Page 2 of 5 · 20%

Bahar

Nisan gülünün çöhrəsi bir bax, nə qədər şən,
Ərzin üzü bir zivər gülrəng ilə rövşən,
Güldükcə təbiət, çəmənin çöhrəsi güldü,
Gül ətri buluddan süzülüb ərzə töküldü.
Minlərcə gəlin şivəli gül doğdu çəmənlər,
Toy başladı nisan buludundan süd əmənlər.
Hər şaxədə bir bülbülü şuridə qəzəlxan,
Ən körpə çiçəklər, kələbəklər belə rəqsan,
Rəqsan bu təbiət yaradan möcüzələrdən,
Qoynunda qərənfillər açan nazlı səhərdən
Başlar yenə öz nəğməyi-Davuduna quşlar,
Oynar o tərənnümlə zümürrüdlü yoxuşlar.

İlyas şerini bitirib dəftərini qoynuna qoyduğu zaman gənc Mücirəddin onun alnından öpdü və üzünü şairlərə tutub dedi:

– Kim deyir ana dilimiz şeir dili deyildir! Bir baxın, öz dilimizdə yazılan şeir nə qədər mozun, nə qədər səlis, nə qədər də oynaq və bədiidir.

İlyas onun sözlərinə qüvvət verərək dedi:

– Əsərin incəliyi nə qədər ki dilin incəliyi ilə əlaqədardır, bir o qədər də şairin məharət və sənətkarlığı ilə əlaqədardır. Məharətli və sənətkar şair hər dildə yazar; sənətkar olmayan şair isə öz dilində də yaza bilməz. Əcəba fars dilində yazan şairlərin hamısı sənətkardırmı? Yaxud da ərəb şairlərinin hamısı, Ümrəülqeys, Əbunəvvas və Əbülətahiyyə kimi sənətkar şairlərdirmi?

Əbül-Ülanın özü də İlyasın söylədiklərini təsdiq edərək dedi:

– Hər bir xalqın ruhunun ifadəsini ancaq onun öz dilində vermək olar. Ata və babalarımız: “Şairlər öz xalqının dilidir” sözlərini əbəs yerə deməmişdir. Xalqının içərisindən doğulan şairin hər bir şeri, öz xalqının iradəsini ifadə etməlidir. Şairin şeri içərisində yaşadığı xalqın simasını göstərən bir güzgü olmalıdır. Bir xalqın dəyərini ancaq onun şeir və ədəbiyyatının dəyəri ilə müqayisə etmək və ölçmək olar.

İlyas, Əbül-Ülanın əlini öpərək, şad bir surətdə dedi:

– Mənim də dediyim budur, qoca şair! İki adamın siması bir güzgüdə yerləşə bilməsə də, böyük bir xalqın mədəni siması bir rübaidə yerləşə bilər.

Öz dilində şeri olmayan bir xalqın nəyi ola bilər? Bir xalqın dil mədəniyyətini yaradan onun ədəbiyyatıdır. Şair həm şairdir, həm də öz xalqı danışan dilin müdafiəçisidir, dilin varlığını qoruyan əsgərdir.

Əmir İnanc sarayının şairlərindən Zəhir, İlyasın və Əbül-Ülanın dediklərinə qəti etiraz edərək dedi:

– Mən sizin dediklərinizlə razılaşa bilmərəm. Bir kərə bilmək lazımdır ki, şeir və ədəbiyyatda işlədilən dil başqa, adi dil, yəni xalqın danışdığı dil də başqadır. Şeir incə və yüksək fikirlərin məhsuludur. Buna görə də onu yüksək adamların malı etmək gərəkdir. Yüksək təbəqələrin ailə dilləri yüksək dildir, yəni fars dilidir, çünki fars dili həm ədəbi və yüksək bir zənginlik daşıyır, həm də hökumət dilidir, rəsmi dildir. Hərgah belə olmasaydı, Gəncə tarixini yazmaq üçün Əmir, İrandan cənab Kəmaləddini buraya dəvət etməzdi.

İlyas bu sözə qəhqəhə ilə güldü və cavab verdi:

– Bu cür fikirlər dost adamların başında yetişən fikir deyil. Əvvələ bunu anlamaq lazımdır ki, sizin dediyiniz yüksək dildə yazılan şeri xalqımız tərcümə vasitəsilə oxumalıdır. Lakin mən yazdığım şeirləri ölkənin ziyalı və əyanından başlamış kəndlisinə, çobanına qədər hamı oxuyur və mənim fikrimi anlayır. Bir şair üçün də bu kifayətdir.

Kəmaləddin söhbətə qarışaraq dedi:

– Məncə, yerli dildə də şeir yazmaq olar. Lakin məsələnin əsas nöqsanı burasındadır ki, yerli dildə yazılan şeirlər xaqan saraylarının uca hasarlarını aşıb içəri girə bilməz və saray əhlinə yetişməz, yetişsə belə saray əhli onu oxumaq istəməz, bu da şairin şeir üzərində çəkdiyi zəhmətlərin hədər getməsinə səbəb ola bilər.

İlyas bu sözlərlə də razılaşmadı. O, çox ciddi bir vəziyyət alaraq dedi:

– Şair adlanan kimsə şeir yazdığı zaman onun xaqanları və padşahlar sarayının yüksək hasarlarını aşa bilib-bilməyəcəyi barəsində heç də düşünmür, çünki şeir yalnız uca hasarların içərisinə qapanan on-on beş nəfər üçün yox, minlər üçün yazılır. Fars dilində yazmaq məsələsinə gəldikdə, mən ancaq bunu deyə bilərəm: hərgah xaqanlar və saraydakılar bizim əsərlərimizi oxumaq istərlərsə, biz yerli dildə yazılan əsərlərimizi fars dilinə də tərcümə edə bilərik. Lakin bunu da bir kərə yadda saxlamaq lazımdır ki, azərbaycanlılar hər işdə güzəştə getsə də, öz dili barəsində güzəştə getməz.

İlyasın söhbəti çox ciddi şəkil aldı. Əbül-Üla və Mücirəddin hissedilməz bir surətdə çəkilib getdilər. Nə Zəhir, nə də Kəmaləddin İlyası öz fikirlərinə tabe edə bildi. Buna görə də söhbətlərinə məsləhətverici bir don geydirməyə başladılar:

– Gənc şairsən, gözəl şeirlər yazırsan, qanın da isti, coşqundur; ilhamın pak və müqəddəs bir ilhamdır, lakin haman şeirlərini və bizə etdiyin söhbətlərini başqalarının yanında deyib oxuma! Bununla özünü Əmirin və xaqanın geniş ehsanlarından məhrum edə bilərsən. Ağlını başına yığ! Belə rəvan təbinlə sənin çiynin padşahların zəngin xələtlərini gözləyir. Xüsusən Şirvan şahı Əbülmüzəffər şeir maraqlısıdır. Lakin o yalnız fars dilində yazılan bədii şeirləri sevir.

İlyas bacardıqca sakit danışmağa çalışırdı, ancaq bacarmırdı. O, iki nəfər əcnəbi nümayəndəsinin yerli xalqın, hətta mədəniyyətcə belə onlardan bir neçə qat yüksəkdə duran xalqın, dilini və ədəbiyyatını təhqir etməsinə qarşı soyuqqanlılıqla baxa bilmədi və cavab verdi:

– Xələtlərdən məhrum ediləcəyim aydın bir məsələdir. Burada mübahisəyə ehtiyac yoxdur. Xələt yalnız əyilən və səcdə edən başlara qismət olur. Mənim başımı isə zamanımın dəhşətli külləkləri, qasırğaları belə əyməyə qadir deyildir. Yazıçı və şair olan zatın başı söyüd ağacı deyildir ki, ixtiyarını küləklərin əlinə verə bilsin. Bir də xələtlər şeirin qiymətinə yox, izzət və şərəfin qiymətinə verilir. Məndə isə xələtlərə satılmalı izzət və şərəf yoxdur.

Kəmaləddin acığından titrəyə-titrəyə dedi:

– Bu sözlərin heç birisi bir şairin ağzından eşidiləcək söz deyil. Bunlar bir üsyançı fikrinin məhsuludur.

İlyas gülümsünərək:

– Bu sözləriniz də doğrudur, – dedi, – şair üsyançı olmalıdır. Şair qoyun deyildir ki, qəssab bıçaq itilərkən başını aşağı salıb otlasın. Həmədan və Təbrizdə təzə atabəylərə bazarlar, kəndlər tikmək üçün vurulan qamçıların səsi hamıdan artıq şairi rahatsız etməlidir. Qoyun sürüsü kimi Şimali Azərbaycandan İraqa və Həmədana sürülən xalqın iniltilərini ancaq mənim qulağım eşidər və mənim qəlbim hiss edə bilər. Əcəba, cənab Zəhirlər və Kəmaləddinlər Arandan işə aparılanların ölüb-qalmalarından xəbərdardırlarmı? Hərgah xəbərdar deyilsinizsə eşidin, deyim: Eldəniz rübatını tikmək üçün Arandan aparılan altı min nəfərin ancaq min nəfəri qayıtmışdır. Onların ağlaya-ağlaya, qamçı və kötək gücünə öz torpaqlarından ayrılıb məcburi işə aparıldıqları sizdə nə kimi təsir buraxdı? Şübhəsiz ki, heç bir təsir buraxmadı, çünki siz onlara yabançısınız. Biriniz iranlı, o biriniz isə xarəzmlidir.

Bu mövzu üzərində başlanan söhbət çox uzun çəkdi. Zəhirlə Kəmaləddin vidalaşıb getdilər. İlyas yenə də gəlib yerində oturdu, böyrü üstünə yıxılan söyüd ağacına söykəndi və cibindən dəftərini çıxarıb şerini tamamlamağa başladı. O, suların coşqun dalğalarına, çayın sürət və həyəcanına baxmadığı zaman yanında bir nəfər beli bükülmüş qocanı gördü və diksinərək soruşdu:

– Nə istəyirsən?

Qoca gülümsünərək cavab verdi:

– Sənin sağlığını istəyirəm. Mən Əmir İnancın bağbanıyam, sənə məktub gətirmişəm.

İlyas qocaya təəccüblə baxaraq soruşdu:

– Əmir İnancdan mənə məktub?!

– Həyəcan lazım deyil, məktubu Əmirin özü yox, qızı göndəribdir.

İlyas yenə də böyük bir həyəcanla soruşdu:

– Əmirin qızımı?!

Bağban:

– Bəli, Əmirin qızı, Qətibə xanım sənə məktub göndəribdir, – dedi və əlləri titrəyə-titrəyə məktubu İlyasa uzatdı.

İlyas məktubu böyük bir həyəcan və tərəddüdlə bağbandan aldı, bağdan isə baş endirib getdi. İlyas məktubu açıb oxumağa başladı:

“Qəhrəman və şair!

Bu məktubu sənə göndərən qız, Əmir İnancın qızı və xəlifeyi-ruyi-zəminin nəvəsidir. Qəlbini sənə açan bu qız öz üzünü günəşə belə açmamışdır. Birinci kərədir ki, yabançı kişiyə məktub yazıram. Buna görə də məktubda buraxdığım ədəbi nöqsanları mənə bağışla. Mənim qəlbimi kişilərə açmaq istəmədiyimin əsas səbəbi onları müxtəlif mündəricə və mövzularda təbir etdiyimdir.

Sən özün bizim adətimizi bilirsən. Bu adətlər qızların kişilər ilə üz-üzə oturmasına imkan vermədiyindən, səninlə görüşmək səadəti mənə qismət olmamışdır. Şübhəsiz ki, bu məhrumiyyətin başqa-başqa səbəbləri də vardır ki, onların hamısını bu məktubda göstərməyə lüzum görmədim.

Mən bəzən kişiləri kitablardan öyrənməyi düşünürdüm, lakin çox tez bir surətdə bu fikrimdən daşındım, çünki insan təbiətini öyrənmək üçün kitab yazanların özləri də səhv edə bilərlər. Hər şeyi bilavasitə öyrənmək caizdirsə, insanları bilavasitə təhlil etmək və nəliyini təyin etmək lazım gəlir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Şərəfli ailə

Məhsəti xanım xəstəlik yatağında idi. Neçə gündü ki, süfrə başına gələ bilmirdi.Nahar vaxtı idi, Rəna süfrəni açıb Nizamini nahar yeməyinə çağırdı. Nizami yenə də səliqə ilə qələm və kağızını yığışdırıb yanındakı heybəyə qoydu və pilləkənlərdən qalxıb süfrə başına gəldi. Süfrə olduqca yoxsul idi. Orada süddən və arpa çörəyindən başqa heç bir şey yox idi. Nizami oturdu, nahar yeməyinə başlarkən Rəna ona sual verdi:

9 min
Vahid Azərbaycan

Qızıl Arslan Şimali Azərbaycanın bəzi hissələrini gəzdikdən sonra məmləkətin vəziyyəti barəsində Atabəy Məhəmmədə uzun bir məruzə məktubu göndərmişdi. O, məktubu yazırdı:“Üsyanların əsas səbəbi üsul-idarənin köhnəlməsi və qanunların qabalığıdır. Məmləkətin xalqı iki hissəyə ayrılmışdır. Acizlər, əzilənlər mühacirətdədirlər. Qolunda və qəlbində qüvvət hiss edənlər isə üsyan cəbhəsindədir. Səlcuqilər Azərbaycanda hökumət qurduqları yüz ilin müddətində islamın zühurundan bəri ərəblərin qurduqları üsul-idarədən istifadə etmişlər. Hazırkı vəziyyətdə peşəkarları şəhərə, kəndlini isə torpağa təhkim etmək imkan xaricindədir. Səlcuqilər dövründə və hazırkı hökumətin iş başına keçdiyi birinci illərdə yerli hakimlər xalqın etimadını tamamilə itirmişdir.

7 min
Atabəy Məhəmməd

Atabəy Məhəmməd Qızıl Arslanın məktubunu Kirmandan Həmədana qayıtdığının ikinci günündə aldı. O, məmləkətin vəziyyətini çox da yaxşı hiss etmirdi. Bağdaddan gələn xəbərlər xəlifənin təzə bir qüvvətə istinad etməyə hazırlandığını bildirirdi. Əyyubilərin Misirdə böyük bir səltənət qurmuş fatimilərə qalib gəlməsi xəlifədə təzə bir ruh oyandırmışdı. O, xilafəti türklərin təsirindən qurtarıb əyyubilərin nüfuzuna tapşırmaq istəyirdi.Xəlifənin Atabəy ölkələri içərisində dolaşan təbliğatçıları əyyubilərin lehinə olaraq geniş təbliğat aparırdı. Musildə, Xarəzm şahlarının sərhəd şəhərlərində atabəylərə qarşı sui-qəsd hazırlanırdı.

5 min
Fitr bayramı

Gəncə hakiminin ürəyi iki hiss ilə çırpınırdı, birisi şadlığından, ikincisi isə qorxusundan idi. Bir tərəfdən Bağdad xəlifəsi göndərilən qızların yetişməsini Əmirə yazıb razılıq vermişdi. Xəlifə xüsusi olaraq Dilşadın gözəlliyindən şadlandığını qeyd etmişdi.Lakin Əmirin aldığı ikinci xəbər onun qorxusuna səbəb olmuşdu. Atabəy Məhəmmədin Azərbaycan səyahətinə çıxması xəbəri gələndən bəri Əmir öz müqəddəratının nə cür həll ediləcəyi barəsində düşünürdü. O bilirdi ki, Atabəy ayağını Şimali Azərbaycanın sərhədinə qoyan kimi ona minlərcə ərizə veriləcəkdi. Çünki o, xalqın hazırlıq gördüyünü çox yaxşı bilirdi.

18 min

Poems by other poets