Bayram, hamıyla görüşdüm,səni sonraya saxladım.Dedim gəlləm qış gələndə,qış keçdi, yaya saxladım.

Gəlib çatdı umu-küsün,İçindəydim odun-közün.Dedim uşaqlar böyüsün,sünnətə, toya saxladım.

Dünya dəyişdi, nə bilim,mən də itdim ilim-ilim.Nə evdə bir gəvə-kilim,nə əldə maya saxladım.

Molla keşişə qarışdı,işdə iş işə qarışdı.Başım yetmişə qarışdı,zornan bir həya saxladım.

Ağstafa, Qarayazı,təzə balıq soyutması.Xəngələ qaldım tamarzı,vağzal Poyluya saxladım.

Mən bir nəslin əvəziyəm,“Dəli” Həsən nəvəsiyəm.Kəsəmənə gələsiyəm,Kürdə çimməyə saxladım.

iyun, 2002

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets