Page 4 of 4 · 75%

– Ana, ana, qarnım ağrıyır...

Gülnaz Azada yaxınlaşdı:

– Yazıq uşaq, deməli, səhərdən bir şey yeməyib, – dedi və əyilib üzündən öpdü. Təəssüf dolu bir səslə əlavə etdi:

– Ayaz da bu boyda idi.

Nəcabət və rəzalətin, çirkab və təmizliyin qəribə bir ixtilatını andıran bu hərəkətlər Xavərə öz dərdini unutdurdu. Bu qızların, göründüyü kimi, xanım və qulluqçu olmadığı qərarına gəldi:

– Bacı, səni and verirəm Allaha, – dedi, – söylə görüm siz kimsiniz? Biriniz mələk kimi saf və təmiz, o biriniz... nə deyim... Sənin üzgözündən xeyir tökülür, onunkundan... Məni başa sal, de görüm siz niyə bura gəlmisiniz?..

Gülnaz cavab verməyib, Azadı bağrına basdı. Qolları arasında sıxıb öpərkən uşağın sağ əlindəki şəkil yerə düşdü. Xavərin gözü şəklə sataşdı. Kərimxan həmişəki ciddi və dalğın gözlərlə baxırdı. Aman Allah!.. İndi bu sözlər sanki Xavəri danlayır və gileylənirdi. “O sözlərə qulaq asma!” deyə onu haraylayırdı. Şəkli qapıb, dodaqlarına basdı və ayağa durdu:

– Bacım, – dedi, – kim olduğunuzu bilməsəm də halınıza yanıram. Yazığım gəlir. Nə edim ki, kömək edəsi imkanım yoxdur. Mən isə elə bu boş evdə acından ölərəm, özümü satmaram. Ora gedə bilmərəm.

Gülnazın gözləri nə isə həyəcan və iztirabla dolu idi. Xavərin əlindəki şəklə baxıb dururdu. Titrək səslə:

– Baxmaq olarmı? Rica edirəm, – dedi. Heç bir şey anlamayan Xavər şəkli ona uzatdı:

– Buyurun!..

Gülnaz şəklə baxdıqda saraldı və dizləri tutulmuş kimi səndələyərək, pəncərədə oturdu. Qıçlarını cüt qoyub dizlərinə dirsəkləndi. Uzun müddət gözünü şəkildən çəkmədi. Baxdı... Baxdı... Xavər onun gözlərindən ixtiyarsız axan yaş damlalarını gördükdə:

– Niyə ağlayırsan, xanım, ağlama, – dedi. – Onları tanıyırsanmı?

Gülnaz başı ilə təsdiq etdi. Məyus, ümidsiz bir səslə Fridunu göstərdi.

– Bu sizin tanışınızdır, eləmi?

– O, mənim qardaşımdır. Qardaşımdan da artıqdır!..

Xavər birdən-birə nə isə xatırladı:

– Ay qız, yoxsa, sən Gülnazsan?

Qız hönkürtü ilə ağladı:

– Bəli, Gülnazam, Gülnazam.

– Ah, bilsən Fridun sənin haqqında nələr danışardı. Nə yaxşı sözlər deyərdi.

Qız ayağa durub, Xavəri qucaqladı. Başını onun çiyninə qoyub yenidən ağladı. Bu oğlanı nə böyük xəyallarla sevdiyini, nə ümidlər, nə arzularla yaşadığını və öz faciə macərasını nağıl etdi:

– Getmə, Xavər, bacım, getmə, – dedi. – Bu xanımı bura Qəmərbanu göndəribdi. Üç gündür o sözləri, o hərəkətləri buna öyrədir. Belə söylə, belə et, deyib dərs verir. Səni aparsaq hərəmizə on tümən bəxşiş vəd etmişdir. Aparmasaq gecə şamsız yatacağıq!.. Getmə, aman günüdür. Ora getmə! Ora bir cəhənnəmdir ki, düşən çıxmaz. Qurtuluş yoxdur... Getmə!

Xavər onun başını oxşayaraq:

– Sən də qal, bir yerdə olarıq. Ölsək də bir yerdə ölərik. Qayıtma!

– dedikdə, o başını buladı:

– Daha mənə qurtuluş yoxdur. Mənim ona yüz tümən borcum var. Verməmiş heç yerə gedə bilmərəm.

Xavər təəccüb etdi:

– Nə borc?

O, Qəmərbanuya olan borcunun tarixini danışmaq istədi. – Yer pulu, yemək pulu, nə bilim, paltar pulu...

Xavər dərhal məsələni anlayıb, sözünü kəsdi:

– Qələt eləyir Qəmərbanu, – dedi, – çıx gəl, o cəhənnəmdə qalma!

– O məni öldürər, bacım, sən onun necə əjdaha olduğunu bilmirsən... Onun pəncəsindən qurtarmaq mümkün deyil. Mən namusumu qoruya bilmişəm. O da böyük şeydir.

Astanada duraraq gah həyətə baxan, gah otaqdakı mənzərəni seyr edən əndamlı xanımın, nəhayət, səbri tükəndi. Üzünü Gülnaza tutdu:

– Ay qız, çibanın deşilməsin, gəl gedək!

Gülnaz ona əhəmiyyət vermədi. Bir də Azadı qucaqlayıb öpdü. İki tümən pulu Xavərə uzatdı:

– Götür, get buna çörək al!..

Xavər etiraz etdi. Gülnaz pulu zorla onun ovcuna basdı:

– Ürəyimi sındırma, rica edirəm!

Bir çığırtıdan hər ikisi geri döndü. Bu, Xavərin unudaraq açıq qoyduğu qapıdan içəri girmiş və söhbətlərinin sonunu dinləyən Qəmərbanu idi. O, pulu Xavərin əlindən dartaraq aldı: Gülnazın saçlarından tutub həyətə sürüdü:

– Qancıq, səni mən bazara göndərmişdim, ya bura? Gəl, gör indi başına nə oyun gətirəcəyəm?

Gülnaz nə qışqırır, nə müqavimət göstərirdi.

Qəmərbanunun sillə və yumruqları altında başını əymədən, gözünü qırpmadan dayanıb dururdu. Qəmərbanu döyə-döyə onu küçə qapısına apardı. Bu zaman qız döndü, onun əllərini havada saxladı və Xavərə baxıb gülümsəməyə çalışdı.

– Sağ ol, bacım, Xavər, sağ ol!

Ala gözlərindən yanaqlarına doğru süzülən göz yaşları Xavərin xəyalında həkk olub qaldı.

Qəmərbanu onu küçəyə itələyərək, Xavərə döndü:

– Dayan, hələ bununla səndən əl çəkməyəcəyəm. Ərbab özü sənə göz yetirib, ölsən də, qalsan da axır yerin mənim yanımdadır!

Xavər özündə onun təhdidlərinə qarşı duracaq daxili bir qüvvə hiss etdiyindən onları tez unutdu. Lakin Gülnazı unuda bilmədi. Çox düşündükdən sonra belə qərara gəldi ki, yəqin Gülnaz da yüzlərlə başqaları kimi istər-istəməz artıq yaman yola düşmüşdür və ona qurtuluş yoxdur.

Qəmərbanu isə hələ də Gülnazı dişi altında çeynəyir, lakin əzə bilmirdi. Xavər hadisəsindən sonra, qızı əlində saxlamaq üçün bir daha nə bazara buraxdı, nə küçəyə. Qapıları üzünə bağlayıb, bir məhbus kimi saxladı. Satınalma bir qul kimi hər cür zəhmətə qatlaşmağa, hər cür təhqirə dözməyə məcbur etdi. Dəfələrlə yorub, incidib, ümidsiz hala gətirdikdən, bütün günü ac saxladıqdan sonra yanına gəlib yaxşı paltarlar, yemək, geymək və azadlıq vəd etdi. Yuxarı salona çıxmasını, xanımlara qarışmasını şərt qoydu. Lakin Gülnaz daha artıq bir qəzəblə “yox” deyib durdu. Qəmərbanu bunu bir inad sanıb getdikcə daha sərt rəftara əl atdı. Hər sərt rəftar isə Gülnazın iradəsini daha da möhkəmlətdi. Onların arasında daha coşğun bir mübarizə, yalnız ölümlə qurtara biləcək bir çarpışma qızışır, qızışırdı...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İkinci fəsil

Tehrandan şimala, Azərbaycana doğru uzanıb gələn və çöllərdən, çoxlu kəndlərdən keçən daş yolun qırağındakı çayxanada qeyri-adi bir canlılıq vardı. Çayçı qollarını çırmayıb, yenicə kosdiyi toyuqları pöşləyərək, tükünü yolur, tüstüləyən ocağa odun atır, on üç-on dörd yaşlı oğlan uşağına “samovarın odunu artır, əlimə bir stəkan su tök” kimi əmrlər verirdi. Ocağın üstündə sədri düyüsüylə dolu, yanları his bağlamış böyük bir qazan qaynayırdı. Qazanın ağzından çıxan buğ və düyü iyi ətrafa yayılırdı. Ay qaranlığı başlamışdı. Kələ-kötür ocaq daşlarının arasından siyrilən qırmızı dilli alov gecənin qaranlığını yararaq, nəhayətsiz səhrada itirdi. Ara-sıra bu işıq sütunu sanki dairəvi bir şüaya rast gələrək sınırdı. Bu zaman ocaqdan əlli-altmış addım aralıda bir cüt göz ani olaraq müstəsna bir parlaqlıqla işıldayaraq, yenə qaranlıqda qeyb olurdu. Bu, ət iyi duyaraq çayxananın dalında, yolun kənarında vurnuxan çaqqal gözləri idi. Əllərinə heç bir şey keçməyən çaqqalar hərdənbir ulaşırdılar. Buralarda səhraların əbədi görünən sükutunu pozacaq başqa bir səs, başqa bir hərəkət yox idi. Səhraların bu əsrarəngiz sükutuna adət etmiş çayçı heç şeyə fikir vermir, böyük bir səylə qonaqlara çay və xörək hazırlayırdı. O, nə başının üstündəki mavi göylərə səpələnmiş parlaq ulduzlara, nə ucsuz-bucaqsız çöllərə. nə də təlaşla o yan-bu yana qaçan çaqqallara baxırdı. O, çayxananın yeknəsəq sakit və ölgün bir adiliklə damğalanmış həyatına hərəkət və canlılıq gətirmiş müsafirləri razı salmağa çalışırdı. Qəlbində də insanla ünsiyyətdən doğmuş bir sevinc vardı. Çünki hər gün, ilk axşamdan başlayaraq, buralarda həyat ölərdi. Nə bir gələn, nə bir gedən olardı. Nüdrətən keçən maşınlar da burada dayanmazdılar. Gün batıb, qaranlıq qovuşan kimi o, çayxananın qapısını bağlayıb, mitil yorğanına bürünərək yatardı. Ya çaqqalların ulaşmasına qulaq asardı, ya da mövcudiyyətinə inandığı gözəgörünməz qorxunc ruhlar təsəvvürlərində canlandıraraq, yuxuya gedərdi. Yalnız səhər erkən karvanlar buraya gəlib çatanda o, vahiməli və qorxunc yuxulardan ayılar, samovara od salar, çayxananın ətrafını süpürər, sarbanlara çay verərdi. Gün batana qədər adi və yeknəsəq bir həyat davam edərdi. Gün batdıqdan sonra isə bütün əbədi sükut və hərəkətsizlik içərisində qərq olub gedərdi. Heç şeydə həyat və yaşayış əlaməti qalmazdı. O, yenə mitil yorğanına bürünüb yatar, yenə çaqqalların səsinə qulaq asar, yenə qorxunc ruhları təsəvvüründə canlandıraraq, ağır yuxulara dalardı. Hər gün beləcə!Bu gün isə qeyri-adi gün idi. Bu gün axşamdan çox keçməmiş dörd nəfər müsafir qara bir maşında buraya gəlmişdi. Gecə qalacaqlarını deyib, yaxşıca yemək hazırlamağı əmr etmişdilər. Onlardan biri nizami paltarda idi. Yoldaşları ona ağayi sərtib¹ deyə müraciət edirdilər. Sərtib çayçıya:

22 min
Üçüncü fəsil

Tehranın böyük və mərkəzi küçələrindən sayılan və sonra Rza xan tərəfindən adı dəyişilərək, Xiyabani Şah adlanan İstambuli küçəsi adamla qaynaşırdı. Səkilər və mağazaların yanları yorulmadan qışqırıb malını tərifləyən xırda alverçilər və müxtəlif çeşidli adamlarla dolu idi. Daş döşəməli küçədə isə faytonlarla yanaşı hər cür minik və yük maşınları arasıkəsilmədən o tərəf-bu tərəfə hərəkət edirdi. Əsrlərdən bəri davam edib gələn bir adət üzrə faytonçular atların boynuna bəzəkli qotazlar asmış, onları bəzəmişdilər. “Ağa, mənə bir çörək pulu!”, “Ay ürəyi yanan, burdan gəl!”, “Əla Amerika corabı”, “Son cahan xəbərləri!”, “Göbbelsin yeni nitqi” – deyib qışqıran dilənçi, su satan, xırdavatçı və qəzetçilərin səsindən qulaq tutulurdu. Ticarət və şəhər həyatının qızışan zamanı idi. Hikmət İsfahani ətli və böyük vücudunu qəribə bir yüngüllüklə irəli verərək, sanki bu səsləri eşitmədən yeriyirdi. Kənarları sarı haşiyəli cib dəsmalı ilə mütəmadiyən çənəsindən, alnından və boynundan süzülən tər damlalarını silirdi. Əynində nazik mil-mil parçadan tikilmiş kostyum vardı. Başına, onu bir mülkədar və tacirdən daha artıq avropalı səyyaha oxşadan panama qoymuş, gözünə qara rəngli eynək taxmışdı. Yeridikcə əlindəki əsanı qürurla və müstəqil bir hərəkətlə qaldırıb endirirdi. Onu şəxsən tanımayanlar belə ciddi və heybətli zahirini görən kimi yana çəkilərək, baş əyən tanışları panamasını azca qaldırmaqla salamlayır və eyni mütəkəbbir, yavaş və etinasız addımlarla ötüb keçirdi. Sola burulub, ayağını balaca bir qapının birinci pilləsinə qoyduqda adəti üzrə iti bir hərəkətlə əlini gözünün qabağına gətirdi və qolundakı qızıl zəncirli “Omeqa” saatına baxdı. Qan qızaran dodaqlarında özündən razılıq andıran xəfif bir təbəssüm göründü: saat ona on beş dəqiqə işləmişdi. On il ərzində o hər dəfə eyni saat və eyni dəqiqədə ayağını bu pilləyə qoyardı. Hələ bir dəqiqə gecikdiyi və ya tez gəldiyi olmamışdı. Kərpic pillələri çıxıb, dar bir dəhlizə və oradan pəncərələri geniş və güllüçiçəkli həyətə açılan böyük bir otağa keçdi. Xidmətçi baş əyib, qapını açdı və onu içəri buraxdı. O, pencəyini çıxarıb oturdu, üzünü yelləyib tərini sildikdən sonra Kürd Əhmədi çağırmağı əmr etdi və xidmətçinin gətirdiyi bir dəstə qəzet və məcmuəni bir-bir çevirməyə başladı. Gözləri 25 iyun tarixli “İttilaat”ın “Cahan xəbərləri” şöbəsində ilişib qaldı. Burada o, almanların Polşa sərhədlərində və Dansik ətrafında yaratdığı əndişəli vəziyyət haqqındakı xəbərləri nəzərdən keçirdikdən sonra, Göbbelsin nitqini oxumağa başladı. Azca keçməmiş Kürd Əhməd dik başını şax tutaraq, içəri girdi. Hikmət İsfahani ona yer göstərdi:– Əyləşin, ağayi-mən, – dedi, əyləşin və Göbbelsin tələblərinə qulaq asın!

9 min
Dördüncü fəsil

Fridun həyatının yeni bir dövrü, məlum olmayan mübarizələr, iztirablar, həyəcanlar dövrü başladığını hiss edirdi. O, artıq qanundan xaric, adi vətəndaşlıq hüquqlarından məhrum bir adam idi. Yeni mühit, dövlət və məmləkət qanunları əbədi olaraq başının üstündə asılmış bir qılınc kimi idi. O, həyatın qeyri-müəyyən və dolaşıq yollarında daima özünü bu qılıncdan gözləməli, boynunu onun ağzına verməməli idi. Bəzən ona elə gəlirdi ki, kənd əmniyyəsinin əlindən qaçmayıb, məhkəmə qarşısında dursaydı, vəziyyəti bu qədər ağır olmazdı. O, özünü müdafiə edərdi. Ərbabın ədalətsizliyi və insafdan xaric hərəkətini hakimlərə açıb söylərdi. Bir tikə çörəyə möhtac olan kəndlilərin ağır və dözülməz həyatını təsvir edərdi, hakimlərin ürəyini yumşaldar, mərhəmətə gətirərdi... Daha dərinlərdə baş qaldıran bir duyğu orada haqq və ədalət vardımı?.. Hakimlər Hikmət İsfahani və mübaşir Məmmədləri qoruyub, onun dəlillərinə qulaq asacaqdılarmı? Yox, qaçmaqdan başqa yol yox idi. Diri-diri boğazını kəndirə keçirmək axmaqlıq olmazdımı? Ancaq şüursuz, hüququnu qanmayan, qorxaq bir adam qanun adına öz taleyini bu alçaq əmniyyətlərin əlinə verə bilər! Onsuz da məmləkətdə hər alçaqlığa dözən, hər təhqirə boyun əyən müti və məzlum bədbəxtlər az idimi?Yox, geriyə yol kəsilmişdi. Onun həyatı nə isə öz hüdudlarını dağıtmış bir çay kimi idi. İndi o başqa məcra ilə axmalı idi. Lakin bu necə məcra idi, hara gedirdi? Onu haralara aparıb çıxaracaqdı, bilmirdi.

17 min
Beşinci fəsil

İlk zamanlar Fridun gözləyirdi ki, Kürd Əhməd gəlib ona bir iş düzəldəcək, bir yol göstərəcəkdir. Lakin günlər keçir. Kürd Əhməddən heç bir xəbər çıxmırdı. İki dəfə də həmin ünvana getmiş, hələ Kürd Əhmədin qayıtmadığın öyrənmişdi. Nəhayət, “xalqın boğazına suvaşmaq nəyə gərəkdir” deyib, öz-özünə bir çarə düşünməyə başladı. Darülfünunda hələ dərslərin başlanmasına iki ay qalırdı. Ora daxil ola bilsə belə yenə əlini bir işə çatdırmalı idi. İşsiz nə yaşamaq, nə də oxumaq mümkün idi. Tezliklə özünə bir iş tapmasa saatdan aldığı pul da qurtaracaqdı. O zaman istər-istəməz Sərxangilin boynuna düşəcəkdi. Əlbəttə, buna yol vermək olmazdı. Bir gün belə onların hesabına yaşadığını təsəvvür etdikdə öz-özünə artıq və yaramaz bir şey kimi görünürdü. Lakin Tehranda o özünə necə bir iş tapa bilərdi? Təbrizdə olduğu kimi, ibtidai məktəbdə müəllimlik yeri alsa, yaxşı olardı. Lakin buna ümid az idi. Tehranda ali təhsilli adamların belə işsiz gəzdiyini bilirdi. Halbuki, onun məlumatı orta təhsil həcmində idi. Buna baxmayaraq, evdən çıxdıqda birinci olaraq maarif vəzarətinə getdi və vəzarətin qapılarında oturub söhbət edən, gəzişən, tez-tez girib-çıxan çoxlu müəllim gördü. Onların qeydkeş simaları, bir-birilə olan qırıqkəsik söhbətləri iş dalınca gəldiklərini göstərirdi. Fridun içərisindəki həyəcanı boğaraq, sakit bir görkəm almağa çalışıb, cavan bir müəllimə yaxınlaşdı, yeni təyinat almaq üçün kimə müraciət etmək lazım gəldiyini soruşdu, müəllim başdan-ayağa onu süzüb:– Təhsilin nədir? – deyə soruşdu.

18 min

Poems by other poets