Page 6 of 8 · 63%

Onlar saf insan gülüşündə nə böyük mənalar olduğunu, təmiz insan həyatında nə xoş gözəllik gülümsədiyini duymaqdan acizdirlər. Həqiqət onların nəzərində pul kimidir. Nə qədər saxtasını buraxsalar, o qədər çox qazanmış olacaqlar. Bütün bu fənalıqlara qarşı vuruşan insanların içində olmaq, özünü onların böyük amal ilə yaşayan qəlbində hiss etmək nə böyük bir səadətdir!.. Bu şirin xəyallar onun dərdlərini yüngülləşdirir, qəlbini bir mətanət və qüvvətlə doldururdu. Bu zaman kim isə astaca iki dəfə qapını döydü. O, “Bəlkə, Fridundur!” deyə qapıya qaçdı. Halbuki Fridunun qapını heç vaxt bu cür döymədiyini bilirdi. Bununla belə, hər qapı döyüləndə “odur”, deyib düşünürdü. Qapını açdı və Həkimülmülklə mister Toması içəri buraxdı. Həkimülmülk gizli bir həvəs və ehtirasla yanan baxışlarını ani olaraq Südabəyə dikdi. Bu oğrun baxışlarda cavan qız eşqinə düşmüş qocaların hərisliyi vardı. Südabə həmişə olduğu kimi, yenə gözünü ondan qaçıraraq, qapını örtdü. Onlar kiçik salona keçdilər. Müharibə başlanandan hər iki gündən, üç gündən bir ağayi Həkimülmülk bəzi adamlarla burada görüşürdü.

Südabə salonun qapısını örtərək, çay hazırlamaq üçün koridora, oradan da mətbəxə gedib balaca ağ gümüş samovara od saldıqdan sonra, öz otağına keçdi. Nizaminin “Xəmsə”sini vərəqləməyə başladı. Bu, onun ən çox sevdiyi kitab idi. Orada xoşuna gələn Nüşabə hekayəsini oxudu. Aşağıdakı beytləri əzbərləməyə başladı.

Eşitdim çox şadmış bir gənc müqəssir.
Dara çəkilərkən boynunda zəncir
Dostlardan birisi verdi bir sual:
“Az qalır ömründən, bəs nədir bu hal?”
Dedi: “Son nəfəsdir, ömrüm qalır az.
Az ömrü kədərlə keçirmək olmaz!”

Bu şeirlər kədər və qüssəni rədd edir, insanı həyat və mübarizəyə çağırırdı. Südabə kitabı sevə-sevə vərəqləyərkən birdən qonaqlar yadına düşdü. Kitabı büküb mətbəxə qaçdı. Samovar qaynayırdı. Dağ su ilə çayniki yaxalayıb, çay dəmlədi, stəkanları yuyub sildi, çay süzüb balaca podnosa düzdü. Qənddanı da qoyub salona apardı. Mister Tomas adi qaydası ilə sakit idi. Sanki bütün dünyanı və xüsusən Tehranı bir-birinə vurmuş müharibə belə onun soyuqqanlılığını pozacaq halda deyildi. Hətta Südabə çayları ortalığa qoyanda, mister Tomas:

– O, mersi, – deyib gülümsədi də...

Südabə içəri girəndə onların nə isə birdən-birə danışığı kəsdiklərinə təəccüb edərək, bu barədə düşündüyündən Mister Tomasın soyuq nevazişlərinə əhəmiyyət vermədi. Lakin o qayıdıb qapıdan çıxmamış mister Tomasın səsini eşitdi və qapını örtüb ayaq saxladı. Söhbət isə çox mühüm məsələdəndi. Südabə ölkənin bütün həyat və siyasətinə əl atan bu adamların danışığında, bəlkə, Friduna aid bir şey eşidəcəyi marağı ilə qulaq asdı. Mister Tomas:

– Sülalənin dəyişilməyi böyük hərc-mərcliyə səbəb ola bilər, – deyirdi. – O zaman, Şimaldan axıb gələn küləyin zərbindən təlatümdə olan ictimai həyat dəryası qaynayıb daşa bilər. Taxt-tac davası mütləq xalqı mübarizəyə çəkər. O da ki, bir sel kimidir, qabağını açmaq asan, istiqamətini təyin etmək, ağzını saxlamaq çətindir. Onda qorxuram nəinki Pəhləvi sülaləsini, bəlkə, daha çox şeyləri yuyub aparsın. Məni anlayırsınızmı?

Həkimülmülk bundan narazı kimi:

– Pəhləvi adı gələndə xalq lənət oxuyur, – dedi, – yeni sülalənin başlanması ilə bu nifrətin qabağını almaq olardı, yanğın əmələ gəlməzdi.

– Hazırkı şəraitdə buna yol vermək olmaz. Belə bir hərəkət, odun üstünə yağ səpmək kimi bir şeydir. İndi elə tərpənmək lazımdır ki, şahlığın nüfuzu və hörməti artsın. Tac gəzdirən, lap taxtadan qayrılma bir büt olsa belə, məmləkət ona Allah kimi təzim etməlidir!.. Əks halda İranı kommunizm bəlasından qurtara bilməyəcəksiniz! Buna görə də hazırda sülalə söhbətini bir yana atın. Biz yalnız yeni dövlətin başçısı olmaqda sizə köməyimizi vəd edə bilərik.

Sükut içərisində onlar çaylarını içdilər. Südabə nəlbəkiyə qoyulan boş stəkanların cingiltisini eşitdi və yenə çay aparmaq üçün içəri girdi, gözaltı onlara baxdı. Mister Tomas trubkasını sümürüb havaya püləyirdi. Həkimülmülk başını aşağı salıb, tez-tez təsbeh çevirirdi. Südabəyə elə gəldi ki, Kərimxanın cəlladları, Fridunu məhbəsdə çürüdən qatillər qarşısında oturmuşdular. Qəzəbdən əli titrəyə-titrəyə stəkanları podnosa qoyub çıxmaq istəyəndə mister Tomas:

– Mersi, xanım, daha çay içməyəcəyəm, – dedi.

Həkimülmülk ona baxdı:

– Bir stəkan da için, Südabənin çayı ətirli olur. – Mister Tomas gülümsədi:

– O-o-o, çox müəttər çaydır, – deyib soyuq bir gülüşlə ona baxdı. Həkimülmülkün qısqanc və həris nəzərlərinin də üzünə dikildiyini hiss edən Südabə cavab verməyib qayıtdı.

Çayları ikinci dəfə onların qabağına qoyanda mister Tomas sözünü kəsmədən danışmaqda davam etdi:

– Bu vaxta qədər bolşevizmlə sizin aranızda dəmir hasar var idi. İndi o hasar uçulmuşdur. Hazırda hamımız İrana dolan bu bəla ilə mübarizə yollarını düşünməliyik. Sovetlərlə alman bir-birini əldən salana qədər İranı içəridən dağıtmaqdan saxlasaq, sonra qorxu yoxdur.

Südabə Həkimülmülkün cavabını gözləyə bilməyib, çayları stolun üstünə qoydu və qayıdıb öz otağına keçdi. Yenə “Xəmsə”ni açdı. Nüşabə əhvalatının dalını oxudu. Onda hərəkət etmək və fəaliyyət göstərmək meyli və arzularını oxşayan bu beytləri dönə-dönə təkrar etdi:

Yaxşını-yamanı tanır xəyalım,
Var kamal tanıyan şüur, kamalım,
Boşuna keçməyir gecə-gündüzüm,
Özümlə oynayan deyiləm özüm...

Qeyri-ixtiyari olaraq “ah, böyük Nizami, Azərbaycanı xaraba qoydular! Yurdunda bayquşlar ulayır, qatillər hökm edir!” deyə düşündü. Stəkanları yığışdırmağa gələndə Fridun adı qulağına dəydi. Ürək döyüntüsü ilə qulağını qapıya tutdu. Həkimülmülkün:

– Bilmirəm, sərhəng Səfainin nə haqq-hesabı varsa süründürür, – dediyini eşitdi.

Mister Tomas cavab verdi:

– Hər ikisi təhlükəlidir, sərtib Səlimi də, bu Fridun yaramaz da. Vaxt ikən susdurmaq yaxşıdır. Sonra başımıza əngəl ola bilər...

Südabə artıq içəri öz otağına girə bilmədi.

Bütün varlığını məşğul edən bircə şey idi: dərhal Fridunun yoldaşlarına xəbər vermək lazım idi. Bəlkə, onu xilas etmək mümkün oldu...


Kürd Əhməd doktorun oğlunu evdə tapa bilməyib təəccüb etdi. Doktorun arvadı təşviş içində:

– Nə qədər elədim, saxlaya bilmədim, – dedi, – paltarını dəyişib çıxdı. Hara getdiyini də bildirmədi.

Kürd Əhməd özü də narahat olduğu halda doktorun arvadını təskin etdi.

– Heç şey olmaz, qorxmayın! Gələndə məni gözləsin, – deyib küçəyə çıxdı və Südabəgilə tərəf yollandı. Heç gözləmədiyi yerdə Şəmsiyyənin maşını yanında dayandı. Şəmsiyyə pəjmürdə bir halda onu maşına çağırdı, götürüb evə apardı. Kürd Əhməd ondan Hikmət İsfahaninin hələ də məhbəsdə olduğunu eşitdikdə heyrət içində:

– Heç bir şey anlamıram, – dedi, – görünür, dünyanın altı üstünə çevrilib.

Şəmsiyyə:

– Bunlar hamısı bu taxt-tacı başına uçmuşun işləridir, – dedi, – Allah bunların nəslini kəssin. Məmləkətdə sataşmadıqları bir adam qoymadılar! Yıxmadıqları bir ev qalmadı. Axır bu zülmlər yığışıb gərək küllərini göyə sovursun. Sovuracaq da. Deyirlər ki, pulları ingilis banginə keçiriblər. Özü də qaçmağa hazırlaşır. Nə olaydı, onun meyidinin küçələrdə süründüyü günü görəydim!

Şəmsiyyə uzun danışdı. Şikayətləndi və Pəhləviyə qarğış yağdırdı. Sonra ev və idarə işlərindən Kürd Əhmədə məlumat verdi. Belə ki, o, vaxt tapıb Südabənin görüşünə gedə bilmədi. Saat beşdə Şəmsiyyənin yanından çıxıb, doktorun oğlugilə qayıtdı. Doktorun oğlu oturub onu gözləyirdi. İki dost qucaqlaşıb öpüşdü. Kürd Əhməd:

– Ehtiyatsızlıq edirsən, – dedi, – tək-tənha şəhərə çıxırsan. Sonra ələ keçərsən, xəbərimiz də olmaz.

Aylarla qaranlıq zirzəmidə oturmuş, dörd divar arasında yaşamış doktorun oğlu yorulub təngə gəlmişdi.

– Davam gətirə bilmədim. Şəhərə çıxdım. Bilirsənmi, heç peşman da deyiləm. İnsanlara baxdıqca mənə elə gəldi ki, açılan bir səhərin tamaşasına durmuşam. Zindanların zəncirlərin qırılacağını xəbər verən bu duyğu nə gözəldir.

– Hələ bura istibdadın dəhşətli mərkəzidir. Vəhşinin nəfəs aldığı mağaradır. İnsanlar onun hələ də tərpənən zəhərli caynaqlarını görür və nifrətlərini gizləməyə çalışırlar. Azərbaycanda, Kürdüstanda nələr olduğunu təsəvvür edirsənmi?.. Artıq orada azadlığın ilk nəsimi əsməkdədir! Dur, paltarını dəyiş, al bu qara eynəyi də tax, gedək. Rza Qəhrəmani də bizə gələcəkdir.

Açıq havaya çıxmaq və işə başlamaq təklifini eşidən doktorun oğlu bir uşaq sevinclə ayağa qalxdı. Tez paltarını dəyişdi. Mahud şlyapasını başına qoyub, qara eynəyini taxdı, Əlinə də bir ağac alıb, otaqda gəzindi və Kürd Əhmədin qabağında durdu:

– Hə necədir?

– Heç kəs səni tanıya bilməz? Qiyamətdir.

İkisi də susaraq küçəyə çıxdı. Hava qaranlıqlaşmağa başlayırdı. Dükançılar yavaş-yavaş qapıları bağlayırdılar. Get-gəl seyrəkləşirdi. Şəhərdə hərbi dəstələr çiyinlərində silahı hazır tutaraq dolanır və hələ də mərkəzi dövlətin yaşadığını xəbər verirdilər. Küçələrdə gedən təlaşlı və həyəcanlı danışıqlar azalmır, artırdı. Kürd Əhməd və doktorun oğlunun nəzərini ortayaşlı, üzünü saqqal basmış iki nəfərin danışığı cəlb etdi. Onlar biri arxın o tayında, biri bu tayında durmuşdu. Təsadüfən küçədə rastlaşmış və hərəsi bir səmtə gedən adamlar idi. Ucadan qışqıra-qışqıra və tələsik danışırdılar. Ləhcəsindən biri kirmanlıya, biri təbrizliyə oxşayırdı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İyirmi birinci fəsil

Kərimxan Azadi qaranlıq və rütubətli zindana birdən-birə alışa bilmədi. Ona elə gəlirdi ki, uzun bədənini, enli çiyinlərini dar bir məzar sıxmaqdadır. Sanki onu zorla bir qəbrə soxmuş və qəbri də dikinə qaldırmışdılar. Heç bir yana tərpənmək mümkün deyildi. Heç olmazsa bazubəndin sıxdığı və bükülməkdən yorulmuş qollarını açmaq imkanı olaydı!.. Heç olmazsa gah qızışan, gah buz kimi soyuyan qıçlarını bircə anlığa aça biləydi!.. Nə üçün o tərpənə bilmir? O haradadır? Onun hissiyyatı və ağlı özündədirmi? Bəs ildırım sürətlilə barmağının ucundan başlayaraq beyninə qədər yeriyən bu sancı nədir?.. Görəsən, bu ağrılar, bu sızıltılar bədənin harasından baş qaldırır?.. Bəs bu su haradan axır? Yarıbihuş və yarıayıqlıq aləmindədir... O, qıçlarını çırmayıb gedir, gedir, tələsir, lakin çay qurtarmır, sahil görünmür. Bu zaman əzabın nəhayətsizliyindən doğan məyus bir fikirlə, bir ümidsizliklə özünü buzlu suların qoynuna atır, bütün bədəni titrəyir. Budur, artıq əziyyətlərin sonu çatdı. Əzablar qurtardı, hissiyyat susdu. Bütün əzası əbədi bir istirahətə daldı. Yox, bu əbədi rahatlıq deyil. Qəlbinin harasında isə hələ də əzablı bir duyğu yaşamaqdadır. Yəqin, o, dərin bir yuxuya getmişdir, bunlar hamısı pis bir röyadır, dəhşətli bir kabusdur. Röyada olan kimi qışqırmaq istəyir, səsi çıxmır, əlini uzatmaq istəyir, bacarmır.Onun bu ağır əzablara dözən sağlam vücudu, ecazkar bir surətdə öz həyat qüvvəsini göstərirdi. Birdən-birə uzun sürən dərin bir huşsuzluq içərisindən ayılır, müstəsna bir aydınlıqla hər şeyi anlayır, hər şeyi xatirinə gətirirdi. Nə cür tutulduğunu, necə bu qaranlıq məhbəsə düşdüyünü, nə əzablara məruz qaldığını və yoldaşlarına xain çıxmadığını açıq-aydın təsəvvür edirdi. Hafizəsində keçmiş günlər, ömrünün ağır uşaqlıq dövrləri, zəhmət, məhbəs və sürgünlər canlanırdı. Xavər, qaranlıq göylərdəki təkcə bir ulduz kimi onun həyatına işıq verən Xavər gəlib gözləri önündə dururdu. Sanki yenidən ürəyi bir şadlıq, bir səadət istisi ilə qızınır, dar və rütubətli zindana bir baharın ətri gəlirdi. Lakin mabədini düşünməkdən çəkinirdi. Xavərin indiki həyat və vəziyyətini təsəvvür etməkdən qorxurdu. Bu təsəvvür onu əzə bilər, iradəsini süstləşdirər, məhv edərdi. O, xəyalında həyatının başqa səhnələrini canlandırmağa çalışır, Fridunu, Kürd Əhmədi, pəncərədən müvəffəqiyyətlə qaçan doktorun oğlunu xatırlayırdı. Bunlar onun əzgin ruhuna ümid və qüvvət verirdi. Yalnız o, bircə şeyi xatırlaya bilmirdi. Görəsən, buraya düşdüyü neçə gündür? Bəlkə, aylar gəlib keçmişdir?.. Bu xatirələrə daldığı, huşu özündə olan zamanlarda Məhbusinin də siması gözləri önündə dururdu. O hələ də öz imanında möhkəm qalmaq istəyirdi. O, şübhəyə yol verməkdən qaçırdı. Çünki bütün bu dəhşətli əzablardan daha dəhşətlisi, onun səhvi, ehtiyatsızlığı nəticəsində yoldaşlarını fəlakətə verdiyi ehtimalı ola bilərdi. O, bu fikrin ağırlığına davam gətirə bilməzdi. Bununla belə, nə qədər çalışsa da, yenə ürəyində harada isə kor bir şübhə yaşayırdı. Axı o yaxşı adamdırsa, niyə ilk görüşdə Xavərə xoş gəlmədi? Yox, sevən qadınların hissiyyatı yanlış olmur! Bəs onda nə üçün Məhbusini də tutdular? Axı o zavallı da harada isə indi belə bir məzar içində çırpınmaqdadır... Bu təzadlı fikirlər içərisində o yalnız bircə şeyə sevinirdi: nə yaxşı ki, Fridun və Kürd Əhmədi onunla tanış etməmişdi. Sadiq adam olsa da, indi zəiflik göstərə bilər, onları ələ verə bilərdi. Bu fikir onu az-çox təskin edirdi.

27 min
İyirmi ikinci fəsil

1941-ci ilin baharı gəlirdi. Hər gün təmiz və sakit bir səhər açılır, mavi üfüqlər dumduru, ləkəsiz və nəhayətsiz görünürdü. Novruz bayramına az qalırdı. Şəhərdə axır çərşənbələri bayram edirdilər, dükan-bazar boyalı yumurtalar, rəngarəng parçalar, əli-ayağı xınalı adamlarla dolmuşdu. Fridun bütün bunlardan xəbərsiz kimi idi. Sanki nə gəlməkdə olan baharı, nə də bayramı görürdü. Hər gün onun vaxtı min bir qayğı içərisində keçirdi. Gah doktorun oğlunun, gah arvadının, gah Xavərin yanına gedir, gah Kürd Əhmədlə görüşmək lazım olur, gah dəmiryol və bütün fabrik işçilərinin yanında olur, gah da Səlimi, Şəmsiyyə və Südabə vasitəsilə zindandakılara kömək etmək yollarını axtarırdı. Lakin hələlik heç bir şey etmək mümkün olmurdu. Səlimi ona, bu məsələ ilə Rza xanın hər gün, hər saat məşğul olduğunu, istintaq nəticələrini hər gün tələb etdiyini, vəzarəti-kişvərdə və məhbəsdə müstəsna bir gərginlik yarandığını demişdi. Hətta onun hərbilər arasında olan yüksək mövqeli tanış və dostları belə bu işə yaxın düşməkdən imtina edirdilər. Beləliklə, zindandakıların xilası üçün heç bir ümid yox idi. Fridun Südabə və Şəmsiyyə vasitəsilə bir təsir etmək mümkün olacağını düşündü. Sərhəng Səfai Hikmət İsfahaninin yaxın dostu idi. Bəlkə onun işə qarışması ilə heç olmazsa gözlənilən ölüm cəzasını əbədi sürgünlə əvəz etmək mümkün olar deyə Şəmsiyyə ilə danışmaq istədi. Səlimi məsləhət görmədi:– Əvvəla, Hikmət İsfahani xeyri olmayan bir işə, xüsusən belə bir işə girişməz, ikinci də, əgər xeyri olsa, bu saat yenə bu işə yaxın düşməz. Çünki, həm Həkimülmülk, həm də Rza xanla əlaqələri hələ düzəlməmişdir. Onu ittiham edib, boğazından asmağa bəhanə axtarırlar.

28 min
İyirmi üçüncü fəsil

Ayaz beş qranı ovcunun içinə sıxaraq çiyinlərini qısmış halda, titrəyə-titrəyə bazar qələbəliyinə qarışmışdı. Təzəcə yağış yağdığından çox palçıq idi. Adamlar ətəklərini yığışdıraraq, su gölməçələrinin qırağı ilə ehmalca o tərəf-bu tərəfə keçirdilər. Ayaz kimi ayaqyalın, başıaçıq uşaqlar heç kəsə, heç nəyə əhəmiyyət vermədən palçıqlı suyu ətrafa sıçrada-sıçrada gölməçələrin içində yeriyirdilər. Köhnə tumanköynəkdən, cırıq və yamaqlı pencək-şalvardan tutmuş, qapı cəftəsinə, lampa şüşəsinə, bülbül qəfəsinə qədər müxtəlif şeyləri qolunun üstünə, çiyninə ataraq və ya əlində tutub, havada oynadaraq, satmaq üçün bar-bar bağıran adamlar bir-birinə qarışmışdı. Ayaz izdihamdan ayrılıb, buludlar arasında boylanan yaz günəşinin soyuq işıqları düşmüş quru və nisbətən sakit bir yerə çıxdıqda burnuna tünd bişmiş iyi dəydi. Bura qovurmaçılar meydanı idi. Bir tərəfdə tavada cızbız qovrulur, bir tərəfdə çüğündür buğlanır, o biri tərəfdə pörtlənmiş kartof ağarırdı. Ayaz ləbləbi bişirənə yaxınlaşdı:– Əmi, çörək dükanı haradadır?

34 min
İyirmi dördüncü fəsil

Ağır bir məzar sükutu içərisində edam hökmünü onlara oxudular. Ölümə məhkum edilənlər kamerasına salıb, iyirmi dörd saatlıq həyatları qaldığını bildirdilər. İyirmi dörd saat! Bu iyirmi dörd saatda nələr ola bilərdi? Onlar min arzu və xəyal ilə yaşayır, azadlıq ümidini itirmirdilər. Bununla belə, hər keçən saniyə iradəni sarsıdır, ölümün dəhşətli rəmzi olan dar ağacını gözləri önünə gətirirdi. Onlar dəqiqələri, saniyələri saymağa başlayırdılar. Kərimxan, insanın oturub dəqiqələri saya-saya ölümü gözləməyindən dəhşətli bir şey olmadığını bilirdi. Belə dəqiqələrin ağır iztirabına dözməyib, dəli olanları o, məhbuslar arasında az görməmişdi. İyirmi dörd saatda əlli illik bir həyatın işgəncələri altında əzilmiş kimi, saçı-saqqalı ağaran, üz-gözünü qırışıq basan, heç bir zaman unuda bilmədiyi bir məhbusun surəti indi də gəlib gözləri önündə durmuşdu. O, bu fikir və xatirələri qovmağa çalışırdı. Həyatının xoş günlərini, qəlbə qüvvət və mətanət verə biləcək hadisələrini xatırlamağa səy edirdi. Cənubda sürgündə olanlar arasında rast gəldiyi bir dabbaq yadına düşdü. Dabbaq qərib bir adam idi. Onun qırx illik ömrünün yarısı məhbəslərdə və sürgünlərdən keçmişdi. O, beş dəfə məhbəsdən, iki dəfə sürgündən qaçmışdı. Axırıncı dəfə yenə qaçmaq istəyəndə tutub, edama məhkum etmişdilər. Onu asmamışdan qabaq demişdi:“Dünyada qəlyandan doymadım. Bir qəlyan gətirin, bir qurtum sümürüm, sonra asın”. On yaşından başlayaraq bütün ömrünü oğurluqda keçirmiş otuz yaşlı başqa bir məhbusu asdıqda “vəsiyyətin nədir?” sualına cavab vermişdi: “Çayçı Əhmədə beş tümən borcum var, onu verin, anama da deyin mənə südünü halal eləsin?”

24 min

Poems by other poets