Contents
  1. 1
  2. 2
  3. 3

Page 3 of 3 · 67%

3

Qədir içəri girəndə, Hilalı - yerli komitə sədrini Şamilin vanında görəndə ürəyindən keçdi ki: "Partkom katibi buradadı. Danlamağa çağırıblar". Çünki belə məzəmmətləri o, yalnız Hikmətdən yox, iş yoldaşlarından, kommunistlərdən, hətta bir dəfə istehsalat müşavirəsində Şamilin özündən də eşitmişdi. “Yəqin ki, danlayıb-danlayıb iş tapşıracaqlar. Təkərlər də çoxdan keçəllənib, bu batdaqda yola çıxan deyiləm!"

– Qədir, sənnən bizimki tutmayacaq, 15 gün vaxt verirəm, get özünə harda istəyirsən, iş tap!

İşdən qovmaq! Qədir bunu heç güman etməzdi. Şamil onu çoxdan tanıyır, belə bir qərara necə yol verər, yəni adamdan belə üz döndərərlər?...

Şamil qurtarmamış Hilal başladı:

– Ailəni, qonşuları da təngə gətirmisən, Qədir. Hikmət xanım yaxşı eləyir səni evə buraxmır.

– Mən kimə neyləmişəm?

– Ondan artıq nə eləyəcəksən! Özünü də, bizi də rüsvay eləmisən.

– Sizə nə eləmişəm, yoldaş partkom?

– Soğanın adı birdir, səni görənlər deyir filan trestin işçisidir. Şoferi belə olanın gör özü nə olar?

Qədir özünü yığışdırıb nə isə təfsilatı ilə danışmaq istəyirdi, Şamil macal vermədi.

– Qədir, insanın özü-özünə elədiyi pisliyi aləm yığıla, eləyə bilməz. Sən elə pozulmusan ki, düzəlməyinə heç kəs inanmır. Hikmət, mələk kimi bir qadın sənin əlindən zara gəlib. Bu zəhrimar şərabda nə görmüsən ki, hər şeyi ona qurban verirsən?

– Yoldaş naçalnik, Hikmət məni öz evimə buraxmır, siz də işdən qovursunuz?

– Bəs sən deyirsən, başına da bir sığal çəksinlər?

– Bilirsən, Qədir, heç kəs öz abrını sənin araq nəşələrinə qurban verməyəcək! Bunu bil!

– Mən nə eləmişəm?

– A kişi, hələ dilin də var?

Hilal durub stulunu irəli çəkdi, barmaqları ilə şoferin qəbahətlərini saydı:

– içkiyə elə qurşanmısan ki, özündən xəbərin yoxdur, bu bir. Aldığın maaşı arağa verib ailəni saya salmırsan, bu iki. Sənə nəsihət ve rəndə ağzına nə gəlir deyirsən, bu üç. Belə hərəkətləri də hünər sayırsan, bu dörd. Sənin fikrin belədir, get özünə həmfikir olanlar ilə işlə. Bizim trestdə sənin kimisinə yer yoxdu!

Qədir güman eləməzdi ki, trestdə onu belə qarşılayacaqlar.

– Yoldaş Şamil, özün bilirsən ki, neçə ildir burada...

– Mən yaxşı bilirəm, işlədiyini də bilirəm, bacarığını da bilirəm, əlimdən gələn hörməti də sənə, ailənə eləməyə çalışmışam. Onu da görürəm ki, sənin kimi sərxoşa nə maşın tapşırmaq olar, nə də trest evlərində yer vermək olar.

– Evdən də çıxardırsınız?

– Bizdə işləməyəndən sonra nə haqq ilə trest otaqlarını tutacaq-san?

Rəisin "nə haqq ilə!" sözləri, bir hökm, bir qanun kimi səsləndi. Şamil bu sözü bir az da qayımdan dedi, Qədirin üzünə baxdı. Deyəsən, bu Şamil, həmin adam deyildi. Qədiri mehribanlıqla dindirən, kefini soruşan, onun adını mənzil siyahısına yazıb açar verən, maşın tapşıran Şamil bu deyildi, yox!

– Yoldaş naçalnik, yoldaş...

Söz Qədirin boğazında qaldı. Başını aşağı salıb, ayaqlarına, sanki onu çirkin yollara aparan uzunboğaz çəkmələrinə diqqətlə baxırdı. İndi onun ürəyində oyanan və təlatümə gələn peşmançılıq hisslərindən, deyəsən, hamıdan qabaq Hilal xəbər tutmuşdu.

– Dünyada, Qədir, pulu da, dövləti də, var-yoxu da itirmək olar. Bunlar hamısı sağalan yaradır. Amma insan ki hörmətini, abrını itirdi, ondan ağır itki yoxdur. Kollektivdə sənin sərxoşluğunu bilməyən yoxdur. Gül kimi uşağını da araq şüşəsinə qurban verirsən. Şamil yoldaş necə eləsin, bunların müqabilində sənə afərin deməyəcək ki! Nə fikirdəsən? Bura bizim dədəmizin evidir, nədir ki, sənin kimi bir adamı... Bir dəfə keçərlər, iki dəfə bağışlayarlar. Yox, daha xudahafizləşmək vaxtıdır!

Qədir əllərini çataqlayıb yalvarıcı bir əda aldı:

– Bir də bu qələtləri eləmərəm, yoldaş Hilal!

Şamil dedi:

– Bu sözləri səndən əvvəllər də eşitmişik.

– Axırıncı olsun, yoldaş Şamil. Mən belə rüsvayi-cahan olduğumu bilməzdim.

– Trest rəhbərliyi bu qərara gəlib.

– Yalvarıram, mənə möhlət verin, mən də insanam!

– Qədir, üz vurma! Get ayrı yerdə özünə iş tap!

– Məni bu xasiyyətnamə ilə hara buraxarlar, yoldaş Hilal!

– Onu qabaqcadan düşünmək lazım idi.

– Bir qələtdi, yoldaş Hilal! Bağışlayın, yoldaş Şamil!

– Çıx otaqdan!

– Mən bir də o zəhrimarı dilimə vursam, həmkarlar ittifaqından qovun!

– Qoy kollektiv sənə zəmanət versin! Ayrı yolu yoxdur.

Bu sözün arxasında Qədir kədərli bir mənzərə görürdü. Böyük, kiçik, fəhlə, mühəndis, kommunist, bitərəf, kişi, qadın, tanış, yad, qəzet, radio - hamı, hamı Qədirin qızarmış üzünə, tuluqlanmış göz qapaqlarına baxıb gülürdü:

– Zəmanət istəyən budur?..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Susuzluq

Payız yeni girmişdi. Ancaq yayın yandırıcı istisi, boğucu bürküsü davam edirdi. Biz şəhərdən çıxmış, yaxın kəndlərin birinə doğru yol almışdıq. Yolun hər iki tərəfi də quraqlıq və bomboş idi. Uzaq dağların döşündə saralan küləşli zəmilərdən, boz və sıldırım yarğanlardan başqa heç nə görünmürdü.Ətrafda göyərti adında heç şey qalmamışdı. İsti bitkiləri qurumuşdu. Sanki ətraf bu saat alışıb-yanacaqdı. Quraqlıq ucundan bu çöllərdə həyat əlaməti görünmürdü. Arabir daş və ya kol dibindən qalxan quşlar havada dayana bilməyib, dərhal yerə enirdilər. Onların uçuşu oda düşmüş, yanmaq qorxusundan çırpınan, çapalayan bir məxluqu xatırladırdı. Yalnız cırcıramaların səsi eşidilirdi ki, bu səs də adama nədənsə "yandım-yandım!" fəryadı kimi gəlirdi. Qaynayan hava təndirdən qalxan alov kimi titrək dalğalarla göyə çəkilirdi. Sanki bu saat yerdə hava qurtaracaqdı.

19417 min
Vətən yaraları

Səngərimdən çıxanda, üzgüçü suya atılan kimi, ön xəttin atəşinə atılmışdım. Nə gurultu, nə alov, nə də, sanki dəhşətləri örtmək istəyən toz, duman mənə qəribə gəlirdi. Güman edirdim ki, bu atılan güllələrin biri də mənəm, gurultunu qopardan da mənəm, gündüzün boz və kəsif üfüqlərinə bir bayraq kimi açılıb-örtülən alov da mənəm. Döyüş sürəti və hərarətində özümdən xəbərsiz kimi yanırdım. Qan gözümü örtəndə, qılçalarım hərəkətdən qalanda kökü vurulmuş bir ağac kimi yerə sərildim. Sanki bir səs mənə deyirdi: "Bəsdir! Burax!" Lakin mən bunu eşitmək istəmirəm. Diqqətlə yaralarımı duymaq, özümə gəlmək istəyirəm; bacarmıram. İsti mayenin vücuduma axdığını və axdıqca məni xoş və sakit bir rahatlığa apardığını, olduğum aləmdən ayırdığını hiss edirəm. Ayrılmaq istəmirəm. Görmək, eşitmək, düşünmək istəyirəm. Hansı bir qüvvənin əli iləsə gözlərim örtülür, bayaqdan bəri dəmirçi kürəsi kimi səslənən qulaqlarım tutulur, başımdakı ağrı məni alıb aparır. Birdən-birə aləm sükuta dalır, hava qaralır, ətrafımızdakılar əvvəlcə gülləyə, sonra daşa dönür, get-gedə kiçilir, sularda əriyib, yox olurlar.Məndən qabaq yaralanmış yoldaşlarım danışardılar: birisi həsrətlərini, birisi əziyyətlərini, bəzisi ölüm təhlükəsini necə keçirdiyini deyirdi. Mən bunları xəyalıma gətirmədim. Bəlkə də buna görə bunları keçirə də bilmədim. Mən gözümü açanda, özümü isti, təmiz və sakit bir otaqda, rahat yataqda görəndən sonra başım üstə dayanan ağsaçlı həkimin təbəssümünü, gənc bir qızın tərimi sildiyini, su içirtmək istədiyini görəndən sonra duydum ki, həyata qayıdıram. Deyəsən məni bunlar, qalın kitabların mənası ilə silahlanmış həkimlər, şəfqət və mərhəmətdən yoğurulmuş qızlar qaytarırlar? Haraya qaytarırlar? Mən qapandığım, tapındığım hissiz sükut aləmindən qayıdıram.

194212 min
Leyla

Gözləyən qızlarımız, gəlinlərimiz,*bacılarımız, analarımıza hədiyyə*

194311 min
Ər və arvad

Qarovul batalyonunda üç aydan artıq idi ki, təlim keçirdik. Bir gün komandir məni çağırdı:– Sənə, - dedi, - tapşırıq var. Şəhərə adam aparacaqsan!

194310 min

Poems by other poets