Ulduz
Page 3 of 3 · 67%
4
Viktor çarpayısının üstündə oturub balalaykanı dınqıldadır, kinodan qayıdan gənclər isə filmdən söhbət edib gülüşürdülər.
Koridorda Qələndərovun səsi eşidildi:
– On birinci otaq bu deyilmi?
– Kimi axtarırsınız?
– Ulduz lazımdır, Qələndərov Ulduz!
Ulduz cəld qalxıb qapıya çıxdı. Atası onu çoxdanın, uzağın ayrılığından sonrakı kimi qucaqlayıb öpdü:
– Haradasan, ay oğul, səni axtarmaqdan dizimdə taqət qalmadı.
Ulduz onu otağa çağırdı, altına stul çəkdi.
– Yox, oturmağa gəlməmişəm, yığış gedək!
Uşaqlar qonağa təklif etdilər:
– Əyləşin!
Qələndərov öz hökmünə əmin bir əda ilə təklif etdi:
– Yığış, yığış gedək, maşın danışmışam!
Birdən yadına düşdü ki, Ulduzun yığışdırmalı bir şeyi də yoxdur. Yatacaq hökumət malıdır. Ulduzun kitablardan başqa nəyi ola bilər!
– Dur, – dedi, – yoldaşlarınla görüş, gecdir!
Müntəzir dayanıb tamaşa edən Ulduz yoldaşlarına baxdı və başını aşağı saldı. Sanki, o, qəlbinə müraciət etdi. Düşdüyü vəziyyətdən çarə axtardı. Başını qaldırıb təkrar atasının üzünə baxdı:
– Ata, mən işləyirəm axı!
– S ə n in işləməyin mənə lazım deyil! Dur, çıxaq gedək!
Ulduz bu dəfə çox səbir və təmkinlə nə isə demək istəyirdi, uşaqlardan kim isə dilləndi:
– Sənə lazım deyil, hökumətə lazımdır!
Qələndərov ətrafına baxındı ki, bu sözü deyəni görsün, tapa bilmədi. Ona doğru çevrilən diqqətli nəzərlərdən elə hiss etdi ki, bunu bir adam yox, bütün otaqdakılar deyirlər. Oğluna sarı döndü:
– Ulduz, oğul, sən mənim evimdə bir puddan çox duz yemisən. Məni indi satacaqsanmı?
Ulduzun qəlbi qəfəsdəki quş kimi çırpınırdı. Daxilən dərin həyəcan keçirsə də, rəngi pul kimi qızarsa da, zahirdə təmkinini pozmadı.
– Sən də, mən də, ay ata, – dedi, – hökumətin bəlkə beş pud duzunu yemişik! Onun işini birinci tutmalıyıq. Özün işçisən, bilirsən. Mənim nəsihətim artıqdır!
Qələndərov səsinə hiddət verdi:
– Deməli, sən ata-anadan üz döndərirsən?
– Anamın adını nahaq çəkirsən. Onu heç olmasa, qəbirdə rahat qoy! Ata isə, ata qoy əvvəlcə öz barəsində düşünsün!
Bütün gənclər diqqət və maraqla Ulduzun sözlərini dinləyirdilər. Çarpayıda uzananların da gözündən yuxu qaçmışdı. Hamı dirsəklənib ata ilə oğulun ixtilafına diqqət verirdi.
Qələndərov heç vaxt belə vəziyyətə düşəcəyini düşünməzdi. Ona görə ki, öz evindən, ailəsindən kənar həyatı, ictimai həyatın əsl inkişaf istiqamətini dərk etməkdən uzaq idi. O, həmişə ailəsinə kor bir qüvvə kimi hakim idi. Düşünə bilmirdi ki, onun evdəki hökmü ancaq bacanı bağlamaqla günəş boğduğunu güman edən bir axmağın hərəkətinə bənzəyir. Ailəni də, övladı da ayaqlayıb yumşaltdığı bir palçıq kimi təsəvvür edirdi. Bu palçıqdan bitki göyərdiyini, həm də birdən-birə boy atıb ucaldığını kim gözləyə bilər, kim görə bilərdi!.
Qələndərov yalvarıcı bir əda ilə dedi:
– Oğul, gəl belə eləmə, tək bir övladsan, evi-eşiyi mən kimin üçün yığmışam? Axı sənə şəhərdə nə məktəb, nə iş əskikdir. Yaxşı, nə deyirəm, razı deyilsən, arvadı da rədd eləyim getsin. Sən mətləbi niyə bu pilləyə mindirirsən?
– Ata, mən qət eləmişəm, daha nə danışım!
Ulduzun yanından məyus qayıdan Qələndərov bulud kimi tutulmuşdu. Öz doğma oğlunun nifrətinə layiq olacağını, adamlar yanında bu qədər heçə dönəcəyini xəyalına da gətirməzdi. İndi evi, yatacağı ona ilan-çayan yuvası kimi olmuşdu. Çarpayısından uzaqda, köhnə divan üstündə bir yorğana bükülüb süpürgə kimi düşmüşdü. Kiminsə bu saat onu götürüb küçəyə atacağını gözləyirdi. Səhər Aqibət onu çətinliklə oyadıb pəncərəni göstərdi:
– Kişi, yazdır, xalq günəşli havada gəzməyə çıxır, dursana!
– Arvad lap buzlanmışam. Sümüklərim gizildəyir. Üstümə bir yorğan da at!
Həmin bu dəqiqədə asfalt yollarla işə gedən fəhlə-gənclər Qələndərovdan danışırdılar:
– Keçmişdə ata tərbiyə verirdi. İndi də oğul tərbiyə verir.
– Adamına baxır!
– Kim kimi!
Kitabxana.az · https://kitabxana.az/en/works/mir-celal-ulduz
Use ← → keys to move, R for a random poem
More by this author
Məmmədrza lap qabaq cərgədə idi. Komandirin əmrini alan kimi xəlvətcə sürünə-sürünə irəlilədi.O, düşmənin atəş nöqtələrini öyrənməli, miqdarını, vəziyyətini təyin etməli idi. Zəmilərin içindən sürünərək gedir, sünbülləri belə səsləndirməkdən ehtiyat edirdi.
YollarDan yeri ağarır, göylərə gümüş kimi bir parıltı gəlir. Xəfif və sərin yay küləyi bağlardan, bostanlardan, çiçəklərdən, lalələrdən ötərək hər yerə ətir gətirir.Böyük şəhər öz uca və əzəmətli binaları, geniş və açıq küçələri, səsli sahilləri ilə oyanır.
Şahin və SonaGəmi uzun əsrlər dalğalarla döyülmüş qaya kimi sahildən ayrıldı. Sular onu, bir daha quruya qovuşmasın deyə, quzunu qoyundan ayıran kimi itələyib apardı. Sahildən içərilərə doğru uzanan dərin bir iz qaldı. Sanki, şəhər gəmini buraxmaq istəmirdi. Körpüdə yığılıb ayrılıq mərasiminə dayanan, yaylıq oynadan adamlar hər hansı bir qəzanın əli iləsə müsafirlərdən uzaqlaşırdılar. Gəmidəkilərin üzü şəhərdən dönmür.Sona göyərtədə bir məsumluq heykəli kimi donub qalmışdı. Gözlərindən axan yaş damlaları Xəzər sularına qarışırdı. Keçmişin mənasını gələcəyə söyləyən, doğma məhəbbətin qiymətini verən bu dürdanələr dənizin lap təkinə batırdı.
ŞərbətOstapenkonu mən yaylaqdan tanıyırdım. Yay istirahətimi mən orada, Sovet Ukraynasının səfalı bir kəndində, səliqəli Ostapenko kişinin balaca, yaraşıqlı evində keçirirdim. Bu ucaboy, topsaqqal kişinin zəhmətə olan eşqi məni çox maraqlandırırdı. Ostapenkonun arvadı beş il əvvəl vəfat etmişdi. 21 yaşlı qızı şəhərdə tibb institutunda oxuyurdu. 14 yaşlı oğlu isə kənd məktəbində oxuyur, həm də atasına kömək edirdi. Özü onlara həm atalıq, həm də analıq edirdi. Təsərrüfat işindən sonra da evdə oturmaz, rahatlıq bilməzdi. Gah onu rayon kitab mağazasında dərs kitabları seçən, gah tibb institutu qabağında dayanıb qızının dərsdən çıxmasını gözləyən, gah əlində uşaq ayaqqabısı pinəçi yanına gedən, gah da qapı ağzında, ayaq üstə oğlunu dayandırıb, düyməsini tikən görmək olardı.Lakin evdar və təsərrüfatçı Ostapenkonun əsl peşəsi məni daha çox maraqlandırırdı. O, mahir bir arıçı idi. Yamaca tərəf uzanan böyük, ağaclı, güllü həyətində həmişə azı 10-12 arı pətəyi olurdu. Kişi vaxtının çoxunu bunlara, bu təmiz və faydalı heyvanlara sərf edirdi, evə qonaq gəldimi, Ostapenko əlində bıçaq və boşqab pətəklərin dal tərəfinə keçir, beçə balı gətirirdi. Ostapenko arını saxlamağı, bəsləməyi, bəhrə götürməyi bildiyi kimi, balın və mumun mənfəətini də bilirdi.
Poems by other poets
Ey Mahmud, bigəm məxdumi-əkrəm,Eşitdim hər nə ki dövran olubdur,
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,
Məhəmməd bəy Arifə cavabMən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.
MişdiEy verən mollalara nisbət yalan Mişdi,Qənim olsun canına ayeyi-Quran, Mişdi