İyirmi dördüncü fəsil
Page 2 of 4 · 25%
– Bizim fikrimizi çəkmə, – dedi, – yaxşı dolanırıq. Allaha şükür, bir tikə çörəyimiz var. Özüm də işləyirəm. Bu il Azadı da məktəbə qoyacağam.
Bütün görüş zamanı atasının nəvazişləri altında xumarlanan, ona qısılıb, gözlərini silahlı gözətçilərdən çəkməyən uşaq birdən-birə yerə düşüb, onun əlindən tutdu və qapıya çəkməyə başladı:
– Gedək, ata can, – dedi, – evimizə gedək. Bura pisdir, dur gedək!..
O, uşağa cavab tapa bilmədi, xəyalı uzaqlara uçub getdi. Məhbəsin qalın divarları və çərçivəli pəncərələri dalından gözlərində azad bir gələcək açıldı:
– Gələcəyəm, oğul, – dedi, – gələcəyəm. Bu gün olmasa da, sabah gələcəyəm. Sənə azad bir gün gətirəcəyəm.
Xavər dayana bilməyib ağladı:
– Kərimxan, danış, danış. Qoy doyunca səsini eşidim, danış!
Kərimxan uşağı yenə dizi üstə alıb, oxşadı, sonra dönüb Xavərin başını sığalladı.
– Nə danışım, Xavərim, sən də bir gün görmədin. Ağız ləzzətilə dünyada bir saat yaşamadın. Mən sənə xoş bir gün yarada bilmədim:
Xavər gözünün yaşını silə-silə:
– Elə demə, elə niyə deyirsən? – dedi, – sən nə bacarırdın, onu eləmisən. Allaha min şükür edirəm ki, məni sənə rast gətirdi. Mən başqa bir həyat istəmirəm!..
Onlara ayrılmaq vaxtı çatdığını xatırlatdılar. Hər ikisinin üzündə bir heyrət əlaməti göründü. Vaxt nə tez gəlib keçmişdir!.. Kərimxan Xavəri üzmək istəməyərək ayağa qalxdı:
– Eybi yoxdur, Xavərim, – dedi, – bu qaranlıq gecələr gəlib keçəcək. Siz yaxşı günlər görəcəksiniz, azadlığın xoş nəsimi sizi oxşayacaqdır. O gün bu dərdləri unudarsınız. İstibdadın vurduğu yaraları ancaq, ancaq azadlığın əli sağaldacaqdır. O gün mənim ruhum havalardan yerə enəcək, sizinlə birlikdə azadlığı bayram edəcəkdir!..
O, indi danışmaq istəyir, aylar içərisində çəkdiyi iztirab və həyəcanlarını bütün xəyalat və arzularını deməyə bir ehtiyac hiss edirdi. Məhbəs rəisi, gözətçilər belə bu qəribə sözləri kəsməyə cəsarət etmirdilər. Onlar ayaq üstə güclə duran bu zəif adamın səsindəki qüvvət və mətanətə heyran qalmışdılar. Onu dar ağacına gətirib çıxaran bu fikirlərdə nəinki tükənməz bir qüvvət, həm də qəribə bir gözəllik vardı!.. Lakin özlərinə gəldikdə bu qüvvət də, gözəllik də onlara dəhşətli göründü. Qapını açıb Xavərə:
– Xanım, çıxın! – dedilər.
Kərimxan, Azadı Xavərə vermək istədi. Uşaq, bir şey anlamış kimi, onun boynunu qucaqlayıb “gedək, ata can, gedək!” – deyə əl çəkmək istəmədi. Qulaq asdığı sözlərin vahiməsini indi duyan məhbəs rəisi uşağı dartıb almaq üçün hərəkət etdi.
Kərimxan qolu ilə onu yana itələdi:
– Zəhmət çəkməyin, ağa, özüm verərəm!..
Uşağı bir də öpdü, oxşadı, balaca əllərini yavaşca boynundan qopartdı:
– Get, oğlum, get, – dedi, – anan səni gözləyir. Gələcək səni gözləyir!
Sonra nələr olduğunu bilmədi. Sanki dünya başına hərləndi. Sanki heç bir dayanacağı olmayan, gah acı fırtınalarla döyəclənən, gah xoş bir bahar təbəsümü ilə gülümsəyən bir uçurum onu qucağına aldı...
Günəş günorta yerinə gələndə Tehranın bütün küçələri boşalmış və sakitləşmişdi. Hətta faytonçular belə gözə dəymirdi. Mağaza və dükanlar bağlanmışdı. Yalnız çayxanalar, aşxanalar və bəzi xırda meyvə dükanları açıq idi. Adət üzrə hər kəs öz evinə, öz hücrəsinə çəkilmiş, nahar və istirahət edirdi. Küçələrdə gözə dəyən yalnız divar kölgələrinə qısılmış dilənçilər və peşəsi səhərdən axşama qədər bazar-dükanların dibində boş-boş dolanıb, müştərilərdən peşkəş alıb yaşayan avaralar idi. Birisinə harada yaxşı corab, yaxud yağlı ət olduğunu göstərən, xüsusilə kəndlilərin və xam alıcıların qabağına düşərək, dükançı ilə onun arasında vasitəçilik edən, o birisinin aldığı şeyi qoltuğuna vurub aparan, üçüncüsündən üzə basaraq bəxşiş alan bu adamların içərisində insan heysiyyətini və ləyaqətini tamam itirmiş, bir tümən xatirəsinə kor-koranə hər cür alçaqlığa hazır olan canilər az deyildir. Onlar müştəriyə baxan kimi onun səxavətli və ya xəsis, xam və ya püxtə, avam və ya gözüaçıq olduğunu təyin edirlər. Öz rəftarlarını müştərinin xasiyyətinə uyğun quraraq, bir-iki qran və ya mümkün qədər daha çox qoparmayınca ondan əl çəkməzlər. Günorta vaxtı və gecələr alış-veriş dayandıqda onlar vaxtlarını tiryəkxanalarda, ya fahişəxanalarda keçirərlər. Xəlvət küçələrdə əllərinə düşən tənha adamları soymaqdan da çəkinməzlər. Hətta onların içində gecə vaxtları şəhərin mərkəzi küçələrində təsadüfən rast gəldiyi adamın başından qiymətli papağı götürüb qaçanlar da yox deyildir. Avqustun isti günəşi günorta yerində durub, hər tərəfi yandırdığı və adamları evlərinə qovduğu bir zamanda belə bir dəstə Tehranın çirkli və tozlu küçələrindən birində, bir divarın kölgəsinə yığışmışdı.
Fon Varlterin verdiyi pulları qumarxanada və əyyaşlıq məclislərində xərcləyib qurtarmış və məlum dəstə ilə o taya keçməmiş, yen pul alacağını gözləyən ərbab Hənəfi də onların içində idi. Onlar bardaş quraraq, oturub kart oynayır və hər sözbaşı bir söyüş söyərək, ucadan danışırdılar. Onlardan azca aralı, açıqlıqda qovurmaçı işləyirdi. Onun keçəl başı saralmış balqabaq kimi işıldayırdı. O, iç qovurmasını lavaşın üstünə çəkərək, alıcılara uzadırdı. Qovurmanın iyi ətrafı bürümüşdü. Ərbab:
– Ay keçəl, ondan bir çömçə ötür gəlsin, – deyə səsləndi. Keçəl beşqranlığı əlində tutaraq gözləyən müştərini buraxıb, qovurmadan bir çömçə lavaşın arasına doldurdu və tez ona apardı.
– Buyur, tavası da sənə qurbandır, ərbab, – dedi və tavanın yanına qayıtdı.
Qovurma-çörəyin son tikəsini udan ərbab:
– Ah, Allah bir çilov, ya pilov yetirəydi! – dedi. – Yoxsa, belə şeylərlə qarın doydurmaq olmaz.
– Özünü Qəmərbanunun yanına versənə, ay ərbab!
– Qəmərbanunun qapısı üzünə bağlansın. Elə ifritədir ki, adama havayı çörək verər? Xeyri olmayan yerdə bir şahıya da qıymaz.
– Sənə də ərbab deyərlər. Bir zaman onu yaxşı sağdın!
– O da bir təsadüf idi. Gülnazın xatirinə mənə maya qoyurdu. Amma heç belə aldandığı olmamışdı.
– Necə? Yoxsa Gülnazdan bir şey çıxmadı.
Ərbab ciddi hal aldı:
– Onun sözünü danışmayın uşaqlar! Dünyada mən hələ belə qız nə görmüşəm, nə də eşitmişəm. Heç bir təzyiq və təhdid onu sarsıtmadı. Qəmərbanu kimi bişmiş bir xanım da onu pis yola çəkə bilmədi... O, qaravaş kimi işləyir, amma namusunu satmağa razı olmur. Mən əxlaqsız adam olsam da, o qızın namusu qarşısında səcdə etməyə hazıram!..
Oturlardan kim isə, görünür ki, ürəyi hələ tamamilə çirkabda ilməmiş birisi:
– Eh, rəfiqlərim, – dedi, – Allahın altında bir evin və bir tikə çörəyin ola, özünə elə bir həmdəm tapasan, çəkilib yaxşı həyat düzəldəsən.
İnsan qəlbinin təmiz arzularını andıran bu danışıqlar uzun davam etməyib kəsildi, yerini bu küçə adamlarına məxsus bayağı söhbətlərə verdi. Ərbab əlini-əlini vurub:
– Eh... Buraxın bu boş xəyalı, – dedi, – acından ölürəm, qarnımın gurultusu qulağımı partladır. Deyin görüm, bir çilov pulu haradan tapım? İlahi, səndən bircə çilov istəyirəm, çox yox!..
– Ərbab, Allaha yalvarma, məni gülmək tutur. Yadıma pis şey düşür.
– Nə düşür?
– Məgər əlini göyə qaldırıb Allahdan ya qarnına çörək, ya da başına daş istəyən ordubadlının əhvalatını bilmirsən?
Ərbab bu sözlərə fikir vermədən:
– Ay uşaq, bir dayanın, bu kimdir? – deyə yavaş-yavaş gələn, tamam qara geyinmiş bir arvadı göstərdi. Hamı diqqətlə qadına tərəf baxdı. Hərəsi bir söz dedi:
– Amma nə ərbab malıdır.
– Kasıba da pis olmaz.
– Sən öl, eləsinə oxşamır.
– Görmürsən qara geyinib?
Xavər dalğın olduğu üçün onların nə özlərinə, nə də danışıqlarına fikir vermədən, böyük bir kədər və qayğı içində gəlib keçdi. Ərbab:
– Bu ki, o asılanın arvadıdır – dedi.
Kim isə səsləndi:
– Fikir eləmə, ərbab, bir gün sənin də anan belə qara geyəcək... Fürsət var ikən kefini çək.
Gözü ilə Xavəri izləyən ərbab bu sözə də fikir vermədi. Xavər on-on beş addım kənardakı dükanın piştaxtasına söykənərək, mürgüləyən qoca çörəkçiyə yanaşdı:
– Əmi, üç ponza çörək.
Qoca dükançı başını qaldırıb, yuxulu gözlərilə ona baxdı və tələsmədən daşları tərəziyə qoyaraq, çörək üçün ayağa durdu.
Xavər qoynunda gizlətdiyi on tümənliyi çıxartdı.
Ərbab kart oynayanlardan balaca boylu birisinin çiynindən dartdı:
– Dur ayağa, Allah günorta yeməyinin pulunu yetirdi.
Üç nəfər dərhal ayağa sıçradı. Xavər onların nə söhbətlərini eşitdi, nə də ayağa durub yaxınlaşdıqlarını gördü.
Pulu piştaxtanın üstünə qoyub, çörək seçməkdə olan qocaya baxdı. Fikri özündə deyildi. Bir dalğınlıq içərisində hər şeyi unutmuşdu. Üç nəfərin onu nə vaxt əhatə etdiyini bilmədi. Onların biri sağında, bir solunda durdu, üçüncüsü çiyninin üstündən boylandı:
Kitabxana.az · https://kitabxana.az/en/works/mirze-ibrahimov-gelecek-gun-iyirmi-dorduncu-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Tehrandan şimala, Azərbaycana doğru uzanıb gələn və çöllərdən, çoxlu kəndlərdən keçən daş yolun qırağındakı çayxanada qeyri-adi bir canlılıq vardı. Çayçı qollarını çırmayıb, yenicə kosdiyi toyuqları pöşləyərək, tükünü yolur, tüstüləyən ocağa odun atır, on üç-on dörd yaşlı oğlan uşağına “samovarın odunu artır, əlimə bir stəkan su tök” kimi əmrlər verirdi. Ocağın üstündə sədri düyüsüylə dolu, yanları his bağlamış böyük bir qazan qaynayırdı. Qazanın ağzından çıxan buğ və düyü iyi ətrafa yayılırdı. Ay qaranlığı başlamışdı. Kələ-kötür ocaq daşlarının arasından siyrilən qırmızı dilli alov gecənin qaranlığını yararaq, nəhayətsiz səhrada itirdi. Ara-sıra bu işıq sütunu sanki dairəvi bir şüaya rast gələrək sınırdı. Bu zaman ocaqdan əlli-altmış addım aralıda bir cüt göz ani olaraq müstəsna bir parlaqlıqla işıldayaraq, yenə qaranlıqda qeyb olurdu. Bu, ət iyi duyaraq çayxananın dalında, yolun kənarında vurnuxan çaqqal gözləri idi. Əllərinə heç bir şey keçməyən çaqqalar hərdənbir ulaşırdılar. Buralarda səhraların əbədi görünən sükutunu pozacaq başqa bir səs, başqa bir hərəkət yox idi. Səhraların bu əsrarəngiz sükutuna adət etmiş çayçı heç şeyə fikir vermir, böyük bir səylə qonaqlara çay və xörək hazırlayırdı. O, nə başının üstündəki mavi göylərə səpələnmiş parlaq ulduzlara, nə ucsuz-bucaqsız çöllərə. nə də təlaşla o yan-bu yana qaçan çaqqallara baxırdı. O, çayxananın yeknəsəq sakit və ölgün bir adiliklə damğalanmış həyatına hərəkət və canlılıq gətirmiş müsafirləri razı salmağa çalışırdı. Qəlbində də insanla ünsiyyətdən doğmuş bir sevinc vardı. Çünki hər gün, ilk axşamdan başlayaraq, buralarda həyat ölərdi. Nə bir gələn, nə bir gedən olardı. Nüdrətən keçən maşınlar da burada dayanmazdılar. Gün batıb, qaranlıq qovuşan kimi o, çayxananın qapısını bağlayıb, mitil yorğanına bürünərək yatardı. Ya çaqqalların ulaşmasına qulaq asardı, ya da mövcudiyyətinə inandığı gözəgörünməz qorxunc ruhlar təsəvvürlərində canlandıraraq, yuxuya gedərdi. Yalnız səhər erkən karvanlar buraya gəlib çatanda o, vahiməli və qorxunc yuxulardan ayılar, samovara od salar, çayxananın ətrafını süpürər, sarbanlara çay verərdi. Gün batana qədər adi və yeknəsəq bir həyat davam edərdi. Gün batdıqdan sonra isə bütün əbədi sükut və hərəkətsizlik içərisində qərq olub gedərdi. Heç şeydə həyat və yaşayış əlaməti qalmazdı. O, yenə mitil yorğanına bürünüb yatar, yenə çaqqalların səsinə qulaq asar, yenə qorxunc ruhları təsəvvüründə canlandıraraq, ağır yuxulara dalardı. Hər gün beləcə!Bu gün isə qeyri-adi gün idi. Bu gün axşamdan çox keçməmiş dörd nəfər müsafir qara bir maşında buraya gəlmişdi. Gecə qalacaqlarını deyib, yaxşıca yemək hazırlamağı əmr etmişdilər. Onlardan biri nizami paltarda idi. Yoldaşları ona ağayi sərtib¹ deyə müraciət edirdilər. Sərtib çayçıya:
Üçüncü fəsilTehranın böyük və mərkəzi küçələrindən sayılan və sonra Rza xan tərəfindən adı dəyişilərək, Xiyabani Şah adlanan İstambuli küçəsi adamla qaynaşırdı. Səkilər və mağazaların yanları yorulmadan qışqırıb malını tərifləyən xırda alverçilər və müxtəlif çeşidli adamlarla dolu idi. Daş döşəməli küçədə isə faytonlarla yanaşı hər cür minik və yük maşınları arasıkəsilmədən o tərəf-bu tərəfə hərəkət edirdi. Əsrlərdən bəri davam edib gələn bir adət üzrə faytonçular atların boynuna bəzəkli qotazlar asmış, onları bəzəmişdilər. “Ağa, mənə bir çörək pulu!”, “Ay ürəyi yanan, burdan gəl!”, “Əla Amerika corabı”, “Son cahan xəbərləri!”, “Göbbelsin yeni nitqi” – deyib qışqıran dilənçi, su satan, xırdavatçı və qəzetçilərin səsindən qulaq tutulurdu. Ticarət və şəhər həyatının qızışan zamanı idi. Hikmət İsfahani ətli və böyük vücudunu qəribə bir yüngüllüklə irəli verərək, sanki bu səsləri eşitmədən yeriyirdi. Kənarları sarı haşiyəli cib dəsmalı ilə mütəmadiyən çənəsindən, alnından və boynundan süzülən tər damlalarını silirdi. Əynində nazik mil-mil parçadan tikilmiş kostyum vardı. Başına, onu bir mülkədar və tacirdən daha artıq avropalı səyyaha oxşadan panama qoymuş, gözünə qara rəngli eynək taxmışdı. Yeridikcə əlindəki əsanı qürurla və müstəqil bir hərəkətlə qaldırıb endirirdi. Onu şəxsən tanımayanlar belə ciddi və heybətli zahirini görən kimi yana çəkilərək, baş əyən tanışları panamasını azca qaldırmaqla salamlayır və eyni mütəkəbbir, yavaş və etinasız addımlarla ötüb keçirdi. Sola burulub, ayağını balaca bir qapının birinci pilləsinə qoyduqda adəti üzrə iti bir hərəkətlə əlini gözünün qabağına gətirdi və qolundakı qızıl zəncirli “Omeqa” saatına baxdı. Qan qızaran dodaqlarında özündən razılıq andıran xəfif bir təbəssüm göründü: saat ona on beş dəqiqə işləmişdi. On il ərzində o hər dəfə eyni saat və eyni dəqiqədə ayağını bu pilləyə qoyardı. Hələ bir dəqiqə gecikdiyi və ya tez gəldiyi olmamışdı. Kərpic pillələri çıxıb, dar bir dəhlizə və oradan pəncərələri geniş və güllüçiçəkli həyətə açılan böyük bir otağa keçdi. Xidmətçi baş əyib, qapını açdı və onu içəri buraxdı. O, pencəyini çıxarıb oturdu, üzünü yelləyib tərini sildikdən sonra Kürd Əhmədi çağırmağı əmr etdi və xidmətçinin gətirdiyi bir dəstə qəzet və məcmuəni bir-bir çevirməyə başladı. Gözləri 25 iyun tarixli “İttilaat”ın “Cahan xəbərləri” şöbəsində ilişib qaldı. Burada o, almanların Polşa sərhədlərində və Dansik ətrafında yaratdığı əndişəli vəziyyət haqqındakı xəbərləri nəzərdən keçirdikdən sonra, Göbbelsin nitqini oxumağa başladı. Azca keçməmiş Kürd Əhməd dik başını şax tutaraq, içəri girdi. Hikmət İsfahani ona yer göstərdi:– Əyləşin, ağayi-mən, – dedi, əyləşin və Göbbelsin tələblərinə qulaq asın!
Dördüncü fəsilFridun həyatının yeni bir dövrü, məlum olmayan mübarizələr, iztirablar, həyəcanlar dövrü başladığını hiss edirdi. O, artıq qanundan xaric, adi vətəndaşlıq hüquqlarından məhrum bir adam idi. Yeni mühit, dövlət və məmləkət qanunları əbədi olaraq başının üstündə asılmış bir qılınc kimi idi. O, həyatın qeyri-müəyyən və dolaşıq yollarında daima özünü bu qılıncdan gözləməli, boynunu onun ağzına verməməli idi. Bəzən ona elə gəlirdi ki, kənd əmniyyəsinin əlindən qaçmayıb, məhkəmə qarşısında dursaydı, vəziyyəti bu qədər ağır olmazdı. O, özünü müdafiə edərdi. Ərbabın ədalətsizliyi və insafdan xaric hərəkətini hakimlərə açıb söylərdi. Bir tikə çörəyə möhtac olan kəndlilərin ağır və dözülməz həyatını təsvir edərdi, hakimlərin ürəyini yumşaldar, mərhəmətə gətirərdi... Daha dərinlərdə baş qaldıran bir duyğu orada haqq və ədalət vardımı?.. Hakimlər Hikmət İsfahani və mübaşir Məmmədləri qoruyub, onun dəlillərinə qulaq asacaqdılarmı? Yox, qaçmaqdan başqa yol yox idi. Diri-diri boğazını kəndirə keçirmək axmaqlıq olmazdımı? Ancaq şüursuz, hüququnu qanmayan, qorxaq bir adam qanun adına öz taleyini bu alçaq əmniyyətlərin əlinə verə bilər! Onsuz da məmləkətdə hər alçaqlığa dözən, hər təhqirə boyun əyən müti və məzlum bədbəxtlər az idimi?Yox, geriyə yol kəsilmişdi. Onun həyatı nə isə öz hüdudlarını dağıtmış bir çay kimi idi. İndi o başqa məcra ilə axmalı idi. Lakin bu necə məcra idi, hara gedirdi? Onu haralara aparıb çıxaracaqdı, bilmirdi.
Beşinci fəsilİlk zamanlar Fridun gözləyirdi ki, Kürd Əhməd gəlib ona bir iş düzəldəcək, bir yol göstərəcəkdir. Lakin günlər keçir. Kürd Əhməddən heç bir xəbər çıxmırdı. İki dəfə də həmin ünvana getmiş, hələ Kürd Əhmədin qayıtmadığın öyrənmişdi. Nəhayət, “xalqın boğazına suvaşmaq nəyə gərəkdir” deyib, öz-özünə bir çarə düşünməyə başladı. Darülfünunda hələ dərslərin başlanmasına iki ay qalırdı. Ora daxil ola bilsə belə yenə əlini bir işə çatdırmalı idi. İşsiz nə yaşamaq, nə də oxumaq mümkün idi. Tezliklə özünə bir iş tapmasa saatdan aldığı pul da qurtaracaqdı. O zaman istər-istəməz Sərxangilin boynuna düşəcəkdi. Əlbəttə, buna yol vermək olmazdı. Bir gün belə onların hesabına yaşadığını təsəvvür etdikdə öz-özünə artıq və yaramaz bir şey kimi görünürdü. Lakin Tehranda o özünə necə bir iş tapa bilərdi? Təbrizdə olduğu kimi, ibtidai məktəbdə müəllimlik yeri alsa, yaxşı olardı. Lakin buna ümid az idi. Tehranda ali təhsilli adamların belə işsiz gəzdiyini bilirdi. Halbuki, onun məlumatı orta təhsil həcmində idi. Buna baxmayaraq, evdən çıxdıqda birinci olaraq maarif vəzarətinə getdi və vəzarətin qapılarında oturub söhbət edən, gəzişən, tez-tez girib-çıxan çoxlu müəllim gördü. Onların qeydkeş simaları, bir-birilə olan qırıqkəsik söhbətləri iş dalınca gəldiklərini göstərirdi. Fridun içərisindəki həyəcanı boğaraq, sakit bir görkəm almağa çalışıb, cavan bir müəllimə yaxınlaşdı, yeni təyinat almaq üçün kimə müraciət etmək lazım gəldiyini soruşdu, müəllim başdan-ayağa onu süzüb:– Təhsilin nədir? – deyə soruşdu.
Poems by other poets
Ey ağalar məni niyə qınarsızEyləsə dərdimə bu dərman eylər
Oldı hüsnün dəftəri bu gönlümə ümmül-kitabOldı hüsnün dəftəri bu gönlümə ümmül-kitab,Aləmə andan açıldı rahi-iman fəthi-bab.
VarOl gündən lənət olsun şeytana,Ondan ötrü çoxlu fitnə-feli var,
Yumruqlar çiçək açıbGözəl dünya, təbili çal,İtib getdi qara xəyal,