Salam
Vağzal səkisinin enli, daş pilləkənlərindən enib uzaqlaşanda, köç yolunun başına çıxanda Salamın ürəyi döyündü. Buraya iri, yeyin və bərk addımlarla yeriyərək, ətrafındakı hər şeyə etinasız olan ucaboy gənc əsgər atəşi azalmış maşın kimi yavaşıdı və yerişini dəyişdi. O yalnız yerişini yox, duruşunu, baxışını, hərəkətini, fikir-xəyalını da dəyişdi.
Atəşi... yox, atəşi azalmadı. İgidlər damarında yanan bu atəş istiqamətini dəyişdi. Alov Salamın qəlbinə axdı. Əsgər sinəsində yeni, isti bir hərarət duydu. Şiddətli və sərt boranlar qoparaq, ilıq yaz günəşinin hərarəti ilə köpürüb oyanan və çoxdan quruyub saxladığı bitkilərə: "Ç ıxın!" – deyən məhsuldar şum zəmiləri Salamın yadına düşdü. Ona elə gəldi ki, sinəsindən isti qalxır, ürəyindəkilər-buradan apardığı və sağ-salamat qaytarıb gətirdiyi bütün hisslər bahar suları kimi qaynamaq, aşıb-daşmaq istəyir.
Müharibə meydanlarında, ölüb-öldürmək çağlarında hökm və hərəkəti ilə səngər yaran, səflər pozan və böyük dəstələri təhlükələrdən xilas edən topçu zabit indi öz qapılarında bir uşaq kimi donub durmuşdu. Bilmirdi nə etsin, haradan başlasın.
Çığırıb adamları pəncərə-qapısma çağırsınmı, qonum-qonşusunun sevincli qışqırığı ilə küçəni doldursunmu? Utancaqlığına salıb, heç kəsə tanışlıq vermədən, yavaşca ötüb göy qapılı həyətə girsinmi?
Birincisini edə bilməyəcəkdi. Birlikdə döyüşə gedən və ağır atışmaların birində həlak olan Mürsəl onun yadından çıxmamışdı... "Axı onun anası da buradadır. Nə cavab verə bilərəm?"
Salam, sanki, bu kədərli xatirədən sıxılaraq, başını aşağı saldı. Küçəni düz ötüb, qapıya yanaşdı. İyirmi beş il açıb örtdüyü bu qoşa, balaca həyət qapısında bir dəyişiklik duydu. Lakin nəyin dəyişdiyini seçə bilmədi. Başını yuxarı qaldırdı. Divarı və qapı səqfini örtən qol-budaqlı tənəyin qönçə kimi şax yarpaqlarını görəndə, barmağını dişlədi:
– Ax! Basdırdığım çubuq! Beş yaşı var!..
Cəld bir hərəkətlə rəzəni tərpətdi. Darvaza açıldı. Onun yanmış, yorğun və tük basmış üzünü sərin bir külək oxşadı. Haçandan bəri qoyub getdiyi, ancaq tez-tez yuxusunda gördüyü ağaclı, çiçəkli həyət, sanki, onun üzünə gülür, "xoş gəldin" – edirdi. Salam ev qapısını qıfıllı görüb dayandı. Bütün həyətə, adamlara xitab edirmiş kimi, çağırdı:
– Ay uşaq! Ay camaat!
Salamın səsinə cavab gəlmədi. Gözləri qıfılda, ürəyi döyüntüdə dayanan əsgərin həyatında bu intizar saniyələri ən gərgin və çətin anlar idi.
"N ə olub? Qapımız niyə bağlansın? Anam hanı? Səriyyə... Bunlar... bəlkə., olmaya..." – deyə düşündü.
Salam bir də səslənmək istəyirdi ki, yuxarı mərtəbədən Həbib eyvana çıxdı və çığırdı:
– Paho! Ay Salam, xoş gördük, həmişə sən gələsən!
Həbibin səsinə arvad-uşaq həyətə töküldü, hamı qıfıllı qapıya baxıb deyirdi:
– Nisa xala hanı?
– Qaç muştuluğa!
– Açar gətirin!
– Ay Salam, yuxarı çıx, indi gələr!
– Vağzalda olacaq.
Salam çamadan və çantasını götürüb, Həbibgilə çıxdı. Evdən-eşikdən xəbər tutdu. Dedilər: "Sağlıq-salamatlıqdır."
Bu cavab Salamı təmin etmirdi, daha da nigaran qoyurdu. Danışıqlardan anasının sağ-salamat olduğunu, hətta, onu qarşılamaq üçün vağzala getdiyini bildisə də, Səriyyənin başında bir iş olduğunu zənn etdi, çünki, qonşuların heç biri onun adını çəkmədi. Hətta Həbibin anası çağıranda lap aşkar dedi: "Ay Salam, yuxarı çıx, indi gələr! Deməli, bu evə bir adam, ancaq anam gələsidir. Bəs Səriyyə?"
Salamın ürəyi dözmədi, Həbibdən bir də soruşdu:
– Bizim evdə nə var, nə yox?
– Sağlıq-salamatlıq!
– Ayrı nə var, nə yox?
– Ayrı odur ki, neçə aydır əsgərlərin buraxılmasını eşidib, yolunu gözləyirdik. Gələndən də soruşurlar, gedəndən də. Ay Salam, bəs niyə kağız yazmırdın?
Salam Həbibin cavabından narazı qaldı. Başını aşağı saldı. Həbibin yadına birdən düşdü.
– Səriyyə də, maşallah, institutu qurtarıb, rayonda işləyir.
Söhbət Salamın istədiyi mətləb üstünə gəldi. O, tez soaışdu:
– Hansı rayonda?
– Doğrusu, bilmirəm Sabirabaddamı, Kirovabaddamı...
Həbib anasının üzünə baxdı. O da yəqin edə bilmirdi.
– Çoxdanmı rayondadır?
– Bəli, keçən ildən.
Həbibin söhbəti Salamı məşğul edə bilmədi. Əsgər dəqiqədəbir qalxıb eyvana çıxır, qapının qıfılına baxır və darıxırdı:
– Gəlmədilərmi?
Həbibin anası deyirdi:
– Bu saat gələr, bala! Dalınca muştuluqçu göndərmişəm...
Həmin bu dəqiqədə vağzal abadanlıqlarının qurtaracağında, uca çinarın altında göy kəlağayılı, əli boxçalı bir qadın dayanıb şimala, qoşa simlər kimi uzanıb gedən və birləşib gözdən itən yola baxırdı. Qoca çinarın gümüş yarpaqlarında meşədəki kimi uğuldayan külək qadının kəlağayısım alıb aparmaq istəyirdi. Qadın kəlağayının ucunu əlinə dolayıb, o biri əlini alnına kölgəlik verir, lap uzaqlara, üfüqlərin dərinliklərinə baxır, köksünü ötürürdü. Ürəyindəki odlu bir həsrətlə yalvarırdı:
– İlahi, hamının balası gəlsin, mənimki də onların içində!
Dörd il əvvəl, yenə belə bir yay günündə axırıncı dəfə ana-bala burada, bu ağacın altında görüşüb ayrılmışdılar. O zaman, deyəsən, bu ağac qıvraq idi. Bu qədər budaq atmamış, pardaqlanmamışdı. Nisa arvad başını qaldırıb, yaşıl budaqlara diqqət yetirirdi.
– Nisa xala! – deyə nida ucalanda, qadın ətrafına baxındı. Geri çevriləndə, İzzətin qan-tər içində yüyürdüyünü gördü. Görən kimi, həyəcandan dizləri büküldü. Çöküb oturdu.
Həbibin anası: "Muştuluqçu göndərmişəm", – deyəndə, bu oğlanı nəzərdə tutdu. Qadınlar, poçtda çalışan İzzəti yaxşı tanıyırdılar. Onu görəndə, dindirməmiş ötməzdilər. Hamı xoş xəbər müqabilində ona cürbəcür bəxşişlər vəd edirdi.
İzzət qadınların vədinə inanmırdı. O, bir gün Nisa xalaya demişdi ki:
– Hamınız deyirsiniz, amma elə ki şad xəbər gətirirəm, çıxarıb bir üçlüklə yola salırsınız.
Nisa xala onu arxayın etmişdi:
– Gün o gün olsun, ay İzzət, gör xalan səni necə yola salar!
İzzət də:
– Görək! – deyə ötmüşdü.
Salam gələn gün İzzətin istirahət günü idi. Qapı ağzında yoldaşları ilə qarpız kəsib yeyirdi. Həbibin anası onu çağırıb dedi:
– Oğlu gəldi, qaç, hardan tapırsan, tap!
İzzət elə bunu gözləyirdi. Nisa xalanın buralarda olmadığını bilib, 37 8 birbaş vağzala yollandı.
Nisa xala İzzətin bir xəbər gətirdiyini bildiyi üçün ürəyi dözmədi, diz çökdü, onun yaxınlaşmasını gözlədi.
Salam həyətdə: Ay uşaq, ay camaat" deyə səslənib cavab almayanda, nə ağır intizar, həyəcanlar keçirmişdisə, indi bir xəbər duyan, lakin bu xəbərin nə olduğunu gözləyən Nisa xala da eyni ağır intizarı çəkir, ürəyi elə bərk çırpınırdı ki, bütün vücudu qalxıb-enirdi.
Bir anda Nisa xalanı tər apardı, dizlərinə söykənib qalxmaq, özünü irəli atmaq istədisə də, bacarmadı. İzzət onun qolundan yapışdı:
– Gözün aydın olsun! Qalx, muştuluğumu ver!
Nisa xala əli ilə işarə elədi:
– De görüm, ürəyim partladı, nə xəbərdir?
– Nə xəbər istəyirsən, Salam evdə oturub, səni gözləyir.
– Sən Allahın, düzdümü?
– Tez ol!..
– Ay İzzət, düzünü de görüm, Salamdan nə xəbər var?
– Deyirəm, Salam evdədir.
– Sən cavan canın, nə deyirsən?
– İnandığımız haqqı, evdədir.
– Şikəstliyi-zadı nədəndir?
– Sağ-salamatdır.
Qadın uşaq kimi İzzətə yalvarırdı:
– Sən canın, nə var, məndən gizlətmə!
İzzət əsəbiləşdi:
– Deyirəm, sağ-salamatdır. Sən nə təhər adamsan!
Bu sözdən sonra Nisa xala inandı. Gözlərində oynayan qığılcımlar çıraq kimi yandı. Başmaqlarmı əlinə alıb, dinməz-söyləməz daban aldı.
Onlar həyətə girəndə, Salam eyvanda dayanıb küçə qapışma baxırdı. Anasmın – illərdən bəri ayrıldığı, doğma və mehriban qadının başı görünəndə, tez həyətə endi:
– Haradasan, ay ana, qonağı qapıdamı qoyarlar?
Qadın əllərini oğlunun uca çiyinlərinə atdı. Asılan kimi oldu. Demək istədiyi sözlər ağzında qaldı. Özündən getdi. Salam onu qucaqlayıb, yıxılmağa qoymadı.
Nisa xalanın sinəsinə sərin su səpdilər. Bir qədər çəkmədi, qadın gözünü açıb Salamın üzünə baxdı, təkrar boynunu qucaqladı.
– İlahi, bu yuxudur, nağıldır, aşkardır? Salam, sənsənmi, bala? Ay gözümün işığı, ürəyimin tabı!..
Bunları deyib Salama suvaşır, onun əlindən, qolundan, paltarından öpürdü.
Salam Kirovabad torpaq şöbəsinə teleqram vurub xahiş etdi ki, aqronom Səriyyə Abdullayevanı üç günlüyə evlərinə buraxsınlar.
Səriyyə gəlib çıxmadı, Salam da gözləmədi. Təyinnaməni alıb, yeni iş yerinə yola düşdü. Onu Kirovabad kənd təsərrüfat təcrübə stansiyasına rəis təyin etmişdilər. Bu iş onun ürəyindən idi. Hələ tələbə ikən bu stansiyanın işlərində həvəslə çalışmışdı.
Yağışlı bir gün idi. Baş aqronom onu idarəsinə aparıb işlərdən uzun-uzadı danışdı:
– Yoldaş rəis, – dedi, – bu müharibə bizə çox ziyan vurdu. Adam çatmır, təcrübələrimizin bəzisi yarımçıq qalıb...
Salam Səriyyəni soruşmaq istəyirdi. Ancaq baş aqronomun həvəslə, get-gedə ucalan ahənglə danışdığından macal tapmırdı.
Baş aqronomu telefona çağırdılar. O cəld çıxıb getdi. Salam ayağa qalxıb kabinetdə var-gəl eləməyə, pəncərədən yağışa baxmağa başladı. Damı döyən yağışın güclü, ahəngdar və boğuq səsi Salamın əsəblərinə məlhəm kimi xoş idi. Ona elə gəlirdi ki, uzunmüddətli ayrılıqlardan sonra bu yağışı da buraya, bu geniş düzlərin bərəkətli tarlalarına o gətirmişdir. "Bəli! İndi mənim mərmilərim budur! Mənə yağış və günəş lazımdır!"
Salam əlini cibinə qoyub pəncərə qabağında düşünürdü, qapıda səs eşitdi:
– Dayan!
– Bir macal ver!
– Sözüm var, yoldaş!
2 0 – Qoyarsan kişi bir nəfəsini dərsin, ya yox!
Baş aqronom içəri girib qapını bərk örtdü, əvvəlki söhbətini yadına salmaq istəyirdi ki, meşin pencəkli, əsgər papaqlı, qaraşın bir oğlan içəri girdi.
– A yoldaş rəis, icazə verin, sözüm var! — dedi. Sonra cavab gözləmədən içəri yeriyib hirslə sözünü dedi: — Mən kimyaçıyam, buraya təyin olunmuşam. Budur, yeddi gündür, yoldaş baş aqronom mənə otaq düzəldə bilmir. Mənə açığını desin, yer yoxdursa, nazirliyə qayıdım. Axı mən də işçiyəm, mən də sovet mütəxəssisiyəm!
Salam qaraşın oğlanın əsəbiləşdiyini görüb işarə etdi:
– Əyləşin!
Baş aqronom qaraşın oğlana cavab vermək istəyirdi, Salam ondan soruşdu:
– Deyəsən, qapıda yenə şikayətçi var?
Baş aqronom qapıya yantövrü baxdı.
– Var, bəli, şikayətçi olacaq, məncə, onlar üçün ayrıca qəbul saatları...
Salam onun sözünü kəsdi:
– İndi eşitmək olmazmı?
– Bir aqronom var, izin istəyir, deyir ki, ərim gəlib, üç gün burax! İşin bu vaxtında hər əri gələn arvadı və arvadı gələn əri buraxsaq, daha burada kim qalar?
Salam onun sözünə gülümsədisə də, hiss etdirmədi:
– Qoy gəlsin, – dedi, – bəlkə üzürlüdür.
Baş aqronom qapını açıb:
– Yoldaş Abdullayeva, gəlin! – deyəndə, Salamın vücudundan bir əsmə keçdi. Başlıq örtmüş, uzunboğaz çəkrtıə geymiş Səriyyə içəri girəndə, Salam dik ayağa qalxdı. Səriyyə qabağında, rəisin yerində dayanan hərbi geyimli, döyüş nişanlı, üzü qırmızı adama diqqət yetirəndə qışqırdı:
– Salam!
– Səriyyə!
Onlar qucaqlaşıb-öpüşəndə baş aqronomu heyrət götürdü. O bir söz demədən başını aşağı saldı.
Salam Səriyyədən gileyləndi:
– Teleqrama-zada baxmırsan, gərək bizi ayağına gətirəydin?
Səriyyə baş aqronomu göstərdi:
– Bunlardan soruş!
Baş aqronom qızarmış, pozulmuş bir halda Səriyyədən üzr istədi:
– Bağışlayın, Səriyyə xanım, belə bilsəydik... Yaxşıdır ki, izin verməmişəm, yoxsa siz o yana gedəcəkdiniz, yoldaş Salam bu yana.
Qaraşın oğlan vəziyyəti belə görüb ayağa qalxdı, çıxmaq istədi. Salam onu dayandırdı.
– Yoldaş kimyagər, – dedi, – arşınmalçının sözü olmasın, sənin də işin düzəldi. Bu gündən yoldaş Abdullayevə (Salam bu adı elə rəsmi bir ahənglə dedi və gülər gözlə Səriyyənin üzünə elə baxdı ki, bunu hamı duydu) mənim otağıma köçər, siz də onun boşalan otağına köçərsiniz!
Günəşli, sərin və xoş bir gün idi. Qatar-qatar qaranquşlar üfüqləri ölçərək, sağa-sola ötürdülər. Yol boyu, ağır yüklə məhsul daşıyan maşınların, tarlalarda yer şumlayan traktorların gurultusu bir-birinə qarışmışdı. Kəhər atını sürərək, stansiya binalarından uzaqlaşan, sağ və soldakı zəmiləri diqqətlə seyr edən Salamın ürəyi ayaz göylər kimi açıq idi. O, çoxdan ayrıldığı və bunun üçün də daha çox məftunu olduğu bu zəmilərin, əkinlərin, su arxlarının, ağacların, bəndlərin hamısına diqqət yetirir, hamısında nə isə xoş bir şey oxuyurdu: "Dünənəcən topçu Salam, bu gün aqronom Salam. Dünənəcən sizi qoruyurdum, bu gün isə bəsləməliyəm."
Salam atından enib qara torpaqdan bir xışma götürdü və baxdı. Sonra lal axan kəhriz suyundan ovuc dolusu içdi. Əl-üzünü yudu. Təkrar atma minib uzaqda yer şumlayan traktorçuların yanına çapdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/mir-celal-salam
Use ← → keys to move, R for a random poem
More by this author
– Öldür məni, cəllad!Bu sözləri xəyalıma gətirəndə vücudum buz kimi soyuyur, əsəblərim sim kimi səslənib gizildəyir. Gözlərimi yumub, yerimi dəyişir, bəzən ixtiyarsız qışqırıram. Qışqırıram ki, xəyalım uzaqlaşsın, unudum, bəlkə özümə gəlim.
ÇupçikUcaboy, ağbəniz, orta yaşlı bir alman səyyahı, əziz müsahibi olan Çupçiki ilə qatarda gedirmiş. Çupçik tüklü, ala, üzüyola, cəld, ayıq bir ov iti idi. Səyyah onu iki il əvvəl Yaponiyadan almış, gəzdirə-gəzdirə Avropaya gətirmişdi. Çupçikin müfəssəl pasportu var idi. 1937-ci ildə Koreyada bir tazıdan doğulmuşdu. Atası məlum deyildi. Küçük ikən anasını itirmiş, bir koreyalı balıqçının qapısında böyümüşdü. Müntəzəm təhsil, ya təlim görməmişdi. Ta kiçiklikdən sümsünməyə başlamışdı. İstedadı sayəsində bəzi faydalı vərdişlər qazanmışdı. Sahibi tor götürüb dənizə gedəndə o da sümsünə-sümsünə yortardı. Bir də görərdin, yaşıllıqdan zingilti səsi gəldi. Çupçik özünü sıx və tikanlı kollara vurardı. İki dəqiqə çəkməzdi ki, ağzında qazalax, sığırçın, ya da ki, gərginçək balası budur gəlir. Dünya müharibəsi başlanandan sonra Çupçikin başını həmişə qalmaqalda görürük. Çətin şəraitdə, şiddətli mübarizə vaxtında belə Çupçik özünü itirmir, möhkəmliyini saxlayır, həyat rejimini pozmurdu. Balıqçının imkanı olsaydı, heç gənc tazını satmazdı. Çupçiki yedirdib-içirdən, təmizləyən, rahatlayan lazım idi. Balıqçı kasıb idi. Tək olduğuna, qocalığına, kəmhövsələliyinə görə buna dözməzdi. Günün birində Çupçiki yanına salıb, bazara gətirdi, həmin bu səyyaha satdı.Doğrudur, səyyahın Nürnberqdə topdağıtmaz ev-eşiyi, ailəsi, gül kimi iki uşağı var idi. Ancaq sənəti elə idi ki, il on iki ay səfərdə olurdu. Ömrü yollarda, paraxod göyərtələrində, yumşaq vaqon kupesində, maşınlarda, "inturist" nömrələrində keçirdi. Odur ki, Çupçik səyyaha ailədən də, övladdan da yaxın idi. Bir saat ondan ayrı durmaz, onsuz gözünə yuxu getməz, ağzına bir tikə çörək qoymazdı. Çupçiki öz yatağında yatırardı. Uzun intizar və üzüntüdən sonra bir ətək qızıl töküb toy etdiyi, yenicə gərdək dalına çəkdiyi gəlin kimi bağrına basıb, şirin-şirin yatar, fani dünyanın fikir-xəyallarından silkinərdi. Səyyahın nəşələnməyə haqqı var idi, çünki Çupçik də bir Çupçik idi...
ÇəkməISimferopol alınan günün səhəri Himmler Berlində birinci olaraq İsrafil bəyi qəbul etdi:
Göylər adamıƏşrəf bu sənəti sevib getmişdi. O, uşaqlıqdan, qovub tutmaq istədiyi kəpənəklər, yuvasını tapmaq istədiyi sığırçınlar kimi olmaq arzusunda idi. O, istədiyinə çatdı. Üç il oxuduqdan sonra zəmanəsinin qəribə bir sığırçını oldu.Sığırçınlar səhər çağı gələr, budaqlara qonub səslənər, baharın müjdəsini gətirərlər. İndi Əşrəf də ulduznişan bir təyyarədə uçur, ölkəsinin bu başından-o başına, o başından-bu başına şad xəbərlər aparırdı. Hər uçduğu yerdən yüzlərlə adamın ürək sözlərini aparır, hər bir uçuşu uşaqları, anaları, oğulları, sevgililəri, dostları, yoldaşları sevindirirdi.
Poems by other poets
Yeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
RübailərRübailər**Ey mərifətin baği-səhanın səməri,
ای چشم خمارین، تو و افسانهٔ نازتوی زلف کمندین، من و شبهای درازت