On səkkizinci fəsil
Page 3 of 3 · 67%
– Heç sən də bizi yad edirdinmi? – deyə soruşdu.
Kərimxan onun əllərini tutub, cənub gecələri qədər dərin və saf gözlərinə baxdı, nə isə demək istədi. Lakin qapının döyülməsi mane oldu. Xavəri telaş bürüdü. Ürək döyüntüsü ilə ayağa durdu:
– Bu vaxt kim ola bilər?..
Kərimxan qapıya getdi. Gələn Hüseyn Məhbusi idi: O, vacib işi olduğu üçün gəldiyini söylədi. Kərimxan qapını açıb, onu içəri buraxdı. O, Xavərə salam verdi, Xavər onun salamını alarkən üzünə baxdı.
Elə bil ki, bir anda bütün ev qaranlıq bir səhraya çevrildi, bu təəssüratla dərhal gözünü çəkib, həyətə çıxdı. Kərimxanın:
– Xavər, zəhmət çək, çay hazırla, – deyən səsini eşitdi.
Azca sonra Xavər çay gətirdi, evdə dura bilməyib həyətə qaçdı. Hüseyn Məhbusi ilə Kərimxan bir saata qədər söhbət etdilər. Xavər onların nə danışdığını bilmədi. Çünki fikri özündə deyildi.
Hüseyn Məhbusi getdikdən sonra özünü Kərimxanın üstünə atdı:
– Bəs bir daha bunu evə buraxmayacağını deməmişdin?
– Xavərim, qapıya gələn qonağı qaytarmazlar.
– Məni qınama, Kərimxan, heç xoşuma gəlmir. Bilmirəm bunu haradan tapdın?
– Bu mənim məhbəs, sürgün yoldaşımdır, Xavər! İndi də çalışır. Pis işləmir, nə deyirəm eləyir.
– Sən Allah, məndən incimə, Kərim, amma hər kəsdir, evə buraxma. Başqa yerdə görüş. Mümkün eləsən, heç görüşmə. Belə xoşuma gəlmir!.. Baxışlarında nə isə var. Bir kölgə, bir qaranlıq görürəm. Məgər sən heç fikir verməmisən? Bir dəfə diqqətlə lapdan ona bax. Gör nələr görərsən... Kərimxan, əzizim, özünü gözlə, bundan sonra sən mənim üçün də olmasa, bax, bu balaca üçün özünü gözləməlisən, axı sənsiz onun axırı nə olar?
Xavər özünü saxlaya bilməyib ağladı... Kərimxan ona təskinlik verdi:
– Ürəyin çox nazilibdir, – dedi. – Görünür, çox fikir edirsən. Sənə söz verirəm ki, bir də onun ayağı bu evə dəyməz. Arxayın ol, Xavərim! Mən yalnız sənin bu gününü deyil, sabahını da düşünürəm. Mənim idealım gələcək gündür, biz o günə çatacağıq, biz sənin üçün də, oğlumuz üçün də xoşbəxt həyat, gözəl, işıqlı həyat yaradacağıq. Elə bir həyat ki, aylarla da evə gəlməsəm, təlaşa düşməyəsən, ürəyinə heç bir qorxu dolmasın!
O, Xaveri qolları arasına aldı. Yaşlı gözlərindən öpdü. Xavər yenə qəlbində sonsuz bir rahatlıq və səadət duydu.
Hüseyn Məhbusi Kərimxanın yanından çıxıb, bir qədər Tehranın boşalmış küçələrində dolandı. “Ağa, buyur” deyən ayrı-ayrı faytonçular, evlərin, dükanların qapısına qısılıb, gecə yarısında gəlib-gedənə əl açmaqdan yorulmayan dilənçilər və ara-sıra rast gəldiyi gecə eyyaşlarının hay-küyü onun nəzərini cəlb edə bilmirdi. O düşünürdü. Bir az iş gecikərsə, bütün həyat və taleyinin təhlükə altına düşəcəyi onu qorxudur, qəlbində heyvani bir vahimə oyadırdı. Nə etməli, hansı vasitələrə əl atmalı, hansı yollarla hadisələrin gedişini sürətləndirməli? Nə cür etsin ki, tezliklə tapdığı cığırla yeriyib, işin göbəyinə, bulağın gözünə çıxsın? O zaman onu nə böyük bir mükafat gözləyirdi!.. Qarşısında nə böyük bir yol açılırdı. Lakin məqsədə gedib çıxmaq olmurdu. Kərimxan yalnız ona ayrı-ayrı tapşırıqlar verməklə kifayətlənir, artıq bir şey danışmırdı. Hətta vədə verdiyi görüşə belə onu aparmırdı. “Baş tutmadı, təxirə düşdü, yoldaşlar Tehrandan çıxıblar” – deyə, bu gün-sabaha salırdı. İsrar etmək də xətalı idi. Bununla belə işi gecikdirmək olmazdı. Tezliklə ittilat məsələni aça bilərdi. O zaman Məhbusiyə bir it payı da düşməyəcəkdi.
Bu fikirlərlə o, şəhəri dolanırkən saatına baxdı. On ikiyə beş dəqiqə qaldığını görüb, mister Toması xatırladı. Onun yanına getmək vaxtı çatmışdı.
Yavaş-yavaş mister Tomasın evinə tərəf yollandı. O, Məhbusini həmişə, Tehranın dar və köhnə küçələrindən birində balaca həyəti olan sakit bir mülkdə qəbul edərdi. Məhbusi hələ bu vaxta qədər orada qoca qapıçıdan başqa bir ins-cinsə rast gəlməmişdi. Həyətə girdikdə əsrarəngiz və heybətli sükut insanı vahiməyə salırdı. Lakin Məhbusi artıq bu sükuta alışmışdı. O, qapıdan içəri girən kimi birbaş balkonun ağzında olan balaca bir otağa getdi. Mister Tomas oturub, trubka çəkir və nə isə qarşısındakı kağızlara baxırdı. Məhbusi içəri girib, salam verdikdə uzun zaman cavab almayıb, ayaq üstə durdu. Mister Tomas otağa heç adam gəlməmiş kimi etinasızlıq göstərdi. Başını da qaldırmadı. Məhbusi otaqda papiros tüstüsü və masanın üstündə papiros qırıntıları gördü. Azca əvvəl burada adamlar olduğunu anladı. Yalnız on-on beş dəqiqə keçdikdən sonra mister Tomas başını qaldırdı, trubkasını tüstülədib, Məhbusiyə baxdı:
– Ehey... gəlmisən? Otur!..
Məhbusi oturdu və gözlərini mister Tomasa dikib durdu. Mister Tomas trubkadakı tənbəkini çəkib qurtardı. Onun ağzını külqabının qırağına vurub, külünü boşaltdı. Sonra adəti üzrə nazik bir mil ilə içini eşələməyə başladı. Məhbusi bunun narazılıq əlaməti olduğunu bilirdi. Bir beş dəqiqə də mister Tomas trubkanı qurdaladı. Sonra onu təzədən doldurdu, tələsmədən, səliqə ilə ağzına apardı. Burada Məhbusi kibrit çəkib, tələsik ona tərəf qalxdı. Mister Tomas ayağa durdu və cibindən öz kibritini çıxarıb yandırdı. Trubka yenə tüstülənməyə başladı. Mister Tomas əllərini cibinə qoyub, otaqda gəzindi. İki dəfə var-gəl edəndən sonra otağın ortasında durub, bərk gərnəşdi. Nəhayət, qayıdıb yerində oturdu. Daha doğrusu, yarıuzanmış bir hal alıb, sağ ayağını qaldıraraq, masanın üstünə uzatdı. Belə ki, ayaqqabısının ucu az qaldı Məhbusinin burnunu əzsin. Məhbusi yavaşca başını kənara çəkdi. Mister Tomas o biri ayağını da stolun üstünə uzadıb, rahatlandıqdan sonra Məhbusiyə baxdı:
– Hə, nə vaxt yığışırsınız? Adları gətirmisənmi?
– Mister Tomas, bu böyük və çətin bir işdir. Burada səbir lazımdır. Xüsusən ki, hər şey mənim istədiyim kimi getmir. Səbr edin, gətirərəm.
– Mənə yaxşı əxlaq dərsi deyirsən!
– Mister Tomas, bağışlayın.
– Nəyi bağışlayım, bunu?
Mister Tomas balaca bir kitabçanı Məhbusinin qabağına fırlatdı. Bu, “İş, çörək və azadlıq istəyirik!” kitabının ikinci cildi idi. Məhbusi gözaltı ona baxıb danışmadı. – Səbr edin! Nə qədər səbr edək? Onlar silah götürüb, küçəyə çıxana qədər?
– Mister Tomas, mən bacardığımı edirəm.
– Düzdür, edirsiniz, lakin bizim xeyrimizə yox, zərərimizə! Bu kitab əvvəldən-axıra ingilisləri təhqirdən ibarətdir. Bəlkə, sənin də xoşuna gəlir?
– Mister Tomas!
– Sizlərə nə etibar var. Böyükdən-kiçiyə hamınız beş qran artıq verənə satılmağa hazırsınız!
– Mister Tomas, mən sədaqətimi sübut etmişəm.
– Al bu sənin sədaqətinin haqqı! Tomas, on dənə on tümənliyi sayıb, Məhbusinin qabağına atdı:
– Götür! Beş gün sənə vaxt verirəm. Beş gün!..
– Çalışaram. Lakin nəzərə alın ki, hər şey məndən asılı deyil!
Mister Tomas ayaqlarını stolun üstündən çəkib, yenə otaqda gəzindi:
– Həyatınızla oynayırsınız! – dedi və cibindən balaca bir tapança çıxarıb silməyə başladı. Məhbusi gözaltı tapançaya baxıb, bunun nə demək olduğunu anladı və yerində qıvrıldı.
– Çalışaram beş günə qurtarım, mister Tomas!
– Çalış, çalış. Xoş gəldin!
Məhbusi otaqdan həyətə çıxdı. Qorxa-qorxa dönüb geriyə baxdı və tez başını çevirib, gözlərini həyətə zillədi. Həyət qaranlıq idi. Hər şeyi seçmək mümkün deyildi. Gözlərini yumub açdı. Yenə də bir şey görə bilmədi. Yalnız tünd qaranlığın içərisində gözünə parıldayan bir şey göründü. Bu, mister Tomasın balaca, şəffaf tapançası idi: qaranlıqda böyüyür və həyətin hər tərəfindən ağzını Məhbusiyə açıb dururdu. Məhbusi tez həyətdən küçəyə, lampa işığına atıldı. Qamaşan gözlərini ovuşdurdu. Sonra şalvarın cibinə soxuşdurduğu yüz tüməni çıxarıb, səliqə ilə bükdü və qoltuq cibinə qoydu:
– Şarlatan köpək oğlu!.. İngilis köpək oğlu, istədiyinə bax, verdiyinə bax!
O, mister Tomasın hədələrini, qaşqabağını yadına salır, içəridən qovrulurdu. Boğazının qiyamətə qədər qırılmayacaq bir kəndirə keçdiyini hiss etdikcə bağrı çatlayırdı. Bir qədər gedib dayandı. Nə isə ağlına yeni bir şey gəldi:
– Eybi yoxdur, səndən ala bilmədiklərimi fon Valter və mister Harolddan alaram, – deyib sola buruldu və ağır hissiyyatından qaçıb uzaqlaşmaq istər kimi addımlarının sürətini artırdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/mirze-ibrahimov-gelecek-gun-on-sekkizinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Hitler ordularının Sovet ölkəsinə xaincəsinə basqınından beş gün keçirdi. Artıq bütün dünyanın nəzəri sovet-alman cəbhəsinə dikilmişdi. Sanki tarixin təkəri orada hərlənir, dünyanın gələcəyi, məmləkətlərin taleyi orada müəyyən edilirdi. Nəinki böyük və xırda dövlətlərin, hətta bu dövlətlər daxilindəki insan münasibətlərinin, bu və ya digər ideala mənsub olan dəstə və ailələrin də taleyi orada, o böyük vuruş meydanında həll olunurdu. Tehran, bu hadisələri çox gərgin şəkildə izləyən müxtəlif və bir-birinə zidd fikirli insan dəstələri ilə dolu bir şəhər idi. Burada müharibənin gedişi, kimin qalib gələcəyi haqqındakı söhbətlər sadə bir maraqdan doğmurdu. Bu söhbətlərdən müxtəlif ehtiraslar, görüşlər, arzu və meyllər bir-biri ilə çarpışırdı. İranı doldurmuş və arasıkəsilmədən axıb gəlməkdə olan alman casusları, İranın hakim dairələri və mürtəce təbəqələr Hitlerin qalib gələcəyini sadə bir həqiqət kimi irəli sürür, öz təbliğatlarında müasir vasitələrdən tutmuş orta əsrlərin dini cəfəngiyatını andıran ağlasığmaz uydurmalara qədər hər şeydən istifadə edirdilər. Birinci cahan müharibəsi zamanı Vilhelmin Məhəmmədin qılıncını bağlayıb cahad elədiyini yayan alman casusları, indi də eyni sözləri Hitler haqqında yayır, hətta onun əsl “Sahibəzzaman” – “İmam Heydər” olduğunu xalq arasında yayırdılar. Bütün bu cəfəngiyata baxmayaraq, yoxsul, ac və hüquqsuz xalq dərin bir ürək çırpıntısı ilə bu davada Sovetlərin qalib gəlməsini istəyir, azadlıq və insana layiq həyatın yalnız bu qalibiyyətdən asılı olduğuna şübhə etmirdi. İranın dargöz və kütbeyin mürtəcələrini boş xoyallara salmış sovet-alman döyüşləri, demokratik qüvvələri də hərəkətə gətirmişdi. Hər iki tərəfdə qəti döyüşə hazırlıq gedirdi. Almanlar çox diqqətlə bu hadisələri izləyir, görünməmiş bir enerji ilə İranı istədikləri səmtə yuvarladırdılar. Gecə-gündüz alman səfarətxanasına get-gəlin ardı-arası kəsilmirdi. Alman səfiri fon Ettel, öz diplomatik idarəsini əsl bir hərbi ştaba çevirmişdi. Burada İranda Sovetlərə qarşı açılacaq cəbhənin planları işlənir, hərbi qüvvələrin düzülüş qaydası və hücum xətləri müəyyən edilirdi. Artıq Rza xanı tamamilə öz təsiri altına almış almanlar, hər ehtimala qarşı qəbilələr arasında işləyir, cənubda, şimalda hələ də feodal həyatı yaşayan qəbilələrdən üsyançı dəstələri hazırlayırdılar. Cənub qəbilələri arasında, Yunkers firmasının müdiri, iyirmi beş il İranda işləmiş Şunsmanın mərkəzi dövlətə qarşı hazırladığı qəbilə üsyanlarının üstü açıldıqda fon Ettel onun İsfahandan Tehrana “sürgün edilməsinə” nail olmuşdu. Təbrizdə “Veberbauer transport” adlı kontorun başçısı sifətində polkovnik Şmidt kimi casus və provokator dururdu. O, Sovet sərhədləri boyunca canilər, satqınlar və xainlərdən ibarət terrorçular, basqınçılar dəstələri hazırlayırdı. Ənzəlidə, Qorqanda və bütün şimal şəhərlərində də eyni qızğın fəaliyyət gedirdi. Bütün bu fəaliyyətin mərkəzində isə fon Valter dururdu. O, Tehrandan şimal, cənub, şərq və qərb – bütün məmləkətə yayılan fitnə-fəsad tellərini birləşdirir, bu tellərə istiqamət verirdi. O, fon Ettel vasitəsilə Berlindən hər gün bir göstəriş alır, yuxusunda da tezliklə Qafqaz və Bakı neftini işğal edəcəkləri günü görürdü. İyun ayının 27-də səhər saat doqquzda öz kabinəsinə daxil olduqda bu fikirlər başında dolanırdı. Lakin bununla yanaşı harada isə dərinlərdə bir şübhə, pis bir sual da baş qaldırırdı: – Birdən alman orduları bir-iki aya Rusiyanı fəth etmədilər? – Birdən Sovetlərin qırılmaz müqavimətinə rast gəldilər? Müharibə uzandı?.. O zaman bu iranlılara etibar etmək olardımı? Onlar fürsət düşən kimi azmı fon Valter kimilərin başını kəsib ağaca keçirmiş və meydanlarda gəzdirmişlər?.. Bu pis, şübhəli və gecə yuxusuzluğunun törətdiyi baş ağrısını unutmaq üçün o, balaca, dairəvi və işıldayan masanın üstünə yığılmış yeni qəzetlərə əl atdı. İlk əlinə keçən “İttilaat” oldu. Burada birinci səhifədəcə alman silahının qələbəsini iri hərflərlə xəbər verən bir yazıya gözucu baxdı. Nədənsə onu oxumağa qərarı gəlmədi. “İttilaat”ı bir kənara atıb, başqa qəzetləri gözdən keçirdi. Bu zaman səfarətxananın katibi icazə istəyib daxil oldu və balaca bir vərəqəni masanın üstünə qoydu. Səfir göndərmiş, tanış olmağı, saat 10-da yanına gəlməyi tapşırmışdı. O, etinasızlıqla qəzetləri bir kənara çəkib, vərəqəni götürdü. Lakin oxuduqca üzünün ifadəsi dəyişir, dodaqlarını dişləyirdi, əlli xətdən ibarət olan yazı Hitlerin xəyanətkar və qaniçici bir cəllad olduğunu deyir, İranda olan almanlardan vaxt ikən başlarını götürüb qaçmağı tələb edirdi, fon Valter vərəqəni əlində sıxaraq otaqda gəzindi, dodaqaltı:– Tezliklə sizin ümid ocağınızı dağıdacağıq, – deyə söyləndi.
İyirmi yeddinci fəsilFridun məhbəsin ağır və kəsif havasına heç cür alışa bilmirdi. Nəfəsi darıxır, ürəyi şiddətlə döyünür, başı gicəlirdi. Bəzən ona elə gəlirdi ki, havasızlıqdan boğulacaq, ürəyi partlayacaqdır. Bu zaman kamerada o tərəf-bu tərəfə gəzir, dərindən nəfəs alırdı. Pəncələri üstə qalxaraq, ağzını kameranın qərbə açılan bacasının dəmirlərinə söykəyir və bütün qüvvəsilə çölden gələn təmiz havanı sümürür, bir yüngüllük duyaraq, yenə düşüb gəzinirdi. Çox zaman gözünü eni bir, uzunu iki qarışdan artıq olmayan bu balaca bacaya tutub baxır, baxırdı. Xüsusilə günəş batana yaxın sarı işıqlar kameranın nəmli divarlarına düşəndə o, böyük bir həsrət və ürək çırpıntısı ilə gözlərini bu bacaya dikib dururdu. Lakin bu sarı işıqlar çox tez sönüb gedir, kameranı yenə qaranlıq bürüyürdü. Bu zaman qüssə və sıxıntının həddi olmurdu. Vaxt keçmək, qurtarmaq bilmirdi. Fridun qulağını kameranın qapısına söykəyərək, gərgin bir diqqətlə dinləməyə başlayırdı. Heç bir səs, heç bir hərəkət əlaməti duymadıqda hövsələdən çıxırdı. Hər şeyin tezliklə gəlib keçməsini istəyirdi. Nə olacaqsa tez olsun!.. Ölüm də olsa, tez!.. İntizar və əzab içərisində oturub gözləməkdən dəhşətli heç bir şey yoxdur. Buna baxmayaraq o gözləyirdi. İlk istintaqdan sonra Qəsri-Qacara keçirildiyi bir həftə olardı. Bu müddətdə nə ondan bir söz soruşmuş, nə də ona bir söz demişdilər. Sanki onu təsadüfən tutub buraya atmış və varlığını belə unutmuşlar. O isə dözür və gözləyirdi. Bir neçə dəfə qapını döyərək, hay-küy salmaq və “gəlin məni aparın!.. Nə edəcəksiniz edin!” deyə qışqırmaq istəmiş, lakin özünü saxlamışdı. Məhbəsdə o “Ana” romanını fəsilbəfəsil xatırlamağa başlamışdı. Sanki onu yenidən oxuyur, hər hadisəni ayrılıqda yadına salaraq düşünürdü. Xüsusilə Pavel Vlasovgilin tutulması, onların özlərini zindanda necə apardıqları gözündən çəkilmirdi. Belə hallarda istər-istəməz özünü onlarla müqayisə edir və səbirsizlik göstərdiyi, darıxdığı üçün özünü danlayırdı. “Mən ki, cani deyiləm, özümü heç bir şeydə müqəssir hesab etmirəm, nə üçün darıxmalıyam, qoy bizə əzab vermək kimi bir cinayətə əl atanlar qorxsunlar, darıxsınlar!” Pavel Vlasovun məhkəmədə özünü hakimlərdən yüksək tutması, məğrur və istehzalı baxışları gözlərində canlandıqca sanki ona necə hərəkət etmək və qalib gəlmək yolunu göstərdi. Əsl mübarizlər çətin gündə möhkəm dayananlardır!” deyib düşünürdü. “Əsl insan çətin gündə səbir etməyi bacaranlardır”, deyirdi.Qəsri-Qacara düşdüyü bir həftənin ərzində, demək olar ki, həyatının bütün səhifələrini vərəqləmişdi. Xatirindən keçirmədiyi heç bir hadisə qalmamışdı. Kənd, uşaqlıq, Tehran, atasının ölümü, aclıq, anasının, heç olmazsa bir horralıq un tapmaq üçün kəndisini çırpması bir-bir gəlib gözləri önündə durmuşdu. Bu xatirələr içərisində qəlbinə iti bir neştər kimi soxulan Gülnaz və Musa kişinin hekayəti idi. O, bir daha Gülnazı görəcəkdimi? Görəsən, bir dağ çiçəyi qədər ətirli, bir uşaq qədər sadə və təcrübəsiz olan bu yazığı həyat girdabı haralara atmışdır, onu bir zaman məchul fəlakətlərin qucağından qopartmaq mümkün olacaqdırmı?.. Görəsən, Musa kişi haradadır? O, harada ölüb getdi? Ölüsünü basdıran oldumu? Yoxsa, ona bir məzar da qazan olmadı?.. Onun körpələrindən heç sağ qalanı varmı?.. Bütün bu suallar qəlbindəki mübarizə hissini və həyat eşqini daha da artırırdı. Müxtəlif duyğular alovlandıqca, daxilində, harada isə, dərinlərdə çalxanaraq qaynadıqca bir aclıq, bir atəş doğururdu. Sevmək! Sevmək! Sevmək! Yalnız indi iki il əvvəlki cəsarətsizliyi üçün özünü danlayırdı. Kiçik bir tərəddüd, anlaşılmaz bir xəta əbədi olaraq Gülnazı əlindən almışdı.
İyirmi səkkizinci fəsilRza Qəhrəmani Friduna bir kömək etmək üçün çox çalışdı. Lakin bütün təşəbbüsləri nəticəsiz qaldı. Xüsusilə sərtib Səliminin və Hikmət İsfahaninin tutulması ilə iş çətinləşdi. Buna baxmayaraq o, məhbəslə əlaqə yaratmaq fikrindən əl çəkmədi. Oranın xırda qulluqçularından birini ələ almağa səy etdi. Fəridənin vasitəsilə, qızı toxucu fabrikində işləyən məhbəs süpürgəçilərindən bir qoca ilə əlaqə yaratdı. Onunla heç olmasa bəzi xəbərləri Friduna çatdırmağa cəhd etdi. Bu, Friduna ruhi qüvvə verər, iradəsini möhkəmlədərdi. Lakin qoca, qızının təklifinə qəti etiraz etdi:– İstəyirsən məni də tutub basalar ora?
İyirmi doqquzuncu fəsilMüharibə sürətlə inkişaf edirdi. Bu sürətlə müvafiq Tehranın siyasi dairələrində müxtəlif mülahizə və şayiələr gəzirdi. Rza xan müttəfiqlərin təklifini rədd etdiyi günlərdə almanların tezliklə Türkiyə və ya Qafqazdan qoşun keçirib, İranın köməyinə gələcəyinə aid şayiələr yayılmışdı. Lakin onlar sabun köpüyü kimi çox da tez dağılıb getmiş, yerini Hitlerin ünvanına yağdırılan lənətlərə, tam bir ümidsizliyi andıran danışıqlara tərk etmişdi. Artıq orada-burada Rza xandan, onun axır ayaqda nə cür hərəkət edəcəyindən, hara qaçacağından danışırdılar. Yeni dövlət quruluşu, məmləkətin gələcək taleyi hamını məşğul edirdi. Yavaş-yavaş inqilabi demokratik fikirlər, daha geniş dairələri əhatə etməyə başlayırdı. Fəhlə və kəndlilərlə dağınıq qüvvələrini birləşdirmək arzuları qüvvətlənirdi.Həyat və cəmiyyətin dərinliklərində yetişmiş və uzun müddət boğularaq, özünü göstərə bilməmiş ictimai qüvvələr baş qaldırır, böyük zəlzələ ilə torpağı çatladaraq, yuxarı püskürən vulkan kimi, hər şeyin altını üstünə çevirəcəyi ilə hakim təbəqələri təhdid edirdi. Yuxarı siniflər, istibdad və irtica qüvvələri onun bütün vüsətilə özünü göstərə biləcəyini hiss etdikdə qorxudan titrəyir, yaxınlaşmaqda olan fırtınanı yatırtmaq yollarını axtarırdı. Bu qorxu, bu vahimə Həkimülmülk və Rza xanları, mister Tomas və mister Haroldları daha artıq bir-birinə yaxınlaşdırır, təhlükə duyan canavarlar kimi bir dəstə halına salırdı. Xalqın hərəkətə gələcəyi, öz iradə və varlığını göstərə biləcəyi imkanı onları dəhşətə gətirirdi. Onlar uzaq gələcəyin mübarizəsinə hazırlaşır, yalan, böhtan, riyakarlıq kimi öz alçaq mübarizə silahlarını itiləyirdilər. Sovet xalqı, milyonlarla sovet əsgəri, qadın və kişiləri bəşər tarixinin görmədiyi bir qəhrəmanlıqla hər cür fəlakət və qurbanlara dözərək, bütün xalqların, bütün bəşəriyyətin azadlıq və gələcəyini Hitler yırtıcılarından qoruyarkən, Amerika, İngiltərə və İran mürtəceləri Tehranda oturub, gələcək mübarizənin riyakar planlarını tökürdülər. Xalq hərəkatının, demokratik inkişafın qarşısını almaq, Sovetlərə qarşı düşmənçilik siyasətini davam etdirmək yollarını axtarırdılar. Bütün millətlərin mülkiyyətçi və kapitalist sinfinə xas olan müxtəlif alçaq və vəhşi sifətlərdən əlavə, İran hakim və varlı təbəqəsinin özünəməxsus bir keyfiyyəti də vardır. Bu da onun doğulduğu gündən ictimai idealdan məhrum olmasıdır. Buna görə də o, hədsiz dərəcədə simasız və ikiüzlüdür. Bütün bu sinfin təbiəti olan bu keyfiyyət, bir dəryanın tərkibi bir zərrədə əks olunan kimi, həmin sinfin hər bir fərdinin, hər bir şəxsiyyətinin təfəkkür və əməllərində, əxlaq və adətlərində öz ifadəsini tapmışdır.
Poems by other poets
Hər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.
OlaFələk, sənnən əlləşməyə,Bir belə meydan ola.
QırqovulQırqovul nə gözəl quşdu,Biri bir gün göldən uçdu,
BilməyəOl deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.