On yeddinci fəsil
Page 3 of 3 · 67%
– Xahiş edirəm açıq danışasınız, hansı iştibahları nəzərdə tutursunuz?
– Tələsmə, niyə tələsirsən, səbr elə, hamısını bir-bir deyəcəm, lap açıq danışacağam.
– Rica edirəm, buyurun, lakin əvvəlcə bir şərtim var, siz mənə səbrlə qulaq asasınız.
– Əlbəttə, əlbəttə, səbir müvəffəqiyyətlərin açarıdır.
– Buyurun, sizi dinləyirəm.
– Oğul, sənin birinci iştibahın odur ki, öz aqibətini nəzərə almırsan. Məsələn, sənin nə işin var ki, əlahəzrətin yanında durub rusların tərəfini saxlayırsan? Elə bir dəqiqəliyə belə fərz edək ki, əlahəzrət heç bir söz demədi. Məgər sən bilmirsən ki, bunlarla bizim sövdamız ilələbəd tutmayıb, tutmayacaq?..
– Məsələ aydın olmaq üçün xahiş edirəm siz mənim bir sualıma cavab verin!..
– Buyurun!
– Niyə siz Sovetlərə qarşı bu qədər amansızsınız?.. İngilis, Amerika, alman gözünüz görə-görə İranı soyur, talan edir, səfalətin qucağına atır, yenə də siz qapıları taybatay onların üzünə açırsınız, amma Sovet adı çəkiləndə fəhş və narəva sözlərdən başqa, bir şey ağzınıza gəlmir. Şəxsən siz, ağayi Hikmət İsfahani, niyə bir cəbhə tutursunuz? Lütfən məni başa salın!..
– Mənim gözüm üstə, qulaq as, başa salım. İngilis, Amerika, alman haqqında dediklərinin hamısı düzdür. Burda tamamən səninlə şərikəm! Axı siz də bizi eşşək bilməyin. Bizim də ağlımız bir şey kəsir və onların hamısını da başa düşürük. Amma ölçüb-biçəndə görürəm ki, xeyr, bu ingilis, bu Amerika mənim üçün Sovetdən min pay yaxşıdır. Belə başa düş, onun məcazi ilə mənim məcazım tutan deyil, ərzimə mültəfit ol, gör nə deyirəm. Məcazımız başqa-başqadır!.. Təmamən bir-birinə ziddir!.. Amerikanın üzünə açdığın qapının yüzdən birini bu Sovetin üzünə aç, gör sabah İran bir-birinə dəyməsə, tüpür mənim üzümə. Axı mən də bir şey qanıram. Mən bir batman düyü, bir qoyun və dörd çərək kərə yağının plovunu bir oturuma yeyib dururam ayağa, yəni bu sadə şeyi də başa düşmədim? Bir balaca Sovetlərlə əlaqə yarat, dədəmə lənət, əgər kəndli o yandan qalxmasa ki, gəlin torpağı bölək. Fəhlə bu yandan çıxmasa ki, səkkiz saatdan artıq işləyə bilmərəm!
– Bəs sizin insafınız necə qəbul edər ki, İranın xırda, böyük, bütün şəhərlərində gündən-günə işsizlərin, ac və çılpaqların sayı artır. Dilənçi, işsiz və çılpaq əlindən küçələrdən keçmək mümkün deyil. Bilirsinizmi bunlar kimlərdir?.. Bunlar torpaqsız və hər gün, hər saat torpağı əlindən çıxan minlər, on minlərcə kəndlilərdir, axıb işsiz və dilənçi halında şəhərlərə dolurlar. Bunlar gündə on dörd saat işləyən sahibkarın kefinə görə maaş alan fəhlələrin balaları və arvadlarıdır. Bəs bunlar sizin millət, sizin vətəndaşlarınız və qardaşlarınız deyilmi?
– Xob, hansı məmləkətdə işsiz yoxdur, dilənçi yoxdur? Hansı şəhərdə ac və lüt tapılmaz? Dünyada hamı ki, varlı olmaz. “Sən ağa, mən ağa, bəs inəkləri kim sağa?”
– Siz bilirsiniz ki, mən kommunist deyiləm. Bununla belə, mən bilirəm ki, iş bu cür getməyəcək, zamanın ruhu başqadır. Çarx başqa cür hərlənir. Siz isə bunu görmək istəmirsiniz. Məsələn, uzağa getməyək, elə sizdən danışaq... Ağayi Hikmət İsfahani, Tehranda oturmuşsuuz, ticarət kontorlarınız işləyir, tacirlik edir, yüz min tümənlərlə pul qazanırsınız. Bundan əlavə, Azərbaycan və Mazəndəranda altmış para kəndiniz var, bu kəndlərin çoxunu da heç görməmisiniz. Onları mübaşirə tapşırmısınız; kəndli yay, qış bilmir, əkir, biçir, yığır, siz də hazırına nazir, gəlib beşdə üçünü götürüb aparırsınız. Bax, mən bilirəm ki, bu cür qayda gərək dağılsın, yaşamasın!..
– Yaxşı, bəs mən nə edim, deməli, götürüm kəndləri paylayım, ayağı cırıq kəndliyə?! Əcəb söz danışdın, maşallah. Bu da sözdür, dədədən-babadan qalma mülklərindən əl çək?!
– Söz, dədən-babadan qalma mülklərdə deyil, ağayi Hikmət İsfahani, söz odur ki, çarx hərlənir. Dünyanın vəziyyəti dəyişir, sabahkı günün gəlməsini saxlamaq mümkün olmadığı kimi, o mülkləri də əbədi saxlamaq mümkün olmayacaq. Bu gün sən verməsən, sabah sənin oğlundan zorla alacaqlar.
– Oğlan, sənə mən məsləhət görürəm ki, bu fikirlərdən əl çəkəsən. Yoxsa, xeyir görməzsən. Ruspərəst olmaq istəyirsən, ol, nə eybi var, bəlkə, bir gün gəldi o da lazım oldu, amma bu biri tərəfi də yadından çıxartma. Bizim bu xarabada müvazinət gözləməsən, yaşaya bilməzsən.
Səlimi cavab verməyib fikrə getdi.
“Bu qorxunc buqələmunlar mühit və həyatı hələ nə qədər zəhərləyəcəklər!” deyə düşündü. Nəhayət, yemək gətirdilər, beləliklə, soyuq və ürəküzücü sükuta da son qoyulmuş oldu.
Səlimi xörəyi necə yediyini bilmədi. Həyatı və gələcəyi haqqında hələ də qəti bir qərara gəlmədiyindən mütərəddid fikirlərin doğurduğu iztirablardan yaxa qurtara bilmirdi. Əvvəldən axıra fikirli, dalğın və tutqun görünürdü. Gözaltı ona baxan Şəmsiyyəyə elə gəlirdi ki, onun fikri ancaq özü ilə məşğuldur. Hətta ətrafında olan adamların belə fərqinə varmırdı. Şəmsiyyə onun simasında və hərəkətlərində məqsədinə nail olmuş bir xudbinliyin, dəruni bir eqoizmin nəşəlrini axtarır, qüssə və kədərdən başqa bir şey görmədikdə heyrət edir, “Ah, bu adam nə qorxulu adamdır, onun qəlbi yetmiş pərdənin altında gizlənmişdir!” deyirdi. Şəmsiyyə və Səlimi məsələsini artıq həll olunmuş hesab edən Hikmət İsfahaninin fikri ingilis ticarətxanasından alacağı malları tezliklə xırıd etmək və Həkimülmülkdən intiqam almaq yollarını araşdırmaqla məşğuldu. Lakin bütün bunlar onun böyük bir iştah ilə sədri düyüsündən bişirilmiş zəfəranlı plovu yeməsinə mane olmurdu. Ailənin başqa üzvləri də altdan-altdan gah Şəmsiyyəyə, gah Səlimiyə baxır, bugünkü naharı rəsmi nişanlama kimi bir şey hesab edirdilər.
Nahar qurtardıqdan sonra Hikmət İsfahani istirahət etməyə getdi. Səlimi şəhərə qayıtmaq fikri ilə ailə üzvləri ilə görüşməyə başladı. Şəmsiyyə hamıdan axırda duraraq, nə isə əlində bir kiatb vərəqləyir, məşğul kimi görünürdü.
Səlimi:
– Xudahafiz, xanım! – deyib, ona əl uzatdıqda o, əl vermədən:
– Sizinlə bir neçə kəlmə danışmaq istəyirəm, – dedi.
Onlar həyətə çıxdılar, cərgə ilə düzülmüş şam ağaclarının arasında gəzməyə başladılar. Bir neçə addım getdikdən sonra Şəmsiyyə neçə gündən bəri ürəyində dolanan kin və nifrəti ifadə etmək üçün hazırladığı acı sözlərlə Səlimiyə müraciət etdi:
– Mən sizdən hər şeyi gözləyərdim, lakin belə bişərəf bir hərəkəti gözləməzdim!
Səlimi təəccüb etmədi. O, qızın acıqlı olduğunu əvvəlcədən sezmişdi. Qızın bu sözlərini də təhqir kimi qəbul etmədi. Düşdüyü vəziyyətin nə isə ona pis bir şey hazırladığını duyan və bütün varlığı ilə bu duyğunun ağırlığı altında əzilən bir adam üçün bu sözlərin nə əhəmiyyəti ola bilərdi? Uzun və gərgin fikirdən sonra da çıxış yolu tapa bilməməsi, müəyyən bir qərara gələ bilməməsi yavaş-yavaş onda hər şeyə qarşı laqeyd və laübalı bir əlaqə yaradırdı: qoy nə olacaqsa olsun. Bu əhvali-ruhiyyənin təsiri altında o, Şəmsiyyənin sözlərini dinlədi. Şəmsiyyə susub cavab gözlədikdə onun dodaqlarında bir təbəssüm göründü:
– Sizi anlamıram, xanım!
Bunu bir təhqir hesab edən Şəmsiyyə daha da acıqlandı. Boğazı tutula-tutula və gözlərindən yaş axa-axa:
– Sizi istəməyən, sizə nifrət edən bir qızla necə yaşayacaqsınız? – dedi. Ağam məni sizə sata bilər. Bəli, mühəqqəqdir, o məni sata bilər, zorla izdivaca da məcbur edə bilər, lakin alçaldılmış, təhqir olunmuş bir qadın qəlbində siz bütün ömrünüzü çürüdəcək zəhərdən başqa nə tapa bilərsiniz?.. Siz, həmişə özünü bu qədər mədəni göstərməyə çalışan azad və müstəqil görüşlərilə tay-tuşundan seçilən siz belə bişərəf hərəkətə yol verirsiniz! Zamanını keçirmiş bir üsulla məni
satın almaq istəyirsiniz!.. Gətirin, gətirin qulağıma bir qara qul sırğası da salın!.. Sizlərdən hər şey gözləmək olar, hər şey!..
Bir zaman, doğrudan da, xəyali bir məhəbbətlə sevdiyi qızın iztirab və göz yaşlarına qarşı Səlimi biganə və laqeyd baxa bilmədi. İçərisində dolaşdığı adamlar və mühitin sadə bir qız müxəyyələsində oyatdığı bütün təsəvvürlərin dağıldığını, onun ümidsizlik və məyusluğa qapıldığını gördükdə halına ürəkdən acıdı. Bununla belə o, indi, bu əzilmiş və ağır halında, kimsəsiz bir adam kimi məyusluğa qapıldığı zamanda Səlimiyə daha sevimli və rayihədar görünürdü. Sanki həyatın ilk ağır zərbəsi, qızın boş xəyalları ilə birlikdə qəlbinin aynasına qonmuş toz buludlarını da, hissiyyatı saxtalaşdıran təkəbbür və təzahür pərdəsini də silib aparmışdı. Bu halında o, sevimli və hörmətə layiq idi. O, ürəyini açmışdı və onu ancaq ürəkdən gələn səmimi sözlərlə inandırmaq olardı. Yalana lüzum yox idi. Buna görə də bütün əhvalatı açıb, ona nağıl etməklə bərabər hisslərini, nə qədər mütərəddid və təzadlı hallar keçirdiyini də danışdı. Rza xan istibdadı hökm sürdükcə heç bir qəlbə səadət olmayacağını söylədi:
– O özünü nəinki bizim mülklərimizin, hətta ürəklərimizin də ağası hesab edir, xanım. Bu rəzalətə dözmək çətin olsa da biz dözürük. Mən hələ nə edəcəyimi kəsdirməmişəm. Ancaq onu deyə bilərəm ki, sizi sevmiş olsaydım belə, inanın ki, yenə bu cür izdivacı arzu etməzdim. İndi isə sizə iki insan arasında mümkün ola biləcək dostluqdan başqa bir şey təklif edə bilmərəm.
Şəmsiyyə fikrə getmişdi. Vəziyyət ona doğrudan da ağır görünürdü. Heç bir qərara gəlmədən əlini Səlimiyə uzatdı:
– Həqiqəti mənə bildirdiyiniz üçün təşəkkür edirəm! – dedi və ayrılarkən qəlbində bir yüngüllük hiss etdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/mirze-ibrahimov-gelecek-gun-on-yeddinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Xəzan fəslinin qüssəli günləri gəlib keçdikcə havalar soyuyur, mal-qaranın ayağı çöllərdən kəsilirdi. Savalanın üstü qalın duman və buludla örtülürdü.Arvad-uşaq ağacların dibini və çuxurları doldurmuş payız küləyinin o tərəf-bu tərəfə qovduğu xəzəli çuvallara yığırdı. Bağ-bağça öz yaşıl donunu çoxdan tökmüş, ayrı-ayrı ağaclarda beş-on saralmış yarpaqdan başqa bir şey qalmamışdı. Təbiət yenidən yaratmaq, yenidən canlanmaq üçün qış yuxusuna hazırlanırdı. Həyat çöllərdən örtülü daxmalara, palçıq divarların arasına çəkilirdi. Kənd arvadları qışın tədarükünü qurtarırdı: kimi hazırladığı unu kəndiyə doldurur, kimisi yarmanı kisəyə yığır, kimisi yaman günün köməyi olan kudu və balqabaqları gizlədirdi.
On dördüncü fəsilRza xan maşını Pəhləvi küçəsində saraya çatmamış, saxlatdırıb düşdü və adətinin xilafına olaraq, piyada yeriməyə başladı. Onu hər tərəfdən hərbi qiyafəli qulluqçular əhatə etmişdi. Sərhəng Səfai də onların içində idi. Şah yavaş addımlarla yeriyir və heybətli nəzərlərlə ətrafa baxırdı. Onu görən hər kəs tez qaçıb ya bir dükana soxulur, ya tələsik qayıdıb geri dönür, ya da divara sıxılıb, keçməsini gözləyirdi. Hətta laqeyd və çox danışmağa adət etmiş dükan və mağaza sahibləri belə cınqırını çıxarmayıb, hövlnak içəri girirdilər. Məktəbli uşaqlar və çadrası götürülmüş olsa da, başındakı yaylıqla yaşmaq tutan qadınlarda ona rast gəldikdə ildırım vurmuş kimi yerində quruyub qalır, səslərini kəsib, başlarını yana çevirirdilər. Sanki küçədə dəhşətli bir kabus, hər tərəfə ölüm saçan qara bir heykəl hərəkət edirdi. Bu, zülm və istibdad heykəli idi. Onun ayağı dəyən hər yerdə bir məzar sükutu hakim olur, yalnız keçib getdikdən çox-çox sonra insanların rəngi özünə gəlməyə başlayırdı. Şahın qara çöhrəsinə baxanların nəzərində məhbəslər, dar ağacları, ölüm və zülmətin qurbanı olmuş adamların siması canlanırdı. O isə düz gedir, bu rəngi qaçmış, gözləri çuxurlaşmış insanların üzünə belə baxmırdı. Kim bilir, bəlkə də, onları bir heç, bir qarışqa hesab edirdi. Yaxud da sövqi-təbii bir hisslə üzvlərinə baxmaqdan qorxurdu.O, Pəhləvi xiyabanından burulub, saraylar küçəsinə çıxdı və mərmər sarayın qapısına doğru addımlayanda heç kəsin gözləmədiyi bir hadisə baş verdi. Saçı-saqqalı ağarmış, bir cüt gözü işıldayan bir qoca birdən-birə özünü onun ayaqlarına atdı. Şah əvvəlcə gözlənilməz bir vahimə içərisində geri çəkildi. Heç bir zaman ürəyini tərk etməyən gizli qorxu hissi bütün vücudunu titrətdi. Lakin ayaqlarının altında suiqəsd edəcək bir adam deyil, zəif, aciz, kəlləsinin sümükləri çıxmış, ordları batmış bir qoca gördükdə durdu və qəzəblə ona baxdı. Uzunboylu, yanaqları qırmızı, boynunu ət basmış bir sərtib və sərhəng Səfai dərhal qocanın üstünə atılıb, onu yoldan kənar etmək istədilər. Qoca cansız vücudu ilə amansız bir müqavimət göstərərək, Rza xana doğru sürünməyə başladı. Şah amiranə bir tərzdə sağ əlini qaldırdıqda sərhəng və sərtib kənara çəkildi. Şah qəzəblə qocanın üzünə baxdı və farsca:
On beşinci fəsilHikmət İsfahani ağır bir təəssürat altında saraydan çıxdı. Onun fikri dolaşıq, qəlbi həyəcanlı idi. Rza xanın ondan narazı olduğunu, ona hətta gizli bir kin bəslədiyini duyurdu. Rza xanın heç bir şeyi unutmadığını və heç bir qüsuru əfv etmədiyini də bilirdi. Buna görə də qəlbinin dərinliklərində ağır bir əndişə baş qaldırırdı. Şahın belə qəzəblənməsində Həkimülmülkün də barmağı olduğu ona aydın idi. Bununla belə, hər şey ona anlaşılacaq şəkildə görünmürdü. Nə isə, şahın da, Həkimülmülkün də hərəkətlərində bir mübhəmlik, bir sirr vardı. Saraydan çıxdıqdan sonra Həkimülmülkün Rza xanla tək qaldığını yəqin bilməsi, xüsusilə onun bu şübhələrini daha da artırırdı. “Bu siçan hələ çox iplər çeynəyəcəkdir!” – deyə Hikmət İsfahani düşünür, özünü bərk danlayır, belə bir adamın əlinə bəhanə verdiyi üçün peşmançılıq çəkirdi: “Mən axmaq – deyirdi, – bu bişərəfləri tanıya-tanıya yenə dilimi dinc qoymuram, mülk də getdi, əlavə Ərdəbil bağları da getdi, qızı da bu qurumsağa verdim. Özüm də borclu çıxdım. Özüm öz malımı oda qoydum. Bu saray siçanı, bu tiryəki köpək oğlu da üstümə qalxdı. Ayağın qoydu boğazıma. İndi nəfəsimi kəsənə qədər sıxacaq...” Bu düşüncələr onu sıxır, tamamən haldan çıxarırdı. Bütün bu fikirlər və mülahizələri onu çarə axtarmağa, ayağının altını möhkəmlətmək üçün yollar aramağa sövq edirdi. O, hansı vasitələrlə Rza xana təsir edə biləcəyini, onu bu hiyləgər və tiryəki Həkimülmülkün təsirindən qurtara biləcəyini düşünürdü. Bu, verimlə, bəxşişlə düzələsi iş deyildi. Çünki əlahəzrətin bir pis xasiyyəti vardı ki, verdikcə iştahı artırdı, əmlakı artdıqca onun həvəsi də şiddət kəsb edirdi. Onu verimlə doyurmaq mümkün deyildi.Hikmət İsfahani uzun müddət şaha təsir etmək yollarını axtarıb, bir-bir mühüm simaları xatırında canlandırarkən, birdən-birə dostu mister Tomas yadına düşdü. “Aha, yaxşı tapmışam, – deyib sevindi, – bu adamın İran siyasətində hərlətmədiyi bir təkər, tərpətmədiyi bir halqa yoxdur. Yaxşı tapmışam. Əlahəzrəti elə yumşaltsınlar ki, lap muma dönsün. Ağayi Tomas onun qəzəbini elə mərhəmətə çevirsin ki, görən əhsən desin!” Bu fikirlərlə o birbaşa maşını Tomasın rəsmi qulluq yeri olan ingilis səfarətxanasına sürdü. O, maşından düşərkən Tomasın öz maşınına minməyə hazırlaşdığını gördü. Tələsik ona doğru addımladı. Tomas da onu görüb dayandı və qayıdıb ona tərəf gəldi. Uzun qollarını yanına sallayaraq uzaqdan:
On altıncı fəsilTehran qabarıq bir təzad içərisində yaşayırdı. Zahirən onun sakitlik və ətalətini pozacaq bir hərəkət gözə dəymirdi. Sanki o, bir-birilə heç bir zaman uyuşa bilməyəcək ziddiyyətlərin ahəngini yaratmışdı. Həqiqətdə isə bu təzad onu daxildən didib parçalayır, mənliyini çeynəyir, nəhəng bir ağacı içərisindən gəmirən bir qurd kimi onu sarsıdırdı. O, bir-birini yemək üçün yaranmış iki övlad doğmuş anaya bənzəyir, bu ananın əzab və iztirabları ilə yaşayırdı. Sərvət və səfalət ona övlad və qənim kəsilmişdi.Şəhərin bu dəhşətli mənzərəsi, kəndin Fridunda oyatdığı kədər və qəzəbi daha da artırırdı. O, bazar və küçələri doldurmuş yurdsuz uşaqlara, səfil-sərgərdan bir halda hər gələnə əl açan qadın və qızlara baxır, onların içində Musa kişini, Gülnazı, Səriyyə xalanı, onların körpələrini axtarırdı. Bu qayda ilə günlərlə, həftələrlə şəhərin küçələrini və bazarları dolandı, tanış və dostlardan soraqlaşdı, nişanlarını dedi, lakin bir səs, bir xəbər çıxmadı. O, maşınlardan enib mağazalara, kontorlara girən qarnı tox, əyni qalın Hikmət İsfahaniləri saxlamaq, “Ağalar, yaxşı baxın, bunlar sizin əməllərinizdir!” deyə qışqırmaq istəyirdi. O, getdikcə fikirli və qüssəli olmağa başladığını hiss edirdi. Artıq əvvəlki şuxluq və şadlıq zaman keçdikcə onu tərk etməyə başlayırdı, tamamən yerini ağır düşüncələrə, əzablı duyğulara verirdi. Bu düşüncə və duyğular qəlbindəki intiqam alovunu, azadlıq hərəkətini gücləndirirdi. O, yalnız fəaliyyətdə, yalnız çalışmaqda bir təskinlik taparaq, bütün varlığını yenidən dərslərə və işə vermişdi. İşi isə pis getmirdi. Vərəqələr və birinci kitab gözlədiklərindən artıq nəticə vermişdi. Onların məzmunu tez bir zamanda xalq arasında yayılmışdı. Şəhərdə bu ətrafda gedən söhbətlər kəsilmirdi. Fridunun nəzərində onların ən böyük əhəmiyyəti xalqda ümid oyatması, həyat və quruluşdan narazı olan adamları mübarizəyə ruhlandırması idi. Camaat rəsmi dairələr və qəzetlər tərəfindən yayılan vərəqələrin Sovet səfarətxanası tərəfindən buraxılması xəbərini dodaqaltı istehza ilə qarşılamış və sanki buna cavab olaraq, vərəqə buraxanlara “həqiqətçilər” təxəllüsü vermişdi. Bu istilah çox tezliklə hər tərəfə yayılmışdı. Qəribə orası idi ki, camaat belə bir işə iqdam edən adamlardan daha çox şeylər gözləyir, onların adına min söz danışırdı. Qurban Mərəndi, böyük bir sevinclə Fridunu tutaraq: