Page 2 of 4 · 25%

Tənhalıq və sakitlik axtaran Fridun tez başını yana çevirdi və divar dibinə həsirin üstündə xoruldayan kəndlilərə tərəf döndü. Özü üçün münasib bir yer seçməyə çalışdı. Çayçı şagirdinin gətirdiyi bir stəkan tünd çayı içib, üst köynəyini çıxartdı, büküb başının altına qoyaraq, həsirin üstünə uzandı. Bu zaman kəndlilərdən biri uzun bir xorna çəkdi. Hüseyn Məhbusi:

– Bəh, bəh, – dedi, – kefimiz var, zalım oğlunun burnu elə bil ki, şeypurdur.

Sofi İranpərəst:

– Türkə xərə, – deyib şit bir əda ilə güldü.

Hüseyn Məhbusi onun sözünə qüvvət verdi:

– Azərbaycana gələndə, – elə bil ki, cəhənnəmə düşürsən. Nə bir adam səni anlayır, nə sən bir adamı anlayırsan. Xalis cəhənnəmdir!..

Oturanlardan cavan zabit:

– Elə deməyin, Azərbaycan gözəl yerdir, – dedi, – behişt əladır. Azərbaycanlılar olmasa, İranın yarısı acından ölər. Taxılımız, ətimiz, yağımız onlardandır. Şirin meyvələrimizi becərən onlardır...

İranpərəst gülüb, cavab verdi:

– Əlbəttə, söz yox ki, yemək üçün Azərbaycandan yaxşı yer yoxdur. Gəlib Azərbaycanda yeyəsən, kökələsən, qarnını da, cibini də doldurasan, gedib Tehranda kef çəkəsən. Çox gözəl yerdir. Amma...

O, deyəcəyi sözün təsirilə gözləri yaşarana qədər qəhqəhə çəkib güldü. Yaylıqla gözlərini silib davam etdi.

– Amma əhalisi həmişə, bax, elə beləcə, quru yerdə, cırıq həsir üstündə yaşasa yaxşıdır. Çünki qanı isti camaatdır. Bir balaca ki, qızışdı, hər şeyi vurub dağıdacaq... Belə camaatın gərək gecə-gündüz boynundan düşməyəsən!.. Ha... ha... ha... Boynundan düşməyəsən!

Sərtib:

– Ağa, dedi, – heç bir şərafət sahibi bir evin içində otura-otura ev sahibini təhqir etməz. Onun çörəyini yeyə-yeyə başını yarma, heysiyyəti millisinə toxunmaz.

Hüseyn, yarı ehtiram, yarı nifrət, yarı yaltaqlıq və yarı kin dolu bir səslə:

– Ağayi sərtib, bizim hamımızın bircə heysiyyəti-millimiz vardır dedi. – İran, iranlılıq... Əlahəzrət Hümayunun təbəələri üçün özgə bir milliyyət, özgə bir heysiyyət və özgə bir dil olmasın gərək!

Sərtib acıqlandı:

– Ağa, siz cavansınız!.. Mən sizə, tutuquşu kimi, siyasətin ehkamlarını əzbərləyən adamlardan olmağı məsləhət görmürəm. Çünki bu cür adamlar həmişə, hər yerdə ürək və vicdandan məhrum bir həşərat kimidir. Siz namuslu bir vətəndaş və insan olmağa çalışın! Qoy sizin öz fikriniz olsun. Qoy bu fikir həqiqət və vicdanın hökmündən doğsun. O zaman mən sizin dəlillərinizə qulaq asaram.

Bunu deyib, sərtib çayçıya döndü:

– Bir yola bax, gör işıq varmı, maşın gəlirmi?..

Hüseyn ürəkbulandırıcı bir şitliklə:

– Ağayi sərtib, – dedi, – şərafətimizə and içirəm ki, mən həmişə elə olmuşam. Məgər əlahəzrət Hümayun dedikləri həqiqət və vicdanın hökmləri deyildir?.. Məgər onlar bütün İran gənclərinin müqəddəs etiqadı olmamalıdır?.. Mənim eşitdiyimə görə, əlahəzrət Humayun şahənşah-İran Rza şah Pəhləvi özləri Azərbaycan adının, Azərbaycan dilinin xəritədən, yer üzündən silinməsini istəyirlər. Arada özgə bir mətləb ola bilməz.

Çayçı qayıdıb:

– Ağayi sərtib, heç şey görünmür, – dedi.

Sərtib qədəhi götürüb, bir qurtuma içindəki konyakı içdi və ağzını silərək, daha artıq bir qızğınlıqla:

– Oğlan, – dedi, – sənin, şit təbəssümlə zəhərli sözləri birləşdirən dodaqların mənə acı bir şərbəti xatırladır. Acıqlandığın nədir, gülməyin nədir? Kişi ol, kişi kimi söz de və kişi kimi də sözə qulaq as!

Hüseynin bütün simasında bir ciddiyyət əmələ gəldi:

– Ağayi sərtib, mən ki bir söz demədim. Əlahəzretin fikirlərini şərh etdim.

Sərtib daha sərt onun sözünü kəsdi:

– Əlahəzrətin adını ləkələməyin. Mən inanıram ki, onun bu rəzalətlərdən xəbəri yoxdur. Bu fitnələri törədən aşağıdakı, yuxarıdakı xırda və alçaq adamlardır!..

– Bəs Azərbaycan necə?.. Mən o fikrinizə şübhə etdim... Yavər Əzimi:

– Ağa, siz öz şübhəli fikirlərinizi qoyub, niyə bu aşkar şeylərə şübhə edirsiniz? – dedi.

– Mən azərbaycanlı deyiləm. Mən də sizin kimi farsam. Lakin mən yaxşı bilirəm ki, tiryək kimi bütün beyinləri dümanlatmış zəhərli bir fikir, alçaq və qeyri-əməli bir əqidə əvvəl-axır bizim bədbəxtliyimizə səbəb olacaqdır. Azərbaycan yağlı bir tikədir. Azərbaycan dadlı və ağız şirələndirən bir meyvədir. Onu udmaq, bəlkə də, asandır. Lakin onu həzm etmək müşküldür. O, bizim mədəmizi və bağırsaqlarımızı doğrayıb, çölə tökə bilər. İranın azadlıq və səadəti qeyri millətləri əzməklə başa gələn deyil. Bu, intihar və bədbəxtlik yoludur. Yeddi-səkkiz milyonluq bir milləti, azərbaycanlılar, kürdlər və sairlərdən ibarət eyni nüfuza malik millətləri udub, həzm etdiyini güman etməkdən də əblahanə bir fikir ola bilməz...

Araya ağır bir sükut çökdü. Uzun zaman heç kəs heç nə danışmadı. Sərtib gəzinərək, kibrit çəkib siqarını yandıranda Fridun gözaltı diqqətlə ona baxdı. Onun qarabuğdayı rəngə çalan üzündə dərin bir qayğının, düz və iti baxan gözlərində bir intizarın ifadəsi vardı. Sərtibin orta boydan azca hündür və şax olan gövdəsindən bir məğrurluq tökülürdü. Sözü şax deyən adam Fridunun qəlbini xoş bir hisslə doldurdu. Üzünü divara çevirib, yuxuya getdi.


Çöldə çaqqalların ulaşması və cırcıramanın arasıkəsilməz nəğməsindən başqa, heç bir şey çayxananın sükutunu pozmurdu. Nəhayət, bu sükut, hələ də o baş-bu başa gəzinməkdə olan sərtibi darıxdırırdı:

– Niyə gəlib çıxmadılar? – deyə çayçıya müraciət etdi.

Çayçı hörmətlə baş əydi və tez cavab verdi:

– Darıxmayın, ağayi sərtib, inşallah, gələrlər.

Sərtib stola yaxınlaşdı, bir qədəh də konyak tökdü. Lakin içməyib, əlində saxladı, O biri əli ilə baxışlarını hara isə dikmiş Məhbusinin çənəsindən tutub silkələdi:

– Oğul, əgər sən namuslu adamsansa, get mənim bu sözlərimin üstündə düşün. Yox, əgər casussansa, Allah məni sənə yaxşı rast gətirib. Heç yerdə bundan xeyirli bir şey eşidə bilməzsən. Get, yaz, ver. On tümən, on beş tümən al, qoy cibinə! O, cavab gözləmədən ayağa durdu, çayçını səslədi.

– Əmi can, bir saat dincəlməyə bir yerin olarmı?

Çayçı hörmətlə:

– Buyurun, ağayi sərtib! Buraya buyurun, – deyib, çayxananın dibində divardan asılmış balaca əkdəni qaldırdı, onun dalındakı qapını açıb, sərtibi içəri buraxdı.

– Sizin kimi əziz qonaqlar üçün saxlayıram. Yaxşı taxt və yorğan-döşəkdir. Soyunun, rahatca dincəlin. Tərtəmizdir.

Sərtib müsahiblərinə:

– Maşın gələn kimi məni oyadın, – dedi və ikinci otağa keçib, qapını örtdü.

Çayçı ayağa durmuş yavər Əzimiyə baxdı:

– Bəlkə, ağa da yatmaq istəyir?

Yavər Əzimi:

– Yox, yuxum gəlmir, havaya çıxacağam, – deyib qapıya yollandı.

O, çölə çıxdıqdan sonra Sofi İranpərəst üzünü Məhbusiyə tutdu:

– Ağayi sərtib kimi gözləyir? – deyə soruşdu.

Hüseynin dodaqlarında acı bir gülüş göründü:

– Kimi gözləyir gözləsin! Heç kəs gəlməyəcək. Əcəldən başqa. Ona da sərhəng¹ deyərlər...

Onlar bir-birinə baxıb, uzun müddət heç bir şey danışmadılar. Yalnız o biri otaqdan sərtibin xorultusu eşidildikdə dilləri açıldı.

Sofi İranpərəst gözlərini qıyıb, dodaqlarını büzdü:

– Bu sərtibin sözləri mənə xoş gəlmir!

Hüseyn:

– Can verənin sayıqlaması əmri-təbiidir, – deyib qədəhi başına çəkdi.

– Bu hansı Səlimidir? Kimlərdəndir?

– Bu həmin Səlimidir ki, atasını əlahəzrət hələ taxta çıxarıldığının birinci ilində məhbəsdə asdırıb öldürmüşdü. O zaman bu, Avropada təhsil alırdı.

– Ahaaa!... Deməli, bu o Səliminin oğludur... O kişi ki, məşrutə dövründən ruspərəstin biri idi. Bizim ağayi-Hikmət İsfahaninin köhnə düşmənlərindən idi. Tanıyıram.

– Əslinə baxsan, onu öldürən də elə sizin ağa qurumsaq oldu. İndi də deyirlər, qızını buna vermək istəyir.

– Yox canım, boş sözdür. Ağanın ixtiyarı olsa, bunun qanını içər, Şəmsiyyə xanımı belələrinə verməz.

– Zəhmət çəkmisən. Versə də qoymazlar. Buna da sərhəng deyərlər. Gör necə nəqşlər² işlədəcək. Hara getsə Şəmsiyyə xanımın axır yeri sərhəngin ağuşudur.

¹ Polkovnik
² Plan

Onlar susdular. Hüseyn bir qədəh də içdi və nə isə, bərk köksünü ötürdü.

Sofi İranpərəst ona təskinlik verdi:

– Fikir eləmə, oğlan... Sərtibdi, acıqlandı, ixtiyarı var. Yadından çıxart getsin. Kefini şad elə, bir qədəh də iç. Birini də iç! O qədər iç ki, sümüklərin də oynasın.

O, qədəhi başına çəkdi. Plovdan bir qaşıq yeyib, yenə qədəhi doldurdu və əlində tutub gəzindi:

– Oğlan, sən cavansan. Tez qızışıb, tez də soyuyarsan. Çünki dünyanın isti-soyuğunu görməmisən. Amma dünya görüb getmiş kişilər yaxşı vəsiyyətlər ediblər.

Dövrane-cəhan meyo saqi hiçəst.
Bi zəmzəmeye-nayc-əraqi hiçəst.
Hərçənd dər əhvale-cəhan minegərəm
Hasil həmə əşrətəsto baqi hiçəst.¹

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

On dördüncü fəsil

Rza xan maşını Pəhləvi küçəsində saraya çatmamış, saxlatdırıb düşdü və adətinin xilafına olaraq, piyada yeriməyə başladı. Onu hər tərəfdən hərbi qiyafəli qulluqçular əhatə etmişdi. Sərhəng Səfai də onların içində idi. Şah yavaş addımlarla yeriyir və heybətli nəzərlərlə ətrafa baxırdı. Onu görən hər kəs tez qaçıb ya bir dükana soxulur, ya tələsik qayıdıb geri dönür, ya da divara sıxılıb, keçməsini gözləyirdi. Hətta laqeyd və çox danışmağa adət etmiş dükan və mağaza sahibləri belə cınqırını çıxarmayıb, hövlnak içəri girirdilər. Məktəbli uşaqlar və çadrası götürülmüş olsa da, başındakı yaylıqla yaşmaq tutan qadınlarda ona rast gəldikdə ildırım vurmuş kimi yerində quruyub qalır, səslərini kəsib, başlarını yana çevirirdilər. Sanki küçədə dəhşətli bir kabus, hər tərəfə ölüm saçan qara bir heykəl hərəkət edirdi. Bu, zülm və istibdad heykəli idi. Onun ayağı dəyən hər yerdə bir məzar sükutu hakim olur, yalnız keçib getdikdən çox-çox sonra insanların rəngi özünə gəlməyə başlayırdı. Şahın qara çöhrəsinə baxanların nəzərində məhbəslər, dar ağacları, ölüm və zülmətin qurbanı olmuş adamların siması canlanırdı. O isə düz gedir, bu rəngi qaçmış, gözləri çuxurlaşmış insanların üzünə belə baxmırdı. Kim bilir, bəlkə də, onları bir heç, bir qarışqa hesab edirdi. Yaxud da sövqi-təbii bir hisslə üzvlərinə baxmaqdan qorxurdu.O, Pəhləvi xiyabanından burulub, saraylar küçəsinə çıxdı və mərmər sarayın qapısına doğru addımlayanda heç kəsin gözləmədiyi bir hadisə baş verdi. Saçı-saqqalı ağarmış, bir cüt gözü işıldayan bir qoca birdən-birə özünü onun ayaqlarına atdı. Şah əvvəlcə gözlənilməz bir vahimə içərisində geri çəkildi. Heç bir zaman ürəyini tərk etməyən gizli qorxu hissi bütün vücudunu titrətdi. Lakin ayaqlarının altında suiqəsd edəcək bir adam deyil, zəif, aciz, kəlləsinin sümükləri çıxmış, ordları batmış bir qoca gördükdə durdu və qəzəblə ona baxdı. Uzunboylu, yanaqları qırmızı, boynunu ət basmış bir sərtib və sərhəng Səfai dərhal qocanın üstünə atılıb, onu yoldan kənar etmək istədilər. Qoca cansız vücudu ilə amansız bir müqavimət göstərərək, Rza xana doğru sürünməyə başladı. Şah amiranə bir tərzdə sağ əlini qaldırdıqda sərhəng və sərtib kənara çəkildi. Şah qəzəblə qocanın üzünə baxdı və farsca:

16 min
On beşinci fəsil

Hikmət İsfahani ağır bir təəssürat altında saraydan çıxdı. Onun fikri dolaşıq, qəlbi həyəcanlı idi. Rza xanın ondan narazı olduğunu, ona hətta gizli bir kin bəslədiyini duyurdu. Rza xanın heç bir şeyi unutmadığını və heç bir qüsuru əfv etmədiyini də bilirdi. Buna görə də qəlbinin dərinliklərində ağır bir əndişə baş qaldırırdı. Şahın belə qəzəblənməsində Həkimülmülkün də barmağı olduğu ona aydın idi. Bununla belə, hər şey ona anlaşılacaq şəkildə görünmürdü. Nə isə, şahın da, Həkimülmülkün də hərəkətlərində bir mübhəmlik, bir sirr vardı. Saraydan çıxdıqdan sonra Həkimülmülkün Rza xanla tək qaldığını yəqin bilməsi, xüsusilə onun bu şübhələrini daha da artırırdı. “Bu siçan hələ çox iplər çeynəyəcəkdir!” – deyə Hikmət İsfahani düşünür, özünü bərk danlayır, belə bir adamın əlinə bəhanə verdiyi üçün peşmançılıq çəkirdi: “Mən axmaq – deyirdi, – bu bişərəfləri tanıya-tanıya yenə dilimi dinc qoymuram, mülk də getdi, əlavə Ərdəbil bağları da getdi, qızı da bu qurumsağa verdim. Özüm də borclu çıxdım. Özüm öz malımı oda qoydum. Bu saray siçanı, bu tiryəki köpək oğlu da üstümə qalxdı. Ayağın qoydu boğazıma. İndi nəfəsimi kəsənə qədər sıxacaq...” Bu düşüncələr onu sıxır, tamamən haldan çıxarırdı. Bütün bu fikirlər və mülahizələri onu çarə axtarmağa, ayağının altını möhkəmlətmək üçün yollar aramağa sövq edirdi. O, hansı vasitələrlə Rza xana təsir edə biləcəyini, onu bu hiyləgər və tiryəki Həkimülmülkün təsirindən qurtara biləcəyini düşünürdü. Bu, verimlə, bəxşişlə düzələsi iş deyildi. Çünki əlahəzrətin bir pis xasiyyəti vardı ki, verdikcə iştahı artırdı, əmlakı artdıqca onun həvəsi də şiddət kəsb edirdi. Onu verimlə doyurmaq mümkün deyildi.Hikmət İsfahani uzun müddət şaha təsir etmək yollarını axtarıb, bir-bir mühüm simaları xatırında canlandırarkən, birdən-birə dostu mister Tomas yadına düşdü. “Aha, yaxşı tapmışam, – deyib sevindi, – bu adamın İran siyasətində hərlətmədiyi bir təkər, tərpətmədiyi bir halqa yoxdur. Yaxşı tapmışam. Əlahəzrəti elə yumşaltsınlar ki, lap muma dönsün. Ağayi Tomas onun qəzəbini elə mərhəmətə çevirsin ki, görən əhsən desin!” Bu fikirlərlə o birbaşa maşını Tomasın rəsmi qulluq yeri olan ingilis səfarətxanasına sürdü. O, maşından düşərkən Tomasın öz maşınına minməyə hazırlaşdığını gördü. Tələsik ona doğru addımladı. Tomas da onu görüb dayandı və qayıdıb ona tərəf gəldi. Uzun qollarını yanına sallayaraq uzaqdan:

20 min
On altıncı fəsil

Tehran qabarıq bir təzad içərisində yaşayırdı. Zahirən onun sakitlik və ətalətini pozacaq bir hərəkət gözə dəymirdi. Sanki o, bir-birilə heç bir zaman uyuşa bilməyəcək ziddiyyətlərin ahəngini yaratmışdı. Həqiqətdə isə bu təzad onu daxildən didib parçalayır, mənliyini çeynəyir, nəhəng bir ağacı içərisindən gəmirən bir qurd kimi onu sarsıdırdı. O, bir-birini yemək üçün yaranmış iki övlad doğmuş anaya bənzəyir, bu ananın əzab və iztirabları ilə yaşayırdı. Sərvət və səfalət ona övlad və qənim kəsilmişdi.Şəhərin bu dəhşətli mənzərəsi, kəndin Fridunda oyatdığı kədər və qəzəbi daha da artırırdı. O, bazar və küçələri doldurmuş yurdsuz uşaqlara, səfil-sərgərdan bir halda hər gələnə əl açan qadın və qızlara baxır, onların içində Musa kişini, Gülnazı, Səriyyə xalanı, onların körpələrini axtarırdı. Bu qayda ilə günlərlə, həftələrlə şəhərin küçələrini və bazarları dolandı, tanış və dostlardan soraqlaşdı, nişanlarını dedi, lakin bir səs, bir xəbər çıxmadı. O, maşınlardan enib mağazalara, kontorlara girən qarnı tox, əyni qalın Hikmət İsfahaniləri saxlamaq, “Ağalar, yaxşı baxın, bunlar sizin əməllərinizdir!” deyə qışqırmaq istəyirdi. O, getdikcə fikirli və qüssəli olmağa başladığını hiss edirdi. Artıq əvvəlki şuxluq və şadlıq zaman keçdikcə onu tərk etməyə başlayırdı, tamamən yerini ağır düşüncələrə, əzablı duyğulara verirdi. Bu düşüncə və duyğular qəlbindəki intiqam alovunu, azadlıq hərəkətini gücləndirirdi. O, yalnız fəaliyyətdə, yalnız çalışmaqda bir təskinlik taparaq, bütün varlığını yenidən dərslərə və işə vermişdi. İşi isə pis getmirdi. Vərəqələr və birinci kitab gözlədiklərindən artıq nəticə vermişdi. Onların məzmunu tez bir zamanda xalq arasında yayılmışdı. Şəhərdə bu ətrafda gedən söhbətlər kəsilmirdi. Fridunun nəzərində onların ən böyük əhəmiyyəti xalqda ümid oyatması, həyat və quruluşdan narazı olan adamları mübarizəyə ruhlandırması idi. Camaat rəsmi dairələr və qəzetlər tərəfindən yayılan vərəqələrin Sovet səfarətxanası tərəfindən buraxılması xəbərini dodaqaltı istehza ilə qarşılamış və sanki buna cavab olaraq, vərəqə buraxanlara “həqiqətçilər” təxəllüsü vermişdi. Bu istilah çox tezliklə hər tərəfə yayılmışdı. Qəribə orası idi ki, camaat belə bir işə iqdam edən adamlardan daha çox şeylər gözləyir, onların adına min söz danışırdı. Qurban Mərəndi, böyük bir sevinclə Fridunu tutaraq:

17 min
On yeddinci fəsil

Sərtibin otağında intizar dolu bir sükut vardı. Hafiz Biluri və Yavər Əzimi üz-üzə oturub fikrə getmişdilər. Onların qabağındakı açıq nərdin ağ və qırmızı daşları bir-birinə qarışmışdı. Fikirlərini yenə başqa məsələlər məşğul etdiyindən oyun yarımçıq qalmışdı. Nərdin yanına qoyulmuş stəkanlardakı çay soyumuş, vazalardakı meyvə, şirniyyat əl dəyilməmiş qalmışdı. Yavər Əzimi tez-tez saatına baxır, səbirsizlik göstərirdi. Hafiz Biluri isə gözlərini qeyri-müəyyən bir nöqtəyə dikdiyi halda, nərdin bir daşını götürüb o birisini qoyur, zahiri təmkinini pozmamağa çalışırdı. Hər ikisi, Səliminin həyatında bir dönüş günü gəlib çatdığını müəyyən etməyə çalışırdı. Səlimi evdən çıxıb, saraya getməmiş onlar bu görüşə sevinirdilər. Məmləkətin siyasətində əsaslı bir dönüş yaradacağına inanmasalar da, Səlimi öz haqqındakı pis fikirləri məhv edəcəyinə, yenə əvvəlki mövqeyini özünə qaytaracağına şübhə etmirdilər. Lakin Səlimi onlarla xudahafizləşib, həyət qapısını örtdükdən sonra ürəklərinə ağır bir şübhə, qondu. Hafiz Biluri nərdin daşlarını qarışdırıb Yavər Əzimiyə baxdı:– Görəsən, sərtib bu gedişlə islaholunmaz bir iştibah etmir ki? Nə isə ürəyim rahat olmur.

20 min

Poems by other poets