Mil düzü
Bir düz ki, fərq etməz xəyalın gözü,Hər daşı bir çılpaq qərib öksüzü,Məlul çöhrəli bir dulu andırır;Insanın fikrini dumanlandırır.Ey illər uzunu çiçəksiz, otsuz,Elçisiz, qonaqsız, kimsəsiz, yurdsuz,Ilanlar yatağı olan Mil düzü!Yabançı əllərdə qalan Mil düzü!Bilsən nələr keçmiş başından sənin,Qəmgin torpağından, daşından sənin!Bir kimsə etməmiş sana mərhəmət,Salmamış üzünə “sayəyi-rəhmət”.Göylərin buludu sana yabançı,Günəşin telləri sırtında qamçı.Boş yerə yağmış da qarın, yağışın,Bir alov kəsilmiş baharın, qışın.Kimsə anlamamış faydanı sənin,Alan olmamışdır qadanı sənin.Odur ki, kədərin başından aşmış,Yazıq, bilməmişəm ürəklər daşmış.Insanlar nankormuş tarix boyunca,Çalıb çağırdığın yoxdu doyunca.Dolanmış başına dönmüş fələklər,Əsmiş uzərindən çılğın küləklər.Tarixdən büsbütün adını silmiş,Sana hər çapavul yağı kəsilmiş.Şırıldarkən Araz yaxınlığında,O zalım da qalmış öz qılığında.Zavallı halına o da yanmamış,Bir parça səninçin dalğalanmamış.Bəzən üzərində tikanlı otlarGöyərmiş, çoxuna vermiş umudlar.Ellər köç eyləmiş, sürülər gəlmiş,Qoynunda bir quzu səsi yüksəlmiş.Bir səs ki, zülmətdə ağlayan bir səs...Bir səs ki, həzindən çağlayan bir səs...Bir səs ki, yoxluğun üstündə ölmüş,Yenə o, yoxluğa batmış, gömülmüş.
Kitabxana.az · https://kitabxana.az/en/works/musfiq-mil-duzu
Use ← → keys to move, R for a random poem