Page 2 of 3 · 33%

– “İran istiqlaliyyətinin zəruri şərti”.

O, məqalənin sərlövhəsini oxuyub dayandı, gözünü Hikmət İsfahaninin ağzına dikib durdu. Hikmət İsfahani hər sözünü ayrıca olaraq deməklə bütün sərlövhəni təkrar etdi:

– İran... istiqlaliyyətinin... zəruri... şərti... Pis deyil, yaxşı, başlamısan. Damarını tapmısan, dalını oxu görək!

Bu təqdirdən xoşhal olmuş İranpərəstin rəngi açıldı, çiyinlərini tərpədib, yerində qımıldanarq oxudu: “Bizim bəzi ruznamənəvis rəfiqlərimizin fikrincə, iki amil var ki, onlar İranın bədbəxtliyinin illətidir. Bu amillərin biri neftdir ki, şimaldan cənuba qədər İran torpağının altı onunla doludur. İkinci, Hindistandır ki, İran onun qapısının ağzındadır. Amma bizim zənnimizcə, bu iki amil İranın bədbəxtliyinin yox, xoşbəxtliyinin illətləri sayılmalıdır”.

İranpərəst dayanıb, yenə Hikmət İsfahaniyə baxdı. Hikmət İsfahani yenə təqdir etdi:

– Bu da pis olmadı... Dalını oxu görək!

İranpərəst boğazını arıtdı, bir az da qəddini düzəltdi və daha cəsarətlə davam etdi: “Görək, aya, hansı əqli və məntiqi dəlillərə əsasən, biz bu iki amili İranın xoşbəxtliyinin illətləri hesab edirik? Əvvələn, ona görə ki, bu iki amil olmasaydı, ingilis gəlib bizim məmləkətə girməzdi. Amerika bizimlə ticarət eləmək üçün özünü öldürməzdi. Almaniya həvəsə gəlib onlarla rəqabətə başlamazdı və bizimlə ticarəti genişləndirməyə can atmazdı... Beləliklə, birinci nəticə, dünyanın üç böyük və mədəni dövlətini bizim məmləkətə gətirən bu iki amildir: neft və Hindistan. İndi görək, aya, bu üç dövlətin İrana gəlməsinin bizə faydası nədir? Burada biz nömrə qoyub, oxucunu yormaq istəmirik. Çünki bu faydaları saymaqla qurtaran deyil. Ancaq bizim fikrimizcə, bir neçə mühüm olanlarını deməklə kifayətlənib, qalanlarını xatırlamağı oxucuların öz geniş mühakiməsinə buraxırıq. Bu üç dövlətin məmləkətimizə soxulmağının...”

Hikmət İsfahani tez onun sözünü kəsdi:

– Gədə, evin yıxılsın, xarabladın, “soxulmağının” sözü heç birisinin xoşuna gəlməz. Yaz ki, “bu üç dövlətin bizə kömək əlini uzatmağının”. Dalını oxu görüm!

– Bəli, “Bu üç dövlətin bizə kömək əlini uzatmağının...”. Dalı çıxmır, ağayi Hikmət İsfahani, çıxmır.

– Gədə, necə çıxmır, məgər öz xoşunadır çıxmasın. Çıxardarıq. Sən oxu, mən çıxardım.

– “Bu üç dövlətin bizə öz kömək əlini uzatmağının sayəsindədir ki, dünyada ticarətin İran kimi rövnəq tapdığı bir məmləkət yoxdur...”. Çıxmadı. Gördünüz ki, çıxmadı.

– Gədə, özünü ələ salma, lap yaxşı çıxdı. Daha bundan yaxşı cümlə olmaz. Oxu!

İranpərəst prinsip göstərmək məqsədilə öz fikrində israr etdi:

– Çıxmadı. Bəkarəti pozuldu.

– Ağa, abrumuzu tökmə görək. Bəkarətin burada nə işi var. Biz burada ticarətdən danışırıq. Oxu!

– Bəli, “Bu üç dövlətin bizə öz kömək əlini uzatmağının sayəsindədir ki, dünyada ticarətin İran kimi rövnəq tapdığı bir məmləkət yoxdur...”

– Çox gözəl!

– “İran bazarında quş südündən tutmuş, can dərmanına qədər, nə istəsən, taparsan. Hansı məmləkətin malını istəsən, var. Nə rəngdə, nə çeşiddə istəsən, buyur. İngilislər, amerikalılar, almanlar min zəhmətlə başa gətirdikləri şeyləri tökürlər bizim qabağımıza, deyirlər: seçin, alın, kefiniz istəyəni götürün. Niyə? Çünki kişilər bizimlə dostdurlar. Bizi əzəmiyyətə salmaq istəmirlər. Məsələn, biz balaca əl lampasını qayırmaq üçün gərək başımızı min dərdə salaq: zavod, fabrik tikək, nə bilim, fəhlə yığaq. Axırda da əl lampasının biri ingilis gətirəndən iki dəfə baha başa gəlsin. Xeyrimiz nə oldu? Heç nə! Biz bu yol ilə getsək yavaş-yavaş borca düşüb, sərmayəmizi əldən verərik, onda da İran istiqlaliyyətini gərək beş arşın bezə büküb, aparaq Şahzadə Əbdüləzim qəbiristanına. Amma bu üç dövlət bizim istiqlaliyyətimizə hörmət bəsləyirlər. Hər iki sahibi-vicdan və insaf inkar etməz ki, bu üç dövlət həmişə ticarətdə də bizim mənfəətimizi gözləyiblər. Belə ki, yüngül bir zəhmətlə başa gələn badam içi, nə bilim yun və dərini alıb, əvəzində bizə heç Müzəffərəddin şahın da yuxusunda görmədiyi quş kimi uçan avtolar veriblər, düçərxlər¹ gətiriblər. Doğrudur, bizim bəzi naşükür və naümid həmvətənlərimiz iddia edirlər ki, guya bu üç dövlətin və ələlxüsus, ingilisin bizim məmləkətimizdə apardığı siyasət və ticarət məmləkətimizin belini sındırıb, onu müstəmləkəyə çevirib”.

Bayaqdan bəri gözlərini yumub, mürgüləyərək qulaq asan və təsbehin gah o ucundan, gah bu ucundan yapışan Hikmət İsfahani dik atıldı.

– Tfu, sənin zat-pakına lənət belə İranpərəst! Gör, mətləbi gətirib hara çıxartdı ha!.. Gədə, köpək oğlu, bazarda min qurumsaq min qələt eləyəcək, gərək elə hamısını bu ruznaməyə yazasan? Poz onu, poz, əsəri də qalmasın!

Hikmət İsfahani acıqlandıqca özünü itirməyə başlayan Sofi İranpərəst sətirlərin yanında bir sual qoydu. Gözaltı ona baxan Hikmət İsfahani kağızları da, qələmi də çəkib, onun əlindən aldı:

– Elə yox, bax belə! – deyib qələmi bir o başdan, bir də bu başdan çəkdi.

– İndi al, dalını oxu görüm!

İranpərəst bu dəfə boğazını arıtdı. Amma indi qəddini düzəltmək üçün yox, tutulmuş səsini açmaq üçün arıtdı:

¹ Velosipedlər

– “Bəli... düzdür, bəziləri deyirlər ki, bu üç dövlətin İranı bazara çevirib, hazır mal ilə doldurması sayəsində İranın milli sənayesi arta bilmir, iqtisadiyyatı pozulur, xarici kapitaldan asılı bir hala düşür. Guya iqtisadi istiqlalını itirmiş ölkə qan damarlarını zəlinin ağzına vermiş naxoş kimi çapalamağa, siyasi və dövləti istiqlalını da itirməyə məcburdur ki, ingilislər, amerikalılar və almanlar İranı belə bir hala salmışlar...”

Hikmət İsfahani daha davam gətirə bilməyib, ayağa durdu:

– Gədə, köpək oğlu, sənin mənimlə düşmənçiliyin var! Gədə, sən bilirsən ki, mənim hər ay təkcə ingilislə olan ticarətdən yüz tümən gəlirəm olur? Gədə, niyə bunları mənimlə siyirməqılınc eləyirsən? Gədə, üçcə gün bundan qabaq səni mister Tomasın yanına göndərmədim? Kişi sənə bir Quranlıq söz demədi? Bə bu nə qələtdir yazırsan? Deyirlər ki... Deyirlər ki! Deyirlər, qələt eləyirlər dədə-babaları ilə, sən də onların ağzını yalayırsan. Bu sözləri bolşevikdən başqa, hansı köpək oğlu dilinə gətirər? Gədə, bəlkə, sən istəyirsən məni bu məmləkətdən qaçqın salasan? Niyə, balam? Nə eləmişəm, sənə nə pisliyim keçib?.. Ayda min tümən verirəm, yeyib, Həmədan eşşəyi kimi şişirsən, ona görə?.. Bük, bük, apar qoy dədənin goruna!

Hikmət İsfahani o qədər acıqlanmışdı ki, daha nə dediyini, nə danışdığını bilmirdi, ağzı köpüklənir, dodaqları titrəyirdi. Bu yazılanların “Səda”da çıxmış olduğunu fikrindən keçirdikdə dərhal Tomasın, Haroldun, Valterin acıqlı siması gəlib gözünün qabağında durur, onun dalınca Rza xanın qanlı gözləri və Həkimülmülkün ağaran dişləri canlanırdı: Dərununda əmələ gələn qorxu instinkti, qarşısında büzüşüb duran ruznaməçi İranpərəstdən intiqam almaq hissinə çevrildikcə o qışqırırdı...

Nəhayət, üzünü əvvəlki sakitliyini saxlayan Səlimiyə tutdu, onu köməyə çəkmək istədi:

– Kişi, mən bu qurumsağa demişəm ki, get şimal neftini Amerika və ingilisə vermək haqqında bir şey yaz, dəlil və məntiq üstündə olsun. Yaz ki, məmləkət bizim, neft bizim, kimə istərik satarıq... Yaz ki, bu bolşeviklər bizim daxili işlərimizə qarışırlar. Qoymurlar öz evimizdə öz zəhrimarımızı yeyək. Gündə bir şuriş çıxarırlar. Yaz ki, istiqlaliyyətimizi pozmaq istəyirlər, ticarətimizi dayandırmaq istəyirlər. Nə istəyirsən yaz, bir köpək oğlu ağzını açıb desə ki, yox, belə deyil, gəl mənim üstümə... Bu qurumsaq da gedib, axmaq it aya hürən kimi, ağzını açıb üç dövlətin üstünə.

Səlimidən heç bir cavab və hərəkət görmədikdə o gəzindi, qayıdıb Sofi İranpərəstin qabağında durdu:

– Di dur ayağa, yığışdır get! Yoxsa plovun iyi burnuna dəyib, gedə bilmirsən? Dur, dur ayağa! Sabah gərək ruznamə çıxsın! Get, dediyim kimi yaz, axşam gətir oxu!

Sofi İranpərəst “bəçeşm” deyib, kağızları yığışdırdı, şlyapasını götürüb, divarın dibinə qısıla-qısıla uzaqlaşdı. Bayaqdan bəri gah gülmək istəyən, gah gərgin bir ruhi vəziyyət keçirən və zorla özünü saxlayan Səlimi, nəhayət, cansıxıcı dəqiqələrin gəlib keçdiyini düşünərək, dərindən nəfəs aldı. Lakin hələ də həyəcanı soyumamış İsfahani gəlib onunla üzbəüz oturdu:

– Ağayi Səlimi, bilirsinizmi, – dedi, – çoxdandır mən sizinlə bir neçə kəlmə danışmaq istəyirəm. Əvvəla, Allah bilir ki, sizi mən öz doğma oğlum gözündə görürəm. Xatiriniz yanımda hədsiz dərəcədə əzizdir. Ona görə də cəsarət edib, yəni buna mənim ərkim də çatır ha, öz oğlum kimi, bəzi məsləhətlər vermək istəyirəm.

Səlimi qaşlarını çatdı, rəsmi hörmət qaydasını gözləyərək:

– Buyurun, ixtiyarınız var, – dedi.

– Sən hələ cavansan. Bizim siyasət aləmində oynayan nəqşləri hazırda nə cür görürsən, vaqiən də elə o cür olduğunu düşünürsən. Vəhalon ki, işlər zahirdə göründüyündən çox-çox mürəkkəb və qəlizdir. Bunu nəzərə almasaq, çox iştibahlara yol vermiş olacaqsan.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

On üçüncü fəsil

Xəzan fəslinin qüssəli günləri gəlib keçdikcə havalar soyuyur, mal-qaranın ayağı çöllərdən kəsilirdi. Savalanın üstü qalın duman və buludla örtülürdü.Arvad-uşaq ağacların dibini və çuxurları doldurmuş payız küləyinin o tərəf-bu tərəfə qovduğu xəzəli çuvallara yığırdı. Bağ-bağça öz yaşıl donunu çoxdan tökmüş, ayrı-ayrı ağaclarda beş-on saralmış yarpaqdan başqa bir şey qalmamışdı. Təbiət yenidən yaratmaq, yenidən canlanmaq üçün qış yuxusuna hazırlanırdı. Həyat çöllərdən örtülü daxmalara, palçıq divarların arasına çəkilirdi. Kənd arvadları qışın tədarükünü qurtarırdı: kimi hazırladığı unu kəndiyə doldurur, kimisi yarmanı kisəyə yığır, kimisi yaman günün köməyi olan kudu və balqabaqları gizlədirdi.

19 min
On dördüncü fəsil

Rza xan maşını Pəhləvi küçəsində saraya çatmamış, saxlatdırıb düşdü və adətinin xilafına olaraq, piyada yeriməyə başladı. Onu hər tərəfdən hərbi qiyafəli qulluqçular əhatə etmişdi. Sərhəng Səfai də onların içində idi. Şah yavaş addımlarla yeriyir və heybətli nəzərlərlə ətrafa baxırdı. Onu görən hər kəs tez qaçıb ya bir dükana soxulur, ya tələsik qayıdıb geri dönür, ya da divara sıxılıb, keçməsini gözləyirdi. Hətta laqeyd və çox danışmağa adət etmiş dükan və mağaza sahibləri belə cınqırını çıxarmayıb, hövlnak içəri girirdilər. Məktəbli uşaqlar və çadrası götürülmüş olsa da, başındakı yaylıqla yaşmaq tutan qadınlarda ona rast gəldikdə ildırım vurmuş kimi yerində quruyub qalır, səslərini kəsib, başlarını yana çevirirdilər. Sanki küçədə dəhşətli bir kabus, hər tərəfə ölüm saçan qara bir heykəl hərəkət edirdi. Bu, zülm və istibdad heykəli idi. Onun ayağı dəyən hər yerdə bir məzar sükutu hakim olur, yalnız keçib getdikdən çox-çox sonra insanların rəngi özünə gəlməyə başlayırdı. Şahın qara çöhrəsinə baxanların nəzərində məhbəslər, dar ağacları, ölüm və zülmətin qurbanı olmuş adamların siması canlanırdı. O isə düz gedir, bu rəngi qaçmış, gözləri çuxurlaşmış insanların üzünə belə baxmırdı. Kim bilir, bəlkə də, onları bir heç, bir qarışqa hesab edirdi. Yaxud da sövqi-təbii bir hisslə üzvlərinə baxmaqdan qorxurdu.O, Pəhləvi xiyabanından burulub, saraylar küçəsinə çıxdı və mərmər sarayın qapısına doğru addımlayanda heç kəsin gözləmədiyi bir hadisə baş verdi. Saçı-saqqalı ağarmış, bir cüt gözü işıldayan bir qoca birdən-birə özünü onun ayaqlarına atdı. Şah əvvəlcə gözlənilməz bir vahimə içərisində geri çəkildi. Heç bir zaman ürəyini tərk etməyən gizli qorxu hissi bütün vücudunu titrətdi. Lakin ayaqlarının altında suiqəsd edəcək bir adam deyil, zəif, aciz, kəlləsinin sümükləri çıxmış, ordları batmış bir qoca gördükdə durdu və qəzəblə ona baxdı. Uzunboylu, yanaqları qırmızı, boynunu ət basmış bir sərtib və sərhəng Səfai dərhal qocanın üstünə atılıb, onu yoldan kənar etmək istədilər. Qoca cansız vücudu ilə amansız bir müqavimət göstərərək, Rza xana doğru sürünməyə başladı. Şah amiranə bir tərzdə sağ əlini qaldırdıqda sərhəng və sərtib kənara çəkildi. Şah qəzəblə qocanın üzünə baxdı və farsca:

16 min
On beşinci fəsil

Hikmət İsfahani ağır bir təəssürat altında saraydan çıxdı. Onun fikri dolaşıq, qəlbi həyəcanlı idi. Rza xanın ondan narazı olduğunu, ona hətta gizli bir kin bəslədiyini duyurdu. Rza xanın heç bir şeyi unutmadığını və heç bir qüsuru əfv etmədiyini də bilirdi. Buna görə də qəlbinin dərinliklərində ağır bir əndişə baş qaldırırdı. Şahın belə qəzəblənməsində Həkimülmülkün də barmağı olduğu ona aydın idi. Bununla belə, hər şey ona anlaşılacaq şəkildə görünmürdü. Nə isə, şahın da, Həkimülmülkün də hərəkətlərində bir mübhəmlik, bir sirr vardı. Saraydan çıxdıqdan sonra Həkimülmülkün Rza xanla tək qaldığını yəqin bilməsi, xüsusilə onun bu şübhələrini daha da artırırdı. “Bu siçan hələ çox iplər çeynəyəcəkdir!” – deyə Hikmət İsfahani düşünür, özünü bərk danlayır, belə bir adamın əlinə bəhanə verdiyi üçün peşmançılıq çəkirdi: “Mən axmaq – deyirdi, – bu bişərəfləri tanıya-tanıya yenə dilimi dinc qoymuram, mülk də getdi, əlavə Ərdəbil bağları da getdi, qızı da bu qurumsağa verdim. Özüm də borclu çıxdım. Özüm öz malımı oda qoydum. Bu saray siçanı, bu tiryəki köpək oğlu da üstümə qalxdı. Ayağın qoydu boğazıma. İndi nəfəsimi kəsənə qədər sıxacaq...” Bu düşüncələr onu sıxır, tamamən haldan çıxarırdı. Bütün bu fikirlər və mülahizələri onu çarə axtarmağa, ayağının altını möhkəmlətmək üçün yollar aramağa sövq edirdi. O, hansı vasitələrlə Rza xana təsir edə biləcəyini, onu bu hiyləgər və tiryəki Həkimülmülkün təsirindən qurtara biləcəyini düşünürdü. Bu, verimlə, bəxşişlə düzələsi iş deyildi. Çünki əlahəzrətin bir pis xasiyyəti vardı ki, verdikcə iştahı artırdı, əmlakı artdıqca onun həvəsi də şiddət kəsb edirdi. Onu verimlə doyurmaq mümkün deyildi.Hikmət İsfahani uzun müddət şaha təsir etmək yollarını axtarıb, bir-bir mühüm simaları xatırında canlandırarkən, birdən-birə dostu mister Tomas yadına düşdü. “Aha, yaxşı tapmışam, – deyib sevindi, – bu adamın İran siyasətində hərlətmədiyi bir təkər, tərpətmədiyi bir halqa yoxdur. Yaxşı tapmışam. Əlahəzrəti elə yumşaltsınlar ki, lap muma dönsün. Ağayi Tomas onun qəzəbini elə mərhəmətə çevirsin ki, görən əhsən desin!” Bu fikirlərlə o birbaşa maşını Tomasın rəsmi qulluq yeri olan ingilis səfarətxanasına sürdü. O, maşından düşərkən Tomasın öz maşınına minməyə hazırlaşdığını gördü. Tələsik ona doğru addımladı. Tomas da onu görüb dayandı və qayıdıb ona tərəf gəldi. Uzun qollarını yanına sallayaraq uzaqdan:

20 min
On altıncı fəsil

Tehran qabarıq bir təzad içərisində yaşayırdı. Zahirən onun sakitlik və ətalətini pozacaq bir hərəkət gözə dəymirdi. Sanki o, bir-birilə heç bir zaman uyuşa bilməyəcək ziddiyyətlərin ahəngini yaratmışdı. Həqiqətdə isə bu təzad onu daxildən didib parçalayır, mənliyini çeynəyir, nəhəng bir ağacı içərisindən gəmirən bir qurd kimi onu sarsıdırdı. O, bir-birini yemək üçün yaranmış iki övlad doğmuş anaya bənzəyir, bu ananın əzab və iztirabları ilə yaşayırdı. Sərvət və səfalət ona övlad və qənim kəsilmişdi.Şəhərin bu dəhşətli mənzərəsi, kəndin Fridunda oyatdığı kədər və qəzəbi daha da artırırdı. O, bazar və küçələri doldurmuş yurdsuz uşaqlara, səfil-sərgərdan bir halda hər gələnə əl açan qadın və qızlara baxır, onların içində Musa kişini, Gülnazı, Səriyyə xalanı, onların körpələrini axtarırdı. Bu qayda ilə günlərlə, həftələrlə şəhərin küçələrini və bazarları dolandı, tanış və dostlardan soraqlaşdı, nişanlarını dedi, lakin bir səs, bir xəbər çıxmadı. O, maşınlardan enib mağazalara, kontorlara girən qarnı tox, əyni qalın Hikmət İsfahaniləri saxlamaq, “Ağalar, yaxşı baxın, bunlar sizin əməllərinizdir!” deyə qışqırmaq istəyirdi. O, getdikcə fikirli və qüssəli olmağa başladığını hiss edirdi. Artıq əvvəlki şuxluq və şadlıq zaman keçdikcə onu tərk etməyə başlayırdı, tamamən yerini ağır düşüncələrə, əzablı duyğulara verirdi. Bu düşüncə və duyğular qəlbindəki intiqam alovunu, azadlıq hərəkətini gücləndirirdi. O, yalnız fəaliyyətdə, yalnız çalışmaqda bir təskinlik taparaq, bütün varlığını yenidən dərslərə və işə vermişdi. İşi isə pis getmirdi. Vərəqələr və birinci kitab gözlədiklərindən artıq nəticə vermişdi. Onların məzmunu tez bir zamanda xalq arasında yayılmışdı. Şəhərdə bu ətrafda gedən söhbətlər kəsilmirdi. Fridunun nəzərində onların ən böyük əhəmiyyəti xalqda ümid oyatması, həyat və quruluşdan narazı olan adamları mübarizəyə ruhlandırması idi. Camaat rəsmi dairələr və qəzetlər tərəfindən yayılan vərəqələrin Sovet səfarətxanası tərəfindən buraxılması xəbərini dodaqaltı istehza ilə qarşılamış və sanki buna cavab olaraq, vərəqə buraxanlara “həqiqətçilər” təxəllüsü vermişdi. Bu istilah çox tezliklə hər tərəfə yayılmışdı. Qəribə orası idi ki, camaat belə bir işə iqdam edən adamlardan daha çox şeylər gözləyir, onların adına min söz danışırdı. Qurban Mərəndi, böyük bir sevinclə Fridunu tutaraq:

17 min

Poems by other poets