Alış-veriş
Page 3 of 3 · 67%
Mən vəliəhdlə bu mövzu üzərində danışa bilmirdim. Çünki onun özünə də etibar etmirdim. Onun taxt-taca malik olan qardaşı ruslardan vətənini satmaq müqabilində yüz min tümən aldıqda, onun vəliəhdi də çar konsulundan ala biləcəyi az bir miqdar pul müqabilində bizim kimi yüzlərlə adam sata bilərdi.
Bunun üçün də vəliəhdin başladığı mövzudan boyun qaçırmaq məqsədilə dedim:
– Cənab konsulun həzrət vala vəliəhdə nisbət ehtiramı dost bir dövlətin himayəsindən gözləniləcək qədər böyük və qiymətlidir. Həqiqətdə də biz öz qonşumuzun bu məhəbbətini təqdir etməliyik.
Mən bu cür boş və uyğun olmayan sözlərdən xeyli danışandan sonra gənc şahzadə mənim bu söhbətdən boyun qaçırdığımı hiss edərək xəfifcə güldü və:
– Mən sizinlə bir iranlı kimi danışıram. - dedi. – Mən diplomat deyiləm, diplomat dili ilə danışanları da heç sevmərəm. Siz də haqlısınız, indi bu gözdən o biri gözə etibar yoxdur. Ancaq siz onu bilməlisiz ki, bizim xanədanımızın yerinə başqa bir xanədan gəlirsə, o yenə də öz xainlərini əfv etməyəcəkdir. Siz mənə inanın. Mən öz məmləkətimin xaini deyiləm. Bu torpağa bir vətən kimi hörmət bəsləyənlər mənə qardaşımdan da əzizdir. Siz mənə etibar ediniz. Mən məmləkətin əsirliyinə soyuqqanlı baxan adamlardan deyiləm. Hər kəs nə edir və nə düşünürsə bilirik. Hərgah buna qarşı sükut göstəririksə. O da müəyyən bir məcburiyyətin nəticəsindədir ki, bu da hamınıza məlumdur.
Mən yenə də:
– Bəndə həzrət vala vəliəhdə inanıram, – dedim. - Eyni zamanda həzrət vala vəliəhdin bir az ehtiyatlı olması da lazımdır, çünki siz dost bilib sirrinizi verdiyiniz bir çox adamlar vardır ki, onlar sizi bir qarın yeməyə sata bilərlər.
Vəliəhd:
– Qeyrətinizə qurban! - dedi. – Elələri vardır. Bunu mən də sizə məsləhət görürəm, çünki indi öz şəxsi mənfəətini nəzərdə tutmayanlar çox az tapılar. Sizin təbrizli olub-olmadığınızı bilmirəm, hər halda bizim özümüz də təbrizliyik, buna görə də şəhərimizdə yaxşı və namuslu adamlarla bərabər, üzüdönük və qanısoyuq adamların da olduğunu bir kərə daha boynumuza almalıyıq.
Bütün bu söhbətlərdə vəliəhd məndən başladığı mövzuya dair müəyyən bir fikir əldə etməyi bacarmadı, nəhayət, başqa məsələ üzərinə keçərək dedi:
– Sərdar Rəşidin vurulması da bir hadisədir. Bu hadisə göstərir ki, məmləkətdə mövcud olan gizli təşkilat qorxulu təşkilatdır. Onların buraxdıqları intibahnamə onların məqsədini aydınlaşdırır. Orada vətən xainlərinin cəzasına çatacağı qeyd olunur. İndi elə bir vaxtdır ki, bir şübhə üzərinə insanın adını vətən xaini qoyub məhv edə bilərlər. Buna görə də cənab sərkar yeri gəldikdə bizim öz məmləkətimizə və məşrutəyə sadiq olduğumuz barəsində əkari-ümumiyyəni hazırlamalıdır.
Vəliəhd bu son cümlələri ilə yuxarıdan bəri öz xanədanlarının sədaqətinə dair dedikləri sözlərin mənasını aydın etdi. Sərdar Rəşidin ölümü və onun ölümünə dair buraxılan intibahnamə vəliəhdin ürəyinə böyük bir qorxu salmışdı. Vəliəhdin axşamdan bəri dediyi sözlərin bu məsələ üçün bir zəminə olduğunu anlayaraq:
– Əlbəttə, həzrət vala vəliəhd bu məsələni tamamilə öz vaxtunda meydana atmışdır, – dedim. – Əfkari-ümumiyyə necə ki, keçmişdə, elə də hazırkı zamanlarda birinci vəzifəni ifa edir. Lakin həzrət vala vəliəhdin özü də məmləkəti sevdiyini işdə və həyatda göstərməlidir. Biz də bu barədə yeri gəldikdə danışar və hazırda həzrət vəliəhdin söhbətlərindən aldığımız müsbət təsirlərlə əfkari-ümumiyyəni hazırlarıq.
Çox danışdıq, söhbətlərin gedişindən vəliəhdin məndən razı qaldığını hiss edirdim, çünki bir neçə kərə vaxtın keçdiyini işarə etdiyimə baxmayaraq, o məni buraxmadı, mən də açıq-açığına getmək istədiyimi deyə bilməzdim. Böyük adamların hüzurunda olanlar. Ev sahibi cmürəxxəssinizə demədən qalxıb gedə bilməzlər. Mən də bu adətə riayət edərək oturdum.
Gecə saat bir oldu, vəliəhd belə bir sual verdi:
– Nə kimi mövzuda danışmağı sevirsiniz?
– Siyasi məsələlərlə əlaqədar olmayan tarixi, bədii və aşiqanə söhbətləri sevirəm, – dedim.
– Şeiri sevirsinizmi?
– Yorulduğum zaman şeir oxumağı sevirəm, ancaq özgəsinin oxuması şərti ilə.
– Musiqini də sevirsinizmi?
– Onu hər kəs sevir!
Bu sözdən sonra vəliəhd stolun üzərindən zəngi basdı, azdan sonra üzü qırışmış və qocalmış bir xacə içəri girdi. Vəliəhd:
– Şam hazırlasınlar! – dedi.
Xacə baş əyib getdi.
Mən sanki tikan üstündə oturmuşdum, heç də burada uzunuzadı oturmaq istəmirdim, çünki vəliəhd ilə çar konsulxanası arasında bir ixtilaf çıxdığı zaman biz də şübhə altına düşə bilərdik.
On beş dəqiqədən sonra xacə gəlib:
– Şam hazırdır! – deyə qabağa düşdü, biz də qalxıb onun dalınca gedirdik. Çılçıraqlarla işıqlanmış otaqları keçdikcə Məmmədhəsən Mirzə məlumat verirdi:
– Bu otaq rəhmətlik Naibissəltənənin yazıxanası idi. Bu divanxana otağı idi. Burada Məmməd xan Qacar bir il yaşamışdır. Burada Müzəffərəddin mərhumun yataq otağı idi. Bura bizim bədbəxt atamızın yazıxanası idi. Bura Abbas Mirzə Naibissəltənənin kitabxanası idi.
Vəliəhd iyirmiyə qədər otağın adını saydıqdan sonra böyük bir salona girdik.
– Bura da Naibissəltənə dövründən bəri qonaq otağıdır, – dedi.
İranda adət olduğu kimi şam süfrəsi xalçanın üzərinə yox, Avropa qaydası ilə stol üzərinə döşənmişdi. Yemək dəsgahı iki adamlıq idi. Lakin düzələn yeməklər iyirmi adama çatardı. Stolun üstündə cürbəcür içkilər də var idi. Biz hələ yeməyə başlamadan qapı açıldı. Beş nəfər əllərində musiqi alətləri içəri girdilər. Oturdular və heç bir əmr olmadan alətlərini kökləməyə başladılar.
Bir az keçəndən sonra beş nəfər qadın içəri girdi və onlarda oturdular.
Lakin bunları görmək mənim üçün heç də təəccüblü deyildi, çünki mən İran pağşahları və İran vəliəhdlərinin nahar və şam yeməyini musiqi tərənnümləri ilə yediyini Təbrizə gəlməzdən əvvəl də eşitmişdim.
Mən çalan qadınları Təbrizdə görmüşdüm. Onların vaxtı ilə həmin bu sarayda Məmmədəli Mirzə üçün çaldıqlarını bilirdim. Lakin oynayan və oxuyan qızlar vəliəhdlə bərabər Tiflisdən gələn qızlar idi. Bunu vəliəhdin özü də söz arasında söylədi
Onlardan birisi Səmən Laləzari, ikincisi Düxtəri-naz, üçüncüsü xanım Dilfərib, dördüncüsü Ərusi-Cahan, beşincisi Zəhrayi- Mahtabdan ibarət idi ki, üç əvvəlincilər rəqqasə və iki axırıncılar xanəndə idilər.
Mən yenə də İran qadınlarının rəqslərini xoşlamadım, onlar, adətləri üzrə, bədənlərinin müəyyən hissələrini, məsələn, başı, döşləri və yaxud ombuzları və göbəyi oynatdıqları üçün olduqca gülünc bir vəziyyət alırlar, onların bu hərəkəti oynamaqdan daha artıq oyunbazlığa və sirk aktyorlarının hərəkətinə yaxındır.
Lakin İran qadınının oxuması insanda elə bir bədii hiss oyandırır ki, o hissi çox az xalqın oxuyanlarından almaq mümkündür.
Biz yeməyə başlarkən xanım Dilfərib oynayırdı. Bu gənc qadın həddindən artıq gözəl olduğuna baxmayaraq, öz hərəkətləri ilə insana bir rəqsdən gözlənə biləcək təsiri verə bilmirdi.
Dilfərib vəliəhdə baş əyib oturandan sonra Ərusi-Cahan oxumağa başladı. Farsca oxuyur və sanki öz sözlərində o, bir dəqiqə bundan əvvəl oynayan xanım Dilfəribin gözəlliyini öz şeirlərində təsvir edirdi:
Asiman gər zigiriban qəmər avürdə burun,
Əzgiribani to xurşid sər avürdə birun!
Və təmaşəyu xətü, xalu, ruxi çun qəmərət,
Diləm əz revzənəyi didə sər avürdə birun!.
Gecə saat dördə yaxın gənc şahzadənin şam yeməyi bitdi, o məndən tez-tez görüşmək üçün söz aldıqdan sonra:
– İndi mürəxxəssiniz! – dedi.
Mən izhar-təşəkkür edib çıxdım, fayton məni axşamdan bəri gözləyirdi, minib evə qayıtdım. Lakin vəliəhd ilə bu görüşmənin bizim üçün ucuz oturmayacağını bir daha öz qəlbimdə təkrar etdim.
) Əgər asiman öz yaxasından ay çıxarıb göstərirsə,
Sənin yaxandan günəş baş verməkdədir.
Sənin aya bənzər camalına tamaşa etmək üçün,
Qəlbim gözümün bacasından çıxıb baxır.
(Əsər tehranlı şair Abbasındır. )
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-alis-veris
Use ← → keys to move, R for a random poem
More by this author
Cənub küləkləri Xəzər dənizinin həyəçanlı qəlbini bir daha coşdururdu; dalğalar suya enmiş təyyarənin qanadları kimi sahilə hücum edirdi.Küləklər, sahil bağındakı söyüd ağaclarının sükutunu pozur və qızıl Bakının yaxın gələcəyindən dastanlar oxuyurdu.
II. «Metropol»Bolşevik düşmənlərinin ərkani-hərbi və əyyaşlarının yurdu sayılan «Metropol» otelində bu gecə fövqəladəlik vardı. «Metropol»da toplananlar sırasında daşnaq, eser və menşeviklər birinci yeri tuturdu. Böyük və kiçik salonların qapısında vərəqələr asılmışdı:«Buraxılış vərəqəsi göstərilmədən salona daxil olmaq qadağandır».
III. Fabrik-zavod rayonunaİngilislərin Bakıya gətirilməsi üçün zəminə hazırlamaqdan ötrü menşeviklər Bakı işçiləri arasında öz nüfuzlarını artırmağa çalışırdılar.Bunun üçün də menşevik və eser rəhbərləri, xanımları fabrik-zavod rayonuna aparmaq və öz tərəfdarlarını onlara göstərmək istəyirdilər. Bu səyahətin müvəffəqiyyətli keçməsi üçün menşevik və eserlər vaxt ikən işçi rayonlarına adamlar göndərmiş, menşevik tərəfdarları arasında çalışmış və xanımların mədən rayonuna getdiyi vaxt, işçilərin bolşeviklər əleyhinə çıxışlarını düzəltməyə səy etmişdilər.
IV. Brilyant sırğalarLeyla xanım doktor Araratyanın qızı Esteri təqib etməyə başlamışdı. Onun daşnaq rəhbərləri Hamazasb və Avetisovla əlaqəsi Leylanı şübhələndirmişdi.Buna görədir ki, Leyla Esterin stolu üzərindəki şeyləri, jaketinin cibini və redikulunu araşdırmaqdan heç də geri durmazdı.
Poems by other poets
Dünya işində hər nə dutarsan keçər gedər,Hər nik ü bəd içində qılarsan keçər gedər.
Əs indiQorxuram ki qala bu həsrət canda,Əs, ey canım, bad-i-murad, əs indi,
AğlaramSənin ilən keçirdiyim günləriEy sevdiyim, indi anıb ağlaram
Çoban Əli ilə Aşıq Heydərin deyişməsiCOBAN ƏLİ:Bir sarı köynəyin yandın oduna,