Peşmançılıq
Page 2 of 4 · 25%
III
– İmam zühur eləyib.
Bu xəbərlə mahala, bütün kəndlərə bir şübhə yayılmışdı. İlk dəfə molla, azançılar və onların ardınca qoca arvadlar, Sovet hökumətindən "gileyli" kəndlilər imamın ziyarətinə çıxdılar.
Qayıdanların deməyinə görə, Bitdilidə zühur eləyən imam, indiyəcən gəlib-getmiş imamların, hətta peyğəmbərlərin əlini taxtaya bağlayıb. Bir sözü iki deyil. Gözünün ucu ilə işarə edib: "D ağıl!"- desə, yeddi yeri, yeddi göyü bir-birinin üstünə tökər, bir bəşər salamat qalmaz. İmam bu qüdrətini göstərmir, göstərmək də istəmir. Çünki hələ yer üzündə "Allah" adı çəkən var, hələ hamı bolşevik olmamış. Hələ oruc-namaz bilən var...
Dünya xali deyil. Hələ pinəçi Məşədi Əhməd kimi gecədə 7 rükət qəza namazı qılan, Asta xala kimi sutkada yezidə 33 təsbeh lənət oxuyan, Buxaxlı kimi tək səbir gələndə yolundan dönənlər var. Nikolay yüzlüklərini Mirzəkərim kimi sandıqda saxlayıb əzizləyən, baxdıqca ah çəkən var. Yer üzündə hələ Ağaələsgərin xaki eşşəyi və özü kimi əməlisaleh məxluq var.
Bu eşşək - Allahın fağır məxluqu, yolda bir komsomolçu görən kimi fınxırıb üzünü yana çevirər, "m əlunların" üzünə baxmaqla özünü günaha batırmaq istəməzdi. Ağaələsgər nəslində görmədiyi belə fazilliyi eşşəyində görəndə onun qabağına keçib, üzündən, gözündən öpdü və onun dərgah qapısında sallanan yekə başına and içdi ki, özü də komsomolçuların üzünə baxmasın. O, eşşəyi ilə özü arasında qoyduğu bu şərti, əhdü-peymanı təsdiqlətmək üçün üzünü göylərə çevirdi və əllərini qaldırıb, "sidq-dil" ilə Allahından istədi:
– Pərvərdigara, qiyamətin günündə məni bu günahsız, xoşbəxt məxluqdan ayırma! Bu dünyada bu mənə xidmət edib, o dünyada da mən həqiri buna xadim ver. Bu dünyada mənim ağırlığımı bu çəkib, o dünyada da bunun ağırlığını mənim belimə yüklə. Ta ki bunun xeyir-duasının sayəsində mən də bir parça feyz alım...
Bəs dünyada belə-belə məxluq var... Yer üzünü dolduran milyonlarca dinsiz, imansız bolşeviklər-kolxozçular, komsomolçular, injenerlər, müəllimlər varsa, Ağaələsgər kimi və onun fazil ulağı kimi mömin məxluq da var.
Deyilənlərə görə, imam ilk gündən öz qüdrətini inanmayanlara göstərmişdi. ziyarətə şapkalı gələnlərin "başı ağrıdı, çatlayanı da oldu. Əlində kitabı olanların bir yanı qapqara yanıb kül oldu." İmama gülənlərin ağzı əyildi, oraq kimi əyildi, dili daş kimi bərkidi. İnanıb gələn kor, şil, kar, uşağı qalmayan, ərindən boşanan, arvadından küsən, kişiliyi olmayan... hamısı həkimsiz, reseptsiz, apteksiz, dərmansız bir-bir növbə ilə davasını aldı, şəfasını tapdı, geri qayıtdı. Ziyarətçilərin ilk dəstəsi belə müvəffəqiyyətlə" qayıdandan sonra kəndlərə hay düşdü.
Araba qoşan, at yəhərləyən, qatar biletinə növbəyə duran kim, çarığını ayağına çəkib, itlərdən qorunmaq üçün əlinə ağac alan kim (bunlar sonradan anladılar ki, ağac götürmək nahaq yerə imiş. Ziyarətə gedənlərə itlər hürmür, canavarlar yaxın gəlmirdi), palçıqlı yollar ilə piyada dəhmərləyən kim...
Günlər kəndi yol üstə idi. Dəstə-dəstə adamlar gəlib ötdükcə kənddəkilərin ruhu atdanırdı. Əmioğlu Əkbər əhvalatı eşidən kimi hazırlaşdı. Hamıdan tez işə düşdü. Səfərdən, kolxoz heyətindən ehtiyat etsə də, ürəyi döyünür, ağanın qəzəbindən qorxub titrəyirdi.
Səhər yerindən qalxdı. Sacda qızdırdığı çörəyi qatığa batırıb yeyir, fikirləşirdi: "Bu nə olan işdir görəsən, ilahi? İmam da zühur edərini?.. Bu imam Məkkəni, Mədinəni qoyub, Bitdiliyə niyə gəlib çıxıb?"
Bu şübhə onun ürəyindən xəfif bir külək kimi ötəndə bədəni əsdi, gözü önündə qaranlıq görüb, "əstəğfur!" - dedi. Sonra: - Sənin qüdrətinə şəkkakə lənət, - deyə, qəlbindəki şübhələri silib atmaq istədi. Ziyarəti özünə vacib sayıb, çarığını geydi. Arvadını oyatmaq istədi. Səhər artel üzvləri arx təmizləməyə gedəsi idilər. Briqadir çoxdan qapısını döyüb oyatmış, ötmüşdü. Əkbər yerində donmuşdu: "Ziyarətə, imamdan şəfa istəməyə, çaş gözünü sağaltmağamı getsin, yaxud beli götürüb, arxların canına düşsün?.."
Səfərin dünən axşamkı söhbəti qabağında durub, "olmaz!" - deyirdi. Bunları xatırlayanda onun ziyarətə, imama, möcüzə bəslədiyi ümid və xəyallar uçub gedirdi. Ürəyində mənalı bir boşluq hiss edir, hərəkətlərini sustaldırdı.
Qapı cırıldadı. Buxaxlı içəri girdi. O, məhrəm ailədə imiş kimi, Ək^ bərin qulağına tərəf əyilib, pıçıltı ilə soruşdu:
– Xəbərin yoxdur ki, Şükür imama güllə atdığı yerdə çatlayıb ölüb...
– Nə deyirsən, əşi!
– Sən öləsən! İndicə bu saat kənd bir-birinə dəyib. Bir kişi qalmadı. Hamı yola düzəldi. Alı kişi özü də getdi.
– Bəs arxları kim...
– Eh, rəhmətlik oğlu! Nə arxbazlıqdır! Qiyamət qopur. Həzrət kolxoz adı çəkəni qaraldıb külə döndərir. Mən getdim, yığışdır uşaqları, haydı!.. Yubanma!
Əkbərin canındakı qorxu daha da şiddətləndi. Özünü itirdi. Bu gecikməsinə ağadan qəzəb çəkəcəyini xəyalına gətirdikcə qızarır, dil-dodağı quruyur, tövbə də deyə bilmirdi.
– Maya, Maya, qalx! İmama gedirik!
Neçə gün ziyarət üstündə kişi ilə dava eləyən Maya sevincək ayağa qalxdı. Əri getməsə də o, özü hazırlaşırdı. Ağasına nəzir üçün "nazik" də bişirmişdi.
– Deyəsən imana gəlmisən, hə? Ağamı yuxuda görmüşəm. Pul da götür!
– Pulu neynirsən?
– Necə neynirsən, ağamın türbəsinə sürtəcəyəm, bərəkətə gəlsin.
Kişinin beyninə batdı. Mayanın tədbirindən razı qaldı. Beş gün əvvəl ipək almaq üçün kənd təsərrüfat bankından borc götürdüyü iki yüz əlli manatı dəsmala bağlayıb, cibinə qoydu.
Əkbər, savabı çox olsun deyə, piyada yollandı. Çəpərlər arasına çatanda doqqazda səs var idi. O, divara qalxıb boylandı. Alı kişinin əlində dəftərçə kəndlilər ilə danışdığını gördü. Onların nə üçün imama getmədiklərinə təəccüb etdi. Çəpərlərdən düzlüyə çıxanda komsomolçu Müslümün küncdə durduğunu və əlində qələm nə isə yazdığını gördü.
Əkbər onu görəndə qorxdu və adamlarda bu qədər sərt ürək olmağına təəccüb elədi. "Nə olur-olsun, daha mənimki keçdi", - deyə yönəldi. Vağzal yoluna çıxanda qonşu kəndlilərdən birisinin arabasına oturdular.
Kitabxana.az · https://kitabxana.az/en/works/mir-celal-pesmanciliq
Use ← → keys to move, R for a random poem
More by this author
Dünyada hərənin bir həvəsi, bir adəti olar. Bostançı Salman əminin də adəti belə idi: ürəyi yandığı adama əlindən gələni əsirgəməzdi.Bir gün bostamn qırağında, yol ağzında dayanıb nəyi isə düşünürdü. Günorta yerinə qalxmış günəş düz onun açıq başına döyür, tunc kimi qırmızı alnı işım-işım işıldayırdı. O, nədənsə birdən-birə əli ilə gözünü günəşdən qorudu, xəyalına nə gəldisə, dönüb yerə baxdı, bir şey itirmiş kimi, yolun o yan-bu yanma gedib-gəldi, çarıqlı ayağı ilə bərk torpağı eşələdi də.
İgid oğlan1Zavodun meydan kimi böyük, bağ kimi hasarlı həyətinə minlərlə adam dolmuşdu. Mühüm bir işin müzakirəsinə yığılan şad, igid oğlanların, gözəl və sağlam qızların iti və gülər gözləri tribunaya dikilmişdi. Danışanlar, fatehlər kimi tribunaya qalxıb-enirdilər. Staxanovçu Leyla əllərini kürsüyə söykəyib, tez-tez danışır, başındakı qırmızı ləçəyin ucları yaz küləyindən qızılquş kimi qanad çalırdı. Leylanın nazik, gümüş kimi saf səsi qulaqlardan getməmiş Seymur dayının enli və qabarıq sinəsi tribunada heykəl kimi göründü. Onun dalınca bir komsomolçu söz aldı. Montyor İlyas şüar deməyə tələsirdi.
Vətən oğlu1Mənim nə dərdim vardı? Yalnız ailəmin, ata-anamın razılığını almağı düşünürdüm.
Hilal dayıLəklərin arasında pişik kimi kiçik və boz bir şey tərpənir. Yaxın gedəndə görürsən, belini düzəltdi və başı ilə salam verdi.– Ay Hilal dayı, qışın günündə soyuqda nə gəzirsən burada. Yorğanı başına çəkib isti evdə rahatlana bilmirsən?
Poems by other poets
Dağıldı getdi, vay, dədə, əcəb, cəlalı mollanın,Hanı o köhnə hörməti, hanı o halı mollanın?
KönülAh-ü-zar çəkməkdən, qan ağlamaqdan,Dərdimi yetirdin səksənə könül,
AxtıAxtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,
Ayağa dürüstƏrzi-şikayətim var qulluğuna,Mültəfit ol deyim, ay Ağa, dürüst.