Page 3 of 5 · 40%

– Maşallah, sən yaxşısan, – dedi və oturdu.

Südabə çay hazırlamaq istədikdə, əlindən tutub qoymadı:

– Səndən yaxın bir dostum yoxdur, adam pis günündə dost yanına gedər.

Südabə ona yaxın oturdu:

– Nə var, Şəmsiyyə, sənə nə olub?

Şəmsiyyə başına gələn əhvalatları ona danışdı:

– İndi mənə bir məsləhət ver, bir yol göstər, nə edim? Ağır gündə adamın gözü bağlanır. Xoşbəxtliyi elə yerdə axtarır ki, orada tapmaq mümkün deyil.

Şəmsiyyənin müşkül suallar qarşısında durduğunu anlayan Südabə düşdüyü ziddiyyətlər içərisində ona səadət görmürdü, onun fikrincə bu səadət başqa yerdə idi.

– Sən yaxşı dedin, Şəmsiyyə, biz çox zaman xoşbəxtliyi olmayan yerdə axtarırıq. Mən onun əsil yolunu göstərsəm, bilmirəm o yol ilə gedərsənmi?

– Sənin yanına onun üçün gəlmişəm, Südabə.

– Şəmsiyyə bacım, nə Sərhəng, nə də sənin atan sənə səadət verməyəcək. Onların yolu hakimiyyət və mal-dövlət yoludur. Bu yolda onlar nə sənin səadətini düşünür, nə mənim. Bunun üçün onların bu bədbəxt İranı satmadıqları bir dövlət qalmayıb. Sən xoşbəxtlik axtarırsan, amma sənə də, mənə də necə xoşbəxtlik ola bilər ki, vətənimiz və xalqımız zülm içində, yoxsulluq içindədir.

Şəmsiyyə azca yana çəkilərək təəccüblə və ehtiyatlı bir nəzərlə ona baxır, nələr danışdığını anlaya bilmirdi. Südabə davam edirdi:

– Onlardan əlini üz, gəl başqa bir yerə gedək. Gəl mən səni sadə adamların içinə aparım. Səadət onların içindədir.

– Bəs atam, bəs mülklərimiz? – dedi, – onlardan ayrılsam mən necə yaşaya bilərəm?

– Onların hamısını at, gəl yaxşı adamların içinə gedək. Orada dəbdəbəli məclislər və şahzadələr yoxdur. Kasıblıq və ehtiyac içində olsa da böyük duyğular, ali fikirlərlə yaşayan adamlar var!..

Südabənin dedikləri Şəmsiyyəyə anlaşılmaz bir yuxu təsiri bağışladı. Sanki qız onu hara gedib çıxdığı bəlli olmayan qaranlıq bir yola çəkirdi.

– Sağ ol, bacım, məni bağışla, narahat etdim, – deyib Şəmsiyyə evinə qayıtdı. Sabahısı günü eyni tərəddüd içərisində yaşayarkən yenə Sərhəng gəldi. Ona tam bir azadlıq və səadət vəd edərkən atasını mütləq buraxacağını, Sərtibin vəziyyətini yaxşılaşdırmağa çalışacağını vəd etdi. Yenə onun yumşalmadığını gördükdə durub getmək istədi:

– Xudahafiz, xanım, ağayi Hikmət İsfahaniyə son sözünüz varmı? Bəlkə, bir daha üzünü görmədiniz!

Şəmsiyyə başını qaldırdı və qorxulu nəzərlərlə onun gözlərinə baxdı. Bu gözlər soyuq bir şüşə kimi işıldayan cəllad gözü kimi qətiyyətlə yanırdı. Bu qətiyyətin altında Şəmsiyyənin bütün iradəsi öldü. Ümidsizlik və dəhşət içərisində qolları yanına düşdü, qanı qaçmış dodaqları zorla titrədi:

– Razıyam, Sərhəng, qayıdın!


Sərhəng kabinetində oturub mister Harolda verdiyi kağızın cavabını gözləyir və Sərtib Səlimi haqqında düşünürdü. Hər hansı danışıqdan boyun qaçıran, yanına gələn hər kəsi söyüb-qovan və ümumən böyük bir rahatsızlıq yaradan Sərtibi nə cür məhv etmək yollarını axtarırdı. Rza xanın əmrinə və Sərhəngin istəyinə görə Sərtib salamat çıxmamalı idi. Bu vaxta qədər öldürülməməyinə də səbəb şahın şübhələrini doğrultmaq təşəbbüsü idi. Rza xan tələb edirdi ki, Sərtibin mütləq sovet səfarətxanası ilə əlaqəyə girib, məmləkətdə pozucu işlər apardığı sübut edilsin. Lakin Sərtib bütün əzablara dözərək, “yox” deyib dururdu. Artıq vaxt gəlib çatmışdı. Sərtib aradan götürülməli idi. O, başlana biləcək azadlıq hərəkatlarında hakim dairələr üçün daha qorxulu idi. O, böyük nüfuz sahibi idi. Kərimxanların dalınca getməyən mütərəddid təbəqələr belə onun ardınca gedəcəkdilər. Sərhəng həm bu təhlükəni aradan qaldırmaq, həm əlahəzrətin qəzəbini soyutmaq, həm də öz yolunu təmizləmək üçün onu məhv etməli idi. Lakin nə cür? Sərhəng əvvəlcə onu öz kamerasında asmağı düşündü. Sonra xörək içində zəhər verib öldürməyi daha əlverişli tapdı. Hər halda bu iki üsul daha səssiz və sakit keçə bilərdi. “Sərtib özünü öldürmüş, yaxud zəhərlənmişdir” deyib onun ölümünü əbədi bir sirr pərdəsi altında gizlətmək olardı. Lakin Sərhəng hələ qəti bir qərar çıxarmamış Həkimülmülk zəng etdi. Onun səsində qeyri-adi bir həyəcan vardı. O, əlahəzrətin Hikmət İsfahanini azad etmək haqqındakı hökmünü bildirərək, səsindəki titrəyiş və iztirabı gizlədə bilmədi. Sərhəng ona qulaq asa-asa “bu hərif öz gələcəyindən qorxur” deyə düşünürdü. Hakimülmülk sözünü:

– Əlahəzrət Sərtibin rahat edilməsini istəyir, rahat edilməsini istəyir! – deyib qurtardı və qulaqlığı asaraq heç Sərhəngin fikrini də soruşmadı.

Sərhəng iki nəfər boynuyoğun, kök və bir-birindən seçilməyən qulluqçunu yanına çağırtdırdı:

– Hazırlaşın, – dedi, – əlahəzrət Sərtibi rahat etməyi tələb edir!

Onlar sualedici nəzərlərlə Sərhəngə baxdılar:

– Nə cür?.. Özünü asmaq təriqilə, yoxsa?..

Sərhəng sual etdi:

– Onun aclıq elan etdiyi neçə gün olar?

– Beş gündən çoxdur dilinə heç bir şey vurmur.

– Çoxmu zəifləmişdir?

Onlar bu sualın mənasını anlamadılar. İkisi də birdən:

Sərhəngin acığı tutdu:

– Siz də bimürvət adamlarsınız!.. Beş gün də ac qalan insan zəifləməzmi? Ona bir iynə vurmaq lazımdır. Canına bir az qüvvə gəlsin.

Onlar yalnız indi Sərhəngin fikrini anladılar. Zəncirdən açılmış köpək kimi sevinclə:

– Bəçeşm, – deyib tələsik və ruhlanmış halda onun yanından çıxmaq istədilər.

Sərhəng onları saxladı və balaca bir qutu ilə yaşıl güllü bir yaylıq verdi.

– Alın, rahat edildiyini bildirən sənəd buraya qoyulmalıdır. Əlahəzrətə gedəcək!..

Sərhəng kinini qiyamətə qədər ürəyində saxlayan adamlardan idi. Şəxsiyyətinə toxunan, mənliyini yaralayan xırda bir sözü belə illərlə ürəyində saxlar, intiqamını almayınca rahat olmazdı. İndi də əlahəzrətin əmrini yerinə yetirərkən iki il əvvəl Şimranda Şəmsiyyənin qonaqlığında Sərtiblə olan deyişməsi yadına düşdü. Daxilində vəhşi bir hiss baş qaldırdı. Sərtibin ölümü nə cür qarşılayacağını görmək istədi. Durub aşağı endi.

Ağ xalatlı, küt baxışlı bir adam ölüm iynəsini hazırlayıb durmuşdu. Qulluqçular Sərtibi gətirməyə getmişdilər. Sərhəng qətl otağına açılan balaca pəncərədən baxır, Sərtibin gəlməsini gözləyirdi. İstintaqa çağırıldığını zənn edən Sərtib başını dik tutaraq daxil oldu. Dalınca dərhal qapı örtüldü. O, ağ xalatlı adamla üz-üzə gəldi. Sərhəng onun simasında qorxu və vahimənin izlərini axtardı. Ağaracağını gözlədi. Lakin Sərtib ani bir heyrətdən sonra başını dik tutaraq, acıqlı nəzərlərlə ağ xalat geyinmiş cəllada baxdı.

– Mən naxoş deyiləm!..

– Sərhəng sizə iynə vurmağı əmr etmişdir. Beş günün aclığına heç bir bədən dözməz!

– Təşəkkür edirəm, mənim iynəyə ehtiyacım yoxdur! – deyib qayıtmaq istədikdə yoğun xidmətçilərlə qarşılaşdı. Onlar:

– Tərslik etməyin, Sərtib, xoşluqla yaxşıdır! – deyib onu taxta uzandırmaq üçün üstünə yeridikdə əlini qaldırdı. Nə isə demək istədi. Bu zaman gözləri balaca pəncərədən ona dikilmiş Sərhəngin gözlərinə sataşdı:

– Sərhəng, dörd yüz il bundan qabaq İtaliyada Cordano Bruno adlı bir adam yaşamışdır. O, orta əsr qaranlığı qurtarıb, yeni dünyanın ilk səhəri açılarkən sizin kimi cəlladlar tərəfindən odlarda yandırılmışdı. Bilirsənmi, o öz cəlladlarına nə demişdi? Bilmirsən! Qulaq as, o demişdi ki, ağalar, siz mənə ölüm hökmü oxuyursunuz, lakin özünüz daha dəhşətli bir vahimə içindəsiniz. Mən də sizin yadınıza o böyük insanın sözlərini salıram. Sərhəng, siz saralmısınız! Çünki sizin dünyanızın axırı gəlmişdir. Bax, yeni dünyanın səhəri açılır, qoy mənim qanım o səhərin al şəfəqlərinə qarışsın!

Sərhəng:

– Vurun iynəni, vurun! – deyə qışqırdı.

Lakin Sərtib üstünə hücum edən xidmətçiləri sinəsindən itələyib, geri oturtdu. Köynəyini cırıb, əynindən çıxartdı və qolunu uzatdı:

– Gəl, cəllad, işini gör!

Ağ xalatlı adam dərhal iynəni onun həyəcan və qəzəbdən gərginləşmiş damarına batırdı. Zəhər qanı dolaşdıqca Sərtib ağarırdı. Lakin müvazinətini pozmur, şüurunu itirməməyə çalışırdı. O, öz ölümü ilə də Sərhəngi titrətmək istəyirdi. Zəhər isə öz işini görməkdə idi. Azca sonra onun gözləri axdı. Titrəyərək, taxtın üstünə uzandı. Xidmətçilər və ağ xalatlı adam nə isə bir vərəq kağıza imza ataraq, balaca qutuya qoyub yaşıl güllü yaylığa bükdülər. Bu zaman Sərtib artıq şüursuz halda gözlərini yummuşdu. Onun çinar kimi gövdəsi hələ də titrəyir, sanki bütün məhbəsi lərzəyə salırdı. Birdən bu titrətmə Sərhəngin bədəninə keçdi, o yarpaq kimi əsməyə başladı:

– Gəlin, gəlin məni buradan götürün! – deyə zəif bir səs çıxartdı.


Musa kişi iki gün Fridunla bir yerdə qaldı. Bu iki gündə Fridunun bütün səyinə baxmayaraq, onun ruhi aləmində bir sakitlik əmələ gəlmədi. Gah qızışır, söylənir, xəyalında canlanan qorxunc kabuslarla mübarizəyə başlayır, ağlayır, qışqırır, deyinir, gah da yorularaq özündən gedir, saatlarla bir küncə düşüb qalırdı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İyirmi ikinci fəsil

1941-ci ilin baharı gəlirdi. Hər gün təmiz və sakit bir səhər açılır, mavi üfüqlər dumduru, ləkəsiz və nəhayətsiz görünürdü. Novruz bayramına az qalırdı. Şəhərdə axır çərşənbələri bayram edirdilər, dükan-bazar boyalı yumurtalar, rəngarəng parçalar, əli-ayağı xınalı adamlarla dolmuşdu. Fridun bütün bunlardan xəbərsiz kimi idi. Sanki nə gəlməkdə olan baharı, nə də bayramı görürdü. Hər gün onun vaxtı min bir qayğı içərisində keçirdi. Gah doktorun oğlunun, gah arvadının, gah Xavərin yanına gedir, gah Kürd Əhmədlə görüşmək lazım olur, gah dəmiryol və bütün fabrik işçilərinin yanında olur, gah da Səlimi, Şəmsiyyə və Südabə vasitəsilə zindandakılara kömək etmək yollarını axtarırdı. Lakin hələlik heç bir şey etmək mümkün olmurdu. Səlimi ona, bu məsələ ilə Rza xanın hər gün, hər saat məşğul olduğunu, istintaq nəticələrini hər gün tələb etdiyini, vəzarəti-kişvərdə və məhbəsdə müstəsna bir gərginlik yarandığını demişdi. Hətta onun hərbilər arasında olan yüksək mövqeli tanış və dostları belə bu işə yaxın düşməkdən imtina edirdilər. Beləliklə, zindandakıların xilası üçün heç bir ümid yox idi. Fridun Südabə və Şəmsiyyə vasitəsilə bir təsir etmək mümkün olacağını düşündü. Sərhəng Səfai Hikmət İsfahaninin yaxın dostu idi. Bəlkə onun işə qarışması ilə heç olmazsa gözlənilən ölüm cəzasını əbədi sürgünlə əvəz etmək mümkün olar deyə Şəmsiyyə ilə danışmaq istədi. Səlimi məsləhət görmədi:– Əvvəla, Hikmət İsfahani xeyri olmayan bir işə, xüsusən belə bir işə girişməz, ikinci də, əgər xeyri olsa, bu saat yenə bu işə yaxın düşməz. Çünki, həm Həkimülmülk, həm də Rza xanla əlaqələri hələ düzəlməmişdir. Onu ittiham edib, boğazından asmağa bəhanə axtarırlar.

28 min
İyirmi üçüncü fəsil

Ayaz beş qranı ovcunun içinə sıxaraq çiyinlərini qısmış halda, titrəyə-titrəyə bazar qələbəliyinə qarışmışdı. Təzəcə yağış yağdığından çox palçıq idi. Adamlar ətəklərini yığışdıraraq, su gölməçələrinin qırağı ilə ehmalca o tərəf-bu tərəfə keçirdilər. Ayaz kimi ayaqyalın, başıaçıq uşaqlar heç kəsə, heç nəyə əhəmiyyət vermədən palçıqlı suyu ətrafa sıçrada-sıçrada gölməçələrin içində yeriyirdilər. Köhnə tumanköynəkdən, cırıq və yamaqlı pencək-şalvardan tutmuş, qapı cəftəsinə, lampa şüşəsinə, bülbül qəfəsinə qədər müxtəlif şeyləri qolunun üstünə, çiyninə ataraq və ya əlində tutub, havada oynadaraq, satmaq üçün bar-bar bağıran adamlar bir-birinə qarışmışdı. Ayaz izdihamdan ayrılıb, buludlar arasında boylanan yaz günəşinin soyuq işıqları düşmüş quru və nisbətən sakit bir yerə çıxdıqda burnuna tünd bişmiş iyi dəydi. Bura qovurmaçılar meydanı idi. Bir tərəfdə tavada cızbız qovrulur, bir tərəfdə çüğündür buğlanır, o biri tərəfdə pörtlənmiş kartof ağarırdı. Ayaz ləbləbi bişirənə yaxınlaşdı:– Əmi, çörək dükanı haradadır?

34 min
İyirmi dördüncü fəsil

Ağır bir məzar sükutu içərisində edam hökmünü onlara oxudular. Ölümə məhkum edilənlər kamerasına salıb, iyirmi dörd saatlıq həyatları qaldığını bildirdilər. İyirmi dörd saat! Bu iyirmi dörd saatda nələr ola bilərdi? Onlar min arzu və xəyal ilə yaşayır, azadlıq ümidini itirmirdilər. Bununla belə, hər keçən saniyə iradəni sarsıdır, ölümün dəhşətli rəmzi olan dar ağacını gözləri önünə gətirirdi. Onlar dəqiqələri, saniyələri saymağa başlayırdılar. Kərimxan, insanın oturub dəqiqələri saya-saya ölümü gözləməyindən dəhşətli bir şey olmadığını bilirdi. Belə dəqiqələrin ağır iztirabına dözməyib, dəli olanları o, məhbuslar arasında az görməmişdi. İyirmi dörd saatda əlli illik bir həyatın işgəncələri altında əzilmiş kimi, saçı-saqqalı ağaran, üz-gözünü qırışıq basan, heç bir zaman unuda bilmədiyi bir məhbusun surəti indi də gəlib gözləri önündə durmuşdu. O, bu fikir və xatirələri qovmağa çalışırdı. Həyatının xoş günlərini, qəlbə qüvvət və mətanət verə biləcək hadisələrini xatırlamağa səy edirdi. Cənubda sürgündə olanlar arasında rast gəldiyi bir dabbaq yadına düşdü. Dabbaq qərib bir adam idi. Onun qırx illik ömrünün yarısı məhbəslərdə və sürgünlərdən keçmişdi. O, beş dəfə məhbəsdən, iki dəfə sürgündən qaçmışdı. Axırıncı dəfə yenə qaçmaq istəyəndə tutub, edama məhkum etmişdilər. Onu asmamışdan qabaq demişdi:“Dünyada qəlyandan doymadım. Bir qəlyan gətirin, bir qurtum sümürüm, sonra asın”. On yaşından başlayaraq bütün ömrünü oğurluqda keçirmiş otuz yaşlı başqa bir məhbusu asdıqda “vəsiyyətin nədir?” sualına cavab vermişdi: “Çayçı Əhmədə beş tümən borcum var, onu verin, anama da deyin mənə südünü halal eləsin?”

24 min
İyirmi beşinci fəsil

Göhər Səriyyə xalanın əyninə göy qədəkdən bir xalat geyindirib, ikimərtəbəli evinin birinci mərtəbəsində mətbəxin yanındakı böyük eyvanda oturtdu və yunu, parçanı qabağına töküb, “burada işləyəcəksən” dedi. Səriyyə səhərlər ora gedir, axşamlar fabrikin həyətində işıqsız, torpaq döşəməli daxmada yatırdı. Göhərin uşaqdan xoşu gəlmədiyini hiss edərək, Niyazı yanınca aparmayıb, bütün günü fabrikin həyətində özbaşına buraxmağa məcbur olurdu. Göhərin ikinci gün ona verdiyi bir tüməni bərk-bərk yaxasında gizlədərək gündə iki qranlıq çörək alırdı. Çörəyi iki yerə bölüb, birini Niyaza verir, o birini də cındır parçasına büküb küncə qoyurdu.– Bala, bunu indi ye, bunu da günorta yeyərsən, – deyib üzündən öpərək işə gedirdi. Şama da qayıdanda özü ilə Göhərin verdiyi süfrə dibini gətirirdi. Uşaq çörəyi qoltuğuna sıxıb, parça-parça ağzına doldurur və acgözlüklə yeyir, daha aclıqdan şikayət etmirdi. Amma onun rəngi üstünə gəlmir və üz-gözü saralıb solurdu. Səriyyə xala onu birtəhər əvvəlki halına qaytarmaq üçün öz tikəsini də kəsib ona yedirdirdi. Axşam qayıtdıqda bütün günü həyətdə başsız qalmış uşağını üst-başı palçıqlı və çirkli tapırdı. Qadınlar onun zığ içində oynadığını, barama qazanlarını əlləşdirdiyini, bəzən də həyətin ortasında yerə sərilib ağladığını deyirdilər. Lakin Səriyyənin onu yenə də tək buraxmaqdan başqa çarəsi yox idi. Çünki birinci gün özü ilə apardıqda uşaq aynabəndin şüşəsini qurdalamağa başlamışdı. Göhər, “Xala, gözlə sındırar ha” demiş və əlavə etmişdi:

27 min

Poems by other poets