Doqquzuncu fəsil
Page 4 of 5 · 60%
Şəmsiyyə”.
Fridun məktubu oxuyub şoferə:
– Xob, iki dəqiqəyə düşürəm, – dedi.
Şofer çıxdıqdan sonra o bir də məktuba baxıb gülümsədi.
Qəzet oxuyan və hələ də fikirli görünən Rza Qəhrəmani gözaltı ona baxdı, o bir də məktubu ucadan oxudu:
– Qəribədir, elə bil ki, bunlar hamısı bir yuxudur. – Rza Qəhrəmani qəzeti bir yana atıb, üzünü ona tutdu.
– Deməli, ziyafət məsələsi ciddiləşdi?!
Fridun qalstukunu bağlaya-bağlaya:
– Əzizim, tələsirəm. Məni söhbətə tutma, – dedi, – vəzir-vüzəra məni gözləyir. Şair demişkən, “elə bir gədayəm ki, soltanlar saqim olmuşdur”.
– Get, dadaş, lakin tez qayıt. Qorxuram ki, o günəşin işığından faydalanmayasan, amma odu əl-ayağını yandırsın.
Fridun:
– Narahat olma, əzizim, çalışarıq salamat qayıdaq, – deyə otaqdan çıxdı və aşağı endi:
Azca sonra maşın hərəkət edib, Şimran yoluna düşdü. Fridun ancaq indi nədənsə verdiyi sözün peşmançılığını çəkməyə başladı. Lakin artıq gec idi. Geri qayıtmaq olmazdı. “Hərçi badə bad, yanlış da bir naxışdır” deyib, özünü ziyafətdə necə aparmaq haqqında düşünməyə başladı. Şəmsiyyə xanımın kübarlar məclisində, doğulduqları gündən dünyaya ağa gəlmişlərin arasında özünü sərbəst aparmalı, sıxılmamalı, çəkinməməli idi.
O, fikirdə ikən maşın artıq Zərgəndəyə girmişdi. Bura Tehranın on-on beş kilometr şimal-şərqində, dağların ətəyində düşmüş, sərin sulu və bağlı-bağatlı bir yaylaqdır. Zərgəndə Şimranın ətəyidir. Hər iki yaylaq yay zamanları Tehran kübarları və ağalarının istirahət və eyş-işrət yeridir. Buralarda ayrı-ayrı ərbabların on hektarlarla sahəni tutan bağları vardır. Bu bağların içində saraylar, imarətlər tikilmişdir, ağaların və xanımların zövqünü oxşayacaq hər cür dəbdəbə yaradılmışdır.
Fridun tələbə yoldaşları ilə birlikdə, dəfələrlə Zərgəndə və Şimrana gəlmiş, onun gözəl, təbii mənzərələrinə tamaşa etmişdi. Lakin o, haqqında yüzlərcə hekayətlər, nağıllar, əhvalatlar eşitdiyini, hər cürə romanlar və faciələr meydanı olan bu xüsusi malikanələrin içərisinə girməmiş, onların uca və qalın hasarlarından başqa bir şey görməmişdi. Buna görə Fridun bir maraqla bugünkü ziyafətə gedirdi.
Maşın, küçələri axşamüstü gəzintisinə çıxmış adamlarla dolu olan Şimranı üzüyuxarı qalxırdı. O, “Dərbənd” mehmanxanasına çatmamış, sola burularaq, azca gedib, böyük bir darvazanın qabağında fit verdi. Ağ saqqallı, yaşı əllidən artıq olan bir qoca qapını açıb, maşını içəri buraxdı. Fridun maşından düşüb, göz işlədikcə uzanan bağa, küllüklərə və imarətlərə baxdıqda məhbut olub qaldı. Sərxanların, Musa kişilərin əlinin zəhməti gör haralara gedirmiş! Başdan-başa səfil və ac İranın hündür və qalın hasarları arasında gör necə bir həyat gizlənirmiş! Yumşaq çay qumu döşənmiş və hündür ağacların arası ilə uzanıb gedən balaca yol ilə irəlilədi. Qabaqda, geniş bir meydançaya çıxan yerdə qırmızı rəngli ipək paltar geyib, ətirlənmiş və özünə xüsusi bir bəzək vurmuş Şəmsiyyə qonaqları qəbul edirdi. Fridun adəti üzrə xəfif bir baş əyərək, salam verdi və meydançaya keçdi.
Bütün bağda tanıdığı bir adam yox idi. Sanki bu mərmər sütunlu, bəzəkli, zəngin imarətlərin divarından, daşından bir soyuqluq süzülür, bədəninə gizilti salırdı. Şux geyimli xanımlar və ağalar da, onların mürəkkəb müaşirət qaydaları da ona beləcə yabançı idi.
Qonaqları qəbul etdikdən sonra Şəmsiyyə bir dəstə oğlan və qızla ona tərəf gəlirdi. Bir neçə addımlıqda dəstədən ayrılaraq, gülə-gülə qabağa yeridi:
– Xahiş edirəm tanış olun.
Fridun daxili bir sıxıntı ilə əlini uzunboylu bir ağaya uzatdı. Lakin əli havada qaldı. Ağa gülümsəyib çəkildi.
– Bəadəti fəransəvi¹ əvvəl xanımlarla, – dedi.
Fridunu bir anda tər basdı. Xanımlar və ağalar baxışdılar. Onların dodaqlarında və gözlərində istehzalı bir təbəssüm və maraq göründü. Lakin bir anda bu maraq sanki ona qarşı bir etinasızlığa çevrildi. Fridun dönmək istədikdə hansı bir xanımınsa ayağına toxundu. Uzunboylu ağa:
– Yavaş, ağa, yıxılarsan, – deyib onun qolundan tutduqda bəziləri ucadan güldü. Fridun birdən-birə içərisində güclü bir səs eşitdi. Bu səs “zahiri rövnəqinə baxma, bunlar heçdir” deyirdi. Dərindən gələn bu səsi eşitməklə də gənc özünü bu ağalardan yüksək və qüdrətli hiss etdi. Qolunu uzunboylu ağanın əlindən çəkdi:
– Narahat olmayın, ağa, yıxılsam da sınmaram, şüşədən deyiləm. – dedi və sonra da ayağına toxunduğu xanıma tərəf döndü:
– Üzr istəyirəm, xanım.
Gözlərdə yenidən bir maraq oyandı. Ciddiyyət əmələ gəldi. Fridunun simasındakı qızartıların bir cəsarətə çevrildiyini görən, səsində bir səmimiyyət və qüvvət hiss edən xanım mehriban bir nəzərlə onu süzdü və əlini uzatdı. Bundan istifadə edərək, Şəmsiyyə təqdim etdi:
¹ Fransa adətilə
– Xanım Südabə, vəziri-dərbarın qızıdır.
Fridun maraqla ona baxdı. Qızın iri qara gözlərindəki mehribanlıq xoşuna gəldi.
Fridun əlvan ipəklər və şallar içində parlayan, qiymətli daş-qaşlarla bəzənmiş, hərəsi bir ətir qoxuyan xanımların əlini sıxıb, tanış olduqdan sonra, kişilərə tərəf döndü. Burada Tehranın bütün kübar ailələrindən cavan kişi və qadınlara, oğlan və qızlara rast gəlmək mümkün idi. Adamlar dəstə-dəstə – üçbir, beşbir bağda gəzir, söhbət edirdilər. Axşam sərini ürəkləri oxşayır, batmaqda olan günəşin son işıqları çinar ağaclarının başında oynaşırdı. Hər on-on beş addımda bir xidmətçi əl-əl üstə duraraq, əmr gözləyir, gözlərini qonaqlardan çəkmirdi. Onlar balaca padnoslarda çay, şərbət, qəhvə, müxtəlif şirniyyat, siqar və papiros gəzdirir, xanımlar və ağaların kiçik bir işarəsilə quş kimi hərəkət edirdilər ki, bu da yerlərini itirmək qorxusundandı. Ehtiyac onları müti və aciz etmişdi.
Mərmər sütunlu binanın qabağındakı meydançada orkestr vals çalırdı, qonaqlardan oynayanlar da vardı. Lakin hələ məclis o qədər qızışmamışdı. Buna görə də qonaqların çoxu ya cüt-cüt oynayır, ya da durub oynayanlara tamaşa edirdi.
Fridun az danışır, diqqətlə adamları, onların rəftar və hərəkətlərini izləyirdi. İlk tanış olduğu bəzi ağa və xanımlar ara-sıra maraqlı, lakin ehtiyatlı nəzərlə onu süzsələr də, özlərini ondan gen saxlayırdılar.
Bu adamlar içərisində yalnız Südabə ona yaxınlaşır, danışırdı. Xüsusilə qız Fridunun Azərbaycandan gəldiyini bildikdə artıq maraq göstərirdi. Südabə ünsiyyət sevən bir adama oxşayırdı. Lakin nədənsə yoldaşları və rəfiqələrinin onu sevmədiyi görünürdü. Onunla rəftarları soyuq, danışıqları boğazdan yuxarı, baxışları dumanlı idi. Sonralar Fridun bunun ciddi səbəbləri olduğunu öyrəndi.
Ona qarşı belə bir rəftarın səbəbi Südabənin Azərbaycanda, yoxsul bir kəndli ailəsində doğulduğu idi. Dərbar vəziri Həkimülmülkün onun anasını zorla çəkib gətirdiyi də Tehrana məlum idi. Əvvəllər kübar ailələrində ona da, anasına da “hərbi qənimət” deyərdilər: 1920-ci ildə Südabənin atası Təbrizdə Şeyx Məhəmməd Xiyabani üsyanında iştirak edərkən şah qoşunların başında Azərbaycana gəlmiş Həkimülmülkü tutaraq, bığlarını və qulağının birini kəsib buraxmışdı. “Get, ağalarına de, bizdən əl çəksinlər...” Təbriz qiyamı boğulduqda Həkimülmülk onu boğazdan asdırmış və gözəlliyi ilə məşhur olan arvadı Məryəmi çəkib gətirmişdi: O zaman Südabə üçaylıq idi. Südabənin anası Həkimülmülkün üçüncü arvadı sayılırdı. O biri arvadların hərəsindən üç uşağı vardı.
Həkimülmülk, günülər arasındakı qovaqdan başı ağrımasın deyə Məhəmməd peyğəmbərin yolu ilə gedərək, hər arvada şəhərin bir yerində ayrıca ev düzəltmişdi. Südabənin anası da balaca bir həyətə salınmış və düşmən mühitdə ürəyində kin, günlərini saya-saya Südabəni böyütmüşdü. Qız böyüdükcə bu yabançı mühitin özünə alçaq nəzərlə baxdığını görürdü. Anası məsələni ona nəql etdikdə illərlə ürəyində yığılmış kin, həmin mühitə qarşı, onun tənəli rəftarına qarşı qızın ürəyində soyuq bir saymazlıq törətmişdi. Odur ki, Südabə Şəmsiyyədən başqa, qalan xanımlara meyl göstərmirdi. Tutqun üzlərini, tənəli baxışlarını görməkdən yorulmuşdu.
Birdən ağalar və xanımlar içərisində bir hərəkət əmələ gəldi. Hamı darvazaya tərəf döndü. Musiqi dayandı. Şəmsiyyə Fridunun təəccüb etdiyini gördükdə:
– Şahpur gəlir, dedi, – qabağa gedək.
Fridun bir neçə hərbi paltarlı adamla yavaş-yavaş gəlməkdə olan Şahpuru gördü. Onun üzündə açıq bir xudbinlik və təkəbbür vardı. Qonaqların hərəkətində, pıçıldaşmasında, açıq bir yaltaqlıq və gizli bir vahimə hiss edən Fridunun ürəyi bulandı, üzünü yana çevirib, yerindən tərpənmədi. Südabə təəccüblə:
– Şahpura baxmaq istəyirsinizsə gəlin, – dedikdə, Fridun soyuqqanlılıqla cavab verdi:
– Şahpur oyuncaq deyil ki, bizim kimi adamdır...
Südabə dayanıb Friduna baxdı:
– Mən cəsarətli adamları sevirəm. Baxın, sərtib də sizin kimi sərbəst dayanıb, – dedi və qonaqlara qarışdı.
Doğrudan da, sərtib əyilmədən, təməllüq göstərmədən kənarda durmuşdu. Yolun hər iki tərəfinə cərgə ilə düzülmüş adamlara salam verib keçən Şahpur hərdən ayaq saxlayır, bəzilərinin əlini sıxıb, hal soruşur və yenə keçirdi. Nəhayət, o yaxınlaşaraq, gözucu sərtibə tərəf baxdı. Sərtib vəziyyətini pozmadan xəfifcə baş əyib, salam verdi. Şahpuru kölgə kimi təqib edən hərbilərdən biri:
Kitabxana.az · https://kitabxana.az/en/works/mirze-ibrahimov-gelecek-gun-doqquzuncu-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Kərimxan Azadi qaranlıq və rütubətli zindana birdən-birə alışa bilmədi. Ona elə gəlirdi ki, uzun bədənini, enli çiyinlərini dar bir məzar sıxmaqdadır. Sanki onu zorla bir qəbrə soxmuş və qəbri də dikinə qaldırmışdılar. Heç bir yana tərpənmək mümkün deyildi. Heç olmazsa bazubəndin sıxdığı və bükülməkdən yorulmuş qollarını açmaq imkanı olaydı!.. Heç olmazsa gah qızışan, gah buz kimi soyuyan qıçlarını bircə anlığa aça biləydi!.. Nə üçün o tərpənə bilmir? O haradadır? Onun hissiyyatı və ağlı özündədirmi? Bəs ildırım sürətlilə barmağının ucundan başlayaraq beyninə qədər yeriyən bu sancı nədir?.. Görəsən, bu ağrılar, bu sızıltılar bədənin harasından baş qaldırır?.. Bəs bu su haradan axır? Yarıbihuş və yarıayıqlıq aləmindədir... O, qıçlarını çırmayıb gedir, gedir, tələsir, lakin çay qurtarmır, sahil görünmür. Bu zaman əzabın nəhayətsizliyindən doğan məyus bir fikirlə, bir ümidsizliklə özünü buzlu suların qoynuna atır, bütün bədəni titrəyir. Budur, artıq əziyyətlərin sonu çatdı. Əzablar qurtardı, hissiyyat susdu. Bütün əzası əbədi bir istirahətə daldı. Yox, bu əbədi rahatlıq deyil. Qəlbinin harasında isə hələ də əzablı bir duyğu yaşamaqdadır. Yəqin, o, dərin bir yuxuya getmişdir, bunlar hamısı pis bir röyadır, dəhşətli bir kabusdur. Röyada olan kimi qışqırmaq istəyir, səsi çıxmır, əlini uzatmaq istəyir, bacarmır.Onun bu ağır əzablara dözən sağlam vücudu, ecazkar bir surətdə öz həyat qüvvəsini göstərirdi. Birdən-birə uzun sürən dərin bir huşsuzluq içərisindən ayılır, müstəsna bir aydınlıqla hər şeyi anlayır, hər şeyi xatirinə gətirirdi. Nə cür tutulduğunu, necə bu qaranlıq məhbəsə düşdüyünü, nə əzablara məruz qaldığını və yoldaşlarına xain çıxmadığını açıq-aydın təsəvvür edirdi. Hafizəsində keçmiş günlər, ömrünün ağır uşaqlıq dövrləri, zəhmət, məhbəs və sürgünlər canlanırdı. Xavər, qaranlıq göylərdəki təkcə bir ulduz kimi onun həyatına işıq verən Xavər gəlib gözləri önündə dururdu. Sanki yenidən ürəyi bir şadlıq, bir səadət istisi ilə qızınır, dar və rütubətli zindana bir baharın ətri gəlirdi. Lakin mabədini düşünməkdən çəkinirdi. Xavərin indiki həyat və vəziyyətini təsəvvür etməkdən qorxurdu. Bu təsəvvür onu əzə bilər, iradəsini süstləşdirər, məhv edərdi. O, xəyalında həyatının başqa səhnələrini canlandırmağa çalışır, Fridunu, Kürd Əhmədi, pəncərədən müvəffəqiyyətlə qaçan doktorun oğlunu xatırlayırdı. Bunlar onun əzgin ruhuna ümid və qüvvət verirdi. Yalnız o, bircə şeyi xatırlaya bilmirdi. Görəsən, buraya düşdüyü neçə gündür? Bəlkə, aylar gəlib keçmişdir?.. Bu xatirələrə daldığı, huşu özündə olan zamanlarda Məhbusinin də siması gözləri önündə dururdu. O hələ də öz imanında möhkəm qalmaq istəyirdi. O, şübhəyə yol verməkdən qaçırdı. Çünki bütün bu dəhşətli əzablardan daha dəhşətlisi, onun səhvi, ehtiyatsızlığı nəticəsində yoldaşlarını fəlakətə verdiyi ehtimalı ola bilərdi. O, bu fikrin ağırlığına davam gətirə bilməzdi. Bununla belə, nə qədər çalışsa da, yenə ürəyində harada isə kor bir şübhə yaşayırdı. Axı o yaxşı adamdırsa, niyə ilk görüşdə Xavərə xoş gəlmədi? Yox, sevən qadınların hissiyyatı yanlış olmur! Bəs onda nə üçün Məhbusini də tutdular? Axı o zavallı da harada isə indi belə bir məzar içində çırpınmaqdadır... Bu təzadlı fikirlər içərisində o yalnız bircə şeyə sevinirdi: nə yaxşı ki, Fridun və Kürd Əhmədi onunla tanış etməmişdi. Sadiq adam olsa da, indi zəiflik göstərə bilər, onları ələ verə bilərdi. Bu fikir onu az-çox təskin edirdi.
İyirmi ikinci fəsil1941-ci ilin baharı gəlirdi. Hər gün təmiz və sakit bir səhər açılır, mavi üfüqlər dumduru, ləkəsiz və nəhayətsiz görünürdü. Novruz bayramına az qalırdı. Şəhərdə axır çərşənbələri bayram edirdilər, dükan-bazar boyalı yumurtalar, rəngarəng parçalar, əli-ayağı xınalı adamlarla dolmuşdu. Fridun bütün bunlardan xəbərsiz kimi idi. Sanki nə gəlməkdə olan baharı, nə də bayramı görürdü. Hər gün onun vaxtı min bir qayğı içərisində keçirdi. Gah doktorun oğlunun, gah arvadının, gah Xavərin yanına gedir, gah Kürd Əhmədlə görüşmək lazım olur, gah dəmiryol və bütün fabrik işçilərinin yanında olur, gah da Səlimi, Şəmsiyyə və Südabə vasitəsilə zindandakılara kömək etmək yollarını axtarırdı. Lakin hələlik heç bir şey etmək mümkün olmurdu. Səlimi ona, bu məsələ ilə Rza xanın hər gün, hər saat məşğul olduğunu, istintaq nəticələrini hər gün tələb etdiyini, vəzarəti-kişvərdə və məhbəsdə müstəsna bir gərginlik yarandığını demişdi. Hətta onun hərbilər arasında olan yüksək mövqeli tanış və dostları belə bu işə yaxın düşməkdən imtina edirdilər. Beləliklə, zindandakıların xilası üçün heç bir ümid yox idi. Fridun Südabə və Şəmsiyyə vasitəsilə bir təsir etmək mümkün olacağını düşündü. Sərhəng Səfai Hikmət İsfahaninin yaxın dostu idi. Bəlkə onun işə qarışması ilə heç olmazsa gözlənilən ölüm cəzasını əbədi sürgünlə əvəz etmək mümkün olar deyə Şəmsiyyə ilə danışmaq istədi. Səlimi məsləhət görmədi:– Əvvəla, Hikmət İsfahani xeyri olmayan bir işə, xüsusən belə bir işə girişməz, ikinci də, əgər xeyri olsa, bu saat yenə bu işə yaxın düşməz. Çünki, həm Həkimülmülk, həm də Rza xanla əlaqələri hələ düzəlməmişdir. Onu ittiham edib, boğazından asmağa bəhanə axtarırlar.
İyirmi üçüncü fəsilAyaz beş qranı ovcunun içinə sıxaraq çiyinlərini qısmış halda, titrəyə-titrəyə bazar qələbəliyinə qarışmışdı. Təzəcə yağış yağdığından çox palçıq idi. Adamlar ətəklərini yığışdıraraq, su gölməçələrinin qırağı ilə ehmalca o tərəf-bu tərəfə keçirdilər. Ayaz kimi ayaqyalın, başıaçıq uşaqlar heç kəsə, heç nəyə əhəmiyyət vermədən palçıqlı suyu ətrafa sıçrada-sıçrada gölməçələrin içində yeriyirdilər. Köhnə tumanköynəkdən, cırıq və yamaqlı pencək-şalvardan tutmuş, qapı cəftəsinə, lampa şüşəsinə, bülbül qəfəsinə qədər müxtəlif şeyləri qolunun üstünə, çiyninə ataraq və ya əlində tutub, havada oynadaraq, satmaq üçün bar-bar bağıran adamlar bir-birinə qarışmışdı. Ayaz izdihamdan ayrılıb, buludlar arasında boylanan yaz günəşinin soyuq işıqları düşmüş quru və nisbətən sakit bir yerə çıxdıqda burnuna tünd bişmiş iyi dəydi. Bura qovurmaçılar meydanı idi. Bir tərəfdə tavada cızbız qovrulur, bir tərəfdə çüğündür buğlanır, o biri tərəfdə pörtlənmiş kartof ağarırdı. Ayaz ləbləbi bişirənə yaxınlaşdı:– Əmi, çörək dükanı haradadır?
İyirmi dördüncü fəsilAğır bir məzar sükutu içərisində edam hökmünü onlara oxudular. Ölümə məhkum edilənlər kamerasına salıb, iyirmi dörd saatlıq həyatları qaldığını bildirdilər. İyirmi dörd saat! Bu iyirmi dörd saatda nələr ola bilərdi? Onlar min arzu və xəyal ilə yaşayır, azadlıq ümidini itirmirdilər. Bununla belə, hər keçən saniyə iradəni sarsıdır, ölümün dəhşətli rəmzi olan dar ağacını gözləri önünə gətirirdi. Onlar dəqiqələri, saniyələri saymağa başlayırdılar. Kərimxan, insanın oturub dəqiqələri saya-saya ölümü gözləməyindən dəhşətli bir şey olmadığını bilirdi. Belə dəqiqələrin ağır iztirabına dözməyib, dəli olanları o, məhbuslar arasında az görməmişdi. İyirmi dörd saatda əlli illik bir həyatın işgəncələri altında əzilmiş kimi, saçı-saqqalı ağaran, üz-gözünü qırışıq basan, heç bir zaman unuda bilmədiyi bir məhbusun surəti indi də gəlib gözləri önündə durmuşdu. O, bu fikir və xatirələri qovmağa çalışırdı. Həyatının xoş günlərini, qəlbə qüvvət və mətanət verə biləcək hadisələrini xatırlamağa səy edirdi. Cənubda sürgündə olanlar arasında rast gəldiyi bir dabbaq yadına düşdü. Dabbaq qərib bir adam idi. Onun qırx illik ömrünün yarısı məhbəslərdə və sürgünlərdən keçmişdi. O, beş dəfə məhbəsdən, iki dəfə sürgündən qaçmışdı. Axırıncı dəfə yenə qaçmaq istəyəndə tutub, edama məhkum etmişdilər. Onu asmamışdan qabaq demişdi:“Dünyada qəlyandan doymadım. Bir qəlyan gətirin, bir qurtum sümürüm, sonra asın”. On yaşından başlayaraq bütün ömrünü oğurluqda keçirmiş otuz yaşlı başqa bir məhbusu asdıqda “vəsiyyətin nədir?” sualına cavab vermişdi: “Çayçı Əhmədə beş tümən borcum var, onu verin, anama da deyin mənə südünü halal eləsin?”
Poems by other poets
Gördülər yuxlamışam, şad olub oxqay dedilərBir deyirdim ki, duram, yox hələ lay-lay dedilər.
Gəraylı: Gənə fəsli-bahar olduGənə fəsli-bahar oldu,Yanıb-yanıb ötər bülbül.
EyləməTutu quşu, gəl, Allahı sevirsən,Mənim sirrim xalqa bəyan eyləmə,
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.