaman müəllimlərin ləyaqətli xələflərindəndir.
Nazir mənim giley-güzarıma şərik olub deyirdi:
– Adam tanımaq, seçmək, ləyaqətə görə yer göstərmək barəsində bir bizdə yox, başqa nazirliklərdə də belə səhvlər olur. Olur, ancaq bu səhvlər uzun sürmür, tez üstü açılır. Əfəl adam məsul bir işə qoyulanda görürsən, yüz yerdən səs gəldi, etiraz oldu, ya da, siz deyən kimi, ləyaqətli bir yoldaş unudulanda kütlə görür. Görür və deyir. Bizim vəzifəmiz kütlənin dediyinə diqqətlə qulaq asmaqdır. Kütlə heç bir zaman yanılmır, özü də hər kəsə obyektiv qiymət verir. Kütlənin qiyməti sovet adamı üçün meyardır. Kənardakılar işimizə daha düzgün qiymət verir. Ləyaqəti də bizdən qabaq kütlə gördü və tanıdı. Onu xalq irəli çəkib.
– Xoşxəbər olasan, Məmməd müəllim, mən gərək qayıdan kimi onu təbrik eləyim.
– Ləyaqət buna layiqdir, eləyin!
Kitabxana.az · https://kitabxana.az/en/works/mir-celal-leyaqet
Use ← → keys to move, R for a random poem
More by this author
Keçiyevi redaksiya qapılarında tez-tez görmək olurdu. Məlum idi ki, onun yazmaq, çap etdirmək təmənnası var. Bir-iki dəfə yazısını təqdim eləmişdi, ancaq cavab çıxmamışdı. Öyrəndi ki, Yazıçılar İttifaqı mətbuatda görünmək üçün ən yaxın və asan bir yoldur. Orada xüsusi şöbələr, adamlar var, yazanlara məsləhət verir, kömək və hörmət edirlər.Keçiyev buraya da neçə ay ayaq döydü, amma bir şey çap etdirə bilmədi. Dramanı çətin, tənqidi xatalı, şairləri çox görüb nəsrə keçdi. İlk hekayəsini gəlib-gedənə oxudu. Eşidənlər yorulsa da, o, yorulmadı. Günlərin birində yenə adəti üzrə səhər çayını içəndən sonra özünü Yazıçılar İttifaqına, konsultantın otağına saldı. Bu gün orada adam çox, söhbət şirin idi. Aqil adlı bir toxucu gəncin istehsalat mövzusunda hekayəsi oxunurdu. Əsər qurtarandan sonra yerbəyerdən təriflədilər, çapa layiq gördülər. Seksiya rəhbəri zəng edib soruşanda həvəskarlar yeni hekayənin məziyyətlərindən danışdılar. Seksiya rəhbəri telefonda Aqili təbrik elədi, hekayəni bu nömrədə çap etmək üçün tezliklə redaksiyaya təqdim etməyi tapşırdı.
Mən deyənAdamın imkanı olaydı, adını özü qoyaydı, dəftərə, pasporta da özü salaydı. Yoxsa mənim kimi?Rəhmətlik atam mənə ötəri bir ad qoyub! Əmirqulu. Başı ağa, ayağı nökər! İkimərtəbə, özü də başı bir cür, ayağı ayrı cür. Hərə bir ucundan yapışıb çəkir. Axırda Qulu sözü olmasaydı, hansı köpəkoğlu məni o cür çağıra bilərdi? Dünənin uşağı məni Qulu çağırır.
Mən necə həkimlik öyrəndimQəzetçilər demişkən, bunu həyat özü mənə öyrətdi. Başağrısı olsa da, əhvalatı başdan danışım.Mənim Tağı deyilən bir yaxşı qonşum var, sizdən uzaq olmasın, aramız lap yaxındır. Bu da qohumluq, dostluq mənasında yox, tarixi yaxınlıqdır.
Qulluqçu haqqında(Uşağın təsəvvürü)*Rüstəm xoşbəxtdir. Oturanda yatır. Mənim heç yuxum gəlmir, amma Rüstəm durduğu yerdə yatır. Bir dəfə polu qaşıyanda yuxulamışdı. Nənəm üstünə qışqırdı, oyatdı, yenə tələsə-tələsə polu qaşıdı. Qaşıdı, qaşıdı, birdən dayandı, başladı xoruldamağa. Nənəm yaxasına su tökdü, oyandı, işlədi.
Poems by other poets
Can ilən canan, deyillər, can təmənnasındadır,Baş verrəm, bilsəm ər, canan təmənnasındadır.
Şahpalut"Şahpalut" necə xoşca yaraşır aş üstə,Odə çox xoş yazasan göndərrəm baş üstə
Füzuli bu ulu yurdun ulusuFüzuli bu ulu yurdun ulusu,Kim ondan konuşmaz könül dolusu?
NeylimBahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.