Deyirəm vətənim unutmaz məni,Xalqın ürəyində döyünərəm mən.Bircə kəlmə sözüm qalsa dünyada,O bircə kəlməylə öyünərəm mən.

“Həyat” da, “ölüm” də bircə kəlmədir,Amma mənaları dərindən dərin.Bir yeni fikirlə, bir yeni sözlə,Əbədiyyət olar tarixdə yerin.

“Azadlıq” sözü də bircə kəlmədir,Barmı bu dünyada ona bərabər.O bir afətdir ki, onun yolunda,Ömrü qurban vermiş neçə oğul, ər.

“Vətən” də, “qürbət” də bircə kəlmədir,Vətəndən müqəddəs bir məna varmı?!İnsan vətənindən ayrı düşməyi,Qürbətdə ölməyi arzulayarmı?!

Yoxsa məhəbbəti unutmuşam mən,Həyatın mənası odur bəlkə də,Nə bir ot göyərər, nə ağac bitərBəlkə viran qalar onsuz ölkə də.

“Ana” müqəddəsdir, uludur adı,Tapınar, ibadət edərik ona.Ana – övladının bir cüt qanadı,Həyata nur saçan anadır, ana.

Deyirəm vətənim unutmaz məni,Xalqın ürəyində döyünərəm mən.Bircə kəlmə sözüm qalsa dünyada,O bircə kəlməylə öyünərəm mən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation