I pərdə
Mənzum dram
Bir yerdi, bir göydü, sanki bir də mən,
Bir də ki üstündə yosunlar bitən
Uzaq əsrlərin dilsiz qəmxarı
Qırılıb-tökülmüş qəbir daşları.
Dünyanın sirrindən yox verən xəbər,
Kim bilir, onları hansı küləklər
Haradan götürüb, haraya atmış,
Onların altında ya kimlər yatmış.
Mən dalğın, mükəddər, fikrə gedərək
Bir daşın üstündə oturmuşdum tək.
Xəyal öz yerimdən qopardı məni,
Uzaq əsrlərə apardı məni.
Yenə də gündüzü gecəyə qatdım,
Gəlib bizim qədim Gəncəyə çatdım.
Gördüm şəhər dərin sükuta batmış,
Burda minarələr göyə boy atmış.
Gəldi qulağıma bir kaman səsi
Dinlədim, qəlbimi ağladan səsi.
Gecənin bu keçmiş, qərib zamanı
O kimdi dindirir belə kamanı?
Könlü qan ağlayan o sənətkara
Bir təsəlli üçün üz tutdum ora.
Fikirlər içində qapını çaldım,
Gəl! – deyə otaqdan bir cavab aldım.
İçəri girəndə xəyalım çaşdı,
Sanki günə baxdım, gözüm qamaşdı.
Dedim: – nə yaraşır sən kimi cana,
Gecələr şam kimi sübhəcən yana?
Aç mənə bu sirri, söylə görüm bir,
Sən kimsən, etdiyin bu fəryad nədir?
Məhsəti
Mən sanki qəfəsə düşmüş bir quşam,
Yaman bir əyyamda qız doğulmuşam.
Sığarmı qəfəsə düşən bir ürək?
Bülbülə desələr nəğmədən əl çək,
Ölər qüssəsindən, yaşamaz bir an.
Bir bülbül qədər də deyilmi insan?
Susdurmaq istəyir zəmanə məni,
İçi sənət dolu bu piyaləni
Deyir, öz əlinlə özün vur daşa.
Şersiz, sənətsiz, kamansız yaşa.
Dərdim qadınlığın faciəsidir
Bu bir şair qızın üsyan səsidir.
Müəllif
Aman, söz ustası, Mahir dilavər,
Şairə Məhsəti sənmisən məgər?
Nə xoşdur səninlə belə bir vüsal!
Məni haralara çəkmişdir xəyal?
(Məhsəti kaman çalır, oxuyur):
“Dad ürək əlindən, dad eşq əlindən,
Çoxları tək düşdüm bu möhnətə mən.
Ürəkdir səbəbi bu ahu-zarın
Dad ürək əlindən, dad eşq əlindən”.
(Şairənin xidmətçisi Cahan qarı içəri girir)
Cahan qarı
Nə tez oyanmısan a dərdin alım.
Məhsəti
Yaman intizaram, dəyişib halım,
De, Xətib oğlundan varmı bir xəbər?
Cahan qarı
İntizar qoyarmı o səni məgər,
Həm məktub göndərmiş, sənə həm turac
Al, bu da məktubu öz əlinlə aç.
(Məhsəti məktubu açıb oxuyur)
Məhsəti
Bu xətib oğlunun, ay Cahan nənə,
Ovda şairliyi tutubdur yenə.
Sazımı ay nənə, mənə ver sən də,
Xoş olur saz ilə söz birləşəndə.
Qarı sazı gətirir, Məhsəti çalıb oxuyur)
Nigarımdan uzaqlarda yenə halım pərişandır,
Görən yarın fəraqında keçən dövran, nə dövrandır!
Sönər hicrinlə, nur qalmaz gözümdə bircə an sənsiz,
Vüsalə yetdiyi anla, sönən nuri özün yandır.
(Məhsəti səslə oxuyur)
Gəzər fikrim xəyalınla düzənlər, dağlar ardında,
Görən yarəb məni Məcnun edən canan, nə canandır?!
Günah olmaz fəraqında qan ağlarsa Xətib oğlu!”
Boyun şümşad, saçın ənbər, sinən yara gülüstandır.
(Məhsəti oxuyub qurtarandan sonra güzgüyə baxır, özündən razı qəhqəhlə gülür.)
Cahan qarı
Dərdin alım sən,
Yarın nə yazıb ki,
Belə gülürsən?
Məhsəti
Kişi nəvazişi yaşadır bizi,
Xoş sözlər fəth edir ürəyimizi.
Yazır ki, o mənsiz dəli, cünündur.
Mənim də həyatım, eşqim onundur.
Onsuz neyləyirəm beri-bəzəyi,
Ərsiz, sınıq olur qadın ürəyi.
Sən də sevmisənmi, ay Cahan nənə?
Cahan qarı
Mənim vaxtım keçib, a qurban sənə.
Qapısı bağlanıb ürəyimin bil,
Keçib gəncliyimdən gör neçə on il.
Məhsəti
Ay nənə ürəyim çox nigarandır,
Onsuz gözlərimdə dünya virandır.
Mən Xətib oğluyçun darıxıram yaman.
Sanki, damarımda buza dönür qan.
Cahan qarı
Qadın sinəsində ay, qızım, ürək,
Kişi nəfəsilə isinsin gərək.
Məhsəti
Ay nənə, bəs kişi ürəyi necə?
Cahan qarı
Hörümçək tor atar orda gizlicə.
Qadın nəfəsilə isinməsə gər,
Daha kövrək olur qızım, kişilər.
Belə xalq etmişdir bizi yaradan.
Məhsəti
Sevgisiz yazıqdır, yetimdir insan.
O bəlkə də yanmış məhək daşıdır,
Ən möhkəm sütunu evin – kişidir.
Çıraqdır, bir evdə o sönsə əgər,
O evə zülmətin nəfəsi girər.
(Əlini göyə tutur:)
Mənim çırağım da, Tanrım, gur yansın!
Könlüm bu işıqla qoy işıqlansın.
(Cahan qarı bayıra çıxır, tez də qayıdır.)
Cahan qarı
Qapına gəlibdir bir qoca kişi.
Məhsəti
Xoş xəbərlə olsun onun gəlişi.
Cahan qarı
Üzündən, gözündən qüssə-qəm yağır.
Məhsəti
Gəlmək istəyirsə içəri çağır.
(İçəri yoxsul geyimli nurani bir qoca girir, salam verib susur).
Məhsəti
Atacan, sən kimsən, de adın nədir?
Buraya gəlməkdən muradın nədir?
Goranlı Nəsibdir adım, ay bala,
Adını eşidib çıxmışam yola.
Qoca
O şairə sənsən, ay qızım, deyən,
Altı igid oğul atasıyam mən.
Onlar döyüşlərdə qurban gedəli,
Boğur külfətimi qıtlığın əli.
Kəndliyəm, nə odum, nə ocağım var,
Nə əkib-biçməyə öz torpağım var.
Altı oğul verdim, vətənə qurban,
Onların atası ölüb acından,
Körpə balaları daxmada acdır,
Sənin köməyinə onlar möhtacdır.
Kəklik əti yeyir şah tulaları,
Ölür əsgərlərin ac balaları.
Əlim işləməkdən qabar-qabardır,
Ancaq bunun bizə nə xeyri vardır,
İşləyib, ac ölmüş nəsillərimiz,
Şahların, xanların qullarıyıq biz.
(Kişi doluxsunur)
Məhsəti
Baba, gəlişindən könlüm oldu şad,
Mənə o körpələr qoy olsun övlad.
Sizin göz yaşınız şahlara çatmaz
Yatmış vicdanları bu səs oyatmaz
Min əsgər uşağı ölsün acından,
Şahların bir tükü tərpənməz, baba!
Bir gövhər əskilsə onun tacından
Müqəssir sayılar bu el, bu oba.
Özün ki arifsən, nə deyim sənə,
Babacan, mehrimin ucundan mənə
Vermiş Xətib oğlu xeyli bağ-bağat.
Daha o sənindir, halal malındır.
Qoca
Qızım, sən qadınsan, ərsə zalımdır.
Məhsəti
Sən Xətib oğlunu sanma zalım ər,
Onun şair qəlbi dünyaya dəyər.
(Qocaya bir muncuqlu kisə ilə dolu pul verir. Deyir:
Al, kim əsirgəyər səndən varını,
Altı cəngavərin yadigarını
Bu hala salanlar utansın gərək.
Qoca
Qızım, nə incədir səndəki ürək
Şairdir elin də şahı-sultanı.
Qılınc poza bilməz qələm yazanı.
(Qoca gedir, Məhsəti dalğın, pəncərə önündə dalınca baxıb deyir:)
Məhsəti
Şahların daş-qaşla dolanda tacı,
Çoxalır millətin yoxsulu, acı.
Bu anda Xətib oğlu qapıdan girir. Oxu yayı, yapıncını bir yana atıb, əlini Məhsətinin çiyninə qoyur.
Xətib oğlu. Şairəm, gözəlim, bu hal nə haldır,
Yenə bu nə fikir, bu nə xəyaldır?
Dalmısan dünyanın dərd ümmanına...
Şairəm, and olsun sənin canına,
Sənsiz yetim olar kişi vüqarım.
Sənsiz darıxmışam, mənim nigarım!
(Xətib oğlu onun əllərini öpür)
Bu incə, bu zərif şair əlləri
Bəzəyib ömrümdən keçən illəri.
Sənsiz heç olmasın mənim bir anım!
Məhsəti
Sən də xoş gəlmisən, mənim sultanım!
Məni viran edər sənsizlik qəmi,
Səninlə abaddır könlüm aləmi.
Gəldi qapımıza yoxsul, ixtiyar,
Altı şəhid olmuş əskər atası.
Gəlib, burda bizə gətirdi pənah.
Onu öz gözünlə görsəydin hərgah.
Əgər eşitsəydin çəkdiyi ahı,
Mənim tək, tüstüsüz yanardın sən də.
Özümü unutdum o ah çəkəndə.
Verdim mən mehrimə düşən bağları,
Həm o torpaqları ona hədiyyə.
Xətrinə dəyməsin, bu sənsiz oldu,
Mənim bəxşeyişim bir parça torpaq,
Onun bəxşeyişi altı oğuldu
Yurda, vətənə.
Xətib oğlu. Mənim varım, yoxum sənə halaldır,
Var-dövlət can deyil, adicə maldır.
Mənim mələyim!
Sənindir bu canım, çarpan ürəyim.
(Əlini köksünün üstünə, Məhsətinin əllərini öz sinəsinin üstünə qoyur).
Kitabxana.az · https://kitabxana.az/en/works/mirvarid-dilbazi-mehseti-i-perde
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Mari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
YalvarışBarilaha, zati-pakın eşqinə,Heç mərdi namərdə eyləmə möhtac,
QırqovulQırqovul nə gözəl quşdu,Biri bir gün göldən uçdu,
TəcnisDedim: gəl, dost, ikimiz həmdəm olalı,Ağı mən oxuyum, qarasan, qara,