Bacı
Bacım Şirinə və hələ də gözü yolda
qalan bütün ana-bacılarımıza ithaf
İllər cığır açır
Onun saçında
Qış gedir,
Yaz gəlir,
Bulanır sular.
Dayanıb taleyin
Yol ayrıcında,
Görəsən nə qədər
Gözləmək olar?!
Ümid ki, boy atır
Xatirəsində,
Kül altdan közərən
Arzu — diləkdir!
Ona elə gəlir:
Yer kürəsində
Yaşamaq —
Əbədi
Bir gözləməkdir.
O gün necə gəldi,
O necə gündür?
Sevincdir, dəhşətdir,
Qorxudur o gün.
İllər axarından
Hayana döndü?
Bəlkə heç olmayıb, yuxudur o gün!
Sevinən səmadı,
Sevinən yerdi,
Bir evdən
Sütuntək
Qalxırdı tüstü.
Cavanlar əl-ələ
Yallı gedirdi,
Bir toy çalınırdı
Bir axşamüstü.
Dönmüşdü al-əlvan çiçəyə qızlar,
Ürəklər, dodaqlar
Nəğməli sözlü.
İlk xına qoymuşdu
Əllərə qızlar,
Bir toy çalınırdı
Bir axşamüstü.
Xonçalı gözəllər
Qatar-qatardı,
— Mübarək! —
Deyərək
Yengə də süzdü.
— Sağ əlin başıma —
Deyən də vardı,
Bir toy çalınırdı
Bir axşamüstü.
— Zurna cəngi vursun,
Segah desin tar!
Çalanlar şabaşın
İçində üzdü.
— Adə, bəy oynasın,
Ucuzluq olar!
Bir toy çalınırdı
Bir axşamüstü.
Xoşbəxtlik sonsuzdur —
Düşünür insan,
İnsan qoşa durar
Günəşlə, ayla.
Həmişə sükutla gəlsə də tufan,
Bu axşam gəlirdi
Haray-harayla,
Sevinclə, toyla.
"Anam, bacım, qız gəlin",
Hardasa, kim isə elə oxudu,
"Əl-ayağı düz gəlin..."
Səsi əsə-əsə elə oxudu.
Yer, göy də səs-səsə elə oxudu:
"Yeddi oğul istərəm,
Bircə dənə qız gəlin!"
Sevənlər səadət
İntizarında,
Necə yaraşırdı
Bu kəndə şadlıq...
Kim hardan biləydi
Elə bu anda
Talelər məcradan
Çıxmışdı artıq.
Tətiyi çəkmişdi
Faşist barmağı,
Zülmətdə od zolaq
Açırdı güllə.
Aşıb bir qırpımda
Çəməni, dağı
Ölüm deyə-deyə
Uçurdu güllə...
Bir oğlan oynadı
Güləş, mehriban,
Eşqi, məhəbbəti
Ləkəsiz oğlan!
O necə oynadı,
Necə oynadı?!
Gözündə şəfəqli
Gecə oynadı!
Sanki ayaqların
Gur səslərindən
Çıxdı yer kürəsi
öz məhvərindən.
Dəydi bir-birinə
Ulduzlar, aylar,
Susub məcrasında
Dayandı çaylar!
O, elə oynadı,
əl çaldı hamı...
Ürəyin ilk sevinç
Sorağındamı,
Ey əziz oğlan?
Qəlbinə tuşlanan
Odlu güllədən
Xəbərsiz oğlan!
Oyna,
Qiyamətdir,
Ay oğlan, toyun!
Nə geniş
Açmısan
Belə qoynunu?
...Axşamdan səhərə
Uzanan toyun
Sonsuz bir gecəyə
Qovuşdu sonu.
Arzu çəməninə
Vaxtsız əsdi qış
Zamanın zülmətli qaranlığından.
Gəlinlik duvağı
çıxarılmamış
Fəlakət qılıncı
Çıxdı qınından.
Ürəklər həsrətlə
Səsləndi tel-tel,
Bahara qovuşan
Nə qışdı
birdən?
Mehriban əllərə
Uzanan bir əl
Tüfəng qundağından
Yapışdı birdən.
Ömür yarı... gecə yarı.
Tale yarı...
Uzaqlarda qopan hərbin
Alovları
Bircə anda
Xırdalanda
Ürəkləri qarsaladı.
Ümidlərə qılınc çəkdi,
Arzuları, diləkləri qarsaladı.
Əsdi səmum küləkləri,
Əsdi ölüm küləkləri.
Bütün ölkə ölümü də
Məğrur-məğrur qarşıladı.
Ah, nə ağır səfər oldu!
Şairlər də əsgər oldu,
Aşıqlar da "Vətən" deyə,
Söz qoşdular, saz tutdular,
İnsanlar öz taleyini unutdular,
Düşündülər yanan dərə,
Solan çəmən taleyini,
İnsanlar öz taleyini unutdular,
Düşündülər ancaq Vətən taleyini.
Biz hardan biləydik
Belə olacaq?
Biz axı, hər yerdə zəfər çalırdıq,
İllərə zirvətək
Biz ucalırdıq.
Kinoda görmüşdük davanı ancaq.
Orda düşmən ölür,
Biz sağ qalırdıq.
Bizdəmi tuş gəldik
Kədərə, dərdə?
Bu ki, ağlasığmaz bir imtahandır.
Necə, ölə bilər
Bizimkilər də?
Bu bir kinodursa,
Sonu haçandır?
O neçə günlərdi?
Düşünürəm mən.
Sanki torpaq yanır,
Səma yanırdı.
Cəbhədə bir qəlbə dəyən güllədən
Arxada min ömür
yaralanırdı.
Kağızlar
Od dolu
Qəlpələr kimi,
Uçurdu haradan hara kağızlar?!
Açıldı,
Sancıldı
Güllələr kimi
Sanki talelərə
Qara kağızlar!
Bir ana evindən
haray qalxdımı —
— İtirdim — deyərdi — oğul, baxtımı
Bir gəlin örtdümü
Qara yaylığı,
Deyərdi: — Evimin söndü işığı!
Bu evdə bu gündü...
O evdə dünən...
Yerin dəhşəti də
Sığmırdı yerə.
Bir anda
əl boyda
Kağıza dönən
Dönürdü min-milyon xatirələrə.
Heyhat,
Kitablarda yazıldığı tək
Asan deyilmiş ki,
Döyüşlər, asan!
Ağıl söyləyirdi:
O gəlməyəcək!
Ürəyi bəs necə inandırasan?
Nigaran-nigaran gəldi səs-səda,
Bəzən yanaqlarda
Yaş qurusa da,
Ürəyi bəs necə ovundurasan?
Ürəyi bəs necə inandırasan?
Adın Şirin oldu,
Taleyin acı,
Sənin, ay bacı!
Ayrılıq yolları,
İzləri kəsdi,
Dağlar sənə həsrət,
ümmanlar çaya...
Bəlkə Nizami də heç düşünməzdi
Səkkiz əsrlikdən —
Yenə dünyaya əsrin ümid qızı
Şirin gələcək,
Şirinin bacısı
Şirin gələcək.
Sən illər qoynundan uçan qanadsan,
Dözüm üfüqlərin
Nə qədər əngin!
Kim deyər işıqsız bir kainatsan,
Sönməz bir ümiddir günəşin sənin!
Ucalar yüksəyə
Köklər dərindən —
Çinartək kölgə də
Salar insanlar.
İnsanlar keçsə də
Yer üzərindən,
Ümidə çevrilib
Qalar insanlar.
Düzlər lalələrdən zərə büründü,
Yenə təbiətin
Çiçək ayıdır.
Davadan dönənlər
Bir dəfə döndü,
O isə min dəfə dönür, qayıdır.
Ümidlər gözlərin
Yaşını sildi.
Qəlbə unudulmuş duyğular gəldi:
"Qapıya kölgə düşdü,
Elə bildim yar gəldi".
O gəlir,
İnamla
Qəhrəman kimi.
Qardaş torpağından
Qalxaraq gəlir.
Görüşə gecikmiş
Bir oğlan kimi
O necə utancaq-utancaq gəlir.
Bu nədir?
Zamanın gərdişidirmi?
Gedər-gəlməzlərin
Gəlişidirmi?
O gəlir tüstüdə,
Dumanda gəlir,
Cavan getdiyitək
cavan da gəlir.
O gəlir nigaran
Qədəmlərilə,
üstündən illərin
yelləri əsir.
Elə bil mehriban
Qədəmlərilə
Yarımçıq qoyduğu
Toya tələsir!
Baxıb nə gördü o?
Bu necə sirdi?
Bir evdən
Sütuntək
Qalxırdı tüstü.
cavanlar əl-ələ
Yallı gedirdi,
Bir toy çalınırdı bir axşamüstü.
Bu günə
Nə qədər
Uzandı yollar!
Yerlər də sözlüydü,
Göylər də sözlü.
— Adə, bəy oynasın,
Ucuzluq olar,
Bir toy çalınırdı bir axşamüstü.
Oğlan gülümsədi,
Dayandı, baxdı,
Sanki əl götürüb oynayacaqdı...
Xəyallar yol alır
Xatirəsindən,
Xəyallar rəngbərəng,
Çiçək-çiçəkdir.
Ona elə gəlir
Yer kürəsində
Yaşamaq —
əbədi
Bir gözləməkdir!
Gör onun qəlbindən
Keçənlər nədir,
Fikirlər sonsuzdur,
Gecələr uzun.
— Nə qədər sağamsa o mənimlədir,
Ölsəm, məndən sonra canı sağ olsun!
Onun ev-eşikdən
Alar iyini,
O elə düşünər...
O elə gözlər!
Yol alar qəlbindən
Sükutla sözlər.
Adını ucadan
Çəkməz bir an da.
Qoruyub elə bil
Gözlədiyini,
Gizlədər fikirli baxışlarında.
İnamı —
Bəxtinin əzəli kimi,
Bir əsrin
Özü var
Onun sözündə.
O, ümid, sədaqət
heykəli kimi
Gəzər iftixarla
Torpaq üstündə.
...Günəşə boylanar
Mehriban bacım,
Bahar şəfəqləri
Necə ilıqdır!
Mənim igid baçım,
Qəhrəman bacım.
Gözləmək
Özü də
Qəhrəmanlıqdır!
1975-1977.
Kitabxana.az · https://kitabxana.az/en/works/nebi-xezri-baci
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ol deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səniQış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.
SamovarBir şux sənəm tərfəcə dilbərdi samovar,Bir qədi səhi sərvi-sənubərdi samovar,
Molla Əsədulla Faiq təxəllüsünəCənabından yana intizardıq,İstərdik bilək keyfiyyəti-hal,