Çoban (Əfsanə)
Ey öz tarixinin memarı insan!
Çox zaman göylərə baxdın hərasan.
Həyatı şənlədən işini qoydun,
Bir əsilsiz, çürük taleyə uydun.
Şirin xəyalınla çoban xan oldu;
Xan qızı çobana nigəhban oldu.
Bu şirin xəyallar güldürdü səni,
Lakin həqiqətdə öldürdü səni.
Mənim eşitdiyim bu nağıl fəqət,
Anladır: duyduğun deyil həqiqət.
Həqiqət olsaydı, Çobanla Mərcan
Verməzdi dalğalar arasında can.
-1**
Çox əski bir zamanda,
Bizim Azərbaycanda,
Abşeron civarında,
Quzğunun kənarında
Varmış qədim bir şəhər,
Görünüşü birtəhər…
Çevrəsi dərə-təpə,
Evləri bir mərtəbə.
Küçələri dolambac,
Əhalisi yoxsul, ac.
Görünüşü birtəhər…
Səbayeldi bu şəhər…
Söylənilən şəhərdə,
Ən səfalı bir yerdə
Zümrüd qalaçalar var,
Ətirli bağçalar var.
Ağaclar sıra-sıra
Baş endirir sulara.
Yaxında bir geniş xır,
Sular şırhaşır axır.
Cırıldayır bağara,
Qurbağalar nağara
Çalır kimi səslənir.
Buna xan bağı denir.
Qırx otaqlı bir bina,
Hər əmələ aşina.
Fəvvarələr, hovuzlar,
Xoş yerişli tovuslar.
Eyvanlar sarmaşıqlı,
Divarlar yaraşıqlı.
Mərmərdir novalçası,
Saray "Çiçi" xalçası
Kimi işləmiş zərif.
Könül açan bu lətif,
Bu sevimli mənzərə
Səssiz baxır Xəzərə.
-2**
Baxın, burda kim yaşar:
Quş xan adlı hökmüdar.
Deyirlər ki, bu Quş xan,
Bu dili qurumuş xan,
Bir gün həmən sarayı
Tikən böyük ustayı
Qarşısında oturtmuş,
Üzünü ona tutmuş:
– Söylə, ey qoca memar,
Sənəti uca memar!
Sən bu saraydan gözəl,
Daha zəngin, mükəmməl
Bir iş də işlərmisən,
Yarada bilərmisən,
Bundan da gözəlini,
Daha mükəmməlini?
Tarixin baş memarı
Üz tutub xana sarı,
Başını qaldıraraq,
Ürəyi dolu maraq,
Gülə-gülə çöhrəsi,
Birdən gurlamış səsi:
– Mən bu sənət yolunda
Ömrümü fəda etdim.
İnsaniyyət yolunda
İşimi əda etdim.
Məsləkimi, dinimi
Sənətimi yeritdim.
Ürəyimi, beynimi
Bu uğurda əritdim.
Çalışdım için-için,
Gəncliyimi qocaltdım.
Xəyalımdan səninçin
Bir kaşanə ucaltdım.
Bax, bu lövhə nə zəngin!
Mənəm memari-əzəl.
Tanrının, irənlərin
Cənnət bağından gözəl.
Özümü oda vurdum,
Fikrim, hissim təlaşda.
Canlı ruhlar uçurdum,
Suda, torpaqda, daşda,
Mən ölüb getsəm belə,
Yaşayacaq sənətim;
Düşəcək dildən-dilə
Adım, sanım, şöhrətim.
Bundan da gözəlini,
Daha mükəmməlini
Yarada bilərəm, xan.
Nə yapsa yapar insan!
Paxıl, dar ürəkli xan
Darılmış bu cavabdan:
"Cəllad!.. vurun boynunu!"
Bir an içində onu,
O böyük sənətkarı
Qılınc bölmüş tən yarı.
– Öldü… günah özündə!..
Qırışıq üz-gözündə
Xanın qara dalğalar,
Ruhunda qasırğalar:
"Demək, bundan da gözəl,
Daha zəngin, mükəmməl
Bir saray tikəcəkdi,
Öz cəzasını çəkdi.
Memara bax, memara!..
Yarın ətraf xanlara
Saray tikərkən, demək,
Mənimkindən də yüksək
Görünəcəkmiş. Hay, hay…
Sana öylə bir saray
Tikdirəcəm mən də ki,
Bundan belə səndəki
Başarıq, hünər daha
Mana oturmaz baha.
Bir saray yer altında,
Yerin ən alt qatında
Yapılacaq bu saray.
Sana çox xoşdur, hay!.. hay!"
-3**
Quş xanın bir qızı var.
Bir könül xırsızı var.
Bu qızın adı Mərcan,
Hər baxışına bir can
Doğan gündən qurbandır.
Ölkə ona heyrandır.
Adı dillərdə əzbər,
Görülməmiş bu dilbər
Abşeron civarında,
Quzğunun kənarında.
Yaxın, uzaq ellərdən,
Hər tərəfdən, hər yerdən
Elçi gəlir bu qıza,
Bu mehriban ulduza.
Adlı-sanlı igidlər,
Dəliqanlı igidlər,
Tacir, bəy oğulları
Keçib uzun yolları,
Həpsi yorğun, dərbədər
Səbayelə gəlirlər.
Qoy kim gəlirsə gəlsin,
Qapılıb hissə, gəlsin.
Bu gəlişdən nə çıxar,
Ümidsiz qayıdarlar.
Xan dermiş elçilərə:
"Qızım yosma dilbərə
Eş olmaq istəyənlər,
Bircə sorğuma əgər
Düzgün cavab taparsa,
Sahib olacaq qıza:
Siz, ey gələn yolçular!
Qızın neçə xalı var?"
Kim bilsin bu mələyin,
Bu açmamış çiçəyin
Canında neçə xal var.
Kimsə bilməz, qayıdar.
Bir başqa dəstə gəlir,
Yorulmuş xəstə gəlir.
Verilincə bu sorğu,
"Mənim işim deyil bu!" –
Deyərək, gələn dönər,
Parlaq diləklər sönər.
Xan taleyə inanır,
Hər şeyi ondan sanır.
"İnsanın olsa baxtı,
Qızıldan olar taxtı.
Mən talesiz olsaydım,
Talesiz doğulsaydım,
Xan olmaz, qul olardım,
Muzdur, yoxsul olardım".
Onunçun hər elçiyə,
Qız xoşbəxt olsun deyə,
Verərdi bu sorğuyu.
-4**
Daşıb çayların suyu.
Hər sənə yaz olunca,
Quşlar dəmsaz olunca
Saray köçürmüş dağa,
Bir səfalı yaylağa.
Yaylaq, Yarımca yaylaq,
Hər tərəf çəmən, bulaq;
Xızıdan az o tayda,
Əriməz qarı yayda.
Quş xanın qızı Mərcan,
Sevda ulduzu Mərcan
Toplayıb tay-tuşunu,
Bir nizamsız qoşunu
Andıran dəstəsilə
Hər gün çıxarmış çölə.
Onun gəzdiyi yerdə,
Dağlarda, dərələrdə
Dəmirdaş adlı igid,
Bir çoban varmış, eşit!
Çobanın torpağı yox,
Tarlası yox, bağı yox;
Bir kiçik qülbəsi var,
Bir yırtıq gəbəsi var,
Bir də beş-on quzusu.
Çox yünüldü arzusu
Bu qərib çobanımın,
Müztərib çobanımın.
-5**
Bir gün çoban Dəmirdaş
Qonşuda bir iğtişaş,
Bir vay, haray eşitdi;
Dəyədən çıxdı getdi,
Nə gördü: yel qanadlı,
Dərədə bir qaç atlı
Qovurlar; bir qadın da
Əlləri saçlarında
Üzünü cırmaqlayır,
Hönkür-hönkür ağlayır:
– Tutun, qaçdı həramı,
Söndürdülər çıramı,
Qollarını sardılar,
Qızımı apardılar! –
Deyə yıxıldı qadın.
Dəyələr axın-axın
Qoşdular bu səs-küyə;
Dikildi gözlər göyə:
– Niçin ey ulu tanrı!
Yoxsulları, qulları
Qorumazsan ya, niçin?..
Kor kimi için-için
Yandı qəlblərində yas.
Qərinələrcə ağzı
Aşağı çevrilən tas
Duymadı bu niyazı.
O mavi tas nədənsə
Səs vermədi bu səsə.
-6**
Bir bahar günü yenə
Dəmirdaşın könlünə
Bir qəriblik yayıldı;
Yatmış ruhu ayıldı.
Yıxıldı böyrü üstə,
Bir yanıqlı şikəstə
Qavalında inlədi;
Urəyi sərinlədi.
Çaldı, düşündü, çaldı,
Başını duman aldı.
Bu duman nəzərində
Göylərin üzərində
Buludlar kimi çaxdı,
Al bir işıq buraxdı.
Canlandı təsəvvürü;
Əsirlər sürü-sürü
Axışdı xəyalından.
Dinlədi qavalından
Zəncir, qamçı səsləri,
Ömrün acı səsləri
Bəstəsində ağladı,
Bir lövhə xatırladı.
– İşlə, yaramaz, işlə!
Haydı, boşboğaz, işlə!
Dayanma, daşı, daşı!
Əsirin, qulun başı
Yuxarı qalxmaz, işlə!
Haydı, boşboğaz, işlə!
– Arqadaşlar, bu qansız,
Bu daşürək, amansız
Insanlar dinmədikcə,
Zülmə təpinmədikcə,
Özlərindən çıxırlar.
– Söylənmə, hey ixtiyar,
Al, bu da sənin payın!
Nə arxayın-arxayın
Danışır da!..
Qamçılar
İxtiyarı acılar.
Dəmirdaş anır, anır;
Gözlərində canlanır:
Əsirlər alay-alay
Xana tikirlər saray.
Xatırlayır: bir gecə
Onu xəlvət, gizlicə,
Gözəl bir qız çağırdı,
Üz-gözündən yağırdı
O qızın bir mərhəmət,
Bəlkə də bir məhəbbət.
O qızın adı Mərcan,
Qolu, qanadı mərcan…
Dəmirdaş anır, anır,
Xatıratı canlanır:
İşlədi xəstə-xəstə;
Yerə dəydi iş üstə.
Baxaraq bu lövhəyə,
"Artıq işləməz", – deyə
Bir az da incitdilər,
Sonra azad etdilər.
Dəmirdaş anır, anır,
Xatıratı canlanır.
Düşünür o gözləri,
Danışdığı sözləri.
Anır: bir sabah erkən
Çıxaraq Səbayeldən,
Dağlar, dərələr aşdı,
Bu yaylağa ulaşdı.
Hey düşünə-düşünə
İnlədi qaval yenə!
-(Bu zaman Mərcan öz dəstəsilə uzaqdan çobanın
-qavalına dalaraq heyrətlə dinləyir.)'**
-M ə r c a n**
Bu qavalı çalan kim?
Kimdir bu şerə hakim?
Tez ondan xəbər verin,
Kimsə, tapın gətirin!
Çox keçmədi, Dəmirdaş
Ürəyində bir təlaş,
Qızın önündə durdu,
Səssiz boynunu burdu.
Görüncə Dəmirdaşı
Mərcanın döndü başı.
Ildırım vurmuş kimi,
Ürəyi durmuş kimi,
Tərpənmədi yerindən.
Dümqara gözlərindən
Siyah bir atəş axdı.
Maraqla baxdı, baxdı
Çobanın göz-qaşına,
Yamaqlı üst-başına.
M ə r c a n
Kimdən öyrəndin, çoban,
Sən bu qaval çalmağı?
-Ç o b a n**
Mənə öyrətdi dövran
Dağlara ün salmağı.
-M ə r c a n**
Neçin nəğmən qəmlidir,
Nəşə yox qavalında?
-Ç o b a n**
Çünki el matəmlidir
Səbayel mahalında!
-M ə r c a n**
Sürünü buraxsana
Bir an özündən uzaq!
-Ç o b a n**
Ətrafına baxsana,
Hər adam bir yalquzaq!
-M ə r c a n**
Çoban, kimdir yalquzaq?
-Ç o b a n**
Xan qızı, yaxın uzaq,
Olmuş olursa hər kim
El üzərində hakim,
Sərkərdələr, əyanlar,
Dərimizi soyanlar,
Işləməyib yaşayan,
Başında tac daşıyan
Adamlarınsa ancaq
Bir adı var: yalquzaq!
Mərcan çobana baxdı,
Çoban Mərcana baxdı.
-M ə r c a n**
(yanındakılara)
Arqadaşlar, siz gedin,
Bir az məni tərk edin.
(İkisi qalır)
Məni tanıyırmısan?
-Ç o b a n**
Xayır!
-M ə r c a n**
Düşün, ey insan,
Keçmişini eşələ!
-Ç o b a n**
Bu bir əmək-nafilə!
Buraxaraq işimi,
Arasam keçmişimi,
O kül altından ancaq
Bir göz də çıxmayacaq.
-M ə r c a n**
Eşələ, çıxar, çoban,
Orda bir od var, çoban.
Üzümə diqqətlə bax!
-Ç o b a n**
Mərcan!
-M ə r c a n**
Sus ancaq.
. . . . . . . . . . . . . . . .
. . . . . . . . . . . . . . . .
-7**
Bir səhər hava gözəl,
Dağ gözəl, ova gözəl,
Dumanlı deyil hava,
Xan bu gün çıxmış ova.
Ətraf dolmuş adamla,
Bir yığın izdihamla.
Tuşlayırlar, atırlar,
Ətrafı çınlatırlar.
Qorxmaz adlı çoban da
Dağ başında, o yanda
Söykənərək ağaca,
Sürüsünü yamaca
Buraxaraq, dayanmış
Üzü mis kimi yanmış.
-V ə z i r**
Xan, nişan al çobanı!
Yerində çıxsın canı!
-X a n**
Yox, canım.
-V ə z i r**
Görünür xan,
Vuramayacağından
Qorxur…
-X a n**
Vəzir, qorxumu?
Bu günədək oxumu
Boş çıxan gördünüzmü?
-V ə z i r**
Ay canım, bu da sözmü?
Hünərlisən gözətlə,
Öyünməyin nafilə!
-X a n**
Mən atıram, dayanın,
Oxum dəyməz çobanın
Əgər olarsa baxtı.
Çəlik yayı buraxdı.
Uğuldadı dağ, dərə,
Yıxıldı Qorxmaz yerə.
Görünür baxtı yoqmuş,
Tale ona soyuqmuş
-8**
Xan bir çobanı vurmuş.
Xan yenə də qudurmuş
Azğın bir köpək kibi.
Bilinməyir səbəbi.
Neçin çobanı vurmuş?
Xan yenə də qudurmuş.
Xan qaçırmış bir qızı.
Yetim bir günahsızı, –
Deyə, gizlicə xalq da
Qaynayır aralıqda.
-9**
Bir gün Dəmirdaş yenə
Yayıb dağın döşünə
Sürüsünü, dayandı,
Günəş üfüqdə yandı,
Qızardı yavaş-yavaş.
Düşünürdü Dəmirdaş.
Köhlən başlı buludlar,
Gözü yaşlı buludlar
Üfüqdə yol kəsirdi.
Onu hankı təsirdi
Düşündürən, əcəba?
Derdi: – Görən əcəba,
Bizdən nə istəyir xan?
Yetməzmi tökdüyü qan?!
Neçin, neçin bu qansız
Qaçırır gündə bir qız?!
Xan yenə də qudurmuş,
Neçin Qorxmazı vurmuş?
Yetməzmi vurduğu baş?..
Düşünürdü Dəmirdaş.
Yerlər, göylər açıqdı,
Dəmirdaş dağa çıqdı.
Çıxardı qavalını,
Bəyan etdi halını:
O çaldıqca, güllərin
Qaçdı qırmızı rəngi,
Dəyişdi bülbüllərin
Nəğməsinin ahəngi.
O çaldıqca, buludlar
Göy üzündə dayandı,
Şəbnəmli məxmər otlar,
Gün çıxmış kimi yandı.
O çaldıqca, axan su
Şırıltısını kəsdi,
Söyüdlərin, doğrusu,
Suda qolları əsdi.
Nəsir var – duyan anlar –
Çobanın havasında.
O çaldıqca, ilanlar
Uyudu yuvasında.
Qavalın bu səsinə,
Bu duyğulu səsinə
Qoşaraq, gəldi Mərcan,
Ürəyində həyəcan.
-M ə r c a n**
Mana da öyrət, çoban,
Sən bu qaval çalmağı.
Mana da öyrət, çoban,
Dağlara ün salmağı.
-D ə m i r d a ş**
Xan daha gözəl bilir
Incə-incə çalmağı.
Xan daha gözəl bilir
Dağlara ün salmağı.
-M ə r c a n**
Dəmirdaş, buraq, buraq!
Kinayəni ataraq,
Bir az da məni dinlə,
Səni sevəni dinlə!
-D ə m i r d a ş**
Sən xan qızı, mən çoban!
Nə çıxar boş xəyaldan?
-M ə r c a n**
Xəyal deyil, həqiqət!..
Mərcan sənindir fəqət.
-D ə m i r d a ş**
Yox, Mərcan, ola bilməz,
Bu bir dərd ki, çəkilməz!
M ə r c a n
Onu bil ki, sevməsən,
Öləcəksən yəqin sən!
-D ə m i r d a ş**
Səni xan mana verməz,
Yoxsul çobana verməz!
Bir də deyirlər ki, xan,
Əgər kim xalınızdan
Doğru xəbər verərsə,
Sahib olacaq sizə.
-M ə r c a n**
Qoy deyim: xallarım bu!
Yetər, sıxma ruhumu.
Ürəyini aç mana,
Xəstəyəm, əlac mana!
-
D ə m i r d a ş**
Söylə "möhtərəm" atan,
Bizim "ədalətli" xan
Neçin Qorxmazı vurmuş?
Yenə neçin qudurmuş?
Qaçırmışdır bir qızı,
Yetim bir günahsızı?
-M ə r c a n
-
Mən neyləyim?
-
D ə m i r d a ş**
Sən heç nə!
Qulaq as mən deyənə,
Ey sarayın laçını!
Sevgi ehtiyacını
Ruhunda duyan gözəl,
Bir qədər özünə gəl!
Səni kim istəməz, kim?
Hər lətafətə hakim
Sevimli bir pərisən,
Dillərin əzbərisən.
Bu şərtlə sevərəm mən:
Çıxmasan dediyimdən.
-M ə r c a n**
Yox, sözündən çıxmaram,
Ürəyini sıxmaram,
-D ə m i r d a ş**
Desəm atanı öldür!
Ağlayan xalqı güldür.
Edərsənmi?
-M ə r c a n**
Edərəm,
Ölümə də gedərəm!
-D ə m i r d a ş
-
Yox, hələ öldürmə, yox!
Xanın ölməsi ən çox
Xalqa gətirər ziyan;
Üsyan etməli, üsyan!
Lakin dediklərim, bax,
Yanında qalsın ancaq!
-M ə r c a n**
Yazıq ki, bu yaxında,
Bu ayın axırında
Köçəcəyik şəhərə,
Bu mehriban dağ-dərə,
Ah, bu səfalı yaylaq
Yenə sizə qalacaq!
-D ə m i r d a ş**
Yalnız bu dağ-dərə yox,
Bu gözəl mənzərə yox,
Sərin yaylaqlar deyil,
Qaynar bulaqlar deyil,
O kor, o sağır kəndlər,
Vergisi ağır kəndlər,
Barlı bağ, gözəl çəmən,
Dağ döşündə dəyirmən,
Sürü, ilxı, çapar at,
Uçan quş, gərgin qanat,
Göy zanbaqlı ovalar,
Dalğa vuran tarlalar,
Sarısünbül zəmilər,
O çılğın Xəzərin də,
Hər zaman üzərində
Ləngər vuran gəmilər,
Keçəcək əlimizə,
Veriləcəkdir bizə
Ayın, günün işığı,
Dünyanın yaraşığı!
-10**
Yenə də uzaq, yaxın
Ellərdən axın-axın
Gəlirdi baş igidlər,
Qəmə yoldaş igidlər.
"Ey sevdalı yolçular,
Qızın neçə xalı var?"
Sorğusunu eşidər,
Eşitməz, dönürdülər!
Qız on səkkiz yaşında,
Sevda yeli başında.
Getdikcə canı qızır,
Lətif əndamı sızır
Günəş vuran qar kimi,
Solur son bahar kimi.
Çiyninə düşür başı.
Çağırdıb Dəmirdaşı
Girir ağaclıqlara,
Görüşür ara-sıra.
Dəmirdaş da bir yerdə
Durmayıb gah şəhərdə,
Gah kəndlərdə dolaşır,
Böyük fikirlər daşır.
Ələ almış Mərcanı,
Hazırlayır üsyanı!
-11**
Vəzirin oğlu Gülçin
Çırpınır bu gözəlçin.
Fəqət bilməyir o da,
Bu qızın əndamında
Neçə həbəşi xal var.
Düşünür, qəlbi sızlar,
Gülçinin xəyalından,
O çətin xəyalından
Bilsən nələr keçirdi,
Nə səhnələr keçirdi:
"Qız onun olacaqdır.
Əlinə alacaqdır
Səbayeldə xanlığı,
Bütün hökmranlığı.
Hakim olub Arana,
Daha sonra Irana
Ordusunu çəkəcək,
Hər yerdə qan tökəcək,
Hər yerdə hökm edəcək,
Çinə qədər gedəcək,
Böyük İskəndər kimi.
Xızır peyğəmbər kimi
Tapacaqdır zülmatı.
İçib abi-həyatı,
Ömrü, günü artacaq,
Hər yerə qol atacaq,
Mərcanı alacaqdır,
Qoynuna salacaqdır,
Yapacaqdır baş hərəm,
Onun olacaq aləm!"
-12**
Günəş qızıllarını
Xəsis kimi toplayır,
Səbayel diyarını
Bir qaranlıq qaplayır.
Bir axşam xan bağında,
Bağın bir bucağında
Mərcan bir səs eşitdi;
Səs gələn səmtə getdi.
Bir yüklənmiş araba,
Bir qoca kəndli gördü,
Ayağı bəndli gördü.
– Vurun, vurun alçağı,
Keçmiş verginin çağı.
Vurun, vurun, qoymayın,
Mərhəmətə uymayın!
Səslənir acı-acı
Darğanın sərt qırbacı.
– Zavallını buraxın!
İnsafsızlar, bir baxın,
Nədir bu qanlı səhnə?
Sərxoşmusunuz yenə?
– Xan buyurmuş!
– Bəlkə xan
Qəzəblimiş o zaman,
Ya sizin vicdanınız,
Məgər yoxmu qanınız?
Mana verin qırbacı!
"Ulu yaradan, acı,
Acı bu yoxsullara,
Yetimlərə, dullara!" –
Deyə, Mərcan düşünür,
Meyli saraydan dönür.
-13**
Bir gün qafiləsilə
Xan çıxmışdı sahilə.
Ləpəciklər quş kimi,
Qalxıb uçurmuş kimi.
O sərin baxışlı ay
Dənizə alay-alay
Ulduzlarla tökülmüş.
Dalğalar qızıl, gümüş…
Sinələr lalə-lalə,
Dodaqlarda piyalə,
Sərxoş baxan hərəmlər,
Baxışı qan hərəmlər,
Oyun, şərqi, şərab, saz,
Dodaq-dodağa dəmsaz.
Bir hərəmsə ələmli,
Qızına qəmli-qəmli
Danışır həyatını,
Küskün xatıratını:
– Mərcan, həyat bir kitab!..
Hər vərəqi bir əzab…
Mən bir kəndli qızıydım,
Bir evin ulduzuydum.
Keçmişim qar altında,
Qasırğalar altında…
Yadımdadır, əsirdim…
Yarpaq kimi əsirdim,
Bir gün caryə bazarda,
İradəm qulçularda –
Ordan məni aldılar,
Bu zindana saldılar!
-14**
Ruhu sərin bir gecə,
Ay gizlicə-gizlicə
Bir bulud arxasından,
Göylərin yaxasından
Göstərərək üzünü,
Bəyəndirir özünü.
Söylənən xan bağında,
Bağın bir bucağında
Xışıldayan nədir, nə?
Örtülüdür bu səhnə.
Yarpaqlarmı öpüşən?
Söylə o suya düşən
Mərcanın kölgəsimi?
Yoxsa ayın əksimi
Göstərir hovuzda su,
Ah, bu könül oğrusu
Qızın yanındakını,
Qızın canındakını
Həmin bu sirdaş bilir,
Yəni Dəmirdaş bilir…
Əsir Dəmirdaşın da
Sevda yeli başında.
O sevimli Mərcanı,
O füsunkar ceyranı
Almaq üçün düşünür.
Yenə fikrindən dönür:
"Əvvəl üsyan, sonra qız,
Xanlığı yıxmalıyız!.."
-D ə m i r d a ş**
Səni bir xan istəsə,
Xalını tapıb, desə,
Ona gedərsənmi sən?
-M ə r c a n**
Bir dəfə dedim ki, mən
Səndən başqa bir kəcə
Getməm başım kəsilsə!
-D ə m i r d a ş**
Səni bütün saraylar,
Əyləncələr haraylar.
Oralar başqa aləm,
Olacaqsan baş hərəm.
-M ə r c a n**
Anam da bir hərəmdir,
Fəqət yediyi qəmdir.
O daim deyir mana:
Saray bənzər zindana.
Qaç, qızım, buradan qaç!
O parlaq, günəşli tac
Süslənmiş göz yaşından.
Yoxsulların başından
Yapılmışdır qədəhlər;
Nalədir bu fərəhlər.
Bu saray yoxsulların,
Öksüzlərin, dulların
Tikilmiş gəmiyindən!
Qaldırılan, içilən
Badə ürəklər qanı.
Sarayda şənlik hanı?
Saray bir qara səhnə,
Qorxu, vəsvəsə, fitnə.
Gizli dar ağacları,
İşgəncə qırbacları.
Tənbəl, sərxoş bir xəyal…
Falçı, əfsunçu, rəmmal,
Hər göz bir kasa şəhvət,
Hər baxış bir xəyanət.
İnsanlar alçaq, dəni,
Tez burdan qaçır məni!
-D ə m i r d a ş**
Burdan qurtarmaqla sən,
Sarayın pəncəsindən
Qurtuldunmu sanırsan?
Yox, Mərcan, aldanırsan!
Xanlığı yıxmalıyız
Ağ günə çıxmalıyız.
. . . . . . . . . . . . . . .. . . .. . .
-M ə r c a n**
Dəmirdaş, yarın səhər
Elçilər gələcəklər.
Sən də yarın gedərsən.
-D ə m i r d a ş**
Çocuq deyilsən ki, sən.
Səni xan mana verməz,
Yoxsul çobana verməz.
-15**
Böyük məclis quruldu.
Gələnlərdən soruldu.
Bilməyənlər getdilər.
Qalmışdı iki nəfər:
Dəmirdaş, bir də Gülçin.
Sorğu verildi, lakin
Gülçin bula bilmədi,
Xaqan ola bilmədi.
Sıra çatdı çobana,
Bir gülmək gəldi xana,
Dedi: – Sağ ol, ay çoban!
Çoban dedi: – Var ol, xan!
– Neçə xalı var qızın?
Çoban dedi ansızın:
– Qızın yeddi xalı var,
Həpsi gözəl, müşgüvar.
– Çoban, hardan bilirsən?
– Yuxuda saymışam mən.
Götürdü xanı heyrət,
Dedi: – Tanrıdan qismət
Yoxsul çobanmış qıza,
Bu canıyanmış qıza.
Xan sarayda düşünür;
Başında yanır, sönür
Dürlü-dürlü xəyallar,
Keçirir şaşqın hallar.
Xan bir deyildir, iki
Dumanlı beynindəki
Düşüncələr çataçat.
Dərdi artmış ikiqat.
Bu iş olsunmu ya yox?
Qızımı istəyən çox.
Mərcanı xan alsınmı?
Yoxsa çoban alsınmı?
Hansı daha uğurlu?
Deyilmi haqqın qulu
Bəy də, xan da, sultan da
Mavi göyün altında?!
Bir qədər düşündü xan:
"Mana taymı bir çoban?
Çoban hara, mən hara?
Gül hara, tikan hara?
Sonamı alsınmı sar!
Hardan çıxdı bu yasar?
Mən deyirdim sultanlar,
Ulu şahlar, xaqanlar
Sahib olacaq qıza.
Nə çıxdı baxtımıza?!.
Ayaqyalın bir çoban.
Hay, hay, zavallı Quş xan!
Sana bir gəda eşmi?
Rəvamı günəşimi
Bir zərrənin başına
Dolandırım? Yox! Mana
Bu iş çox ağır gəlir.
Yerdən, göydən yüksəlir
Sanıram mana nifrət.
Qazandığım bu şöhrət
Bir çobana yaraşmaz.
Yox, taleylə kar aşmaz".
-16**
Gecə, sisli bir gecə,
Xan bağında gizlicə
Mərcan ilə Dəmirdaş
Danışır yavaş-yavaş,
-D ə m i r d a ş**
Dün gecə cəbbəxana
Dağıdıldı dörd yana.
-M ə r c a n**
Bilir bu sirri dərban,
Açmayır qorxusundan.
Gizlicə onu gördüm,
Qolbaqlarımı verdim
Qızına, susdu dərban.
-D ə m i r d a ş**
Sağ ol, sevgili Mərcan!
Kəndlər üç günə qədər
Hücuma keçəcəklər.
Xanın keyfi necədir?
-M ə r c a n**
Sənin "istəyincədir".
Daim eyşü-işrət;
Eyləməz bir məşvərət.
Xalqın dərdinə qalmaz,
Sərxoşluqdan baş almaz.
Elçilikdən nə çıxdı?
-D ə m i r d a ş**
Bütün əfsanə çıxdı.
Budur, baxta inanan,
Boşboğaz, yalançı xan.
Onun bəxtindən ancaq
Ucaldıqca ucalmaq,
Deyil yalnız xan olmaq,
Böyük bir xaqan olmaq
Nəticəsi çıqırdı.
Bizim ölçümüz qırdı
Nədənsə məramını.
Biz taleyin şamını
Siyasətlə söndürdük,
Xanı çox düşündürdük.
Söylənərək, dedi xan:
"Mənə taymı bir çoban?"
Ürəyimdə: "Bu çoban
Sənə ən qatı düşman,
Çevirəcək baxtını,
Devirəcək taxtını" –
Deyib, çıxdım saraydan.
Düşün, sevgili Mərcan,
Sən böyüdün sarayda.
Ancaq ordakı qayda,
Qanun, adət, ənənə
Sənin geniş qəlbinə
Sığmadı, atdın onu.
Bir çobanın yolunu
Kəskin inadla tutdun,
Taxtı-tacı unutdun.
Şöhrətin bundan belə
Düşəcək dildən-dilə.
Gecə, səhərə yaxın
Axın şəhərə yaxın.
Ulduzlar sönür, sönür;
Iki ürək döyünür.
Toranlaşır batan ay.
Uyquda sərxoş saray.
-M ə r c a n**
Səhər üsyanmı?
-D ə m i r d a ş**
Üsyan!
Ayağa qalxmış hər yan.
Hər şey, hər şey öncədən
Düşünülmüş incədən.
Tez burdan çıxalım gəl,
Çıxmamışdan bir əngəl.
Qoşularaq üsyana,
Bu saraya, bu xana
Birlikdə son verəlim,
Gözəl günlər sürəlim!
. . . . . . . . . . . . . . . .. .. . .
. . . . . . . . . . . . . . . . . . . .
Vəzir çıxmış özündən.
Anlaşılmaz sözündən
Xan gəlmiş həyəcana:
– Gətirmə məni cana!
Çapuq söylə nə var, nə?
Nə toxunmuş könlünə?
– Xan sağ olsun, qız!..
– Necə?
– Qaçırılmış indicə.
Hazırlanır atlılar,
O külək qanadlılar.
Gözlərdən od saçılır,
Dərvazalar açılır.
Onların arxasınca,
Quzğunun yaxasınca
Çapır bir dəstə atlı,
Atır at üstə atlı.
Ox atır, kaman çəkir,
Yayını yaman çəkir.
Mərcan, Dəmirdaş uçur
Sanki iki quş uçur.
Çapuq çatdılar Zığa.
Bax, o iki yazığa
Daha qaçmağa yol yox,
Yağış kimi yağır ox.
Qarşı su, arxa düşman.
Qurtuluşa yox güman.
Üç yandan Abşeron su,
İki gəncə qarşı su
Mavi köksünü açmış,
Mərcanın rəngi qaçmış.
– Düşmə, Mərcan, qorxuya!
Çap atını, gir suya!
-17**
Qərb tərəfdən bir axın
Axışır, baxın, baxın.
Axın çılğın, əsəbi,
Ox yağır yağış kibi.
– Gəlin, qorxmayın, gəlin!
Önünü hər əngəlin
Alaraq, çapır axın;
Axına şəhər yaxın.
– Gəlin, qaçaraq, gəlin,
Bayraq açaraq gəlin! –
Deyə, qoşur bir qoca.
Qarşıda qaça-qaça
Gah durur, gah yatırlar,
Tuşlayırlar, atırlar.
– Hücum, hücum, iləri
Səbayelin kəndləri,
Hücum, saraya hücum!
Aldı araya hücum
Quş xanın alayını,
Dağıtdı sarayını.
Quş xanı öldürdülər,
Yoxsulu güldürdülər.
Dan yeri sökülmüşdü,
Dənizə tökülmüşdü
Günəşin qızıllığı.
El bürümüşdü Zığı.
Dəmirdaşla Mərcanı,
Bu iki qəhrəmanı
Arayırdı yoxsullar,
Aclar, yetimlər, dullar.
Dənizin boy yerində,
Atlas su üzərində
Üzürdü bir tutam saç,
Artıq məsələdən qaç!
Bir gün qabardı Xəzər,
Qalxdı tərlan ləpələr.
Qanadlarını açdı,
Bu tarixə acıdı,
Quş xanın ləkəsini,
Xaraba kölgəsini
Silməkçin yer üzündən,
Coşub çıxdı özündən,
Səbayelə tüpürdü,
Dalğalandı köpürdü;
Şəhər boğuldu.
Hala,
Fəqət bir-iki qala
Boylanıb bu səhnədə,
Çapalarkən, yenə də
Döyür bu qalaları
Qızıl neft dalğaları.
-Son
Bu bir əfsanədir, nağıldır, fəqət,
Tarixdə azmıdır böylə həqiqət?
Tarixdə dağılan saraylar azmı?
Döyüşdə pozulan alaylar azmı?
Azmı yoxsulların çəkdiyi səflər,
Basılan tərəflər, basan tərəflər?
Bağışla, oxucum, sual olarmı?
Həqiqət olmasa, xəyal olarmı?
Ey əfsanələrin qəhrəman oğlu,
Əsrlər tapdadı keçdiyin yolu.
O sənin yaxdığın azğın saraylar,
Qovub dağıtdığın vəhşi alaylar
Yenə baş qaldırıb işini gördü,
Yenə də haqsızlıq hökmünü sürdü.
Yenə göz yaşları axdı günahsız,
Həyat nəfəsini çəkmədi ahsız.
Qırıldı insanlar, töküldü qanlar,
Titrədi cahanlar, qopdu fəğanlar.
Yenə lalə kimi başlar oynadı,
Başların üstündə daşlar oynadı.
Yağdı yağış kimi zəhərli oxlar.
Aclar hesabına yaşadı toxlar.
Tarixin bu acı dəhşətlərinə,
Əsrlərin qara qüvvətlərinə
Qırmızı bir axın verdi nəhayət,
Artıq nə bir fəğan, nə bir şikayət.
Kitabxana.az · https://kitabxana.az/en/works/musfiq-coban
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Yenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.
BilməzBir igid ki dərdə düşə,Dərd əlindən yata bilməz,
YoxdurEy canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,