Page 5 of 8 · 50%

Kürd Əhməd məsələnin əsl canına yaxınlaşdığını hiss etdi:

– Qardaşım, – dedi, – hazırda bizim üçün əməli məsələ təşkilat yaratmaq lazımdır. Fəhlə, kəndli və azadixahların vahid, böyük, kütləvi təşkilatı – hazırda bizim qarşımızda duran vəzifə budur.

– Bərəkallah, sağ ol!

– Təklif belə olar!

Bu səslərdən ruhlanan Kürd Əhməd sözünü qurtardı:

– Dediyiniz böyük məsələləri təşkilat müzakirə edər, xalqın mühakiməsinə verər. Onu xalq həll etməlidir.

O, oturduqda məclisdə əmələ gəlmiş sükut birdən-birə pozulmadı. Yalnız xeyli sonra bir qımıldanma hiss olundu. Bəziləri bir-birilə pıçıldaşdı. Azəroğlu yeni mübahisə doğmasına yol verməmək üçün ayağa durdu:

– Böyük Sovet Ordusu vətənimizə gəlir. Bizi nazirlərin fitnəsindən qurtaran onlardır. Onların bayrağında azadlıq yazılmışdır. Gəlin ayağa duraq, onları ləyaqətlə qarşılamaq üçün hazırlaşaq. İkinci də şəhərdə qayda-qanun yaradaq. Əmniyyə, ajan qoyub qaçıb, məmləkət qalıb başına, min cür oğru-əyri talan sala bilər.

Onun sözünü kəsdilər.

– Sonra da xarici radiolar başlar ağzına gələn böhtanı yaymağa.

– Elədir, odur ki, şəhərdə qanun-qaydanı hifz etməyi sənə tapşırıram, – deyib Qədirə müraciət etdi, – Pəşminə, kibrit və gön karxanası kargərlərindən əmniyyət dəstələri yarat.

Belə fəxri bir tapşırıqdan ruhlanmış Qədir ayağa durdu:

– Baş üstə!..

Ümumi bir mehribanlıq və ruh yüksəkliyi içində yoldaşlar dağılışmaq istərkən Azəroğlunun səsini eşitdilər:

– Gecənin zülmət qaranlığı qurtarmaqdadır. Eynal-Zeynal dağının dalında qızarmağa başlayan şəfəqlər Təbrizə yenə parlaq bir səhər vəd etməkdədir!.. Tədbir və təmkinlə bu səhəri qarşılamağa hazırlaşın, dostlar!..

Onlar dağılışdıqdan sonra Azəroğlu Kürd Əhmədi şama dəvət etdi. Ortalığa Təbriz pilovu və döymə ət gətirdilər. Şam zamanı Azəroğlu Kürd Əhmədə müxtəlif suallar verir, Kürdüstanın, Tehranın vəziyyəti ilə maraqlanır, Fəridəni tərif edir, Fridundan danışırdı:

– Onu qurtarmaq lazımdır, özünü də göndərin gəlsin Azərbaycana! Bizə kömək eləsin.

Kürd Əhməd:

– Bizə də adam lazımdır, – dedi və düşünüb əlavə etdi.

– Hələ zindandan çıxsın, baxarıq...

– Bilirsənmi, mən onu yaxşı bir xəbərlə sevindirəcəyəm!..

– O nə xəbərdir? Bəlkə, elə əvvəlcə məni sevindirəsiniz.

Azəroğlu cavab vermək əvəzinə, ayağa durdu və otaqdan çıxdı. Bir qədər sonra təmiz geyinmiş, lakin zəif, rəngi sapsarı bir uşağın əlindən tutaraq qayıtdı:

– Tanıyırsınızmı?

Kürd Əhməd diqqətlə uşağa baxdı. Yalnız onun canlı və fərasətli gözlərini harada isə gördüyünü xatırladı. Zənn ilə Musa kişinin böyük oğlu olduğunu təyin etdi. Ayaz əyri-əyri və etimadsız nəzərlə ona baxırdı. Kürd Əhməd:

– Ax, Ayaz, əzizim. – deyib onu qucaqladı və uşağa müxtəlif suallar verdi. Ayaz bəzən tələsə-tələsə, bəzən qəhərlənərək, başına gələnləri nağıl etdi.

– Sizin ərbab bizi bu günə saldı – deyib sözünü qurtardı.

Kürd Əhməd bu sözlərdə ağır bir nifrət gördü, tez özünü uşağın gözündə doğrultmağa çalışdı:

– Mən onlardan deyiləm, oğul... Mən də sizlərdənəm.

Uşaq hələ də yumşalmayan bir səslə:

– Mənim atamı, anamı öldürən odur, – dedi. Bir də Əli əmniyyəbaşı və mübaşir Məmməd. Səni bilmirəm.

Azəroğlu əlini onun başına çəkdi:

– Fikir eləmə, Ayaz, böyük oğlan ol, hamısının intiqamını alarıq.

Ayaz qəti səslə:

– Bəs necə, – dedi, – evlərinə od vuracağam!

Azəroğlu uşağı ötürdükdə, Kürd Əhməd soruşdu.

– Bunu necə tapdın?

On gün əvvəl Ərdabilə getmişdim. Orada da yaxşı bir dəstə düzəltmişik, Cümə məscidinin həyətində Həsənalıya rast gəldim. Dilənçilik edir. Elə arıqlayıb, elə qocalıb ki, tanımaq mümkün deyil. O, Ayazın da yetim uşaqlar içərisində məscid həyətinə gəlib-getdiyini söylədi. İki gün axtardım, tapıb götürüb gəldim. Çox ağıllı uşaqdır.

Nə isə fikrə getmiş Kürd Əhməd:

– Onu səhər özümlə Tehrana aparacağam, – dedi, – Fridun doğrudan da çox sevinəcəkdir.

Ertəsi gün Azəroğlunun düzəltdiyi maşında o, Ayazı da yanına oturdub, Tehrana yola düşdü. Artıq uşaq ona yabançı və etimadsız gözlərlə baxmırdı. Onunla mehriban bir ata kimi danışır, suallarına hörmətlə cavab verirdi. Kürd Əhməd onun başını sığallayır, Hikmət İsfahani və Əli əmniyyəbaşılara olan nifrətinə qulaq asdıqca xəyalında mübarizələr dolu bir gələcəyin, sabahkı azad günün səhnələri açılırdı.

Cənuba doğru başıpozuq bir halda qaçmaqda olan ərbablar, mürtəce hakimlər və ağaların gülünc vəziyyətləri bu fikri möhkəmlədirdi. Üçüncü gün toz və çirk içində Tehrana çatdı. Tehran küçələrində daha böyük bir qarışıqlığa rast gəldi. Adamlar bir-birinə mənalı və iti nəzərlərlə baxırdı. Hamının gözündə “nə olacaq” deyən bir sual vardı. Hamı sözlüyə oxşayırdı. Tehranda bütün təbəqələr yalnız Azərbaycan və İranın şimal əyalətləri haqqında danışırdı. Kürd Əhmədə rast gələn hər kəs:

– Nə var? Azərbaycan necədir? – deyə soruşurdu.

Burada min cür şayiələr yayılmışdır. Təbrizdə artıq sovet dövləti qurulduğu, bütün Azərbaycanda mülkədar və ərbabların güllələndiyi və sair bu cür danışıqlar gedirdi. Bu sözləri yayanlar da əksərən dalına baxmadan qoyub qaçan ordu zabitləri, mürtəce ərbablar, tacirlər və sairlər idi. Kürd Əhməd bu şayiələrə fikir vermədən tələsik yolun toz və çirkindən təmizlənərək Ayazı bacısına tapşırıb, Rza Qəhrəmanigilə getdi. Ev sahibəsi böyük bir təəssüf hissilə Fridundan hələ də bir xəbər çıxmadığını söylədi. Şəhərdə dolaşıq bir vəziyyət yarandığını, Rza Qəhrəmaninin də günlərlə evə gəlmədiyini dedi. Kürd Əhməd oturub, bir stəkan çay içdi və nə etmək lazım olduğunu düşündü.

Rza Qəhrəmanini tapmağı qərara aldı. Vəziyyət və yoldaşlar haqqında ondan müfəssəl bir məlumat almaq olardı. Dəmir yoluna getdi. Rza Qəhrəmaniyə depoda rast gəldi.

Deponun ətrafı fəhlələrlə dolu idi. Onlar divarın kölgəsində oturub, çörəklərini dizlərinin üstünə qoyaraq nahar edirdilər. Rza Qəhrəmani uzaqdan onu görən kimi qabağına qaçdı. Özünü saxlaya bilməyib qucaqladı və öpdü. Yavaşca qulağına pıçıldadı:

– Amma yaman vaxtında gəlmisən.

Kürd Əhməd nəzərlərini ona dikmiş və uzaqdan gülümsəyərək, baş əyən tanış fəhlələrə yaxınlaşdı. Salam verdi. Bir-bir keflərini xəbər aldı. Pendir, çörək, göyərti, su ilə nahar edən bu adamların gözlərində nə böyük ümid yanırdı!.. Onların sanki “Bəs nə vaxt?” deyə soruşan baxışlarına bir cavab olaraq:

– Hazırsınızmı? – deyə soruşdu.

Bir ağızdan:

– Lap ödümə də hazırıq! – dedilər. – Əmr gözləyirik! Rza Qəhrəmani söhbəti davam etdirməyə qoymadı.

– Vaxtımız qurtarır, gəl bir görüm nə var, nə yox – deyə onu kənara çəkdi.

Fridunun hələ sağ olduğunu söylədi. Bunu Şəmsiyyə vasitəsilə Sərhəngdən öyrənə bilmişdi.

– Məhbəsdə Fridunla bilavasitə əlaqə yarada bilmisinizmi?

– Heç bir şey mümkün olmur. Vəziyyət gərgindir. Kəndir onun boğazındadır. Bir neçə gün də saxlaya bilsək, ölümdən qurtararıq.

Fəhlələr depoya doğru hərəkət etdilər. İş başlanırdı. Kürd Əhməd getmək istəyən Rza Qəhrəmaniyə:

– Axşam saat doqquzda bizə yığışaq, – dedi.

– Fikrin köhnə zamana gedib. Axşamlar çölə çıxmaq olmur. Hərbi vəziyyətdir.

– Onda bəs nə zaman?

– Saat yeddidə işdən çıxıb, sizə gələrəm.

– Çox yaxşı, mütləq gəl!

Rza Qəhrəmani iki addım gedib nə isə xatırlayaraq, geri döndü və lap yaxına gəldi:

– Bir Südabəyə baş çək! Onda yaxşı xəbərlər olar. Möhkəm qızdır!

– Yaxşı. Saat yeddi yadından çıxmasın.

Kürd Əhməd Südabənin yanına getməmiş, doktorun oğluyla görüşməyi kəsdirdi. Onun gizləndiyi ev də yolunun üstündə idi. Hiss etmədən tələsik gedir və tövşüyürdü. Qəlbində zamanın iti bir sürətlə qaçmasından doğan bir təlaş, həyəcanlı bir hiss əmələ gəlmişdi. Sanki uzun müddət dağların başında boğulmuş bir gölün ağzı açılmışdı. Su şırhaşırla axaraq daş-qumu bir-birinə qatıb gəlirdi. Zaman da bu cür gedir və özü ilə min bir hadisə sürükləyərək gətirirdi. Onunla ayaqlaşmaq, onun cilovunu ələ keçirtmək lazım idi. Çünki gələcəyi ancaq zamanla ayaqlaşa bilənlər qazanacaqdı!..


Südabə axşam sərin düşəndə balaca bağçasındakı qırmızı gülləri sulayıb çarhovuzun daşının üstündə oturmuşdu. Anasının ölümündən və Fridunun həbsindən sonra axşamlar beləcə oturub, min bir xəyala dalmaq ona adət olmuşdu. Xüsusilə qaş qaraldığı, üfüqlər qovuşduğu zamanlar evdə otura bilmir, ürəyi darıxır və mütləq Fridunun siması bütün canlılığı ilə gəlib gözləri önündə dururdu. Hətta onun səsini eşidər kimi olurdu. O, Fridunu sevirdi. Fridunun qəlbini bilmədən, arzularını öyrənmədən sevirdi. Onun hər bir hərəkəti, hər bir kəlməsi nəzərlərində xəyali, əfsanəvi bir aləm açırdı. Fridun heç bir zaman onu sevməsə də, o ömrünün son gününə qədər sevəcəkdi. Fridunun tutduğu yol isə ona azadlıq meydanlarında həlak olmuş atasını xatırladırdı. İndi həm sevgilisinin, həm də atasının getdiyi yol ona xəyali bir şey kimi görünürdü. Azadlıq!.. Bu söz xəyalında əlvan pərdələrə bürünmüş gözəl bir aləm, eşq xülyaları qədər füsunkar bir həyat açırdı. Bu yolda ölümə də getmək xoş idi!.. Belə fikirlər dünyası ilə tanış olduğu günləri ömrünün ən xoşbəxt günləri hesab edirdi. Ona elə gəlirdi ki, yalnız bu fikirlər qəlbində yol açdığı gündən, Fridun, Kürd Əhməd, Kərimxan Azadi, Rza Qəhrəmani və başqalarına rast gəldiyi zamandan həyatı bir məna kəsb etmişdir. O günə qədər o, nə üçün yaşadığını, nə üçün dünyaya gəldiyini bilməmişdir. Yalnız o gündən sonra Südabə özünün, öz həyatının məna və əhəmiyyətini anlamış, öz varlığında bir gözəllik tapmışdı. İndi ona Həkimülmülk, sərhəng Səfailər, Hikmət İsfahanilərin həyatı bir heç kimi görünürdü. Onlar nə üçün yaşayırdılar?.. Yalnız rəzalətlər törətmək üçün, gecə-gündüz bir-birlərinin ayaqlarının altını eşmək üçün, həyatı ləkələr və çirkablarla doldurmaq üçün! Onların idealı nədir? Pul, pul, pul!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İyirmi birinci fəsil

Kərimxan Azadi qaranlıq və rütubətli zindana birdən-birə alışa bilmədi. Ona elə gəlirdi ki, uzun bədənini, enli çiyinlərini dar bir məzar sıxmaqdadır. Sanki onu zorla bir qəbrə soxmuş və qəbri də dikinə qaldırmışdılar. Heç bir yana tərpənmək mümkün deyildi. Heç olmazsa bazubəndin sıxdığı və bükülməkdən yorulmuş qollarını açmaq imkanı olaydı!.. Heç olmazsa gah qızışan, gah buz kimi soyuyan qıçlarını bircə anlığa aça biləydi!.. Nə üçün o tərpənə bilmir? O haradadır? Onun hissiyyatı və ağlı özündədirmi? Bəs ildırım sürətlilə barmağının ucundan başlayaraq beyninə qədər yeriyən bu sancı nədir?.. Görəsən, bu ağrılar, bu sızıltılar bədənin harasından baş qaldırır?.. Bəs bu su haradan axır? Yarıbihuş və yarıayıqlıq aləmindədir... O, qıçlarını çırmayıb gedir, gedir, tələsir, lakin çay qurtarmır, sahil görünmür. Bu zaman əzabın nəhayətsizliyindən doğan məyus bir fikirlə, bir ümidsizliklə özünü buzlu suların qoynuna atır, bütün bədəni titrəyir. Budur, artıq əziyyətlərin sonu çatdı. Əzablar qurtardı, hissiyyat susdu. Bütün əzası əbədi bir istirahətə daldı. Yox, bu əbədi rahatlıq deyil. Qəlbinin harasında isə hələ də əzablı bir duyğu yaşamaqdadır. Yəqin, o, dərin bir yuxuya getmişdir, bunlar hamısı pis bir röyadır, dəhşətli bir kabusdur. Röyada olan kimi qışqırmaq istəyir, səsi çıxmır, əlini uzatmaq istəyir, bacarmır.Onun bu ağır əzablara dözən sağlam vücudu, ecazkar bir surətdə öz həyat qüvvəsini göstərirdi. Birdən-birə uzun sürən dərin bir huşsuzluq içərisindən ayılır, müstəsna bir aydınlıqla hər şeyi anlayır, hər şeyi xatirinə gətirirdi. Nə cür tutulduğunu, necə bu qaranlıq məhbəsə düşdüyünü, nə əzablara məruz qaldığını və yoldaşlarına xain çıxmadığını açıq-aydın təsəvvür edirdi. Hafizəsində keçmiş günlər, ömrünün ağır uşaqlıq dövrləri, zəhmət, məhbəs və sürgünlər canlanırdı. Xavər, qaranlıq göylərdəki təkcə bir ulduz kimi onun həyatına işıq verən Xavər gəlib gözləri önündə dururdu. Sanki yenidən ürəyi bir şadlıq, bir səadət istisi ilə qızınır, dar və rütubətli zindana bir baharın ətri gəlirdi. Lakin mabədini düşünməkdən çəkinirdi. Xavərin indiki həyat və vəziyyətini təsəvvür etməkdən qorxurdu. Bu təsəvvür onu əzə bilər, iradəsini süstləşdirər, məhv edərdi. O, xəyalında həyatının başqa səhnələrini canlandırmağa çalışır, Fridunu, Kürd Əhmədi, pəncərədən müvəffəqiyyətlə qaçan doktorun oğlunu xatırlayırdı. Bunlar onun əzgin ruhuna ümid və qüvvət verirdi. Yalnız o, bircə şeyi xatırlaya bilmirdi. Görəsən, buraya düşdüyü neçə gündür? Bəlkə, aylar gəlib keçmişdir?.. Bu xatirələrə daldığı, huşu özündə olan zamanlarda Məhbusinin də siması gözləri önündə dururdu. O hələ də öz imanında möhkəm qalmaq istəyirdi. O, şübhəyə yol verməkdən qaçırdı. Çünki bütün bu dəhşətli əzablardan daha dəhşətlisi, onun səhvi, ehtiyatsızlığı nəticəsində yoldaşlarını fəlakətə verdiyi ehtimalı ola bilərdi. O, bu fikrin ağırlığına davam gətirə bilməzdi. Bununla belə, nə qədər çalışsa da, yenə ürəyində harada isə kor bir şübhə yaşayırdı. Axı o yaxşı adamdırsa, niyə ilk görüşdə Xavərə xoş gəlmədi? Yox, sevən qadınların hissiyyatı yanlış olmur! Bəs onda nə üçün Məhbusini də tutdular? Axı o zavallı da harada isə indi belə bir məzar içində çırpınmaqdadır... Bu təzadlı fikirlər içərisində o yalnız bircə şeyə sevinirdi: nə yaxşı ki, Fridun və Kürd Əhmədi onunla tanış etməmişdi. Sadiq adam olsa da, indi zəiflik göstərə bilər, onları ələ verə bilərdi. Bu fikir onu az-çox təskin edirdi.

27 min
İyirmi ikinci fəsil

1941-ci ilin baharı gəlirdi. Hər gün təmiz və sakit bir səhər açılır, mavi üfüqlər dumduru, ləkəsiz və nəhayətsiz görünürdü. Novruz bayramına az qalırdı. Şəhərdə axır çərşənbələri bayram edirdilər, dükan-bazar boyalı yumurtalar, rəngarəng parçalar, əli-ayağı xınalı adamlarla dolmuşdu. Fridun bütün bunlardan xəbərsiz kimi idi. Sanki nə gəlməkdə olan baharı, nə də bayramı görürdü. Hər gün onun vaxtı min bir qayğı içərisində keçirdi. Gah doktorun oğlunun, gah arvadının, gah Xavərin yanına gedir, gah Kürd Əhmədlə görüşmək lazım olur, gah dəmiryol və bütün fabrik işçilərinin yanında olur, gah da Səlimi, Şəmsiyyə və Südabə vasitəsilə zindandakılara kömək etmək yollarını axtarırdı. Lakin hələlik heç bir şey etmək mümkün olmurdu. Səlimi ona, bu məsələ ilə Rza xanın hər gün, hər saat məşğul olduğunu, istintaq nəticələrini hər gün tələb etdiyini, vəzarəti-kişvərdə və məhbəsdə müstəsna bir gərginlik yarandığını demişdi. Hətta onun hərbilər arasında olan yüksək mövqeli tanış və dostları belə bu işə yaxın düşməkdən imtina edirdilər. Beləliklə, zindandakıların xilası üçün heç bir ümid yox idi. Fridun Südabə və Şəmsiyyə vasitəsilə bir təsir etmək mümkün olacağını düşündü. Sərhəng Səfai Hikmət İsfahaninin yaxın dostu idi. Bəlkə onun işə qarışması ilə heç olmazsa gözlənilən ölüm cəzasını əbədi sürgünlə əvəz etmək mümkün olar deyə Şəmsiyyə ilə danışmaq istədi. Səlimi məsləhət görmədi:– Əvvəla, Hikmət İsfahani xeyri olmayan bir işə, xüsusən belə bir işə girişməz, ikinci də, əgər xeyri olsa, bu saat yenə bu işə yaxın düşməz. Çünki, həm Həkimülmülk, həm də Rza xanla əlaqələri hələ düzəlməmişdir. Onu ittiham edib, boğazından asmağa bəhanə axtarırlar.

28 min
İyirmi üçüncü fəsil

Ayaz beş qranı ovcunun içinə sıxaraq çiyinlərini qısmış halda, titrəyə-titrəyə bazar qələbəliyinə qarışmışdı. Təzəcə yağış yağdığından çox palçıq idi. Adamlar ətəklərini yığışdıraraq, su gölməçələrinin qırağı ilə ehmalca o tərəf-bu tərəfə keçirdilər. Ayaz kimi ayaqyalın, başıaçıq uşaqlar heç kəsə, heç nəyə əhəmiyyət vermədən palçıqlı suyu ətrafa sıçrada-sıçrada gölməçələrin içində yeriyirdilər. Köhnə tumanköynəkdən, cırıq və yamaqlı pencək-şalvardan tutmuş, qapı cəftəsinə, lampa şüşəsinə, bülbül qəfəsinə qədər müxtəlif şeyləri qolunun üstünə, çiyninə ataraq və ya əlində tutub, havada oynadaraq, satmaq üçün bar-bar bağıran adamlar bir-birinə qarışmışdı. Ayaz izdihamdan ayrılıb, buludlar arasında boylanan yaz günəşinin soyuq işıqları düşmüş quru və nisbətən sakit bir yerə çıxdıqda burnuna tünd bişmiş iyi dəydi. Bura qovurmaçılar meydanı idi. Bir tərəfdə tavada cızbız qovrulur, bir tərəfdə çüğündür buğlanır, o biri tərəfdə pörtlənmiş kartof ağarırdı. Ayaz ləbləbi bişirənə yaxınlaşdı:– Əmi, çörək dükanı haradadır?

34 min
İyirmi dördüncü fəsil

Ağır bir məzar sükutu içərisində edam hökmünü onlara oxudular. Ölümə məhkum edilənlər kamerasına salıb, iyirmi dörd saatlıq həyatları qaldığını bildirdilər. İyirmi dörd saat! Bu iyirmi dörd saatda nələr ola bilərdi? Onlar min arzu və xəyal ilə yaşayır, azadlıq ümidini itirmirdilər. Bununla belə, hər keçən saniyə iradəni sarsıdır, ölümün dəhşətli rəmzi olan dar ağacını gözləri önünə gətirirdi. Onlar dəqiqələri, saniyələri saymağa başlayırdılar. Kərimxan, insanın oturub dəqiqələri saya-saya ölümü gözləməyindən dəhşətli bir şey olmadığını bilirdi. Belə dəqiqələrin ağır iztirabına dözməyib, dəli olanları o, məhbuslar arasında az görməmişdi. İyirmi dörd saatda əlli illik bir həyatın işgəncələri altında əzilmiş kimi, saçı-saqqalı ağaran, üz-gözünü qırışıq basan, heç bir zaman unuda bilmədiyi bir məhbusun surəti indi də gəlib gözləri önündə durmuşdu. O, bu fikir və xatirələri qovmağa çalışırdı. Həyatının xoş günlərini, qəlbə qüvvət və mətanət verə biləcək hadisələrini xatırlamağa səy edirdi. Cənubda sürgündə olanlar arasında rast gəldiyi bir dabbaq yadına düşdü. Dabbaq qərib bir adam idi. Onun qırx illik ömrünün yarısı məhbəslərdə və sürgünlərdən keçmişdi. O, beş dəfə məhbəsdən, iki dəfə sürgündən qaçmışdı. Axırıncı dəfə yenə qaçmaq istəyəndə tutub, edama məhkum etmişdilər. Onu asmamışdan qabaq demişdi:“Dünyada qəlyandan doymadım. Bir qəlyan gətirin, bir qurtum sümürüm, sonra asın”. On yaşından başlayaraq bütün ömrünü oğurluqda keçirmiş otuz yaşlı başqa bir məhbusu asdıqda “vəsiyyətin nədir?” sualına cavab vermişdi: “Çayçı Əhmədə beş tümən borcum var, onu verin, anama da deyin mənə südünü halal eləsin?”

24 min

Poems by other poets