(Bu şeir sovet (rus) ordusunun Bakıda törətdiyi 20 Yanvar (1990) qırğını ilə bağlı yazılmışdır)

Eşitdim Bakının matəm xəbərin,Gözlərim qan-yaşla doldu, neyləsin?!Analar, bacılar döydü özlərin,Ağladı, saçların yoldu, neyləsin?!

Azərbaycan üzür qanda, ağlayır,Yer də, göy də, asiman da ağlayır.Cəm insanlar hər bir yanda ağlayır.Bədəməl əlində qaldı, neyləsin?!

Dünya sərvətləri əzəldən bəri,Adəmə yaranıb xeyiri-şəri.Zalım zərbəsindən gənc gəmiləriQərq oldu qəzaya daldı, neyləsin?!

Aləmlər sərvərin düşündüm dərin,Əslin-əməllərin, elmin, əsərin,Məhəmməd peyğəmbər ən əzizləri,Üç gənc oğul yola saldı, neyləsin?!

Diqqət ver tarixə, saysız insana,Qopan qiyamətə, Nuha, tufana,Dəryalar kükrədi, daşdı hər yana,Su tutdu dünyanı aldı, neyləsin?!

Duyub-düşündükcə axır əzəli,Haqsız qanlar töküb iblis əməli.Xalqa can sağlığı arzular Vəli, -Əməl azdı, xata oldu, neyləsin?!

21.12.1990

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice