Altıncı fəsil

Tehran düzündə qeyri-adi bir külək oynayırdı... Birdən qalxaraq, göy üzünə bir neçə boz bulud gətirmiş bu külək şəhərin üstünü toz ilə örtmüşdü... Azca saralmış və dumanlı kimi görünən günəş öz qaydasilə hər tərəfi yandırıb yaxırdı. Ala-tala buludlar ondan çox aralı hərəkət edib gedir, kölgələrini şəhərin üstünə yox, Zərgəndə və Şimrana salırdı. Külək şəhərin küçələrində, evlərin tinində, dalanlarda dolanır, isti və kəsif havaya quru və acı toz-topaq qataraq, insanların üzünə, gözünə, başına çırpırdı. Otaqların pəncərəsini örtdükdə istidən nəfəs almaq olmur, açdıqda isə dərhal toz qazmağı ilə örtülməyən bir künc-bucaq qalmırdı.– Şərq belədir, həm dişlərini qıcıyır, həm gülümsəyir, – deyə fon Valter otağın pəncərələrini örtdü, üç tərəfdən künclərə qoyulmuş elektrik ventilyatorlarını işə saldı və adəti üzrə divardan asılmış balaca, dairəvi aynaya baxaraq, başının tüklərini yana sığallamağa başladı. Aynada daz başının dərisi daha da işıldayırdı. Saç naminə yalnız başının yanlarında, qulaqlarının üstündə bir qədər tük qalmışdı. Bir müddət o bu tükləri hər iki tərəfdən yuxarıya doğru darayaraq, səliqə ilə ortalığa yatırır, nə isə ürəyinə bir qüssə gətirən dazlığın üstünü örtməyə çalışırdı. Lakin zaman keçdikcə onlar o qədər qısaldılar ki, heç cür gəlib ortalığı örtə bilmədilər. Fon Valter bu tüklərdən əl çəkməyib, yatarına daramağa başladı. Seyrək çayırlıqda düşmüş yol kimi alnından boynunun ardına qədər uzanan dazlığı isə birdəfəlik görməməyi qərara aldı. Yanlarda qalmış seyrək tükləri sığallamaq bir əyləncəyə, bir adətə çevrilmişdi. Kefinin saz vaxtında ayna qabağında durub, fit çala-çala uzun müddət bu tükləri darar, sığallardı. Müsahibə zamanı müvəffəqiyyətli bir söz desə, ya xoşuna gələn bir söz eşitsə, boğuq bir səslə gülüb, əlini bu tüklərə çəkərdi... Onun gülməyinə də gülmək demək olmazdı. Nə isə bir “xı, xı, xı” eşidilərdi. Sanki boğazında qalmış bir şey onu boğur. Tanıyanları deyərdilər ki, fon Valter gülməyi bacarmır, o özü də buna etiraz etməzdi. Lakin müsahiblərin, kənardan müşahidə edənlərin gözü onun əllərində olardı. Elə ki, bu əllər başına doğru qalxdı, o saat bilərdilər ki, bəli, deməli, söz fon Valterə təsir etmişdir: təsir yaxşı olanda əllərilə seyrək tükləri yavaş-yavaş, səliqə ilə tumarlardı. Pis olanda əllərini tez-tez bu tüklərə çəkərdi. Fon Valterin balaca və yumru boynuna nisbətən başı çox yekə görünürdü. Alnı elə bil yumruq kimi qabağa çıxmışdı. Sarı qaşları tərpənəndə gözlərinin üstünü örtürdü. Onları dərinlərdə gizlədirdi. Bilmək olmurdu ki, gözləri çox batıqdır, yoxsa qaşları çox çıxıq... Buna münasib də qalın və sallaq dodaqları vardı. Bu simada yalnız, nazik, düz və hamar burun başqa bir bədəndən gəlmə, yabançı bir təsir bağışlayırdı.

Mirza Ibrahimov15 min
Yeddinci fəsil

Sərtib Səlimi uzun divarının biri tamamilə pəncərələrdən ibarət olan balaca salonda oturub, “İttilaat”ın son nömrəsini oxuyurdu. Qəzet Moskva danışıqları ətrafında London və Paris mətbuatından alınmış yazılarla dolu idi. Bu yazılarda ingilis və Fransa dövləti nümayəndələrinin tərkibindən, danışıqlardan, gözlənilən nəticələrdən və sairədən danışılırdı. Bütün mühakimələrin əsasında Polşa məsələsi qoyulmuşdu. Guya ingilis və fransız dövlətləri Polşanın istiqlaliyyətini, Polşa dövlətinin mənafeyini qorumaq istəyirlər. Dünyada ən çox müstəmləkəsi olan, yüz milyonlarla insanları zülm altında saxlayan, adam alverinə yol verən bir dövlətin Polşanın “dövlət azadlığından”, “milli istiqlaliyyətdən” danışmasının mənasını sərtib yaxşı başa düşürdü. Bu gəlişigözəl sözlərdə o nə isə bir təhqir görürdü. Sanki bütün bu mühakimələr qəlbinin ən əziz hisslərini alçaldırdı. “İttilaat”ı qəzet və məcmuələr üçün salonun küncünə qoyulmuş dairəvi stolun üstünə atıb, ayağa durdu və pəncərə qabağına keçib, balkona çıxdı. Həyətə baxdı... O bu gün həmişəkindən daha dalğın və qüssəli idi. Təbriz hadisələrindən sonra hiss edirdi ki, vəzarəti kişvərdə işləməyi mümkün olmayacaq. Komisyon üzvləri əvvəlcə öz aralarında məsləhətləşib, Həmidinin hərəkətlərinin həqiqi səbəblərini yazmağı qərarlaşdırmışdılar. Doğrudan da, ərəb və maliklərin qanunsuz hərəkətləri həddini aşmışdı. Azərbaycanın iqtisadi həyatı ölmüşdü. Şəhərlər işsizlər və aclarla dolu idi. Xalqın yaşayışı dözülməz bir hala düşmüşdü. Həmidinin də istədiyi bu yolda bir tədbir görmək idi. Nəticələri yazmağa başlamışdı. Elə bu zaman, sərhəngin təklifi ilə vəzir Təbriz komisyonunun bütün üzvlərini yanına çağırıb qulaq asmış və:– Qorxuram əlahəzrət elə düşünə ki, heyətin içində Həmidinin həmfikirləri var, – demişdi. – Gedin bir də yaxşı düşünün, əlahəzrət ərbabları və malikləri ki, kəndlinin ayağına ata bilməz.

Mirza Ibrahimov11 min
Otuzuncu fəsil

Anasının ölümü Gülnaz üçün ağır taleyinin ən gözlənilməz bir zərbəsi oldu. İlk günlər o, tamam bir ümidsizlik içinə düşdü. Budur, qəlbində oyaymağa başlayan və onu mübarizəyə sövq edən hisslər sanki bir anlıq məhv olub getdi. Yenə nəhayətsiz bir tənhalıq duyğusu onun varlığına hakim oldu. Artıq onun bu böyük dünyada heç kəsi yox idi. O, kimsəsiz və pənahsız idi. Niyə özünü öldürmədiyinə, niyə anası ilə bir yerdə qəbrə girmədiyinə, yenidən bu cəhənnəmdə yaşamağa razı olduğuna da hərdən təəccüb edirdi. Bundan sonra o nə üçün yaşamalı, kimin yolunu gözləməli idi?.. Fridun dardan asılmış, atası kim bilir harada ölüb qalmışdı?Lakin bu bədbin və ezici düşüncələr, belə sağlam və gənc ürəkdəki həyat qüvvəsini, həyat eşqini, dumanlı və şirin arzuları boğub susdura bilmirdi... Yaşamaq, yaşamaq lazım idi. Onun ölümü ilə heç kəs səadətə çatmayacaqdı! Ölmək asan idi; həmişə mümkün idi! Lakin o yalnız özü üçünmü yaşayırdı? Bəs, yoxsul bir kəndli evində buraxıb gəldikləri balaca Almaz? Bəs Tehranın dolanbac küçələri, başaçılmaz hay-küyü içərisində itmiş Ayaz?.. Ah, kaş qardaşı və bacısı sağ olaydı. Gülnaz bütün zəncirləri qırar, bu zindandan qaçıb, onları tapar, qapılarda qulluqçuluq edərək, gecə-gündüz işlər və onları yaşadardı, uçuq bir daxmada sınıq bir kürsü başında olsa da, onlarla insana hər dərdi unutduran bir səadət tapardı!.. Yox, o körpələri tapmaq və böyütmək üçün yaşamağa, hər zülmə dözməyə dəyərdi... Sabahdanca küçələrə düşəcək, Ayazı axtarıb tapacaqdı və birbaş kəndə gedəcəkdi! Orada balaca Almazı da götürüb ata yurdunun bağlanmış qapılarını açacaqdı, axşam olub qaranlıq qovuşanda onların da evində işıq yanacaqdı. Cümə axşamları qapılarına gələn ata-babalarının ruhu peşman qayıtmayacaqdı. Kəndlilər “qeyrətli qızdır, ata ocağını birdəfəlik sönməyə qoymadı...” deyə ona hörmət edəcəkdilər...

Mirza Ibrahimov12 min
Otuz ikinci fəsil

Sentyabrın 17-də çərşənbə günü sovet ordusu Tehrana daxil olanda küçələrdə adam əlindən tərpənmək mümkün deyildi. Minlərcə insan məhəbbət, heyrət və maraq dolu gözlərilə sovet ordusu döyüşçü və komandirlərinə baxır, onları alqışlayırdı. Sovet ordusu millətin nəzərində gələcək xoş günlərə, azad və səadət dünyasına yol açan bir qüvvə idi. Mürtəcelər və qara qüvvələr isə sovet ordusuna kin və vahimə dolu bir nəzərlə baxırdılar.Rza xanın taxt-tacdan əl çəkməsi, hakimləri, mürtəce təbəqəni tam bir şaşqınlıq içərisində buraxmış, xalqda isə sonsuz sevinc və ümid doğurmuşdu. Zəhmətkeş təbəqələr İran göylərinə əbədi azadlıq günəşi gəldiyini düşünür və hissiyyatını ifadə etməkdən çəkinmirdi.

Mirza Ibrahimov13 min
Üçüncü fəsil

Tehranın böyük və mərkəzi küçələrindən sayılan və sonra Rza xan tərəfindən adı dəyişilərək, Xiyabani Şah adlanan İstambuli küçəsi adamla qaynaşırdı. Səkilər və mağazaların yanları yorulmadan qışqırıb malını tərifləyən xırda alverçilər və müxtəlif çeşidli adamlarla dolu idi. Daş döşəməli küçədə isə faytonlarla yanaşı hər cür minik və yük maşınları arasıkəsilmədən o tərəf-bu tərəfə hərəkət edirdi. Əsrlərdən bəri davam edib gələn bir adət üzrə faytonçular atların boynuna bəzəkli qotazlar asmış, onları bəzəmişdilər. “Ağa, mənə bir çörək pulu!”, “Ay ürəyi yanan, burdan gəl!”, “Əla Amerika corabı”, “Son cahan xəbərləri!”, “Göbbelsin yeni nitqi” – deyib qışqıran dilənçi, su satan, xırdavatçı və qəzetçilərin səsindən qulaq tutulurdu. Ticarət və şəhər həyatının qızışan zamanı idi. Hikmət İsfahani ətli və böyük vücudunu qəribə bir yüngüllüklə irəli verərək, sanki bu səsləri eşitmədən yeriyirdi. Kənarları sarı haşiyəli cib dəsmalı ilə mütəmadiyən çənəsindən, alnından və boynundan süzülən tər damlalarını silirdi. Əynində nazik mil-mil parçadan tikilmiş kostyum vardı. Başına, onu bir mülkədar və tacirdən daha artıq avropalı səyyaha oxşadan panama qoymuş, gözünə qara rəngli eynək taxmışdı. Yeridikcə əlindəki əsanı qürurla və müstəqil bir hərəkətlə qaldırıb endirirdi. Onu şəxsən tanımayanlar belə ciddi və heybətli zahirini görən kimi yana çəkilərək, baş əyən tanışları panamasını azca qaldırmaqla salamlayır və eyni mütəkəbbir, yavaş və etinasız addımlarla ötüb keçirdi. Sola burulub, ayağını balaca bir qapının birinci pilləsinə qoyduqda adəti üzrə iti bir hərəkətlə əlini gözünün qabağına gətirdi və qolundakı qızıl zəncirli “Omeqa” saatına baxdı. Qan qızaran dodaqlarında özündən razılıq andıran xəfif bir təbəssüm göründü: saat ona on beş dəqiqə işləmişdi. On il ərzində o hər dəfə eyni saat və eyni dəqiqədə ayağını bu pilləyə qoyardı. Hələ bir dəqiqə gecikdiyi və ya tez gəldiyi olmamışdı. Kərpic pillələri çıxıb, dar bir dəhlizə və oradan pəncərələri geniş və güllüçiçəkli həyətə açılan böyük bir otağa keçdi. Xidmətçi baş əyib, qapını açdı və onu içəri buraxdı. O, pencəyini çıxarıb oturdu, üzünü yelləyib tərini sildikdən sonra Kürd Əhmədi çağırmağı əmr etdi və xidmətçinin gətirdiyi bir dəstə qəzet və məcmuəni bir-bir çevirməyə başladı. Gözləri 25 iyun tarixli “İttilaat”ın “Cahan xəbərləri” şöbəsində ilişib qaldı. Burada o, almanların Polşa sərhədlərində və Dansik ətrafında yaratdığı əndişəli vəziyyət haqqındakı xəbərləri nəzərdən keçirdikdən sonra, Göbbelsin nitqini oxumağa başladı. Azca keçməmiş Kürd Əhməd dik başını şax tutaraq, içəri girdi. Hikmət İsfahani ona yer göstərdi:– Əyləşin, ağayi-mən, – dedi, əyləşin və Göbbelsin tələblərinə qulaq asın!

Mirza Ibrahimov9 min
Otuz birinci fəsil

Sovet ordusu Tehranın şimalında Kirəcdə dayanmışdı. Cənubda, Kirmanşahda ingilis qoşunları ilə İran qoşunları arasında saziş əmələ gəlmişdi.Tehranda vəziyyətin ən gərgin zamanı idi. Qoşunlar qaçmış, idarələr pozulmuş, tam bir hərc-mərclik yaranmışdı. Hakimiyyət adına hələ də zahiri bir sükut içərisində yaşayan saraydan başqa, heç bir şey qalmamışdı.

Mirza Ibrahimov14 min