Qəşəm

Dövran açıb söz oxuyan, ay aşıq,
Bir bağ gördüm hər nemətlər içində.
Əvvəl mənə meyvəsindən xəbər ver,
Can aparan həqiqətlər içində.

Vəli

Əvvəl-axır dünya behişdir, aşıq,
Kamal tapar hər nemətlər içində.
Nə götürsən əməlindir meyvəsi,
Cərgə duran iki xətlər içində.

Qəşəm

Bu bağın təməli şirin, acıdır,
Dörd əsaslar təkcə onun tacıdır
Yeddi saqi madar bağın bacıdır,
Məruz qalıb beş qüdrətlər içində.

Vəli

İnsan əməlində şirin, acıdır,
Dörd kitaba qulluq etmək tacıdır,
Yeddi gün var, ibadətin bacıdır,
Siludindir beş qüdrətlər içində.

Qəşəm

Neçədir bu bağın solmaz yarpağı?
Nədən hasil oldu yanar çırağı?
Bu bağda kim-kimə dedi sorağı?
Ara, Yetkin, sədaqətlər içində.

Vəli

Üç yüz altmış altı ilin yarpağı,
Qüdrətindən hasil oldu çırağı
Haq buyurdu, nəbi verdi sorağı
Vəli bilir, bil, ayətlər içində.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets